Məhkəmə qərarları › İş №2-1(103)-2384/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2384/2023

21.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2384/2023 21.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Həşim Rəşad Əlisahib oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2-1(112)- 3819/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə müraciət edərək, iddiaçıya 09 iyun 2021-ci il il tarixdən 60 yaşı tamam olan gündən güzəştli şərtlərlə pensiya təyin edilməsi və keçmiş dövr üçün yaranmış pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 57 yaşının tamam olduğu 09 iyun 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrdə 15 (on beş) ildən artıq işlədiyini və 2006-cı ilədək 25 ildən artıq əmək stajının olduğunu nəzərə alaraq iddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial xx.xx.2021-ci il tarixli cavab məktubu ilə iddiaçıya pensiyanın təyin olunmasından imtina etmişdir. Bu imtinanı əsassız hesab edir. Belə ki, o, 23 noyabr 1978-ci ildən o vaxt SSRİ Nəqliyyat Tikinti Nazirliyinin “Başyeraltımetrotikintidə” (həmin dövrdə Qlavtonnelmetrostroy adlandırılmış) fəhlə kimi əmək fəaliyyətinə başlamışdır. 31 oktyabr 1979-cu ildən 10 oktyabr 1981-ci ilədək hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra 12 noyabr 1981-ci ildən 01 mart 1984-cü ilədək yenidən “Başyeraltımetrotikinti”də yer altında (toneldə) fəhlə peşəsində işləmişdir. xx.xx.1984-cü ildən xx.xx.1989-cu ilədək daşla və qranitlə üz çəkmək, daşyonan vəzifəsində işləmişdir. Yeraltında güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən ağır və zərərli iş şəraitində fəhlə peşəsində 3 (üç) il 3 (üç) ay 20 (iyirmi) gün, üz çəkmə, daşyonan qranitçik peşəsində isə 5 (beş) il 23 (iyirmi üç) gün işləmişdir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 29-cu bölməsinin “Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər” bəndində nəzərdə tutulmuş fəhlə və daşla və qranitlə üzçəkən, daşyonan peşələrində 8 (səkkiz) il 4 (dörd) ay 13 (on üç) gün işləmişdir. 1989-cu ildən 2007-ci ilədək işlədiyi müddət güzəştli şərtlərlə pensiya hüququ Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə verən sahələrə aid deyil. İddiaçı yenidən "xxxx" Qapalı Səhmdar Cəmiyyətində xx.xx.2007-ci ildən xx.xx.2008-ci ilədək və xx.xx.2009-cu ildən xx.xx.2009-cu ilədək güzəştli şərtlərlə pensiya hüququ verən üzlükçü peşəsində 1 (bir) il 11 (on bir) ay işləmişdir. İddiaçı xx.xx.2016-cı ildən xx.xx.2019-cu ilə ilədək H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin İstismar avadanlıqları sahəsində neft, qaz və qaz kondensatı hasilatı obyektlərində (bilavasitə məşğul olan) ”təmirçi çilingər” peşəsində və “Neft Daşları” NQÇİ-nin Qaz kompressor sahəsinin vakuum kompressor xidmət sahəsində təmirçi çilingər sonradan isə həmin sahədə “kompressor qurğularının maşinisti” peşəsində işləməyə başlamışdır və hal-hazıda da həmin peşədə işləyir. Bu peşələrdə 5 (beş) ildən artıqdır ki, işləyir və bu peşələr də yuxarıda qeyd olunan Siyahının 10.2-ci bölməsində nəzərdə tutulmuşdur. Qeyd olunan peşədə işləməyi imkan verir ki, 60 yaşı tamam olanda güzəştli şərtlərlə pensiyaya çıxsın. Bu peşələrdə 12 il 6 ay işləyən kişilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahıya uyğun olaraq güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququ vardır. İddiaçı xx xxxx 1961-cı ildə anadan olmuşdur. İddiaçının 60 yaşı 09 iyun 2021-ci ildə tamam olmuşdur və həmin gündən güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ yaranmışdır. İddiaçının xx.xx.2006-cı ilədək əmək stajı isə 25 ildən artıqdır. İdarə heç bir hüquqi əsas olmadan ona pensiya təyin etməmişdir. İddiaçı cavabdehin gətirdiyi əsasları qüvvədə olan qanunvericiliyin tələblərinə tamamilə zidd hesab edir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçı 01 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, ona 60 yaşdan, yəni 09 iyun 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən, eləcə də güzəştli iş stajının 12 il 06 aydan az olması səbəbindən müraciətin müsbət həllinin mümkün olmayacağı yazılı şəkildə bildirilmişdir. Bundan sonra, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində qeyd etdiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar cəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-omadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlilərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X6 qərarlarını, X6 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iş yerindən güzəştli iş stajı barədə arayış təqdim edilməlidir. Arayış iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyi təqdirdə, məhkəmə İPM-nin 12.1-ci maddəsinə əsasən öz təşəbbüsü ilə arayışı tələb etməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu təsdiqləməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Hazırki iş üzrə iddiaçı iş yerindən xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli arayışlar təqdim etsə də, həmin arayışlar xx.xx.2016-xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövrləri güzəştli iş stajı kimi təsdiqləyir. Beləliklə, İddiaçı ümumi iş stajı 25 il 8 ay 27 gün təşkil etsə də, güzəştli iş stajı ümumilikdə 04 il 09 ay 16 gün təşkil edir ki, bu da qanunla tələb olunan 12 il 06 aydan azdır. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün digər şərt isə tələb olunan pensiya kapitalının tamamlanmasıdır. Əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 40200.00 manat hesablandığı halda, qeydə alınan pensiya kapitalı cəmi 31339,21 manat təşkil edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2-1(112)-3819/2022 nömrəli qərarı ilə (hakim M.Qarayeva) iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı iddia ərizəsi ilə eyni məzmunda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, apellyasiya şikayətinə qarşı etirazı müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: - ASAN 4 tərəfindən xx.xx.2014-ci il tarixdə verilmiş AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1961-ci il tarixdə Azərbaycan Respublikası Tovuz rayonunda anadan olmuşdur. - İddiaçıya məxsus HЗ № ******* saylı hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1979-ci il tarixdən xx.xx.1981-ci il tarixə qədər həqiqi hərbi xidmətdə olmuşdur. - İddiaçıya məxsus diplomdan görünür ki, o, Azərbaycan Texniki İnstitutunda 1979-cu ildən 1987-cı il tarixə qədər təhsil almışdır. - İddiaçıya məxsus AТ seriyalı ******* saylı xx.xx.1978-ci il tarixdə doldurulmuş əmək kitabçasından görünür ki, xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixdən SSRİ Nəqliyyat Tikinti Nazirliyi 901 saylı Xüsusi Tikinti qatarında 3-cü dərəcəli yardımçı fəhlə vəzifəsində işləmiş, xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixdən X7 xidmət etmişdir, xx.xx.1981-ci il tarixdən 3-cü dərəcəli yardımçı fəhlə, xx.xx.1984-cü il tarixdən xx.xx.1989-cu il tarixə qədər təbii daşla üz çəkmə işinə keçirilərək daşyonma və qranit işləri üzrə fəhlə, xx.xx.1989-cu il tarixdən Azərbaycan Həmkarlar İttifaqları Şurası Azərbaycan Təmir-Tikinti İdarəsində daşyonan fəhlə, xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixə bənna, xx.xx.1989-cu il tarixdən Bakı Məişət Maşınlar Zavodunda universal mətbəx maşınların istehsalı üzrə operator, xx.xx.1990-cı il tarixdən sazlayıcı, xx.xx.1990-cı il tarixdən usta, xx.xx.1991-ci il tarixdən mexanik sahəsinə usta, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixə qədər maddi-texniki təchizat şöbəsinə əmtəəşünas, xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixdən 8 saylı rayonlararası İstehsalat Təmir-Tikinti Trestinə texnikitəchizat şöbəsinin rəisi, xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixə qədər Müstəqil İnşaat Təmir-Tikinti Şirkətinin rəisi, xx.xx.1998-ci il tarixdən xx.xx.2007-ci il tarixə qədər inşaat işlərin keyfiyyəti üzrə fərdi sahibkar, xx.xx.2010-cu il tarixən xx.xx.2010-cu il tarixə qədər "xxxx" MMC-nin Xətai rayon İdarəsinin 6-cı sahəsinə nəzarətçi, xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixə qədər “Azəriqaz” X2 İstismarı sahəsində çilingər, xx.xx.2011-ci il tarixdən xx.xx.2015-ci il tarixə qədər “Azəriqaz” X1 İstismarı sahəsində çilingər, H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin İstismar avadanlıqları sahəsində xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək neft, qaz və qaz kondensatı hasilatı obyektlərində (bilavasitə məşğul olan) təmirçi çilingər, “Azneft” istehsalat Birliyi “Neft Daşları” NQÇİ-də xx.xx.2019-xx.xx.2019-ci illərdə Qaz kompressor sahəsinin Kompressor avadanlıqlarına xidmət sahəsində təmirçi çilingər peşələrində işləmişdir. - İddiaçıya məxsus AТ-İX 097958 saylı xx.xx.2003-ci il tarixdə doldurulmuş əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixə qədər "xxxx" MMC-də daşyonan və qranit işləri üzrə fəhlə, xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixə qədər “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyəti Xüsusi Tamamlama İşləri İdarəsində üzlükçü, xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixə qədər üzlükçü peşələrində işləmişdir. - Cavabdehin xx.xx.2022-ci il tarixli **********8 saylı məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 15 fevral 2022-ci il tarixində daxil olmuş 2-1(112)- 3819/2022 nömrəli məktubunuza aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, vətəndaş İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 12175,83 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 23723,79 manat olmaqla, cəmi pensiya kapitalı 35899,62 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 14 il 11 ay 21 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 12175,83 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 23723,79 manat pensiya kapitalı qeydə alınmışdır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş digər şərtlərin mövcud olacağı təqdirdə onun Mərkəzi Filiala müraciətində qeyd etdiyi kimi 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 45858,70 manat məbləğində hesablanmışdır. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər.” - Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli **********6 saylı imtina məktubu ilə bildirilmişdir ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 1 iyul 2021-ci il tarixində daxil olmuş müraciətinizə və ona əlavə olunmuş sənədlərə baxılmışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlara əsasən sizin güzəştli iş stajınız 12 il 6 aydan az (4 il 9 ay 16 gün (xx.xx.2016-xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2019-cu il, xx.xx.2019xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa, fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 40200,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 31339,21 manat təşkil edir.” - “SOCAR”ın xx.xx.2021-ci il tarixli SOCAR **********81200601B00018 saylı arxiv arayışından görünür ki, iddiaçı H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin İstismar avadanlıqları sahəsində xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək neft, qaz və qaz kondensatı hasilatı obyektlərində (bilavasitə məşğul olan) «təmirçi çilingər» peşəsində işləyib və bu peşədə işlədiyi müddət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq etdiyi «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 10-cu «Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı» bölməsinin 10.2-ci «Neft və qaz kondensatının hasilatı» yarımbölməsinə əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması hüququ verən güzəştli əmək (sığorta) stajı sayılır. - "xxxx" qapalı səhmdar cəmiyyətinin A/260 saylı xx.xx.2019-cu il tarixli arxiv arayışından görünür ki, iddiaçı xx.xx.2007-ci il tarixdə “Azərtunelmetrotikinti” SC-nin Xüsusi Tamamlama İşlər İdarəsinə 6-cı dərəcə ilə üzlükçü peşəsinə qəbul edilmişdir (Əmr №06/K, xx.xx.2007-ci il), xx.xx.2008-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 ”a” bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir (Əmr №58/K(a), xx.xx.2008-ci il), xx.xx.2009-cu il tarixdə “Azərtunelmetrotikinti” SC-nin Xüsusi Tamamlama İşlər İdarəsinə 6-cı dərəcə ilə üzlükçü peşəsinə qəbul edilmişdir (Əmr №05/K, xx.xx.2009-cu il), xx.xx.2009-cu il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 ”a” bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir (Əmr №39/K, xx.xx.2009-cu il). Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 №-li qərara uyğun olaraq həmin siyahının 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidənqurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin müvafiq bəndinin “Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlərdə işləyən mərmər üzçəkənləri” qrafasına uyğun olaraq İddiaçı güzəştli şərtlərlə əmək stajı 01 il 11 ay 01 gün təşkil edir. - “Azneft” istehsalat Birliyi “Neft Daşları” NQÇİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Pux-02/32 saylı arayışından görünür ki, “Neft Daşları” NQÇİ-nin Qaz kompressor sahəsinin Vakuum kompressor xidmət sahəsində kompressor qurğularının maşinisti peşəsində işləyən, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı Hümbət oğluna ona görə ki, o həqiqətən xx.xx.2019-xx.xx.2019-ci illərdə Qaz kompressor sahəsinin Kompressor avadanlıqlarına xidmət sahəsində təmirçi çilingər peşəsində işləyib: 0 il 03 ay 02 gün. xx.xx.2019-ci il tarixdən hal-hazıra qədər Qaz kompressor sahəsinin Vakuum kompressor xidmət sahəsində kompressor qurğularının maşinisti peşəsində işləyir: Bölmə 10, yarımbölmə 10.2 bəndi “a”, 01 il 07 ay 03 gün. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarındakı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu bölməsinin, 10.2 yarımbölməsinin “a” bəndinə əsasən “Neft Daşları” NQÇİ-nin QKSdə təmirçi çilingər və kompressor qurğularının maşinisti peşələrində xx.xx.2021-ci il tarixə qədər dəniz şəraitində güzəştli şərtlərlə iş stajı - 01 il 10 ay 05 gün təşkil edir. - “SOCAR”ın xx.xx.2022-ci il tarixli SOCAR **********81200601B00006 saylı arxiv arayışından görünür ki, iddiaçı həqiqətən H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin istismar avadanlıqları sahəsində xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək neft, qaz və qaz kondensatı hasilatı obyektlərində (bilavasitə məşğul olan) «təmirçi çilingər» peşəsində işləyib və bu peşədə işlədiyi müddət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq etdiyi «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 10-cu «Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı» bölməsinin 10.2-ci «Neft və qaz kondensatının hasilatı» yarımbölməsinə əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması hüququ verən güzəştli əmək (sığorta) stajı sayılır. - "xxxx" qapalı səhmdar cəmiyyətinin 40N-10/3-1299 saylı xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək SSSR-i Nəqliyyat Tikintisi Nazirliyinin Qlavtonnelmetrostroyun 901 №-li Spetsstroypoyezd İdarəsində 3-cü dərəcə ilə yardımçı fəhlə peşəsində çalışmışdır. xx.xx.1981-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək SSSR-i Nəqliyyat Tikintisi Nazirliyinin Qlavtonnelmetrostroyun Soyuzmetrospecstroy idarəsində 3-cü dərəcə ilə yardımçı fəhlə, daşyonan peşələrində çalışmışdır. xx.xx.2003-cü il tarixindən SSSR-i Nəqliyyat Tikintisi Nazirliyinin Qlavtonnelmetrostroyun "xxxx" MMC-nə 6-cı dərəcə ilə daşyonan peşəsinə qəbul edilmiş, xx.xx.2004-cü il tarixindən işdən azad edilmişdir. xx.xx.2007-ci il tarixindən xx.xx.2008-ci il tarixinədək və xx.xx.2009-cu il tarixindən xx.xx.2009-cu il tarixinədək “Azərtunelmetrotikinti” SC-nin Xüsusi Tamamlama İşlər İdarəsində 6-cı dərəcə ilə üzlükçü peşəsində işləmişdir. İddiaçı ağır və xüsusi zərərli əmək şəraitində çalışdığı daşyonan və üzlükçü peşələr üzrə əmək stajı 07 il 11 ay 10 gün (yeddi il on bir ay on gün) təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 1.Dağ-mədən işləri maddəsinin 1.2.1-ci Açıqda dağ-mədən işləri və yer səthində işlər bəndinin a) fəhlələr (daşyonanlar) yarımbəndi ilə tənzimlənir ki, bu da qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli 320 saylı qərarın 10100000 1.Dağ-mədən işləri maddəsinin 20101000 1) Açıqda dağ-mədən işləri yə yer səthində işlər bəndinin 2010100a— 12690 (daşyonanlar) koduna aiddir. Qeyd: Üzlükçü peşəsinin əsas vəzifə və funksiyaları divar və döşəməyə mərmərdən, qranitdən və daş lövhələrdən üzlük daşlarının qoyulması, üzlük daşlarının yonulması, üzlüklərin çəkilməsi üçün divar səthinin hazırlanması, üzlüklərin vaxtlı vaxtında cilalanması, verilmiş dizayna uyğun təbii və süni üzlük materiallarının düzgün seçilməsi və s. işlərdən ibarətdir. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 (altı) təqvim günü verilir, əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının nəticələri barədə tərtib olunmuş protokollar və qiymətləndirmə cədvəllərində göstərilən amillərə görə (toz, səs-küy) əmək haqqına tarif maaşının 4% (dörd) məbləğində əlavə ödəniş edilir. Daşyonan və üzlükçü peşələrinin iş şəraiti, xüsusiyyəti və funksiyaları eynilik təşkil etdiyindən bərabər tutula bilər. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd etmişdir ki, iddiaçının tələbinin təmin edilməsi və ona 57 yaşının tamam olduğu 09 iyun 2018-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun xx.xx.2017ci il tarixədək azı 25 il ümumi iş stajı olmalı, bunun 12 il 6 ayını müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahısında və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. Lakin iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasından və güzəştli arayışdan görünür ki, iddiaçı tələb olunan 12 il 6 ay güzəştli iş stajını xx.xx.2017-ci il tarixədək toplamamışdır. Belə ki, iddiaçı SSR-i Nəqliyyat Tikintisi Nazirliyinin Qlavtonnelmetrostroyun Soyuzmetrospecstroy idarəsində xx.xx.1984-cü il tarixdən xx.xx.1989-cu il tarixə qədər təbii daşla üz çəkmə işinə keçirilərək daşyonma və qranit işləri üzrə fəhlə - 5 il 1 ay 23 gün, SSR-i Nəqliyyat Tikintisi Nazirliyinin Qlavtonnelmetrostroyun "xxxx" MMC xx.xx.2003-ci il tarixindən xx.xx.2004-cü il tarixə qədər daşyonan və qranit işləri üzrə fəhlə - 5 ay 15 gün, “Azərtunelmetrotikinti” SCnin Xüsusi Tamamlama İşlər İdarəsində xx.xx.2007-ci il tarixindən xx.xx.2008-ci il tarixinədək – 1 il 5 ay 29 gün və xx.xx.2009-cu il tarixindən xx.xx.2009-cu il tarixinədək 6cı dərəcə ilə üzlükçü – 5 ay 1 gün olmaqla, ümumilikdə, 7 il 6 ay 8 gün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə işləmişdir. Belə ki, həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 1.Dağmədən işləri maddəsinin 1.2.1-ci Açıqda dağ-mədən işləri və yer səthində işlər bəndinin a) fəhlələr (daşyonanlar) yarımbəndində və qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli 320 saylı qərarın 10100000 1.Dağ-mədən işləri maddəsinin 20101000 1) Açıqda dağ-mədən işləri yə yer səthində işlər bəndinin 2010100a— 12690 (daşyonanlar) kodu ilə göstərilmişdir. Bundan başqa, iddiaçı H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin İstismar avadanlıqları sahəsində xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək neft, qaz və qaz kondensatı hasilatı obyektlərində (bilavasitə məşğul olan) təmirçi çilingər peşəsində - 10 ay 7 gün işləmişdir. Bu peşə də işlədiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq etdiyi «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 10-cu «Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı» bölməsinin 10.2-ci «Neft və qaz kondensatının hasilatı» yarımbölməsində təsbit edilmişdir. Beləliklə, iddiaçı ümumilikdə, 8 il 4 ay 5 gün əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması hüququ verən güzəştli əmək (sığorta) stajını toplamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur, bu səbəbdən apellyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində göstərdiyi dəlillər tamamilə üst-üstə düşür. Bu səbəbdən də, birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2-1(112)-3819/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Rəşid Səmədov Hakimlər Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar