Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2387/2024 05.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı, Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X4, üçüncü şəxsin nümayəndəsi Vəkil və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “X6 Limited” Şirkəti) “fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınıb reyestrdən çıxarışın verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-127/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanda yerləşən torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla dövlət reyestrindən çıxarışın verilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Azərbaycan SSRİ Nazirlər Sovetinin xx.xx.1989-cu il tarixli, 3 saylı qərarına əsasən ünvan 1 yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə dair X2 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmaqla qeydiyyat vəsiqəsi verilmişdir. Daha sonralar, həmin şəxslə alqı-satqı müqaviləsi əsasında həmin fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi iddiaçının mülkiyyətinə keçmiş və həmin torpaq sahəsində onun tərəfindən əlavə tikililər tikilmiş və eskiz layihəsi tərtib edilmişdir. Ərizə ilə cavabdehə müraciət edərək, Zeytun sovxozu, həmin torpaq sahəsinə və fərdi yaşayış evinə dair mülkiyyət hüquqların dövlət qeydiyyatına alınmaqla dövlət reyestrindən çıxarış verilməsini xahiş etmiş, lakin sonuncu müraciətinin təmin edilməsindən imtina etmişdir (İmtinanın əsası olaraq cavabdeh xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixli cavab məktublarında torpaq ayrılması barədə sovxoz direktrounun əmrinə dair arxiv arayışı təqdim ediləcəyi təqdim edilməmişdir.) Hesab edir ki, göstərilən əsaslarla müraciətin təmin edilməsindən imtina etməsi tamamilə qanunsuz və əsassızdır...” Cavabdeh iddia ərizəsinə dair yazılı etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışıdır: “...1 nömrəli Zeytun Sovxozunun fərdi yaşayış evi tikintisi üçün torpaq ayrılması barədə 30 nömrəli, xx.xx.1997-ci il tarixli Əmrinə dair arxiv arayışı təqdim edilməmişdir. Həmçinin, elektron kadastr məlumatlarına əsasən ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir və faktiki göstərilən torpaq sahəsi fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmayan dövlət mülkiyyətində olan torpaq sahəsidir. Bundan əlavə, sözügedən daşınmaz əmlaka yerində baxış zamanı müəyyən edilmişdir ki, torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 392,0 kv.m olsa da, faktiki 357.0 kv.m, torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi hüquqmüəyyənedici sənəd üzrə 139,1 kv.m, faktiki 132,6 kv.m-dir. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamış və vətəndaşa **********05 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-127/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə ünvan 3 ünvanında yerləşən sahəsi 357.0 kv.m olan torpaq sahəsi və üzərində yerləşən sahələri 64.9, 64.0, 132.6 kv.m olan fərdi yaşayış evləri üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq vahid çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Üçüncü şəxs apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatını mümkündür. Apellyasiya şikayəti aşaığıdakılarla əsaslandırılmışdır: “...Məhkəmə bu qənaətə gəlmişdir ki, elektron kadastr məlumatlarına əsasən mübahisəli torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olması və fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmayan dövlət mülkiyyətində olan torpaq sahəsi olması hazırkı iddia tələbinin təmin edilməsinə mane olmur. Halbuki, ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin28 mart 2017-ci il tarixli qərarına əsasən, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdimedilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarına əsasən, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən torpağın kateqoriyasının (məqsədli təyinatının) müəyyən edilməməsi aşkar olunduqda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan RespublikasıQanununun 14.1-ci maddəsinə uyğun olaraq qeydiyyat dayandırıla bilər. SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin, Saziş ərazilərinin hüdudları və eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonası daxilində yerləşən ərazilərin bu və ya digər formada ayrı-ayrı fiziki və ya hüquqi şəxslərin adına özgəninkiləşdirilməsi halları, həmin ərazidə nəzərdə tutulmuş neft-qaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, eləcə də SOCAR-ın xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə, eyni zamanda SOCAR-ın Nizamnaməsi ilə əmlakı üzərində müəyyən olunmuş sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə ciddi şəkildə maneələr yaratmaqla bərabər, Konstitusiyanın və Mülki Məcəllənin qeyd olunan normalarına əsasən, vətəndaşların kompensasiya tələblərinə gətirib çıxarır və nəticə etibarı ilə Dövlətə əsaslı şəkildə maddi ziyan dəyir(Torpaq Məcəlləsinin 11-ci, 22 –ci və 6cı maddələrinə istinad olunur) Beləliklə, vətəndaşlara sənaye təyinatlı torpaqlara dair onların təyinatı qanunvericiliyə uyğun qaydada dəyişdirilmədən hüquq müəyən edici sənədlərin verilməsi qanuna zidd olmaqla yanaşı həmin vətəndaşların həyat və sağlamlığını təhlükə altına atır...” Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Vəkil apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini, iddiaçı onunla razılaşmayaraq birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmiş, cavabdeh isə məsələnin həllini məhkəmənin səlahiyyətinə buraxdığını bildirmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə üçüncü şəxsin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarına əsasən müəyyən olunan faktiki hallar aşağıdakılardan ibarətdir: Azərbaycan SSR-i Nazirlər Sovetinin 03 yanvar 1989-cu il tarixli, 3 saylı qərarı ilə sovxoz üçün ayrılmış torpaq sahələrindən 1 nömrəli Zeytun Sovxozunun xx.xx.1997-ci il tarixli, 30 nömrəli əmrinə əsasən fərdi ev tikmək məqsədilə X3 400 kv.m torpaq sahəsi ayrılmış, ayrılmış torpaq sahəsini ölçülərək akta əsasən X3 təhvil verilmişdir (Cavabdehin arxiv sənədlərində həmin fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydiyyatına əsas verən ilkin hüquqmüəyyənedici sənədləri sırasında 1 nömrəli Zeytun Sovxozunun xx.xx.1997-ci il tarixli, 30 nömrəli əmri, eləcə də həmin əmrə əlavə edilmiş təhkim aktı mövcuddur.) Daha sonra, Azərbaycan SSR-i Nazirlər Sovetinin 03 yanvar 1989-cu il tarixli, 3 saylı qərarına əsasən Bakı şəhəri, Suraxanı rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində 392.0 kv.m torpaq sahəsində yerləşən yaşayış sahəsi 45.5 kv.m, köməkçi sahəsi 47.9 kv.m, 3 otaqdan ibarət 9 nömrəli fərdi yaşayış evi X2 adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmış və ona bu barədə Abşeron rayon X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin 22 fevral 2005-ci il tarixli 34746 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Daha sonra, X5 tərəfindən həmin fərdi yaşayış evi xx.xx.2005-ci il tarixli 4Ə-3-282 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən hazırkı İddiaçı Abasəli oğluna satılmış və sonuncunun adına Abşeron rayon X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin 15 aprel 2005-ci il tarixli Qeydiyyat vəsiqəsi verilmiş, eyni zamanda, həmin fərdi yaşayış evi ilə bağlı texniki pasport tərtib edilmişdir. X10 əsasən torpaq sahəsi 392 kv.m, tikintialtı 133.2 kv.m, həyətyanı sahə 258.8kv.m; fərdi yaşayış evi 1, yaşayış otaqları 3, ümumi sahə 93.4 kv.m, yaşayış sahəsi 45.5 kv.m, köməkçi sahə 47.9 kv.m təşkil edir. İşə əlavə olunmuş "xxxx" MMC tərəfindən tərtib edilmiş 2021-ci il tarixli iddiaçıya məxsus fərdi yaşayış evinin eskiz layihəsinə əsasən fərdi yaşayış evinin ümumi sahəsi – 139.1 kv.m, fərdi yaşayış evi tikinti sahəsi – 135.6 kv.m, fərdi yaşayış evi ümumi sahəsi – 72.5 kv.m, fərdi yaşayış evi tikinti sahəsi – 47.5 kv.m, fərdi yaşayış evi ümumi sahəsi 64.9 kv.m, fərdi yaşayış evi tikinti sahəsi – 89.9 kv.m, həyət torpaq sahəsi – 0.0392 ha təşkil edir. İddiaçının, Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyətinin məhkəmə sorğusuna əsasən məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 1/1517 nömrəli məktubuna əlavə edilmiş ərizəsinin sürətindən görünür ki, Suraxanı rayon İcra Hakimiyyətinə xx.xx.2021-ci il tarixdə ərizə ilə müraciət edərək 0.0392 ha torpaq sahəsində ünvan 4 ünvanında yerləşən A - 78.73, B – 216.6 kv.m, hündürlüyü A – 30, B – 5.30 m, mərtəbəliliyi A – 1, B – 2 olan fərdi yaşayış evini tikdiyini bildirmişdir. Eyni zamanda, məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********61 nömrəli məktubu ilə göndərilmiş mübahisəli fərdi yaşayış evinin texniki vəziyyətini əks etdirən xx.xx.2021-ci il tarixli müayinə aktından görünür ki, - “A” f.y.e(fərdi yaşayış evi) ümumi sahəsi layihədə 64.9 kv.m, faktiki 64.9 kv.m, “B” f.y.e layihə üzrə 72.5 kv.m, faktiki 64.0 kv.m, C f.y.e ümumi sahəsi layihə üzrə 139.1 kv.m, faktiki 132.6 kv.m, torpaq sahəsi (arxiv sənədlərində) hüquqmüəyyənedici sənəd üzrə 392.0 kv.m, faktiki 357.0 kv.m-dir. İki tərəfi yol, iki tərəfi qonşudur. İcazəsiz tikililər yoxdur. Layihədə 3 ədəd yaşayış evi göstərilib (A, B, C). “C” qeydiyyata alınmış yaşayış evidir. Sonradan, rekonstruksiya olunub və 2-ci mərtəbə inşa olunub. 1-ci mərtəbənin döşəməsindən 2-ci mərtəbənin tavanına hündürlük 5,8 m-dir. “B” tikilisi “C” tikilisinə bitişik inşa olunmuşdur. Yaşayış evidir. 1-ci mərtəbənin döşəməsindən 2-ci mərtəbənin tavanına hündürlük 5,45 m-dir. “A” tikilisi 1 mərtəbəlidir.Tikililər layihəyə uyğundur. Torpaq sahəsinin daxilindən və yaxınlığından yerüstü kommunikasiya xətləri keçmir. Eyni zamanda, cavabdeh İdarənin digər bir məhkəmə sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2022-ci il tarixli məktubuna, eləcə də xx.xx.2022-ci il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyində qeyd olunanlara əsasən vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi bütövlükdə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərin hüdudları daxilində yerləşir. Həmçinin, sahə yaşayış məntəqələri torpaqlarına aid olmaqla dövlət mülkiyyətidir. Tədqiq olunan sənədlərdən göründüyü kimi, iddiaçı, qeydiyyat vəsiqəsi olan mübahisəli fərdi yaşayış evini başqa mülkiyyətçidən alqı-satqı müqaviləsi əsasında əldə etmiş, sonradan məlumatlandırma icraatı qaydasında lisenziyalı təşkilatda tərtib olunmuş layihəyə uyğun olaraq həmin fərdi yaşayış evində yenidənqurma işləri aparmış və tikinti işləri başa çatdıqdan sonra, bu barədə müvafiq icra hakimiyyətinə məlumat ünvanlamışdır. Şəhərsalma və Tikinti Məcəlləsinin 80.2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Həmin Məcəllənin 80.4-cü maddəsinə əsasən sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 102.6-cı maddəsinə əsasən məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinin tikintisi başa çatdıqdan sonra, sifarişçi bu barədə məlumatı sifarişli poçt göndərişi ilə 10 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma göndərir sifarişçi öz arzusu ilə həmin məlumatı Tikintilərin Dövlət reyestrinə göndərə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsində isə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün aşağıdakı əsasları müəyyən olunmuşdur: ...; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; ...; Həmin Qanunun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının 2-ci bəndində göstərilmişdir ki: “Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Göründüyü kimi, sovxoz rəhbərinin (direktor və s.) əmri əmlaka hüququn əmələ gəldiyi anda həmin torpaq neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas qismində çıxış edir. Yəni, həmin normanın tətbiq edilməsi üçün əmlaka hüququn əmələ gəldiyi vaxt müəyyən edilməlidir. Konkret halda, iddiaçı üçün torpaq sahəsinə hüququn yarandığı vaxt sovxoz ərazisində sovxozun işçilərinə fərdi ev tikmək məqsədilə torpaq sahəsinin ayrılması barədə 1 nömrəli Zeytun Sovxozunun 30 nömrəli əmrinin qəbul edildiyi xx.xx.1997-ci il və həmin əmrin əsasında dayanan torpaq sahəsinin ayrılması barədə Azərbaycan SSR Nazirlər Sovetinin 3 saylı qərarının qəbul edildiyi 03 yanvar 1989-cu il tarixidir. İddia olunan torpaq sahəsinə hüququn 1989-cu il, konkret olaraq ilkin mülkiyyətçi C.Novruzovaya münasibətdə 1997-ci də yarandığı halda “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişinin təsdiq edilməsi 06 mart 2007-ci il tarixli, “X7 Limited” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin topoqrafik planı Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə təsdiq edilmişdir. Sözügedən Fərmanın 2-ci bəndinin tələbinə uyğun olaraq, sözügedən torpaq sahəsinə hüququnun əmələ gəldiyi vaxt həmin torpağın neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşdiyi sübut olunmur. İddia olunan torpaq sahəsi hüququn yarandığı vaxtdan Dövlət Neft Şirkətinin daimi istifadəsinə verilən torpaq sahəsi olsa belə, bu hal torpaq sahələrinin kadastrını həyata keçirən inzibati orqana da bəlli olmalı və qeydiyyat orqanı hələ ilkin olaraq xx.xx.2005-ci il tarixdə, eləcə də iddiaçının adına xx.xx.2005-ci il tarixdə mülkiyyət hüququnun qeydiyyatına dair qeydiyyat vəsiqəsi verərkən bu barədə etirazını bildirməli idi . Lakin qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş icraat materialları arasında torpaq sahəsinin sənaye təyinatlı torpaq olub Dövlət Neft Şirkətinin daimi istifadəsində olması ilə bağlı inzibati orqanın hər hansı araşdırma apardığı, aidiyyatı qurumdan müvafiq məlumat, sənəd əldə etdiyi, müvafiq etiraz bildirdiyi və s. aşkar olunmamışdır. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, qeyd olunanlar nəzərə alınmaqla qeyd etmişdir ki, “iddia olunan torpaq sahəsinin Dövlət Neft Şirkətinin daimi istifadəsinə verilmiş ərazidə yerləşdiyi mübahisələndirildiyi halda həmin torpaq sahəsinin qonşuluğunda yerləşən daşınmaz əmlaklar cavabdeh orqan tərəfindən mülkiyyət hüququ ilə ayrı-ayrı şəxslərin adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən təqdim edilmiş ərazinin ortofoto surətindən görünür ki, İddiaçı Abasəli oğluna məxsus fərdi yaşayış evinin yerləşdiyi ərazi fərdi yaşayış evlərinin olduğu yaşayış məntəqəsi ərazisidir, həmin evin qonşuluğunda bir sıra tikililər, o cümlədən **********67-10301, **********86, **********72-1031, **********05 nömrəli daşınmaz əmlaklar dövlət reyestrində qeydiyyata alınmış, xüsusən də **********67-10301, **********86 və **********72-1031 reyestr nömrəli əmlaklarla bağlı təkcə fərdi yaşayış evləri deyil, həm də həmin evlərin yerləşdiyi torpaq sahələri xüsusi mülkiyyət hüququ ilə vətəndaşların adlarına qeydiyyata alınmışdır. Belə olan halda cavabdehin Dövlət Neft Şirkətinə aid torpaq sahələrində yerləşmə ilə bağlı imtina dəlili iddiaçıya münasibətdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə zidd hesab olunmalıdır. Beləliklə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə ünvan 3 ünvanında yerləşən sahəsi 357.0 kv.m olan torpaq sahəsi və üzərində yerləşən sahələri 64.9, 64.0, 132.6 kv.m olan fərdi yaşayış evləri üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq vahid çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını işin sübutlarla müəyyən olunan hallarına və maddi hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin apellyasiya şikayətinin məhkəmə tərəfindən qərarın maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-127/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM m. 87.6). Şərh olunanlara əsasən və İPM-in 68, 69, 73, 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-127/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2387/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2387/2024
05.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver