Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2384/2022 18.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Tağızadə Mirzə Nəsib oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa olunması tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-950/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətinin (xx.xx.2020-ci il tarixdən iddiaçıya ödənilən pensiya məbləğinin dayandırılmasının) qanunsuz hesab edilməsi; 52 yaşı tamam olan günədək (xx.xx.2015-ci ilədək) ümumi əmək stajının 33 il 05 ay 15 gün müddətində olmasının və bu müddətdən 11 il 01 ay 04 gün müddətinin “xəlitə hazırlayan” kimi “əmək şəraiti xüsusilə zərəli və ağır olan” iş hesab edilməsi; xx.xx.2015-ci il tarixdən başlayaraq iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasının qanuni hesab edilməsi, dayandırılmış pensiya məbləğinin ödəniməsinin xx.xx.2020-ci il tarixdən davam etdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir . İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 52 yaşı tamam olan gündən (xx.xx.2015-ci il tarixdən) iddiaçıya təyin edilmiş, lakin xx.xx.2020-ci ildən dayandırılmış pensiya ödənişinin bərpa olunması, ödənilməmiş məbləğin ödənilməsi və pensiya ödənişinin davam etdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-950/2022 saylı tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-950/2022 saylı qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Fondun aidiyyəti mütəxəssisləri tərəfindən vaxtilə İddiaçı işlədiyi "xxxx" ASC-nin arxiv sənədlərində ona dair məlumatların yerində dəqiqləşdirilməsi zamanı xx.xx.1985-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə xəlitə hazırlayan peşəsində işlədiyi müəyyən edilmişdir. İddiaçının işlədiyi "xxxx" ASC-də xəlitə hazırlayan peşəsi şüşə və çini-saxsı istehsalatı sahəsinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Qeyd edilən faktlar "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixli Aktla təsdiq edilmişdir. Göründüyü kimi, İddiaçı xx.xx.2015-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndə və vəkili Vəkil iş materiallarına uyğun izahat verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2-1(112)-950/2022 saylı qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi A.İsmayılov apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-950/2022 saylı qərarının ləğv olunmasını, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə Qusar rayonu, A.Ləgər kəndində anadan olmuşdur. İşdə olan iddiaçıya məxsus НЗ ******* nömrəli Hərbi Biletin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçıya məxsus xx.xx.1981-ci il tarixli ИТ-İ ******* nömrəli və xx.xx.1984cü il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçalarının surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixdən əmək fəaliyyətinə başlamış və müxtəlif müəssisə və peşələrdə işləmişdir, hal-hazırda "xxxx"QSC-də əmək fəaliyyətini davam etdirir. İşdə olan əmək kitabçalarının surətindən və inzibati icraat materiallarından müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1996-cı il tarixdən “Azərbaycan Dəmir Yolları Konteynerlərin təmiri üzrə Bakı Anbarı”na hərəkətli tərkibin təmiri üzrə çilingərlər çilingər vəzifəsinə təyin edilib, xx.xx.2001-ci il tarixdən vaqon müayinəçisi-təmirçisi vəzifəsinə keçirilib, xx.xx.2002ci il tarixdə sex 6-ya 4-cü dərəcəli vaqon müayinəçisi vəzifəsinə keçirilib, xx.xx.2004-cü il tarixdə 5-ci dərəcəli vaqon müayinəçisi-təmirçisi vəzifəsinə keçirilib, xx.xx.2011-ci il tarixdən X2 Məntəqəsinə vaqonların qorunub saxlanması üzrə 5-ci dərəcəli vaqon müayinəçisi-təmirçisi vəzifəsinə keçirilib, xx.xx.2016-cı il tarixdən X2 Məntəqəsinə 5-ci dərəcəli vaqon müayinəçisi-təmirçisi vəzifəsinə keçirilib, hal-hazırda "xxxx" ASC Konteynerlərin təmiri üzrə Keşlə vaqon deposunun nəzdində olan X2 Məntəqəsində 5-ci dərəcəli vaqon müayinəçisi-təmirçisi vəzifəsində işləyir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, işdə olan cavabdeh orqanın iddiaçıya ünvanladığı “Pensiya ödənişinin dayandırılması haqqında” xx.xx.2021-ci il tarixli **********8 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar nəzərinizə çatdırırıq ki, sizə vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən araşdırılmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 1 №-li siyahıya görə 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nın Şüşə və çini-saxsı istehsalatı bölməsinin (XV) fəhlələr yarımbölməsində ******* a—12240 kodu üzrə xəlitə dolduranlar peşəsi nəzərdə tutulmuşdur. Fondun aidiyyəti mütəxəssisləri tərəfindən vaxtilə işlədiyiniz "xxxx" ASC-nin arxiv sənədlərində sizə dair məlumatların yerində dəqiqləşdirilməsi zamanı xx.xx.1985- xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə xəlitə hazırlayan peşəsində işlədiyiniz müəyyən edilmişdir. Sizin işlədiyiniz "xxxx" ASC-də xəlitə hazırlayan peşəsi yuxarıda qeyd olunan şüşə və çini-saxsı istehsalatı sahəsinə uyğun deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız yoxdur. Qeyd edilən faktlar "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixli Aktla təsdiq edilmişdir. Göründüyü kimi, sizə xx.xx.2015-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən sizə xx.xx.2015-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 13505,37 manat artıq pul vəsaitinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar olaraq sizə artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarmağınızı xahiş edirik. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəkdir. İddiaçı dayandırılmış əmək pensiyasının bərpa edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən verilmiş imtina haqqında məktub əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiya bərpa edilməsindən imtina edilmişdir. Kollegiya qeyd edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, işdə olan məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş pensiya işindən və inzibati icraat materiallarından görünür ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən əmək kitabçası və "xxxx" ASC-nin 05 nömrəli xx.xx.2016-cı il tarixli arayışı nəzərə alınaraq ümumi və güzəştli iş stajı hesablanaraq əmək pensiyası təyin edilsə də, daha sonra isə Fondun aidiyyəti mütəxəssisləri tərəfindən vaxtilə İddiaçı işlədiyi "xxxx" ASC-nin arxiv sənədlərində ona dair məlumatların yerində dəqiqləşdirilməsi zamanı xx.xx.1985-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə xəlitə hazırlayan peşəsində işlədiyi müəyyən edilməsi səbəbi ilə iddiaçıya təyin edilmiş əmək pensiyası dayandırılmışdır. İşdə olan imtina məktubundan və iddiaya dair yazılı etirazdan görünür ki, cavabdeh inzibati orqan əmək pensiyasının dayandırılmasını iddiaçının xəlitə hazırlayan peşəsində işləməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan imtina məktubundan və iddiaya dair yazılı etirazını İddiaçı işlədiyi "xxxx" ASC-də xx.xx.2020-ci il tarixdə tərtib edilmiş Aktla əsaslandırsa da, həmin Akt "xxxx" ASC-nin əməkdaşları tərəfindən imzalanmamışdır. Həmçinin, məhkəmə vurğulayır ki, cavabdeh orqan iddiaçının mübahisələndirilən peşədə işləməsi barədə məlumatların əmək kitabçasında və sığortaolunanın ümumi iş stajı barədə məlumatda öz əksini tapmasını nəzərə almamış və həmin işin xarakterinin aydınlaşdırılması istiqamətində hər hansı araşdırma aparmadan (müvafiq sorğular vermədən və s.) iddiaçıya təyin edilmiş əmək pensiyasını dayandırmışdır. Halbuki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Beləliklə işin xarakteri haqqında arayışlar (güzəştli arayışlar) ona dəlalət edir ki, iddiaçının işlədiyi vəzifələr güzəştli pensiya hüququ verən vəzifələrə aiddir. İş materiallarında olan "xxxx" ASC-nin məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi LP-05-0422 nömrəli xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı rəsmi olaraq "xxxx" ASC-də xx.xx.1984-cü ildən xx.xx.2007-ci il tarixədək X4 xüsusilə ağır və zərərli iş şəraitində “xəlitə dolduran” peşəsində işləmişdir. Lakin İddiaçı həmin peşədə faktiki olaraq xx.xx.1996-cı ilədək işləmişdir. Ona görə də İddiaçı "xxxx" ASC-də “xüsusilə ağır və zərərli iş şəraiti”ndə olan əmək stajı faktiki olaraq 11 il 01 ay 04 gün olmuşdur. Bu müddətdə İddiaçı “xüsusilə ağır və zərərli iş şəraiti”ndə işlədiyi “xəlitə dolduran” peşəsi üzrə onun əmək funksiyalarına daxil olmuşdur: şüşənin tərkibini təşkil edən materiallardan (potaş, dolomit, daş kömür, kvars qumu və s.) tələb olunan çəkiyə uyğun olaraq xəlitəni hazırlayaraq həmin xəlitəni şüşə əridən sobaya doldurmaqdan ibarət olmuşdur. Onun işlədiyi “xəlitə dolduran” peşəsi ilə “xəlitə hazırlayan” peşəsi eynilik təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cu il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası huququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 1-ci Siyahısının 15-ci bölməsinin (Şüşə və çini-saxsı istehsalatı) 1150101a yarımbəndinin (bütün növ şüşə və şüşə məmulatları istehsalı ilə məşğul olan fəhlələr) 1150101a-12240 kodu uzrə olan “xəlitə dolduranlar” peşəsinə uyğun olaraq İddiaçı güzəştli şərtlrlə pensiya almaq hüququ vardır. Göründüyü kimi, “xəlitə dolduran” peşəsi ilə “xəlitə hazırlayan” peşəsinin eynilik təşkil etməsi iş materialları ilə öz təsdiqini tapmışdır. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi “xəlitə hazırlayan” peşəsinin “xəlitə dolduran” peşəsi ilə eynilik təşkil etməsi iş materialları ilə öz təsdiqini tapdığından və həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahıda öz əksini tapdığından, həmin dövr onun ümumi və güzəştli iş stajına əlavə olunmalıdır. Kollegiya apellyasiya şikayətinin “iddiaçının işlədiyi "xxxx" ASC-də xəlitə hazırlayan peşəsi şüşə və çini-saxsı istehsalatı sahəsinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur” dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahının “XV. Şüşə və çini-saxsı istehsalatı” bölməsində “xəlitə dolduranlar” (kod 1150101a—12240) nəzərdə tutulmuşdur. İddiaçının vaxtilə işlədiyi müəssisədə şüşə və çini-saxsı məmulatları istehsal edən X5 yaradılmışdır ki, iddiaçı bu sexdə xəlitə hazırlayıb sobaya doldurmaqla məşğul olmuşdur. Beləliklə iddiaçının 20 ildən artıq ümumi, 10 ildən artıq xüsusi əmək stajı olduğundan, onun 52 yaşının tamamlandığı xx.xx.2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Odur ki, iddiaçının güzəştli pensiya hüququnun yaranmaması barədə cavabdehin dəlili əsassızdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh pensiya ödənişinin dayandırılması məsələsini həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat aparmadan, sadəcə, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməcəyək bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə pensiya ödənişini dayandıra bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu barədə məlumatın alınması və ya halın müəyyən edilməsi pensiya ödənişinin dayandırılması məsələsinin həlli üçün inzibati icraatın başlanılmasına (“İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddə) əsas təşkil edən haldır. Odur ki, belə hallardan hər hansı birini aşkar etdikdə cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb pensiya ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməlidir. Yalnız pensiya ödənişinin dayandırılmasına dair müvafiq inzibati akt qəbul edildikdən sonra ödənişin faktiki hərəkətlə dayandırılması aparıla bilər. Pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, dayandırma barədə inzibati akt olmadan ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini şübhə altına almış olur. Məhkəmə araşdırılması zamanı iddiaçının pensiya ödənişi dayandırılarkən yuxarıda göstərilən tələblərə cavabdeh tərəfindən əməl olunması müəyyən edilməmişdir. Cavabdeh özü də bu barədə heç bir dəlil irəli sürməmişdir. Halbuki, İPM-in 14.1-ci maddəsinin tələbinə görə, bu cür inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçı 52 yaşı tamam olduğu xx.xx.2015ci il tarixədək 20 il ümumi iş stajına malik olması və həmin stajın 10 ilinin güzəştli əmək stajına daxil olması öz təsdiqini tapdığından, cavabdeh tərəfindən ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması əsassız olmuşdur. Buna görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin olunmasına dair qərar qəbul etmişdir. Odur ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-950/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-2384/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2384/2022
18.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver