Məhkəmə qərarları › İş №2-1(103)-2387/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2387/2022

20.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2387/2022 20.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2-1(112)-524/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı ona xx.xx.2015-ci il tarixdən təyin edilərək 2018-ci ilin noyabr ayınadək ödənilən güzəştli şərtlərlə pensiyanın bərpa olunması və yaranmış məbləğin (qalıq məbləğin) birdəfəlik onun hesabına köçürülməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon Şöbəsi tərəfindən noyabr 2018-ci il tarixdən 52 yaşından 2 saylı siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. 52 yaşı xx.xx.2015-ci ildə tamam olmasına baxmayaraq, ona pensiya xx.xx.2015-ci il tarixindən təyin edilərək, noyabr 2018-ci il tarixdən hər ayda 2 ay məbləğində (190+190=380 manat) olmaqla ödənilməyə başlanılmışdır. Lakin, yanvar 2020-ci ildən onun pensiyası guya ona güzəştli şərtlərlə pensiya düşmədiyindən dayandırılmışdır. DSMF-nun Xəzər rayon Şöbəsinə pensiyasının 14 aydan sonra dayandırılması səbəblərini araşdırmaq üçün müraciət etmişdir. Cavab olaraq bildirmişlər ki, şöbədə aparılan araşdırma zamanı ona güzəştli şərtlərlə pensiya təyinatının aparılmasının qanunsuz olduğu aşkarlanmış və güzəştli şərtlərlə pensiya ödənilməsi dayandırılmışdır. Belə ki, işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında öz əksini tapmamışdır və ona xx.xx.2019-cu il tarixdən əlil uşaq anası kimi pensiya təyin edilərək ödənilir. Onun xx.xx.2008-ci ildə anadangəlmə əlil övladı var. Bu çətinliklərə baxmayaraq, 2011-ci ilədək həmin müəssisədə güzəştli şərtlərlə işləmişdir. DSMF-nun Xəzər rayon Şöbəsi onun xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə pensiya hüququnu məhdudlaşdıraraq, xx.xx.2019-cu il tarixdən uşaqlıqdan əlil uşaq anası kimi pensiya təyin edib və 233 manat pensiyasından hər ayda 47 manat heç bir razılığı və ərizəsi olmadan tutaraq 186 manat ödəniş edirlər. Sonra xx.xx.2020-ci il tarixdə ƏƏSMNnun yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. xx.xx.2020-ci il tarixli, **********4 saylı məktubla cavab verərək bildirmişlər ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün sığorta stajına aid sənədlərin yerində yoxlanılaraq dəqiqləşdirilməsinə zərurət yaranmışdır. “COVİD-19” virusunun yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi xüsusi karantin rejimində güzəştli iş stajı ilə bağlı hazırda müvafiq yoxlama aparılması mümkün deyildir. Pensiyasının bərpa olunması üçün ərizəyə əlavə etdiyi aidiyyəti sənədləri, şəxsiyyət vəsiqəsinin surətini, 3 ədəd güzəştli şərtlərlə işlədiyi barədə təqdim etdiyi arayışı, əmək kitabçasının surətini və digər sənədləri ona qaytarmamışlar və bugünki günə kimi heç bir tədbir görülməmişdir. Baxmayaraq ki, ƏƏSMN-nin yanında DSMF-nun Xəzər rayon Şöbəsinin mütəxəssisləri onun işlədiyi Şüvəlan qəsəbəsində yerləşən “X3” MMC-də olmuşlar, güzəştli şərtlərlə işlədiyi üçün mühasibatlıqdan ona əlavə olaraq 8 % əlavə əmək haqqının ödənilməsi barədə məlumat verilmiş və şəxsi sənədləri yoxlanılaraq müvafiq Akt tərtib edilərək pensiya işinə əlavə edilmişdir. Hesab edir ki, DSMF-nun Xəzər rayon Şöbəsi və Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən ona ünvanlanmış cavablar əsassızdır və heç bir hüquqi əsası yoxdur. O, xx.xx.1987-ci ildən xx.xx.1994-cü il tarixə kimi “X2” MMC-də kimya sexində kimya analizləri üzrə laborant vəzifəsində işləmişdir. xx.xx.1994-xx.xx.1997-ci illərdə həmin müəssisədə kimya sexində texnik vəzifəsində işləmişdir. xx.xx.1997-ci il tarixdən xx.xx.2003-cü il tarixədək kimya sexində mühəndis vəzifəsində və xx.xx.2003-cü il tarixdən xx.xx.2011-ci il tarixədək kimya sexində texnik vəzifəsində işləmişdir. Əmək kitabçasından və müəssisənin əlavə olaraq təqdim etdiyi “Güzəştli arayışlardan” aydın görünür ki, onun güzəştli şərtlərlə sosial sığorta stajı 23 ildən artıqdır və işlədiyi müddətdə müəssisədə əsas əmək haqqından əlavə 8 % güzəştli şərtlərlə işlədiyi üçün əmək haqqı hesablanmışdır. Onu da, qeyd edir ki, işlədiyi müddətdə onunla eyni vəzifədə çalışan işçilərin güzəştli şərtlərlə pensiya hüququ yaranan gündən fasiləsiz olaraq pensiya almışlar. Hesab edir ki, onun da, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa və Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən güzəştli şərtlərlə pensiya hüququ vardır, ona görə də, ona xx.xx.2015-ci il tarixdən təyin olunmuş pensiya qanunidir və onun pensiyası bərpa olunaraq ödənilməlidir Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi və keçmiş müddət üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazda göstərilmişdir ki, iddiaçının Filiala daxil olan ərizəsi və ona əlavə olunmuş sənədləri aidiyyəti üzrə araşdırılmışdır. Belə ki, 13 sentyabr 2015-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon Şöbəsi tərəfindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Fondun Xəzər rayonu Şöbəsi tərəfindən aparılmış araşdırmalar zamanı iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatının aparılmasının qanunauyğun olmadığı müəyyən edilmişdir. Belə ki, sözügedən şöbəyə təqdim edilən sənədlərdə iddiaçının xx.xx.1985-xx.xx.2011-ci il tarixləri arasındakı dövrlərdə "xxxx"ASCnin “X2” MMC-də işlədiyi aparatçı, laborant, texnik və müvəqqəti mühəndis vəzifələri Azərbaycan Rspublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 24-cü bölməsində (Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı) nəzərdə tutulmamışdır. Bu səbəbdən, iddiaçının güzəştli iş stajı yoxdur. Bununla əlaqədar olaraq pensiya ödənişi 01 yanvar 2020-ci il tarixindən dayandırılmışdır. Əlavə olaraq bildirilmişdir ki, adıçəkilən şəxsə xx.xx.2019-cu il tarixindən “Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilərək ödənilir. Bakı İnzibati Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2-1(112)-524/2022 saylı qərarı ilə iddia tələbinin təmin edilməsi, İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi və keçmiş müddət üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinivə iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuş, xx.xx.1980-xx.xx.1982-ci illərdə təlim keçmiş, xx.xx.1982-ci il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.2011-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixədək ƏƏSMN DMX Xəzər rayon Məşğuluq Mərkəzi tərəfindən işsizlik müavinəti təyin edilmişdir "xxxx" ASC “X2” MMC tərəfindən verilmiş 01/11/01/31 nömrəli, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.1985-ci il tarixdə Bakı şəhəri, Şüvəlan qəsəbəsində yerləşən “X2” MMC-də Kimya sexində çirkab su təmizləyici qurğusunun aparatçısı vəzifəsində, xx.xx.1987-ci il tarixində Kimya sexində laborant, xx.xx.1994-cü ildə Kimya sexində texnik vəzifəsində, xx.xx.1997-ci ildə Kimya sexində müvəqqəti mühəndis, xx.xx.2003-cü ildən xx.xx.2011-ci ilə qədər Kimya sexində texnik vəzifəsində çalışmışdır. Çalışdığı illərdə zərərli iş şəraitində işləmişdir və zərərli iş şəraitinə görə 8,0% əlavə ödəniş almışdır. "xxxx" ASC “X2” MMC tərəfindən verilmiş 01/11/01/149 nömrəli, xx.xx.2016-cı il tarixli “Güzəştli arayış”dan görünür ki, İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1994-cü il tarixə kimi Kimya sexinə kimya analizləri üzrə laborant vəzifəsində, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixə kimi Kimya sexində texnik vəzifəsində, xx.xx.1997-ci il tarixdən xx.xx.2003-cü il tarixə kimi kimya sexində mühəndis vəzifəsində, xx.xx.2003-cü il tarixdən xx.xx.2011-ci il tarixə kimi həmin sexdə texnik vəzifəsində işləmişdir. Zərərli əmək şəraitlərind iş müddəti 23 il 7 ay təşkil edir. Yuxarıda göstərilən vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”ndan 08. Kimya istehsalat (çənlərin, tutumların təmizlənməsi, yuyulması xüsusi istehsal üzrə toksik taraların təmiri, düzəldilməsi) və və laboratoyada kimyəvi xüsusi maddələrlə məşğul olan işçilər) fəslinə daxildir. Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon Şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********0 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçıya bildirilmişdir ki, ona xx.xx.2015-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Şöbədə aparılan araşdırma zamanı ona güzəştli şərtlərə pensiya təyinatının aparılmasının qanunsuz olduğu aşkarlanmış və güzəştli şərtlərlə pensiya ödənişi dayandırılmışdır. Belə ki, işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il 12 saylı Qərarına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsaların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”da öz əksini tapmamışdır. Ona xx.xx.2019-cu il tarixdən əlil uşaq anası kimi pensiya təyin edilərək ödənilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 22 iyul 2020-ci il tarixli, **********4 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatına baxılmasının mövcud vəziyyətlə əlaqədar təxirə salınması haqqında” məktubdan görünür ki, iddiaçıya bildirilmişdir ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün sığorta stajına aid sənədlərin yerində yoxlanılaraq dəqiqləşdirilməsinə zərurət yaranmışdır. “COVİD-19” virusunun yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi xüsusi karantin rejimində güzəştli iş stajı ilə bağlı hazırda müvafiq yoxlama aparılması mümkün deyil. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması məsələsinə baxılması xüsusi karantin rejimi ilə əlaqədar məhdudiyyətlər aradan qalxdıqdan sonra yekunlaşacaqdır. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən 17 avqust 2021-ci il tarixli, **********5 nömrəli məktubla təqdim edilmiş iddiaçıya məxsus pensiya işindən müəyyən edilir ki, xx.xx.2018-ci il tarixdə müvafiq ərizə və ona əlavə edilmiş sənədlərlə birlikdə ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmiş, DSMF-nun Xəzər rayon Şöbəsinin məsləhətçisi, "xxxx" Stansiyası MMC-nin Kadrlar üzrə mütəxəssisi vəzifəsini icra edən və mühasibin iştirakı ilə İddiaçı adına verilmiş xx.xx.2016-cı il tarixli, 01/11/01/149 saylı “Güzəştli arayış”ın yerində yoxlanılması barədə xx.xx.2018-ci il tarixli akt tərtib olunmuş, akta əsasən yoxlama zamanı mühasibatlıq sənədlərində aşkar olunmuşdur ki, İddiaçı əmək haqqından əlavə güzəştli şərtlərlə işlədiyinə görə 8% (səkkiz) əlavə əmək haqqı ödənilmişdir. Müəssisədə ən yüksək əlavə ödəmə 12 % təşkil edir. T-2 şəxsi kartoçkalarına əsasən və əmrlər kitabına baxış zamanı güzəştli arayışda göstərilən faktlar təsdiqini tapmış, Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon Şöbəsinin 597 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ilə iddiaçıya xx.xx.2015-ci il tarixdən yaşa görə 2 saylı siyahı üzrə güzəştli şərtlərlə pensiya təyin edilmişdir. xx.xx.2019-cu il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən "xxxx" ASC “X2” MMC tərəfindən 103/01-01-96 nömrəli, xx.xx.2021-ci il tarixli güzəştli arayışdan görünür ki, İddiaçı həqiqətən “X2” MMC-də güzəştli peşədə işləyib. O, xx.xx.1987-xx.xx.1994-cü il tarixlərində kimya sexində - kimya analizləri üzrə laborant vəzifəsində, xx.xx.1994-xx.xx.1997-ci il tarixlərində kimya sexində texnik vəzifəsində, xx.xx.1997-xx.xx.2003-cü il tarixlərdə kimya sexində mühəndis vəzifəsində, xx.xx.2003-xx.xx.2011-ci il tarixlərində kimya sexində texnik vəzifələrində işləmişdir. Arayışa əsasən güzəştli əmək stajı 23 il, 6 ay, 7 gün (iyirmi üç il, altı ay, yeddi gün) təşkil edir. Yuxarıda göstərilən vəzifə 08. Kimya istehsalatı xüsusi istehsalat (çənlərin, tutumların təmizlənməsi, yuyulması xüsusi istehsal üzrə toksik taraların təmiri, düzəldilməsi) və laboratoriyada kimyəvi xüsusi maddələrlə məşğul olan işçilər fəslinə daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə və xx.xx.2008-ci il tarixli, 199 saylı qərarı ilə təsdiq edilmiş bu ixtisas güzəştli sayılır. Arayış işçinin əmək fəaliyyətini əks etdirən T-2 formalı şəxsi vərəqə və kadr əmrlərinə əsasən verilmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən "xxxx" ASC “X2” MMC tərəfindən 103/01-01-4 nömrəli, xx.xx.2022-ci il tarixli güzəştli arayışdan görünür ki, İddiaçı həqiqətən “X2” MMC-də güzəştli peşədə işləyib. O, xx.xx.1987-xx.xx.1994-cü il tarixlərində kimya sexində - kimya analizləri üzrə laborant vəzifəsində, xx.xx.1994-xx.xx.1997-ci il tarixlərində kimya sexində texnik vəzifəsində, xx.xx.1997- xx.xx.2003-cü il tarixlərdə kimya sexində mühəndis vəzifəsində, xx.xx.2003-xx.xx.2011-ci il tarixlərində kimya sexində texnik vəzifələrində işləmişdir. Əmək stajı 23 il 6 ay 7 gün (iyirmi üç il, altı ay, yeddi gün) təşkil etmişdir. Göstərilən tarixlərdə işçi zərərli şəraitdə işləmişdir və müvafiq olaraq vəzifə maaşına 8% əlavə ödəniş almışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (İ və İİİ hissələr) Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Cavabdehin iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması ilə bağlı əsası ondan ibarətdir ki, DSMF-nun Xəzər rayon Şöbəsinə təqdim edilən sənədlərdə iddiaçının xx.xx.1985-xx.xx.2011-ci il tarixləri arasındakı dövrlərdə "xxxx" ASCnin “X2” MMC-də işlədiyi aparatçı, laborant, texnik və müvəqqəti mühədis vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 24-cü bölməsində (Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı) nəzərdə tutulmamışdır. Bununla əlaqədar olaraq pensiya ödənişi 01 yanvar 2020-ci il tarixdən dayandırılmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, "xxxx" ASC “X2” MMC tərəfindən verilmiş iş materiallarında qeyd edilən cavab məktublarından müəyyən edilmişdir ki, İddiaçı “X2”-da xx.xx.1987-xx.xx.2011-ci il tarixləri arasında kimya sexində işləmişdir. İşlədiyi peşələrin İddiaçı əmək fəaliyyətini əks etdirən T-2 formalı şəxsi vərəqə və kadr əmrlərinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 08.Kimya istehsalı fəslində, 8.1.1-ci yarımbəndinə aid olduğu, göstərilən tarixlərdə işçisinin zərərli şəraitdə işləməsi və müvafiq olaraq vəzifə maaşına 8 % əlavə ödəniş alması təsdiq edilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının pensiya hüququnun xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən 52 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdə yaranması, həmin tarixdə onun qanunvericiliklə tələb olunan 20 il ümumi, 10 il xüsusi iş stajına malik olması öz təsdiqini tapdığından iddia tələbi təmin edilməlidir. Bundan başqa, cavabdeh inzibati orqan iddiaçı üçün əlverişli inzibati akt olan pensiyanın təyin edilməsi qərarının icrasının dayandırılması ilə bağlı qərar qəbul etməli olduğu halda belə bir aktı qəbul etməməsi, yalnız ödənişi dayandırdıqdan sonra iddiaçının müraciətinə cavab olaraq məktubla məlumat verməklə kifayətlənməsi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.10-cu maddəsinə əsasən, əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən akt; 21.1-ci maddəsinə əsasən, Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir; 21.2-ci maddəsinə əsasən, Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur; 57.1-ci maddəsinə əsasən, Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir; 58.3-cü maddəsinə əsasən, inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir; 61.1-ci maddəsinə əsasən, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır; 61.2-ci maddəsinə əsasən, əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İddiaçıya təyin edilmiş əmək pensiyası cavabdeh tərəfindən dayandırılarkən bu barədə inzibati akt qəbul edilməmişdir. Belə ki, əmək pensiyasının dayandırılması barədə qərar pensiya işində mövcud deyil və sorğuya əsasən məhkəməyə təqdim edilməmiş, nə iddiaçının müraciətinə cavab məktubunda, nə də ki, məhkəməyə təqdim edilmiş etirazda ona istinad olunmamışdır. Ümumiyyətlə, pensiyanın dayandırılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Yəni, cavabdeh inzibati orqan iddiaçını inzibati icraata dəvət etmədən, araşdırmanı onun iştirakı ilə aparmadan, sonuncunun məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktı qüvvədə olduğu halda onun icrasının dayandırılması barədə ayrıca inzibati akt qəbul etmədən, bununla da pensiya təyinatı üzrə ödənişin dayandırılması barədə faktiki xarakterli hərəkətlər etməklə iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.1 və 67.2-ci maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Cavabdeh pensiya ödənişinin dayandırılması məsələsini həll edərkən həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh müvafiq qaydada inzibati icraat aparmadan sadəcə “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməyəcək bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə pensiya ödənişini dayandıra bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu barədə məlumatın alınması və ya halın müəyyən edilməsi pensiya ödənişinin dayandırılması məsələsinin həlli üçün inzibati icraatın başlanılmasına (“İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsi) əsas təşkil edən haldır. Odur ki, belə hallardan hər hansı birini aşkar etdikdə cavabdeh müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb pensiya ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməlidir. Yalnız pensiya ödənişinin dayandırılmasına dair müvafiq inzibati akt qəbul edildikdən sonra ödənişin faktiki hərəkətlə dayandırılması aparıla bilər. Pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, dayandırma barədə inzibati akt olmadan ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini şübhə altına almış olur. İnzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-cü maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. İddiaçıya pensiya təyin edilməsi barədə inzibati akt iddiaçı üçün əlverişli inzibati aktdır və iddiaçını belə bir əlverişli inzibati aktın nəticələrindən məhrum edən və ya məhdudlaşdıran, onun hüquqi vəziyyətini dəyişdirə biləcək istənilən tədbiri də məhz öz hüquqi formasına görə inzibati aktın qəbulu ilə həyata keçirilməlidir. Başqa sözlə, əlverişli inzibati aktın icrası hər hansı faktiki xarakterli hərəkətlə deyil, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparılmış inzibati icraatın nəticəsi kimi qəbul edilən inzibati aktla dayandırıla bilər. Cavabdeh iddiaçıya pensiya ödənişinin dayandırılmasının əsası kimi sözügedən Qanunun 37.8.3-cü maddəsinə istinad etsə də, həmin maddəyə uyğun olaraq əmək pensiyasının dayandırılmasına əsas verən pensiyanın verilməsi şərtlərinə uyğun olmayan nə kimi halların müəyyən olunduğu, bu halların araşdırılması gedişində hansı tədbirlərin görüldüyü və yekun olaraq hansı nəticəyə gəlindiyi barədə nə iddiaçıya, nə də məhkəməyə məlumat verməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və yaşa görə təyin edilmiş əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2-1(112)-524/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar