Məhkəmə qərarları › İş №2-1(103)-2386/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2386/2022

26.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2386/2022 26.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Oruczadə Aytən Pənah qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) X5, Cavabdehin nümayəndəsi (vəkili) X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1185/2022 saylı, 23 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “57 güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan narazı qalan cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının filiala təqdim etdiyi 10 sentyabr 1984-cü il tarixli ******* nömrəli əmək kitabçasından görünür ki, onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 23 il 03 ay 26 gündür və bu səbəbdən də iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında “ qanun tətbiq edilə bilməz. Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı tərəf apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Notaial qaydada təsdiq edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür. - İşdə olan iddiaçıya məxsus olan notarial qaydada təsdiq edilmiş HП seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək Sovet ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. - Notarial qaydada təsdiq edilmiş ИT seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü il tarixdən, xx.xx.1992-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək, xx.xx.2004-cü il tarixdən xx.xx.2007-ci il tarixədək, xx.xx.2007-ci il tarixdən xx.xx.2014-cü il tarixədək, xx.xx.2014-cü il tarixdən hal-hazıradək müxtəlif peşələrdə işləmişdir. - Şabran rayon İcra hakimiyyəti Şabran rayon Dövlət Arxivi tərəfindən verilmiş Azərbaycan Respublikası Şabran (keçmiş Dəvəçi) rayonu Siyəzən üzümçülük sovxozunun əmrlər kitabından arxiv çıxarışından görünür ki, 01 dekabr 1979-cu il tarixli, 164 & 6 nömrəli əmrə əsasən – xx.xx.1963-cü il təvəllüdlü İddiaçı verdiyi ərizəsi nəzərə alınaraq xx.xx.1979-cu il tarixdən 10 saylı üzümçülük briqadasına fəhlə qəbul edilmişdir. 14 aprel 1981-ci il tarixli, 56 & 3 nömrəli əmrə əsasən – 10 saylı üzümçülük briqadasının fəhləsi İddiaçı 12.19.xx-xx.1980-ci il üçün kiçik yaşlı olduğuna görə bir təqvim ayı həcmində 14 aprel 1981-ci il tarixdən 14 may 1981-ci il tarixə kimi əmək məzuniyyətinə buraxılmışdır. 22 fevral 1982-ci il tarixli, 25 & 2 nömrəli əmrə əsasən - 10 saylı üzümçülük briqadasının fəhləsi İddiaçı 12.19xx-xx.1981-ci il üçün kiçik yaşlı olduğuna görə bir təqvim ayı həcmində 22 fevral 1982-ci il tarixdən 22 mart 1982-ci il tarixə kimi əmək məzuniyyətinə buraxılmışdır. - İşdə olan SOCAR “Azneft” İstehsalat Birliyi “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsi tərəfindən verilmiş AB-04/124 nömrəli, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, 51 nömrəli, xx.xx.1992-ci il tarixli əmrə əsasən xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək “Siyəzənneft” NQÇ İdarəsinin Qazma sexində təmirçi çilingər işində işləməklə iş stajı 01 il 10 gün təşkil edir. 690 nömrəli, xx.xx.2004-cü il tarixli əmrə əsasən xx.xx.2004cü il tarixdən xx.xx.2007-ci il tarixədək “Siyəzənneft” NQÇ İdarəsinin Qazma sexində buruqlara xidmət üzrə çilingər işində işləməklə iş stajı 02 il 10 ay təşkil edir. Qeyd olunanlara əsasən, İddiaçı güzəştli şərtlərlə ümumi əmək stajı 03 il 10 ay 10 gün təşkil edir. - İşdə olan məhkəmənin sorğusuna əsasən SOCAR “X8” Tresti tərəfindən 16 dekabr 2021-ci il tarixli, SOCAR**********0490075X00082 nömrəli məktubla təqdim edilmiş, xx.xx.2021-ci il tarixli, SOCAR**********81200598X00046 nömrəl güzəştli arayışdan görünür ki, İddiaçı “Azneft” X2 Qazma İşləri İdarəsi üzrə - xx.xx.1984-cü il tarixdən xx.xx.1992-ci il tarixədək qazmaçı köməkçisi peşəsində (1100000a11297); Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Siyəzən Qazma İşləri İdarəsi üzrə - xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək buruqda xidmət üzrə çilingər (1100000a18497); X6 üzrə (Azərbaycan Respublikası Dövlət Neft Şirkətini Siyəzən Qazma İşləri İdarəsi 51 saylı, xx.xx.2007-ci il tarixlivə 60 saylı, xx.xx.2007-ci il tarixli əmrləri ilə “X8” tresti yaradılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2007-ci il tarixli, 19 s saylı əmri ilə X6 yaradılmışdır) xx.xx.2007-ci il tarixdən, xx.xx.2009-cu il tarixədək qazmaya xidmət üzrə çilingər (1100000a18497); X10 İdarəsi üzrə (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2009-cu il tarixli, 25s saylı sərəncamına və X8 Trestinin 77 saylı xx.xx.2009-cu il tarixli əmri ilə X6 Qazma sexi kimi X10 İdarəsinin tərkibinə verilmişdir) xx.xx.2009-cu il tarixdən xx.xx.2014-cü il tarixədək qazmaya xidmət üzrə çilingər (1100000a-18497); Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2013-cü il ARDNŞ/13 – 1000/01/SM – 05 – 000034 saylı əmrinə əsasən “X8” trestinin “Abşeron Qİİ”si ləğv olunaraq, trestin “Abşeron İstehsalat bölümü və “Siyəzən” İstehsalat bölümləri kimi fəaliyyət göstərib. xx.xx.2014-cü ildən xx.xx.2017-ci iltarixədək “Abşeron” İstesalat bölümündə qazmaya xidmət edən çilingər (1100000a-18497); xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək X1maya xidmət edən çilingər (1100000a-18497) peşəsində işləyib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993- cü il, 320 saylı Qərarına və xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarına uyğun olaraq, İddiaçı güzəştli şərtlərə yaşa görə pensiya hüququ verən zərərli və ağır olan işlərdə çalışdığı üçün onun güzəştli əmək stajı 32 il 06 ay 20 gündür. - İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 14 aprel 2021- ci il tarixli, **********4 nömrəli “Güzəştli şərtlərlə pensiya tətinatından imtina haqqında” məktuba əsasən ididaçıya bildirilmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007- ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin birinci bəndinə əsasən iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Mərkəzi Filiala təqdim etdiyi 10 sentyabr 1984-cü il tarixli, ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlardan göründüyü kimi, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (23 il 3 ay 26 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Qaydaların 3.2.1-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə müəyyən edilir. Qaydaların 3.6-cı bəndinə görə qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. “Qaydalar”ın 4.1.10-cu bəndinə görə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. Sadalanan normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 2 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): - 55 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 25 illik ümumi və 12,5 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 57 yaşdan təyin edilir. Beləliklə, iş materiallarında olan sənədlərdən də görünür ki, iddiaçı xx.xx.1963-cü ildə anadan olub və yuxarda sadalanan qanunvericilik normalarına uyğun olaraq da 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir. İnzibati orqana müraciət etdiyi tarixdə isə 57 yaşı tamam olmuşdur. İddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi əmək stajı olmuşdur. Kollegiya iş materiallarını və apelyasiya şikayətini araşdırdıqdan sonra belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsinə səbəb, iddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixədək (xx.xx.1982ci il tarixdən, xx.xx.1984-cü il tarixədək hərbi xidmətdə olmuşdur) Siyəzən üzümçülük sovxozunda fəhlə işlədiyi dövrlərin əmək kitabçasında qeyd olunmaması olmuşdur. Cavabdeh orqan tərəfindən iddiaçının mübahisələndirilməyən əmək kitabçasında qeyd olunan iş stajı (hərbi xidmət daxil olmaqla) 23 il 3 ay 26 gündür . Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir.Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, yuxarıda sadalanan qanunvericilik normalarından da aydın olur ki, əmək kitabçasında müvafiq qeydlər olmasa belə, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda iş stajını təsdiq edən sənəd kimi arxiv arayışı, əmrlərdən çıxarışlar, əmək haqqı cədvəlləri və digər sənədlər nəzərə alına bilər. Beləliklə, iddiaçının tam əmək stajı xx.xx.2006-cı il tarixədək mövcuddur. Odur ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatı zamanı “Əmək pensiyaları haqqında” qanunun 9.1-ci maddəsi deyil, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin “b” bəndinin müddəaları tətbiq edilməli və güzəştli şərtlərlə pensiya təyinatı zamanı pensiya təyin edilən tarixə yalnız iki meyarın mövcudluğu nəzərə alınmalıdır: staj (25 il iş stajı, bu müddətin azı 12 il 06 ayını ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləmişdir) və yaş (57 yaş). Çünki həmin maddənin pensiya kapitalının tələbi ilə bağlı tətbiqini Qanunun 9.8-ci maddəsi istisna edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində bu Qanun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərdən bəhs edilir. Sözügedən maddədə əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun yaş və stajla bağlı müddəalarının tətbiqi nəzərdə tutulmuşdur. Bəhs edilən normanın iddiaçıya münasibətdə tətbiq edilməsi onu ehtiva edir ki, iddiaçıya yaşı və (ümumi və xüsusi) stajı olduğu halda pensiya təyin edilməsi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəaları əsasında müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi də “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinin müddəalarına uyğun hüquqi qiymətləndirmə aparmış və iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2020ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməli olması nəticəsinə gəlmişdir. Yuxarıda sadalanları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallları düzgün qiymətləndirilmiş və işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 23 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1185/2022 saylı iş üzrə qəbul etdiyi 23 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Aytən Oruczadə Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar