Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2386/2025 24.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: « qərarların ləğv olunması») Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçının vəkili (nümayəndəsi) Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3730/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-204932/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən iddiaçıya 6.241,22 manat əlavə vergi borcu hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma zamanı 2023-cü ilin yanvar ayı ərzində bank hesablarına sahibkarlıq fəaliyyəti ilə əlaqədar pul vəsaitinin mədaxil edilməsi və onlayn kassa üzrə əməliyyatların aparılmasına baxmayaraq, müvafiq dövrlər üçün ƏDV bəyannamələrində dövriyyə məbləğinin bəyan edilmədiyi müəyyən edilmişdir ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur.
2. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-204938/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən iddiaçıya 4.597,06 manat əlavə vergi borcu hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma zamanı 2023-cü ilin fevral ayı ərzində bank hesablarına sahibkarlıq fəaliyyəti ilə əlaqədar pul vəsaitinin mədaxil edilməsi və onlayn kassa üzrə əməliyyatların aparılmasına baxmayaraq, müvafiq dövrlər üçün ƏDV bəyannamələrində dövriyyə məbləğinin bəyan edilmədiyi müəyyən edilmişdir ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur.
3. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-221182/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən iddiaçıya 3.681,93 manat əlavə vergi borcu hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, azaldılmış vergi məbləği bərpa edilir.
4. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-228882/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən iddiaçıya 4.036,81 manat əlavə vergi borcu hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən təqdim edilən bəyannamədə daxilolma məbləğinin azaldılmasına baxmayaraq, bununla bağlı təsdiqedici sənəd təqdim edilməmişdir.
5. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-228833/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən iddiaçıya 4.468,24 manat əlavə vergi borcu hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən təqdim edilən bəyannamədə daxilolma məbləğinin azaldılmasına baxmayaraq, bununla bağlı təsdiqedici sənəd təqdim edilməmişdir.
6. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-221238/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən iddiaçıya 5.284,65 manat əlavə vergi borcu hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, azaldılmış vergi məbləği bərpa edilir.
7. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-227393/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən iddiaçıya 5.546,49 manat əlavə vergi borcu hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən təqdim edilən bəyannamədə daxilolma məbləğinin azaldılmasına baxmayaraq, bununla bağlı təsdiqedici sənəd təqdim edilməmişdir.
8. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-221188/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən iddiaçıya 6.590,98 manat əlavə vergi borcu hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, azaldılmış vergi məbləği bərpa edilir.
9. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-228827/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən iddiaçıya 6.028,36 manat əlavə vergi borcu hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən təqdim edilən bəyannamədə daxilolma məbləğinin azaldılmasına baxmayaraq, bununla bağlı təsdiqedici sənəd təqdim edilməmişdir.
10. İş materiallarına əlavə edilmiş iddiaçının xx.xx.2013-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə apardığı əməliyyatlar üzrə e-qaimələrdən görünür ki, iddiaçının alışında malın ƏDV-siz ümumi dəyəri 3044,95 manat, malın ƏDV məbləği 548.09 manat təşkil etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2- 204932/2024 nömrəli və xx.xx.2024-cü il tarixli, 3-21-2- 3/2- 204938/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-204932/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-204938/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 3-21-2- 3/2-221182/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-228882/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-228827/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 3-21-2- 3/2-228833/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-221238/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-227393/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 3-21-2- 3/2-221188/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” Qərarlarının ləğv edilməsi öhdəliyinin icrasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin həmin Qərarları ilə iddiaçı barəsində 2023-cü il üzrə əlavə dəyər vergisi hesablanmışdır. Cavabdeh həmin qərarlarda qeyd olunan hesablamanın əsası kimi göstərmişdir ki, aparılmış araşdırma zamanı xx.xx.2021-xx.xx.2022-ci il tarixədək olan dövr üzrə sadələşdirilmiş vergi bəyannamələrinə, kassaya daxil edilmiş nağd əməliyyatlara və bank hesablarına daxil olmuş məbləğlərə (satış əməliyyatları üzrə) əsasən dövriyyəsi 200 000 manatdan artıq olduğu müəyyən edildiyindən, qeydiyyatda olduğu vergi orqanı tərəfindən ona xx.xx.2023- cü il tarixli **********797500 nömrəli ƏDV məqsədləri üçün qeydiyyata dair ərizənin verilməsi barədə bildiriş göndərilmişdir. Qanunvericiliklə müəyyən edilmiş müddətdə iddiaçı tərəfindən müvafiq ərizə təqdim edilmədiyindən vergi orqanı tərəfindən ƏDV məqsədləri üçün xx.xx.2022-ci il tarixdən ƏDV qeydiyyatına qoyaraq ona xx.xx.2023-cü il tarixli **********373000 nömrəli əlavə dəyər vergisi ödəyicisinin qeydiyyatı bildirişi göndərilmişdir. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır Cavabdehin bildiriş göndərdiyi tarixədək iddiaçının mükəlləfiyyəti sadələşdirilmiş vergi olmuş və vergilərin hesablanmasına əsas verən mallar iddiaçı tərəfindən elektron qaimə-faktura əsasında ədv ödənilməklə əldə olunmuşdur. Göründüyü kimi əldə olunan mallar iddiaçının sadələşdirilmiş vergi ödəyicisi olduğu dövrdə əldə olunduğundan həmçinin, malları ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə olunduğundan və iddiaçı sadələşdirilmiş vergi ödəyicisi olduğu üçün ödəmiş olduğu ƏDVni əvəzləşdirmək hüququ olmadığından iddiaçının həmin malları təqdim etməsinə ƏDV üzrə vergi tutulan əməliyyat kimi baxılmamalıdır. Həmçinin, əgər vergi ödəyicisi mal alarkən ödədiyi ƏDV məbləğini əvəzləşdirmək (büdcədən geri qaytarmaq) hüququna malik olmamışdırsa, bu halda həmin malların satışı təkrar ƏDV-yə cəlb edilmir. Belə ki, şəxs malı alarkən 18% dərəcə ilə hesablanmış ƏDV məbləğini ödədiyindən və büdcədən geri qaytarmadığından, qanunverici onu ikinci dəfə 18% dərəcə ilə ƏDV ödəmək öhdəliyindən azad edir. İşin hallarından göründüyü kimi, iddiaçı malları alarkən ödədiyi ƏDV məbləğlərini VM-nin 175.1-ci maddəsinə əsasən əvəzləşdirmək hüququna malik olmamış və ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmədiyindən satdığı malların dəyərinə 18% dərəcə ilə ƏDV məbləği əlavə etmədiyindən, həmin satış əməliyyatları VM-nin 159.7-ci maddəsinə müvafiq olaraq ƏDV-nin məqsədləri üçün vergitutma obyekti hesab edilə bilməz. Belə ki, iddiaçı mal alarkən ödədiyi ƏDV məbləğlərini əvəzləşdirmədiyindən (büdcədən geri qaytarmadığından), həmin malları satarkən ikinci dəfə 18% dərəcə ilə ƏDV-yə cəlb edilə bilməz. Çünki, bu halda iddiaçı 36% dərəcə ilə ƏDV ödəməli olar. Bundan başqa, ƏDV ödəyiciləri büdcəyə ödəməli olduğu ƏDV məbləğini malın dəyərinə əlavə edərək alıcıdan aldığı halda, indiki halda iddiaçı satdığı mallara hər hansı ƏDV məbləği tətbiq etməmişdir. Odur ki, iddiaçı sadələşdirilmiş verginin ödəyicisi olduğundan, ƏDV qeydiyyatdan keçmədiyi üçün satdığı malların dəyərinə hər hansı ƏDV məbləği əlavə etmədiyindən və mal alarkən ödədiyi ƏDV məbləğlərini əvəzləşdirmək hüququna malik olmadığından, yoxlanılan dövrlər ərzində satdığı mallara görə ƏDV-yə cəlb edilə bilməz. ƏDV ödəyicisnin qeydiyyata alınma bildirişindən göründüyü kimi cavabdeh xx.xx.2023-cü il tarixli bildirişlə iddiaçını xx.xx.2022-ci il tarixdə məcburi ƏDV qeydiyyatına almışdir. İddiaçı fəaliyyətini xx.xx.2023-cü il tarixdən dayandırmışdır. İddia ərizəsinə əlavə olunmuş elektron qaimə-fakturalar əsasında müəyyən olunur ki, iddiaçı həmin malları əldə edərkən ƏDV qeydiyyatında olmamış və buna müvafiq olaraq ƏDV ödəyicisi olmadığı üçün malları əvəzləşdirmək hüququ olmamışdır. Halbuki, iddiaçı daha əvvəlki tarixlərdə xəbərdar edilmiş olsaydı, ƏDV qeydiyyatından keçməklə satdığı malların dəyərinə ƏDV məbləği əlavə edə və həmin ƏDV məbləğlərini büdcəyə ödəməklə vergi yükündən xilas ola bilərdi. İşin hallarından göründüyü kimi, iddiaçı sadələşdirilmiş verginin ödəyicisi olduğundan malları alarkən əvəzləşdirmə almamış və ya əvəzləşdirmə hüququna malik olmamışdır. Bu isə o deməkdir ki, iddiaçının həmin malların satışı üzrə əməliyyatları ƏDV-nin məqsədləri üçün vergitutma obyekti hesab edilə bilməz.
14. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etirazda göstərilmişdir ki, aparılmış araşdırma zamanı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrində olan dövriyyənin, sahibkarlıq fəaliyyəti təyinatı ilə mədaxil olmuş pul vəsaitinin və onlayn kassa üzrə nağd dövriyyənin ümumi məbləğinin 200235,67 manat təşkil etdiyi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 155.1-ci maddəsinin müddəalarına uyğun olaraq sahibkarlıq fəaliyyətində ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 200000 manatdan artıq olan vergi ödəyiciləri 10 gün ərzində əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyata dair müvafiq ərizə təqdim etməlidirlər. Bununla əlaqədar iddiaçıya "Əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyata dair ərizə verilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********797500 nömrəli bildiriş göndərilmiş və 10 gün ərzində ƏDV məqsədləri üçün ərizənin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Əlavə dəyər vergisi məqsədləri üçün ərizə 10 gün müddətində vergi orqanına təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 157.3.1 -ci maddəsinə əsasən iddiaçının xx.xx.2022-ci il tarixdən məcburi qaydada əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyata alınması təmin edilmiş və bu barədə bildiriş vergi ödəyicisinə göndərilmişdir. Uçot-baza məlumatına əsasən iddiaçının əsas fəaliyyətinin digər daşınmaz əmlakın (ev kirayəsi istisna olmaqla) icarəyə verilməsindən ibarət olduğu müəyyən edilmişdir. Aparılmış araşdırma zamanı iddiaçının bank hesablarına daxil olmuş vəsaitlərin və onlayn kassa üzrə dövriyyə məbləğlərinin təhlili zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək sahibkarlıq fəaliyyəti təsnifatı üzrə hesablarına mədaxil edilmiş məbləğlərin, həmin dövr üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrində müəyyən edilmiş dövriyyə məbləğlərindən çox olması aşağıdakı cədvəldə göstərilən kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə əlavə dəyər vergisi bəyannamələri üzrə müvafiq aylar üzrə əlavə vergi məbləğləri hesablanmışdır. Kameral yoxlamasının nəticəsi üzrə hesablamalar ilə bağlı qeyd edilmişdir ki, uçot baza məlumatlarına əsasən 2022-ci il iyun ayı ərzində vergi ödəyicisinin bank hesabına sahibkarlıq fəaliyyəti ilə əlaqədar 9.79,86 manat vəsaitin mədaxil edildiyi, NKA-ya isə 11275,33 manat nağd vəsaitin mədaxil edildiyi müəyyən edilmişdir. Buna baxmayaraq, vergi ödəyicisi tərəfindən müvafiq dövr üzrə ƏDV bəyannaməsi təqdim edilmədiyindən kənarlaşma yaranmışdır. Vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə 2022-ci ilin iyun ayı üçün ƏDV bəyannaməsi üzrə 3681,93 manat əlavə vergi məbləği hesablanmış və kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar vergi ödəyicisinə göndərilmişdir. Uçot baza məlumatlarına əsasən 2022-ci il iyul ayı ərzində vergi ödəyicisinin bank hesabına sahibkarlıq fəaliyyəti ilə əlaqədar 10.258,67 manat vəsaitin mədaxil edildiyi, NKA-ya isə 12.168,05 manat nağd vəsaitin mədaxil edildiyi müəyyən edilmişdir. Buna baxmayaraq, vergi ödəyicisi tərəfindən müvafiq dövr üzrə ƏDV bəyannaməsi təqdim edilmədiyindən kənarlaşma yaranmışdır. ƏDV bəyannaməsi üzrə 4036,81 manat əlavə vergi məbləği hesablanmış və xx.xx.2024-cü il tarixli qərar vergi ödəyicisinə göndərilmişdir. Uçot baza məlumatlarına əsasən 2022-ci il avqust ayı ərzində vergi ödəyicisinin bank hesabına sahibkarlıq fəaliyyəti ilə əlaqədar 13.091,32 manat vəsaitin mədaxil edildiyi, NKA-ya isə 20.399,55 manat nağd vəsaitin mədaxil edildiyi müəyyən edilmişdir. Buna baxmayaraq, vergi ödəyicisi tərəfindən müvafiq dövr üzrə ƏDV bəyannaməsi təqdim edilmədiyindən kənarlaşma yaranmışdır. 2022-ci ilin avqust ayı üçün ƏDV bəyannaməsi üzrə 6.028,36 manat əlavə vergi məbləği hesablanmış və kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar vergi ödəyicisinə göndərilmişdir. Uçot baza məlumatlarına əsasən 2022-ci il sentyabr ayı ərzində vergi ödəyicisinin bank hesabına sahibkarlıq fəaliyyəti ilə əlaqədar 12.443,14 manat vəsaitin mədaxil edildiyi, NKA-ya isə 12.380,42 manat nağd vəsaitin mədaxil edildiyi müəyyən edilmişdir. Buna baxmayaraq, vergi ödəyicisi tərəfindən müvafiq dövr üzrə ƏDV bəyannaməsi təqdim edilmədiyindən kənarlaşma yaranmışdır. 2022-ci ilin sentyabr ayı üçün ƏDV bəyannaməsi üzrə 4.468,24 manat əlavə vergi məbləği hesablanmış və kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar vergi ödəyicisinə göndərilmişdir. Uçot baza məlumatlarına əsasən 2022-ci il oktyabr ayı ərzində vergi ödəyicisinin bank hesabına sahibkarlıq fəaliyyəti ilə əlaqədar 14.673,65 manat vəsaitin mədaxil edildiyi, NKA-ya isə 14.685,51 manat nağd vəsaitin mədaxil edildiyi müəyyən edilmişdir. Buna baxmayaraq, vergi ödəyicisi tərəfindən müvafiq dövr üzrə ƏDV bəyannaməsi təqdim edilmədiyindən kənarlaşma yaranmışdır. 2022-ci ilin ƏDV bəyannaməsi üzrə 5.284,65 manat əlavə vergi məbləği hesablanmış və kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş xx.xx.2024- cü il tarixli qərar vergi ödəyicisinə göndərilmişdir. Uçot baza məlumatlarına əsasən 2022-ci il noyabr ayı ərzində vergi ödəyicisinin bank hesabına sahibkarlıq fəaliyyəti ilə əlaqədar 15.739,08 manat vəsaitin mədaxil edildiyi, NKA-ya isə 15.074,78 manat nağd vəsaitin mədaxil edildiyi müəyyən edilmişdir. Buna baxmayaraq, vergi ödəyicisi tərəfindən müvafiq dövr üzrə ƏDV bəyannaməsi təqdim edilmədiyindən kənarlaşma yaranmışdır. 2022-ci ilin noyabr ayı üçün ƏDV bəyannaməsi üzrə 5.546,49 manat əlavə vergi məbləği hesablanmış və kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar vergi ödəyicisinə göndərilmişdir. Uçot baza məlumatlarına əsasən 2022-ci il dekabr ayı ərzində vergi ödəyicisinin bank hesabına sahibkarlıq fəaliyyəti ilə əlaqədar 19749,32 manat vəsaitin mədaxil edildiyi, NKA-ya isə 16867,21 manat nağd vəsaitin mədaxil edildiyi müəyyən edilmişdir. Buna baxmayaraq, vergi ödəyicisi tərəfindən müvafiq dövr üzrə ƏDV bəyannaməsi təqdim edilmədiyindən kənarlaşma yaranmışdır. 2022-ci ilin dekabr ayı üçün ƏDV bəyannaməsi üzrə 6.590,98 manat əlavə vergi məbləği hesablanmış və kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar vergi ödəyicisinə göndərilmişdir. Uçot baza məlumatlarına əsasən 2023-cü il yanvar ayı ərzində vergi ödəyicisinin bank hesabına sahibkarlıq fəaliyyəti ilə əlaqədar 16.709,00 manat vəsaitin mədaxil edildiyi, NKA-ya isə 17.964,43 manat nağd vəsaitin mədaxil edildiyi müəyyən edilmişdir. Buna baxmayaraq, vergi ödəyicisi tərəfindən müvafiq dövr üzrə ƏDV bəyannaməsi təqdim edilmədiyindən kənarlaşma yaranmışdır. 2023-cü ilin yanvar ayı üçün ƏDV bəyannaməsi üzrə 6.241,22 manat əlavə vergi məbləği hesablanmış və kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar vergi ödəyicisinə göndərilmişdir. Uçot baza məlumatlarına əsasən 2023-cü il fevral ayı ərzində vergi ödəyicisinin bank hesabına sahibkarlıq fəaliyyəti ilə əlaqədar 6.118,36 manat vəsaitin mədaxil edildiyi, NKA-ya isə 19.420,84 manat nağd vəsaitin mədaxil edildiyi müəyyən edilmişdir. Buna baxmayaraq, vergi ödəyicisi tərəfindən müvafiq dövr üzrə ƏDV bəyannaməsi təqdim edilmədiyindən kənarlaşma yaranmışdır. 2023-cü ilin fevral ayı üçün ƏDV bəyannaməsi üzrə 4.597,06 manat əlavə vergi məbləği hesablanmış və kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar vergi ödəyicisinə göndərilmişdir. Odur ki, iddiaçı barəsində qəbul edilmiş qərarlar qanuni və əsaslıdır.
15. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3730/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
16. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ƏDV ödəyiciləri olan fiziki və hüquqi şəxslər malları və ya xidmətləri əldə edərkən onların həmin mal və ya xidmətlərin dəyərinə görə ödədikləri məbləğdən ƏDV ödənilir və onlar ödənilən ƏDV məbləğini əvəzləşdirmək hüququna mail olurlar. Onlar əldə etdikləri malları satdıqları vaxt həmin malların dəyəri olaraq əldə etdikləri məbləğdən ƏDV ödəyirlər. Yəni, bir mal və ya xidmət üzrə yalnız bir dəfə ƏDV ödənilir. Həmin mal bir neçə dəfə realizə edilərsə hər dəfə ödənilmiş ƏDV məbləği dövlət büdcəsindən əvəzləşdirilir. Eyni zamanda şəxs malları ƏDV-yə cəlb edilən əməliyyat nəticəsində əldə edibsə, yəni onun malın dəyərinə görə ödədiyi məbləğdən ƏDV ödənilibsə və həmin vaxt şəxs ƏDV-ni əvəzləşdirmək hüququna malik olmayan şəxs olubsa, onun həmin malları satarkən əldə etdiyi məbləğdən ƏDV tutulmur. b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
17. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-3730/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
18. Apellyasiya şikayəti iddia ərizəsinə etiraz ilə oxşar olmaqla əlavə onunla əsaslandırılmışdır ki, Vergi Məcəlləsinin: 154.1-ci maddəsinə əsasən ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir. 154.2-ci maddəsinə əsasən qeydiyyatdan keçən şəxs qeydiyyatın qüvvəyə mindiyi andan etibarən vergi ödəyicisi olur. Qeydiyyata dair ərizə verməli olan, lakin qeydiyyatdan keçməmiş şəxs qeydiyyata dair ərizə vermək öhdəliyinin yarandığı dövrdən sonrakı hesabat dövrünün başlanğıcından etibarən vergi ödəyicisi sayılır.Bildirirlər ki, İddiaçı vergi orqanında məlumatlarının araşdırılması zamanı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrində olan dövriyyənin, sahibkarlıq fəaliyyəti təyinatı ilə mədaxil olmuş pul vəsaitinin və onlayn kassa üzrə nağd dövriyyənin ümumi məbləğinin 200235,67 manat təşkil etdiyi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətində ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 200000 (iki yüz min) manatdan artıq olan vergi ödəyiciləri 10 gün ərzində əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyata dair müvafiq ərizə təqdim etməlidirlər. Bununla əlaqədar İddiaçı “Əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyata dair ərizə verilməsi barədə” xx.xx.2023-cü il tarixli **********797500 nömrəli bildiriş göndərilmiş və 10 gün ərzində ƏDV məqsədləri üçün ərizənin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur.Əlavə dəyər vergisi məqsədləri üçün ərizə 10 gün müddətdə vergi orqanına təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 157.3.1-ci maddəsinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixdən məcburi qaydada əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyatına alınması təmin edilmiş və bu barədə bildiriş vergi ödəyicisinə göndərilmişdir. Əlavə olaraq bildirirlər ki, İddiaçı “Hesablanmış kameral vergi məbləğinin azaldılması və əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyatının ləğv edilməsi” barədə müraciətinə baxılmanın nəticəsi üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən göndərilmiş “Müraciətə baxılması haqqında” xx.xx.2023- cü il tarixli **********569000 nömrəli cavab məktubunda da məcburi qaydada ƏDV qeydiyyatına alınmanın səbəbləri barədə ətraflı məlumat verilmişdir. Eyni zamanda həmin məktubda qeyd olunmuşdur ki, aparılmış araşdırma zamanı kameral hesablama aparıldıqdan sonra İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə 2022-ci ilin 4-cü rübü üzrə dəqiqləşdirilmiş sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilməklə kameral vergi yoxlamasının nəticələrinə uyğun olaraq 184 170,44 manat dövriyyə məbləği göstərilmişdir. Qeyd edilənlərlə əlaqədar kameral vergi yoxlaması nəticəsində əlavə hesablanmış vergi məbləğinin azaldılması və əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyatının ləğv edilməsi məqsədəmüvafiq hesab edilməmişdir.
d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə iddia ərizəsinə uyğun yazılı etiraz daxil olmuşdur.
e) Proses iştirakçılarının izahatları
20. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
21. Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
22. Azərbaycan Respublikası Konstitusiyasından: 60-cı maddə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddə. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
24. Vergi Məcəlləsindən: 153.1. Əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir 154.1.. ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir 159.1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 218.1. Aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir: bu Məcəllənin Xİ fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200 000 manat və ondan az olan şəxslər; vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər. 19.1. Hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən (bu Məcəllənin 218.4cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi vergitutma obyektidir. 221.2. Sadələşdirilmiş vergi üçün hesabat dövrü rübdür 221.3. Sadələşdirilmiş verginin ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
27. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mümkün iddiadır.
29. Məhkəmə Kollegiyası iddianın mahiyyəti və apellyasiya şikayətinin dəlillərinə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
30. Belə ki, hazırkı işin hallarına görə iddiaçı hesabat dövründə sadələşdirilmiş vergi ödəyicisi olmuşdur. Bu səbəbdən onun əlavə dəyər vergisini əvəzləşdirmək hüququ olmamışdır. Lakin, cavabdeh onu ƏDV ödəyicisi kimi qeydiyyatdan keçirmiş və ona həmin dövr üzrə ƏDV hesablamışdır.
31. Vergi Məcəlləsinin tələblərinə görə: bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDVsiz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir (175.1.). Hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt (175.1.1.); hesabat dövrü ərzində malların idxalı üzrə - bu Məcəllənin 170-ci maddəsinə uyğun olaraq (175.1.2); vergi ödəyicisinə verilmiş elektron qaiməfaktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaiməfaktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən bir iş günü müddətində, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir (175.1.3.).
32. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdehin əlavə vergi məbləğini hesabladığı hesabat dövründə, yəni xx.xx.2021-xx.xx.2022-ci illəri əhatə edən dövr ərzində iddiaçı sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş və ƏDV ödəyicisi olmamışdır. Cavabdeh 2024-cü il üzrə kameral vergi yoxlaması zamanı iddiaçıın həmin dövr üzrə illik dövriyyəsinin 200 000 manat keçdiyi üçün iddiaçını xx.xx.2022-ci ildən ƏDV ödəyicisi kimi qeydiyyata salmış və onun bundan sonra apardığı əməliyyyatlara ƏDV hesablamışdır. Hazırda iddiaçı bunu mübahisələndirir.
33. Vergi Məcəlləsində göstərilmişdir ki, ƏDV-nin məqsədləri üçün məcburi və ya könüllü qeydiyyat haqqında ərizə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə verilməlidir (157.1.). Qeydiyyat hansı tarixin əvvəl başlanmasından asılı olaraq aşağıdakı tarixlərin birində qüvvəyə minir: -məcburi qeydiyyat zamanı: ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduqda - növbəti ayın birinci günündə; bir əqd və ya müqavilə üzrə ƏDV-yə cəlb olunan əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda - əməliyyatın aparıldığı günədək; bu Məcəllənin 154.6-cı maddəsində nəzərdə tutulan fəaliyyətlə məşğul olan şəxslərin dövlət qeydiyyatına və ya vergi orqanında uçota alındığı gündə, bu fəaliyyətlə sonradan məşğul olduqları halda isə həmin fəaliyyəti həyata keçirməyə başladığı gündə (157.3.1.); -könüllü qeydiyyat zamanı - qeydiyyat haqqında ərizənin verildiyi aydan sonrakı hesabat dövrünün birinci günündə (157.3.2.); -Bu Məcəllənin 85.4-cü maddəsi ilə müəyyən edilmiş 3 il müddətindən çox olmamaqla, vergi ödəyicisinin qeydiyyat haqqındakı ərizəsində göstərilən tarixdə (157.3.3.).
34. Göründüyü kimi 2024-cü ildə cavabdeh iddiaçını xx.xx.2022-ci ildən ƏDV ödəyicisi kimi qeydiyyata salaraq onun həmin dövrdən sonrakı əməliyyatlarına ƏDV hesablamışdır.
35. Vergi Məcəlləsinin 159.7-ci maddəsinə əsasən bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən, bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır.
36. Qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını ümumiləşdirilərək qeyd edilməlidir ki, ƏDV ödəyiciləri olan fiziki və hüquqi şəxslər malları və ya xidmətləri əldə edərkən onların həmin mal və ya xidmətlərin dəyərinə görə ödədikləri məbləğdən ƏDV ödənilir və onlar ödənilən ƏDV məbləğini əvəzləşdirmək hüququna malik olurlar. Onlar əldə etdikləri malları satdıqları vaxt həmin malların dəyəri olaraq əldə etdikləri məbləğdən ƏDV ödəyirlər. Yəni, bir mal və ya xidmət üzrə yalnız bir dəfə ƏDV ödənilir. Həmin mal bir neçə dəfə realizə edilərsə hər dəfə ödənilmiş ƏDV məbləği dövlət büdcəsindən əvəzləşdirilir. Eyni zamanda şəxs malları ƏDV-yə cəlb edilən əməliyyat nəticəsində əldə edibsə, yəni onun malın dəyərinə görə ödədiyi məbləğdən ƏDV ödənilibsə və həmin vaxt şəxs ƏDV-ni əvəzləşdirmək hüququna malik olmayan şəxs olubsa, onun həmin malları satarkən əldə etdiyi məbləğdən ƏDV tutulmur.
37. Göründüyü kimi iddiaçı cavabdehin ona vergi borcu hesabladığı hesabat dövründə faktiki olarq sadələşdirilmiş vergi ödəyicisi olmuş və onun əldə etdiyi mallara görə ödənilmiş ƏDV-ni dövlət büdcəsindən əvəzləşdirmək hüququ olmamışdır. Yəni, həmin mallara görə ƏDV ödənilmişdir. Belə olan halda iddiaçının həmin malları realizə edərkən əldə etmiş olduğu məblədən ƏDV tutulması yolverilməzdir. Belə ki, bu hal artıq bir mala görə ikiqat ƏDV ödənilməsinə səbəb ola bilər ki, bu da qanunvericiliyə uyğun hesab edilə bilməz.
38. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə yuxarıda göstərilənlərdən əlavə məhkəmə Kollegiyası qeyd edir ki, işin hallarından göründüyü kimi, iddiaçı malları alarkən ödədiyi ƏDV məbləğlərini VMnin 175.1-ci maddəsinə əsasən əvəzləşdirmək hüququna malik olmamış və ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmədiyindən satdığı malların dəyərinə 18% dərəcə ilə ƏDV məbləği əlavə etmədiyindən, həmin satış əməliyyatları VM-nin 159.7-ci maddəsinə müvafiq olaraq ƏDV-nin məqsədləri üçün vergitutma obyekti hesab edilə bilməz.
39. Belə ki, iddiaçı mal alarkən ödədiyi ƏDV məbləğlərini əvəzləşdirmədiyindən (büdcədən geri qaytarmadığından), həmin malları satarkən ikinci dəfə 18% dərəcə ilə ƏDV-yə cəlb edilə bilməz. Çünki, bu halda iddiaçı 36% dərəcə ilə ƏDV ödəməli olar. Bundan başqa, ƏDV ödəyiciləri büdcəyə ödəməli olduğu ƏDV məbləğini malın dəyərinə əlavə edərək alıcıdan aldığı halda, indiki halda iddiaçı satdığı mallara hər hansı ƏDV məbləği tətbiq etməmişdir.
40. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı sadələşdirilmiş verginin ödəyicisi olduğundan, ƏDV qeydiyyatdan keçmədiyi üçün satdığı malların dəyərinə hər hansı ƏDV məbləği əlavə etmədiyindən və mal alarkən ödədiyi ƏDV məbləğlərini əvəzləşdirmək hüququna malik olmadığından, yoxlanılan dövrlər ərzində satdığı mallara görə ƏDV-yə cəlb edilə bilməz.
41. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(102)-302/2025 və xx.xx.2025-ci il tarixli, 2-1(102)-385/2025 nömrəli qərarlarında qeyd olunmuşdur ki, mövcud vəziyyətdə vergi orqanı diskresion səlahiyyətlərindən həmin səlahiyyətlərin məqsədinə uyğun istifadə etməli, vergi qanunvericiliyinin “vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətlərinin və aydın olmayan məqamlarının vergi ödəyicisinin xeyrinə şərh edilməsi” prinsipini pozmamalı və (vergi orqanı kimi) hüququnun (eləcə də vəzifəsinin) tətbiq edilməməsi nəticəsində iddiaçı üçün əlverişsiz şərait yaratmamalıdır. Vergi ödəyicisinin (iddiaçının) ƏDV məqsədləri üçün qeydiyyata alınmasına əsas olmuş məlumatlar (bank əməliyyatları, onlayn kassa məlumatları), eləcə də iddiaçının vergi tutulan əməliyyatlarının 200.000 manat həddini keçməsi artıq növbəti hesabat dövründə vergi orqanına məlum olduğu halda, məcburi qeydiyyatı vaxtında təmin etməmiş, nəticədə, ödəyici də satdığı mallara görə ƏDV tətbiq etmək və daha sonra əvəzləşdirmə hüququndan məhrum olmuşdur. Eyni zamanda məhkəmə kollegiyası bildirir ki, cavabdeh inzibati orqanın da qanunda irəli gələn məsuliyyəti mövcuddur. Belə ki, o, qanunvericiliklə ona verilmiş səlahiyyətə uyğun olaraq vergi ödəyicilərinin təqdim etdikləri hesabat və bəyannamələrə əsasən onların ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcminin 200.000 manatdan artıq olmasını hesabat və bəyannamələr təqdim olunmasını hesabat və bəyannamələr təqdim edilən vaxt məlum olmasını bilmək imkanına malik olmuş, həmin vaxt kameral vergi yoxlaması əsasında araşdırma aparmaq hüququ olmuş, lakin bu imkandan istifadə etməmişdir.
42. Lakin, iddiaçının dövriyyəsinin 200.000 manatdan artıq olmasına, iddiaçının ƏDV məqsədləri üçün uçota alınmasına əsas olmuş məlumatlar (bank əməliyyatları və onlayn kassa məlumatları), eləcə də 200.000.0 manat həddini keçməsi cavabdeh vergi orqanına xx.xx.2023-cü il tarixdən əvvəl, satış əməliyyatlarının faktiki olaraq baş tutduğu tarixlərdə də məlum olmasına baxmayaraq, cavabdeh vergi orqanı iddiaçını ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə vermək öhdəliyi yarandığı tarixdən 10 ay sonra əvvəlki tarixdən məcburi şəkildə ƏDV ödəyicisi kimi qeydiyyatdan keçirmişdir.
43. Göründüyü kimi, qeyd olunan işlər üzrə iddiaçı şəxslər malları ƏDV-nə cəlb olunan əməliyyat nəticəsində əldə etməmələrinə baxmayaraq Ali Məhkəmə cavabdehin kassasiya şikayətlərini təmin etməmişdir.
44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
45. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3730/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3730/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.