Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2384/2021 15.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin qarşı “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-215/2021 saylı, 07 avqust 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı Azərbaycan Respublikası Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, ona 57 yaşdan, yəni 29.10.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunaraq ödənilməsi öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında Dövət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində göstərmişdir ki, o, xx xxxxxxx 1960-cı ildə Bakı şəhərində anadan olmuşdur. 29 oktyabr 2017-ci il tarixdə pensiya hüququnun yaranmasına baxmayaraq bu günə kimi heç bir növ pensiya almamışdır. Belə ki, 01 sentyabr 1977-ci ildən 25 iyun 1978ci ilədək Peşə məktəbində, 01 sentyabr 1978-ci ildən 24 aprel 1981-ci illərdə Bakı Balıqçılıq Texnikumunda təhsil almışdır. Əmək fəaliyyətinə 1981-ci ildən Balıqçılıq birliyində başlamış, 01 sentyabr 1982-ci il tarixdən Bakrıbakapitilni zavodunda balıq emalı vəzifəsinə qəbul olunmuş, 08 fevral 1989-cu ilədək bu vəzifədə çalışmışdır. 27 fevral 1989-cu il tarixdən 09 yanvar 1992-ci ilədək Bakı Soyuducular zavodunda zərərli şəraitdə işləmişdir. 01 fevral 1993-cü il tarixdən 26 may 1996-cı il tarixədək “Kasnefteflot”da matros vəzifəsində çalışmışdır. 04 yanvar 1999-cu ildə hal-hazıradək “Abşeronneft” NQÇ-də neft və qazçıxarma sahəsində neft və qaz hasilatı üzrə operator peşəsində işləyir. Qeyd edilənlərə əsasən, 01.07.2017-ci il tarixədək 35 il ümumi stajının, 17 ildən yuxarı güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsinə əsas verən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddiaçının əmək kitabçasından görünür ki, 0, 01 yanvar 2006-cı il tarixinədək 25 il ümumi stajı toplamamışdır. Belə ki, iddiaçı 24 aprel 1981-ci il tarixdə əmək fəaliyyətinə başlamış və müxtəlif vəzifələrdə çalışmışdır:1) 24.04.1981-31.08.1982-ci illər (matros: 01 il 04 ay 07 gün; 2) 01.09.1982-08.02.1989-cu illər (balıq emalçısı): 06 il 05 ay 07 gün; 3) 27.02.1989-06.01.1992-ci illər (çilingər): 02 il 10 ay 09 gün; 4) 06.01.1992-01.11.1992-ci illər: 09 ay 25 gün; 5) 01.02.1993-25.09.1995-ci illər (matros köməkçisi və matros): 02 il 07 ay 24 gün; 6) 04.01.1999-01.01.2006-cı illər (neft, qaz və qaz hasilatı ürə operator): 06 il 11 ay 27 gün. Göründüyü kimi, əmək kitabçasındakı qeydlərə əsasən, iddiaçının 2006-cı ilin yanvar ayının 1-dək olan ümumi iş stajı ümumilikdə 21 il 01 ay 09 gün təşkil edir. Eyni zamanda, iddiaçının 01 sentyabr 1977-02 iyun 1978-ci illərdə Peşə məktəbində (10 ay 24 gün) və 01 sentyabr 1978-24 aprel 1981-ci illərdə Bakı Balıqçılıq Texnikumunda (02 il 08 ay 13 gün), ümumilikdə 03 il 07 ay 07 gün təhsil almışdır. Beləliklə, 01 yanvar 2006-cı ilədək, iddiaçının ümumi əmək stajı 24 il 08 ay 16 gün təşkil etmişdir. İddiaçı 01 yanvar 2006-cı il tarixinədək 12,5 il güzəştli iş stajına malik olduğunu iddia etsə də, bu barədə hər hansı sənədi təqdim edə bilmir. İşdə yalnız "Abşeronneft" Neft və Qazçıxarma İdarəsinin 22 may 2019-cu il tarixli arayışı vardır. Arayışdan və əmək kitabçasından da aydın olur ki, iddiaçı 04.01.1999-cu ildən etibarən "neft, qaz və qazın hasilatı üzrə operator” vəzifəsində çalışır. Bu müddət isə cəmi 06 il 11 ay 27 günə bərabərdir. İddiaçı digər peşələri ilə bağlı güzəştli iş arayışı təqdim edə bilmir. Halbuki, Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli, 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarf’nın 3.2.6- cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, Qaydalara 2 nömrəli Əlavədə göstərilir ki, müraciət edən şəxs "əmək pensiyaları haqqında” qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Göründüyü kimi, iddiaçı 01 yanvar 2006-cı il tarixinədək ümumi və güzəştli iş stajını toplamamışdır. Ona görə də, “Əmək pensiyaları haqqında” qanunun 9.8-ci maddəsi ("Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.”) iddiaçıya şamil edilə bilməz. İddiaçı 01 yanvar 2006-cı il tarixdən sonra həm güzəştli, həm ümumi əmək stajını topladığına istinad edərək pensiya hüququnun 01 yanvar 2017-ci il tarixinədək (yəni 57 yaş tələbinin 60 yaş müəyyənləşdirən dəyişikliyin qüvvəyə minməsinədək) qazandığını da iddia edə bilməz. Ona görə ki, iddiaçı xx xxxxxxx 1960-cı il təvəllüdlüdür. Məlum dəyişiklik isə, 2017-ci ilin iyul ayının 1-dən qüvvəyə minmişdir. Başqa sözlə, “Əmək pensiyaları haqqında” qanunun 9.1-ci maddəsindəki güzəştli şərtlərlə pensiya hüququ verən yaş həddi 57-dən 60-a qaldırılan anadək iddiaçının 57 yaşı tamam olmadığından onun həmin dəyişikliyə qədər pensiya hüququnu qazanmasından söhbət gedə bilməz. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-215/2020 saylı, 07 avqust 2020-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 29 oktyabr 2017-ci il tarixdən 2 nömrəli siyahı ilə 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olmasına baxmayaraq cavabdeh tərəfindən ona 60 yaşından pensiya təyin edilmişdir. Belə ki o, 01.09.1977-ci ildən 25.06.1978-ci ilədək peşə məktəbində, 22.08.1978-ci ildən 05.05.1981-ci ilədək Bakı Balıqçılıq Texnikumunda təhsil almışdır. Əmək fəaliyyətinə 24.04.1981-ci il tarixdən “Balıqçılıq birliyində” başlamış, 01.09.1982-ci ildən “Bakrıbakapitini” zavodunda balıq emalı vəzifəsinə qəbul olunmuş və 08.02.1989-cu ilədək bu vəzifədə zərərli şəraitdə işləmişdir. 27.02.1989-cu il tarixdən 01.11.1992-ci ilədək Bakı soyuducular zavodunda işləmiş, 01.02.1993 cü il tarixdən 26.05.1996-ci il tarixədək “Kasmorneft”də matros vəzifəsində çalışmışdır. 04.01.1999-cu ildən hal-hazıra kimi “Abşeronneft” NQÇİ-də operator vəzifəsində işləyir. Bildirilmişdir ki, 01 yanvar 2006-cı ilədək ümumi stajı 25 il 9 ay 1 1 gün təşkil edir. Xüsusi stajı isə “Bakrıbakapitini” zavodunda 6 il 5 ay 7 gün və “Abşeronneft” NQÇİ-də 6 il 11 ay 27 gün olmaqla 13 il 5 ay 4 gün təşkil edir. Bu da iddiaçıya 57 yaşından yəni 29.10.2017 ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün kifayət edir. Əmək kitabçasından aydın görünür ki, iddiaçı 01.02.1993-cü il tarixdən 25.09.1995-ci ilə kimi deyil 26.05.1996-cı ilədək matros köməkçisi və matros vəzifəsində işləmişdir. Bu qeyd əmək kitabçasının sağ tərəfində əmrlər qeyd olunan hissəsində açıq aşkar göstərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki: - AZE №******** seriyalı nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxxx 1960-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi “Abşeronneft” Neft və Qazçıxarma İdarəsi tərəfindən verilmiş 22 may 2019-cu il tarixli, 78 saylı arayışın surətindən görünür ki, İddiaçı 04.01.1999-cu ildən 22.05.2019-cu ilədək “Abşeronneft” NQÇİ-nın 2 saylı Neft və Qazçıxarma sahəsində neft, qaz və qaz hasilatı üzrə operator peşəsində işləmişdir. Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajı cəmi: 18 gün 04 ay 20 il təşkil etmişdir. - 1014 №-li nömrəli attestatın surətindən görünür ki, iddiaçı İddiaçı 01.09.1977-ci ildə “Radio cihazlarının tənzimlənməsi” ixtisası üzrə Bakı şəhərinin 62 №-li peşə məktəbinə daxil olmuş və 25.06.1978-ci ildə həmin peşə məktəbini bitirmişdir. - “Azərbaycan Xəzər Gəmiçiliyi “ QSC Azərbaycan Dövlət Dəniz Akademiyası Azərbaycan Dənizçilik Kolleci tərəfindən verilmiş 19 aprel 2018-ci il tarixli, 164 saylı arayışdan görünür ki, İddiaçı 22 avqust 1978-ci il 138 saylı əmrlə Azərbaycan Dəniz Balıq Sənayesi Texnikumuna (Hal-hazırda Azərbaycan Dövlət Dəniz Akademiyasının nəznində Azərbaycan Dənizçilik Kolleci) “Balıq məhsullarının texnologiyası” ixtisası üzrə tam orta təhsil bazasından əyani şöbəyə qəbul olunmuş, 05 may 1981-ci il 90 saylı əmrlə Texnikumu bitirmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 21 iyun 2019-cu il tarixli, **********9 saylı imtina məktubundan görünür ki, iddiaçının güzəştli şərtlərlə pensiya təyinatı barədə müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, iddiaçının təqdim etdiyi sənədlər əsasında, onun 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 6 aydan az təşkil etmişdir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün olmamışdır. İş materiallarında olan iddiaçının nömrəli İT-İ № ******* əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı: - 24.04.1981-ci il tarixindən 31.08.1982-ci il tarixədək “Azərbalıq” Birliyində sahil matrosu vəzifəsində(1 il, 4 ay, 7 gün), 01.09.1982-ci il tarixdən- 08.02.1989-cu il tarixədək “Azərbalıq Sənayesi” Birliyində balıq emalçısı işində( 6 il, 5 ay, 7 gün), 27.02.1989-cu il tarixdən – 06 yanvar 1992-ci il tarixədək Bakı Soyuducular Zavodunda çilingər peşəsində (2 il, 10 ay, 10 gün), 31.12.1992- 01.11.1992-ci il tarixədək Bakı Maşınqayırmada gözətçi( 10 ay, 01 gün), 01.02.1993-cü il tarixdən – 26.09.1995-ci il tarixədək AXG 33-də matros və matros köməkçisi (2 il, 7 ay, 25 gün), 04.01.1999-cı il tarixdən-01.01.2006-cı il tarixədək “Abşeronneft” neft-qaz hasilatı idarəsində neft və qaz hasilatı üzrə operator( 6 il, 11 ay, 28 gün) peşələrində (cəmi 21 il, 1 ay, 9 gün) fəaliyyət göstərmişdir. Birinci instansiya məhkəməsi tərəfindən göndərilən sorğuların cavabından göründüyü kimi Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin 25 fevral 2020-ci il tarixli, A-12 saylı məktubuna əsasən, 1981-1982-ci illərə dair “Azərbalıq” Birliyinin, 1982-1989-cu illərə dair Bakı Hisə verilmiş balıq zavodunun (sonradan “Azərbalıq Sənayesi” Birliyi), 1989-1992-ci illərə dair Bakı Soyuducular Zavodunun sənədləri arxivə dövlət mühafizəsinə verilməyib. Bakı Soyuducular Zavodunun fəaliyyət hal-hazırda davam edir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin 18/105 saylı, 11.03.2020-ci il tarixli məktubuna və 18/104 saylİ, 11.03.2020-ci il tarixli arayışına əsasən, Geoloji informasiya fondunda saxlanılan “Azərbalıqsənaye” X5 Birliyinin 1981-1982-ci illər üzrə arxiv sənədlərində İddiaçı əmək fəaliyyəti barədə məlumat yoxdur. İddiaçı həqiqətən 01 senyabr 1982-ci ildə 5 saylı sahəyə 3-cü dərəcəli balıq emalçısı kimi işə qəbul edilmiş 08 fevral 1989-cu ildə Azərbaycan SSR ƏM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Əsas: Bakı Balıq Hisləmə zavodunun 1982-1989-cu illər üzrə kadr əmrlər kitabları. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər rayon İdarəsinin 10 iyun 2020-ci il tarixli, 658 saylı məktubundan görünür ki, 1960-cı il təvəllüdlü İddiaçı adı Səfərəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon İdarəsində hərbi qeydiyyat kitablarında və arxiv-uçot sənədlərindən keçmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab edir və öz mövqeyini aşağıdakı kimi əsaslandırır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı üçün müvafiq güzəştli iş stajı ilə bağlı məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, işçinin əmək kitabçasının doldurulması, o cümlədən işin adı, peşəsi yaxud vəzifəsinin qeyd edilməsi işəgötürən tərəfindən həyata keçirildiyindən, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını tələb edən iddiaçının əmək kitabçasında qeyd edilmiş peşə adının Siyahı ilə müəyyən edilmiş peşə adlarına uyğun gəlib-gəlməməsinin müəyyən edilməsi üçün işəgötürən tərəfindən verilmiş müvafiq arayışda (“Güzəştli arayış”) qeyd olunmuş məlumatlar əsas götürülməlidir. Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində deyilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Sadalanan hüquq normalarına görə 57 yaşdan güzəştli şərtlə əmək pensiyası hüququ olan şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən peşə üzrə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə stajı 2006cı ilin yanvarın 1-dək 12 il 06 aydan, ümumi stajı 25 ildən az olmamalıdır. Belə olduğu halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 57 yaşı 29.10.2017-ci il tarixdə tamam olmuşdur. Göründüyü kimi, iddiaçının 57 yaşı qanuna dəyişiklik edildikdən sonra tamam olduğundan, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ yaranmadığından məhkəmənin gəldiyi nəticə əsaslı olmuşdur. İddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı 01.09.1977-ci ildə “Radio cihazlarının tənzimlənməsi” ixtisası üzrə Bakı şəhərinin 62 №-li peşə məktəbinə daxil olmuş və 25.06.1978-ci ildə həmin peşə məktəbini bitirmiş, həmçinin, 22 avqust 1978-ci il 138 saylı əmrlə Azərbaycan Dəniz Balıq Sənayesi Texnikumuna (Hal-hazırda Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Azərbaycan Dənizçilik Kolleci) “Balıq məhsullarının texnologiyası” ixtisası üzrə tam orta təhsil bazasından əyani şöbəyə qəbul olunmuş, 05 may 1981-ci il 90 saylı əmrlə Texnikumu bitirmişdir. Göründüyü kimi, iddiaçının təhsil illəri 03 il 07 ay 07 gün təşkil etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hətta iddiaçının təhsil müddəti sosial sığorta stajına əlavə edildikdə belə, iddiaçının 01 yanvar 2006-cı il tarixədək ümumi sığorta stajı 24 il 08 ay 16 gün təşkil etdiyindən, yəni 25 il ümumi stajı tamamlanmadığından ona 57 yaşından pensiya təyin olunmasının hüquqi əsasları mövcud olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, güzəştli iş stajının olduğunu bildirsə də, bunu sübut edən konkret sənədləri məhkəməyə təqdim etməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-215/2020 saylı, 07 avqust 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2384/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2384/2021
15.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver