Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2388/2021 17.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının vəkili X3 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “dəymiş maddi ziyanın ödənilməsi” barədə iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-105/2021 saylı 02.07.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 14-17 dekabr 2021-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməyə müraciət edərək, Vergilər Nazirliyi tərəfindən İddiaçı MMC-nin ƏDV depozit hesabına qoyulmuş məhdudiyyətə və elektron sistemdə "xxxx" X2 Cəmiyyəti” VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlarla məşğul olan şəxsdir” yazısı yazıldığına görə dəymiş 1 552 416.82 manat (bir milyon beş yüz əlli iki min dörd yüz on altı manat səksən iki qəpik) məbləğində ziyanın İddiaçı MMC-nin hesabına ödənilməsi öhdəliyinin Vergilər Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, İddiaçı MMC 10.06.2008-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində dövlət qeydiyyatına alınmaqla hüquqi şəxs kimi, öz nizamnaməsinə və qüvvədə olan qanunvericiliyə əsasən xarici iqtisadi fəaliyyətlə məşğul olur. 22.11.2018-ci ildə Aztexnika MMC-nin ƏDV depozit hesabından pul köçürülməsinə vergi orqanı tərəfindən heç bir əsas olmadan qadağa qoyulmuşdur. Buna görə də müəssisə fəaliyyət göstərə bilmir və müəssisəyə külli miqdarda ziyan dəymişdir. Həmçinin "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC aldığı mala görə Aztexnika MMC-nin ƏDV depozit hesabına ƏDV-ni ödəmək istəyən zaman elektron sistemdə “Bu vergi ödəyicisi “X2 Cəmiyyəti” VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlarla məşğul olan şəxsdir.” yazısı qeyd edildiyini üçün İddiaçı MMC-dən aldığı malları sistemdə Vergilər Nazirliyi tərəfindən qeyd edilən yazıya görə geri qaytarmış və onların müəssisəsi ilə işləməkdən imtina etmişdir. Müəssisənin etibar və işgüzar nüfuzuna ciddi şəkildə xələl gəlib, fəaliyyət istiqamətində məhdudiyyətlərlə qarşılaşıb, həmçinin fəaliyyətindən əldə edə biləcəyi gəliri itirmiş olur. Yuxarıda sadalanan müəssisələrə satılmış malların ƏDV-siz məbləği 6 656160.05 manat (altı milyon altı yüz əlli altı min yüz altmış manat beş qəpik) təşkil edir. Həmin malların satışı nəticəsində müəssisə 3 faiz gəlir əldə edəcəkdi. Lakin qeyd edilən yazıya görə mallar geri qaytarılmış və müəssisə əldə edəcəyi gəlirdən məhrum olmuşdur. Nəticədə müəssisəyə malların qaytarılmasına görə 199 684.81 manat (yüz doxsan doqquz min altı yüz səksən dörd manat səksən bir qəpik) miqdarda ziyan dəymişdir. Həmçinin malların geri qaytarılması zamanı yükləmə və boşaltma prosesində malların 20 faizi zədələnərək yararsız hala düşmüş və nəticədə müəssisəyə əlavə olaraq 1 331 232.01 manat ( bir milyon üç yüz otuz bir min iki yüz otuz iki manat bir qəpik) ziyan dəymişdir. Həmçinin ƏDV hesabından köçürmə etməyə qadağa qoyulması nəticəsində müəssisə gömrük orqanının hesabına həmin ƏDV-ni köçürə bilmir. Nəticədə maşınların gömrük terminallarında qalmaması üçün kredit müqaviləsinə əsasən aldığı vəsaiti gömrük orqanlarının hesabına köçürmək məcburiyyətində qalır. Buna görə də "xxxx" ASC-dən alınan kredit müqaviləsinə əsasən 550 000 (beş yüz əlli min) manat və kredit xətti ilə 600 000 (altı yüz min) manat maliyyə vəsaitini gündəlik olaraq ödəyə bilmədiyi üçün, günlük olaraq, 500 manat məbləğində faiz hesablanır və bu günə qədər də bu məhdudiyyətlər aradan qaldırılmadığı üçün ziyan dəyməkdə davam edir. Halbuki, 1 saylı İnzibati-İqtisad məhkəməsinin 06.12.2018-ci il tarixli MXMT barədə qərardadında yaradılmış məhdudiyyətin dərhal aradan qaldırılması qət edilmişdir. Nəticədə bu cür qanunsuz əməllərə görə 22.11.2018-ci il tarixdən etibarən bu günə (04.01.2019) kimi 43 gün ərzində gündəlik 500 manat cərimə hesablanaraq cəmi 21500 manat (iyirmi bir min beş yüz) məbləğində müəssisəyə ziyan dəymişdir. Vergilər Nazirliyi tərəfindən ƏDV Depozit hesabına qoyulmuş məhdudiyyətə və digər müəssisələr tərəfindən İddiaçı MMC-nin ƏDV depozit hesabına ƏDV-ni ödəmək istəyən zaman elektron sistemdə “Bu vergi ödəyicisi “X2 Cəmiyyəti” VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlarla məşğul olan şəxsdir.” yazısı qeyd edildiyininə görə müəssisəyə cəmi 1552 416.82 manat (bir milyon beş yüz əlli iki min dörd yüz on altı manat səksən iki qəpik) ziyan dəymişdir. (1331232.01+199684.81+21500=1552416.82). Aztexnika MMC-nin əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlarla məşğul olan şəxs olması faktının sübuta yetirilmədən bu cür məlumatın qeyd edilməsi qanunvericiliyə tamamilə ziddir və böhtan xarakteri daşıyır. Çünki, əmtəəsiz maliyyə əməliyyatları aparılması AR-nın Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyətinə səbəb olur və bu fakt məhkəmə qərarı ilə təsdiq edildikdən sonra qeyd edilə bilər. Lakin bu barədə heç bir qərar və sübut olmadığı halda vergi orqanı tərəfindən bu cür ittihamla təqsirləndirilmək özü məsuliyyətə səbəb olan haldır, qanunvericiliyin tələblərinin pozulmasını və qərəzli yanaşmanı sübut edir. 13.08.2018-ci il tarixdə **********159963 saylı səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərara əsasən 105 gündür ki, yoxlama müddəti 2 dəfə artırılaraq, davam edir. Bundan əvvəldə müəssisəyə qarşı vergi orqanı tərəfindən "xxxx" MMC və ayrı-ayrı əməkdaşlıq etdiyi müəssisələrə məktub göndərməklə” “Aztexnika“ MMC riskli vergi ödəyicisi hesab olunduğundan, bu ödəyici tərəfindən təqdim olunan elektron vergi hesab fakturası üzrə əvəzləşdirmə aparıla bilməz.” yazılır. Bütün bunlar heç bir əsası olmadığı üçün və hüquqlarını pozduğuna görə aradan qaldırdmalıdır. 21.09.2018-ci il tarixdə **********6966 nömrəli qərara əsasən mal material qalığının yoxlanılması, 20.09.2018-ci il tarixində **********6767 saylı qərara əsasən operativ qaydada əmək müqavilələrinin yoxlanılması ilə bağlı yoxlamalar təyin olunmuş, yoxlamanın nəticəsi ilə bağlı 19.10.2018-ci il tarixində, akt tərtib olunmuşdur. Tərtib olunmuş aktdan göründüyü kimi müəssisənin fəaliyyətində vergi qanunvericiliyi ilə bağlı heç bir qanun pozuntusu və kənarlaşma aşkar olunmamışdır. Bundan sonra 05.11.2018-ci il tarixində **********8479, 05.11.2018-ci il tarixində **********8449, 05.11.2018-ci il tarixində **********8459, 05.11.2018-ci il tarixində **********8456 saylı operativ nəzarətin həyata keçirilməsi haqqında qərarlarına əsasən yenidən yoxlamaya başlanılmışdır. Halbuki, bir neçə gün əvvəl mal-material qalığını yoxlanması həyata keçirilmişdi. Həmçinin son 2 ay ərzində 2 dəfə mal qalığının yoxlanılması üçün yoxlama təyin edilib. Lakin heç bir qanunsuz fakt ortaya çıxmamışdır. Müəssisədə səyyar vergi yoxlaması aparılır. Hal-hazırda 14.11.2018-ci il **********0476, 14.11.2018-ci il **********0455, 14.11.2018-ci il **********0456, 14.11.2018-ci il **********0457 saylı qərarlara əsasən xronometraj qaydasında aparılan əməliyyatlar vergi əməkdaşları tərəfindən müşahidə edilir və heç bir qanun pozuntusu aşkar edilmir. Lakin xronometraj qaydasında müşahidənin aparıldığı vaxt heç bir qanunsuz hal aşkarlanmadığı halda, müəssisənin əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlarla məşğul olduğu qeyd edilir. Təbii ki, bütün bunlar tam olaraq qərəzli şəkildə bu hərəkətlərin baş verdiyini göstərir. Qeyd edilənlərə əsasən, iddiaçı iddia tələbinin təmin edilməsi xahiş etmişdir. Eyni zamanda iddiaçı iş üzrə müvəqqəti xarakterli tədbirlərin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək, müvəqqəti xarakterli müdafiə tədbiri kimi İddiaçı MMC-nin sub-uçot depozit hesabında olan ƏDV məbləğinin sərbəst hərəkətinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması və həmçinin digər şəxslər tərəfindən Aztexnika MMC-nin ƏDV depozit hesabına ödəniş edilən zaman elektron sistemdə qeyd edilən “Bu vergi ödəyicisi “X2 Cəmiyyəti” VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlarla məşğul olan şəxsdir” yazısının silinməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin MXMT(81)-125/2018 saylı 06.12.2018-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1209/2019 saylı 25.02.2019-cu il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1209/2019 saylı 25.02.2019-cu il tarixli qərardadından iddiaçı apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1032/2019 saylı 11.04.2019-cu il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-1209/2019 saylı 25.02.2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərardaddan iddiaçı kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-2156/2019 saylı 03.07.2019cu il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 1032/2019 saylı 11.04.2019-cu il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2100/2019 saylı 15.08.2019-cu il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-1209/2019 saylı 25.02.2019-cu il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-105/2021 saylı 02.07.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: A.Oruczadə) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, məhkəmənin irəli sürdüyü dəlillər tamamilə qanunsuz, əsassız, ədalətsiz və haqsız xarakter daşıyır. İddiaçı tərəf olaraq İddiaçı MMC öz üzərinə düşən vəzifəni tam yerinə yetirmişdir. Belə ki, iddiaçı tərəf öz iddiasında qeyd edilən halları və faktları tam, qəti və mötəbər şəkildə təsdiq edən və bir-biri ilə qarşılıqlı əlaqədə olan çoxsaylı sübutların məcmusunu məhkəməyə təqdim etmişdir. İş materiallarında olan və məhkəmənin istinad etdiyi digər sübutlar da iddianın qanuni və əsaslı olduğunu ən mötəbər şəkildə təsdiq edir. Məhkəmə iddianı təmin etmək üçün kifayət qədər mötəbər sübutların məcmusuna malik olmuşdur. Lakin məhkəmə heç bir qanuni əsas olmadan və yalnız subyektiv mülahizələrin əsasında iş materiallarında mövcud olan mötəbər sübutların məcmusuna düzgün hüquqi qiymət verməmiş və onun sübutlarla bağlı irəli sürdüyü dəlillərin əsasını maddi və prosessual əsaslardan məhrum olan qərəzli subyektiv fərziyyələr və düşüncələr təşkil etmişdir. Bəhs edilən inzibati işin təkzibedilməz və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş faktiki hallarından biri ondan ibarətdir ki, cavabdehin vergi orqanının müəssisənin üzərinə qoyduğu qanunsuz məhdudiyyətlər səbəbindən “AZTEXNİKA" MMCdən mal alan şəxslər malın dəyərini İddiaçı MMC-yə ödəyə bilmədiyindən satılan alınan mal-materiallar geri qaytarılır, bu zaman qaytarılan malların yenidən yüklənməsi və boşaldılması zamanı həmin mallarda müəyyən zədələnmələr olur və nəticədə İddiaçı MMCyə məxsus malların geri qaytarılması ilə əlaqədar olaraq həm yükləmə-boşaltma zamanı, həm də qazancdan məhrum olma (əldən çıxmış fayda) və həm hal-hazırki, həm də gələcək müştərilərin itirilməsi nəticəsində İddiaçı MMC-yə külli miqdarda maddi zərər vurulmuşdur. 2017-2019-cu illər üzrə İddiaçıMMC-nin dövriyyəsi İddiaçıMMC-nin ƏDV sub-hesabına cavabdeh vergi orqanı tərəfindən bu məhdudiyyət qoyulan dövrə kimi, yəni 2017-ci il üzrə 6 717 476,89 manat, 2018-ci il üzrə 17 531 648,13 manat, 2019-cu il üzrə 12 529 117,41 manat olmuşdur. Lakin bu məhdudiyyətin götürtdüyü gündən hal-hazırki dövrə kimi İddiaçı MMC-nin heç bir dövriyyəsi olmamışdır, çünki müəssisə artıq müflis olmuşdur və demək olar ki, müəssisənin heç bir təsərrüfat fəaliyyəti yoxdur. Bəs necə oldu ki, cavabdeh vergi orqanı tərəfindən qeyd edilən məhdudiyyət qoyulana kimi yalnız son 3 il üzrə qeyd edilən külli məbləğlərdə dövriyyəsi olan bir müəssisə birdən-birə müflis oldu? Aydın məsələdir ki, bunun səbəbi uğursuz və ya yarıtmaz təsərrüfat fəaliyyəti nəticəsində deyil, cavabdeh orqanın qeyd edilən hüquqazidd əməlləri olmuşdur. Hər kəsə məlumdur ki, əgər sahibkar ölkəyə gətirdiyi zaman vergisini ödədiyi öz malının dəyərini yüksək vergi orqanı tərəfindən onun ƏDV sub-hesabına qoyulan məhdudiyyət üzündən almaq imkanından məhrumdursa və ya onun satdığı mal alıcı şəxs tərəfindən bu səbəbdən dəyəri ödənilmədən geri qaytarılırsa və nəticədə sahibkar əldə edə biləcəyi qazancdan (əldən çıxmış faydadan) məhrum olursa və bu hal vergi qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq yazılı sənədlərlə də tam və qəti təsdiq olunursa bu zaman sahibkara maddi zərərin dəyməsi mübahisəsiz haldır, sadəcə olaraq dəymiş zərərin məbləği mübahisələndirilə bilər. Yuxarıda qeyd edilənlər “zərərin mövcud olması” əsasının iddiaçı tərəfindən sübuta yetirildiyini təsdiq edir. “Zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması” və “zərər vuran şəxsin təqsirli olması” əsasları qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən və sübut edilmişdir. Belə ki, 1 saylı Bakı inzibati-iqtisadi Məhkəməsinin MXMT(81)-125/2018 saylı, 06.12.2018-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, İddiaçı MMC-nin sub-uçot depozit hesabında olan ƏDV məbləğinin sərbəst hərəkətinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması və həmçinin digər şəxslər tərəfindən İddiaçı MMC-nin ƏDV depozit hesabına ödəniş edilən zaman elektron sistemdə qeyd edilən “Bu vergi ödəyicisi İddiaçı MMC-nin (VÖEN **********) əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlarla məşğul olan şəxsdir" yazısının silinməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Göründüyü kimi, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən İddiaçı MMC-nin subuçot depozit hesabında olan ƏDV məbləğinin sərbəst hərəkətinə qoyulmuş məhdudiyyət və həmçinin digər şəxslər tərəfindən "xxxx" MMC-nin ƏDV depozit hesabına ödəniş edilən zaman elektron sistemdə qeyd edilən “Bu vergi ödəyicisi İddiaçı MMC-nin (VÖEN "**********) əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlarla məşğul olan şəxsdir" yazısı qanunsuz və əsassızdır və məhz buna görə də məhkəmə tərəfindən həmin məhdudiyyətin aradan qaldırılması və həmçinin qeyd edilən yazının silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Ən sadə məntiqlə yanaşsaq, əgər cavabdehin qeyd edilən əməlləri qanuni və əsaslı olsa idi, məhkəmə tərəfindən iddiaçının MXMT barəsində ərizəsi təmin edilməməli və cavabdeh tərəfindən qoyulmuş məhdudiyyət olduğu kimi dəyişdirilmədən saxlanılmalı idi. Bu da “zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması" əsasının iddiaçı tərəfindən sübuta yetirildiyini təsdiq edir. “Zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması" əsasına gəldikdə, bəhs edilən inzibati işin təkzibedilməz faktiki hallarından və iş materiallarında mövcud olan mötəbər sübutların məcmusundan görünür ki, iddiaçıya maddi zərər məhz cavabdeh vergi orqanı tərəfindən qeyd edilən qanunsuz məhdudiyyətin qoyulması və qeyd edilən yazının yazılması səbəbindən vurulmuşdur. Həmin qanunsuz və əsassız əməllər cavabdeh vergi orqanı tərəfindən edilməsə idi, iddiaçı əvvəllər olduğu kimi normal fəaliyyətini davam etdirmiş olacaqdı və buna görə də cavabdeh tərəfindən hər hansı bir zərər vurulmayacaq idi. İddiaçı MMC 2017-2018-ci illər üzrə yüksək mənfəət əldə edən subyekt olduğunu, lakin son dövrdə, yəni qeyd edilən məhdudiyyət qoyulduqdan və qeyd edilən yazı yazıldıqdan sonra mənfəətinin azaldığını bildirmiş və buna sübut qismində İddiaçı MMC-nin 2017-2019-cu illər üzrə ƏDV və Mənfəət vergisi bəyannamələrinə əsasən illik dövriyyə məbləğləri barədə cədvələ istinad etmişdir. Lakin məhkəmə öz qərarında qeyd etmişdir ki, iddiaçının mənfəətinin azalmasının məhz vergi orqanının sadalanan qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verdiyini təsdiqləyən sübutlar təqdim edilməmişdir. Məhkəmə öz qərarında iddiaçının hansı sübutları təqdim etməli olduğunu qeyd etməmiş və iddiaçının mənfəətinin azalmasının hansı səbəbdən baş verdiyini müəyyən və sübut etməmiş və hu barədə iş materiallarında mövcud olan və tədqiq edilən hər hansı bir sübuta istinad etməmişdir. Məhkəmə unutmuşdur ki, “İnzibati icraat haqqında" AR-nın Qanuna, AR Vergi Məcəlləsinə, AR İPM-nə əsasən, inzibati icraat və inzibati işlər üzrə sübut etmə vəzifəsi inzibati orqanının üzərinə düşür. İddiaçı özünə aid hissədə sübut etmə vəzifəsini tam icra etmişdir. Vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı malların qaytarılması barədə iş materiallarında mövcud olan elektron qaimə fakturalarda, həmin elektron qaimə fakturanın verilməsinin yeganə səbəbi (vergi orqanının qanunsuz əməlləri nəticəsində qoyulmuş məhdudiyyət və qeyd edilən məzmunda yazılmış yazı) müəyyən edildiyinə və həmin səbəb qeyd edilə elektron qaimə fakturalar üzrə digər vergi ödəyiciləri (müqavilənin digər tərəfi) tərəfindən mübahisələndirilmədiyinə (həmin səbəb ilə tam razı olduqlarına) görə, məhkəməyə qeyd edilən elektron qaimə fakturalar üzrə tərəflər arasında bağlanılmış müqavilələrin, həmin müqavilələrin xitamına dair sənədlərin (müqavilələrin), malların qaytarılması aktlarının, təhvil-təslim aktlarının təqdim edilməsinə heç bir əsas və zərurət olmamışdır. Əgər həmin halların mövcudluğuna cavabdeh vergi orqanının və məhkəmənin şübhəsi var idisə, qeyd edilən sənədləri adları çəkilən hüquqi şəxslərə sorğu verməklə tələb edə və həmin faktların (halların) mövcud olub-olmadığını asanlıqla müəyyən edə bilərdi. İddiaçı MMC sübut qismində "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsini (Əlavə 1 və Əlavə 2), hesabdan çıxarışı, ödəniş cədvəlinin təsdiq edilmiş surətlərini təqdim edərək, vergi orqanın hərəkəti nəticəsində külli miqdarda ziyana düçar olduğundan MMC tərəfindən bank qarşısında da öhdəliklərinin yerinə yetirə bilmədiyini qeyd etmişdir. Lakin məhkəmə öz qərarında hesab etmişdir ki, azad bazar iqtisadiyyatı şəraitində hər hansı bir sahibkarlıq subyektinin bankdan kredit götürməsi bu heç də həmin sahibkarlıq subyektinin düşdüyü ziyanla əlaqədar deyildir. Kredit limiti müqaviləsində də kredit götürülməsinin məqsədi dövriyyə və əsas vəsaitin artırılması, investisiya layihələrinin maliyyələşdirilməsi və fərdi istehlak məqsədilə olduğu qeyd edilmişdir. Daha sonra isə götürülən kreditin aybaay vaxtında qaytarıla bilməməsinin, faizlərinin qaytarılmasında yaranmış problemlərin məhz vergi orqanın hərəkəti (hərəkətsizlik) nəticəsində yaranması iddiaçı tərəfindən sübuta yetirilmir. Məhkəmənin bu dəlili tamamilə qanunsuz və əsassızdır. Belə ki, əgər müəssisə cavabdehin qeyd edilən qanunsuz əməllərinə görə satdığı malın dəyərini almaq imkanından məhrumdursa və həmin qanunsuz əməllərə görə öz müştərilərini daim itirməkdə davam edirsə və müqavilə üzrə öz öhdəliklərini icra edə bilmirsə, normal məntiqlə yanaşsaq adi təsərrüfat fəaliyyətinə müəyyən məhdudiyyət qoyulmuş müəssisənin kredit götürməkdə məqsədi yalnız digər tərəflər qarşısında olan öhdəliklərini öz imkanı və ən qısa müddət daxilində icra etməklə daha ağır zərərə düşməməsinin qarşısını almaq olmuşdur. Normal təsərrüfat fəaliyyəti iflic edilən, buna görə də fəaliyyət göstərə bilməyən və heç bir qazanc əldə edə bilməyən müəssisə necə ola bilər ki, götürülən külli miqdardakı krediti aybaay vaxtında qaytara bilsin və kredit üzrə faizlərinin qaytarılmasında heç bir problemlər yaranmasın? İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 20 ədəd fotoşəkillərdə geri qaytarılmış kafel- metlax mallarının yararsız vəziyyətdə olduğu açıq aşkar görünür. Lakin məhkəmə qeyd etmişdir ki, bu fotoşəkillərdəki malların məhz iddiaçıya məxsus mallar olması, onların harada çəkilməsi aydın olmadığından, onların yararsız olmasının səbəbinin vergi orqanının hərəkəti nəticəsində baş verməsi sübuta yetirilmir. Əgər həmin şəkillərlə və onlarda əks olunan hallarla bağlı məhkəmədə şübhə var idisə məhkəmə nə üçün həmin məsələləri aydınlaşdırmaq üçün həmin halları təsdiq edən əlavə sübutlar təqdim etməyi və ya həmin məsələlər üzrə əlavə izahlar verməyi təklif etməmişdir. Halbuki, İPM-nin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarımı yardım etməyə borcludur. Digər tərəfdən, əslində iddiaçı tərəfindən təqdim edilən şəkillərin sayı onu göstərir ki, həmin şəkillərdə öz əksini tapan mallar məhz iddiaçıya məxsus olmuşdur. Belə ki, iddiaçı tərəf istəsə idi başqa şəxslərə məxsus başqa yerlərdə yerləşən yüzlərlə ədəd çəkilmiş fotoşəkili məhkəməyə təqdim edə bilərdi. Lakin cəmi 20 ədəd çəkilmiş fotoşəkilin məhkəməyə təqdim edilməsi iddiaçı tərəfin obyektivliyini və həmin zay olmuş malların məhz iddiaçıya məxsus olmasını təsdiq edir. Malların fotoşəkilinin harada çəkilməsinə gəldikdə isə deyə bilərlər ki, həmin fotoşəkillər müəssisənin anbarında çəkilmişdir və bunu həmin anbara yerində müayinə keçirməklə və ya əlavə şəkillər təqdim edib müqayisə etməklə sübuta yetirmək mümkündür. Təqdim edilmiş 20 ədəd fotoşəkildə göstərilən yararsız malların sayına gəldikdə isə həmin mallar ümumi yararsız malların yalnız cüzi bir hissəsidir. Həmin mallar anbarda çox yer tutması və ya işlərin görülməsinə maneçilik törətməsi üçün mütəmadi olaraq anbar təmizlənmişdir. Həmin malların yararsız hala düşməsinin səbəbi vergi orqanının qanunsuz əməlləri nəticəsində həmin malların geri qaytarılması zamanı təkrarən yüklənib boşaldılması olmuşdur. Cavabdehə məxsus olan elektron sistemdə yaydan “Bu vergi ödəyicisi İddiaçı” VÖEN “**********1” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlarla məşğul olan şəxsdir.” yazısı başqa hüquq-mühafizə orqanları (polis, prokurorluq, dövlət təhlükəsizlik, gömrük və s. orqanlar) tərəfindən özlərinə məxsus informasiya məlumat sistemlərində fiziki və ya hüquqi şəxslərdən hər hansı birinin cinayət törətməkdə təqsirli olması barədə yazılı məlumat verməsi və bütün şəxsləri həmin şəxslərdən uzaq durması, hər hansı əlaqə yaratmaması barədə xəbərdarlıqla eyni hüquqi qüvvəyə malikdir. Məhkəmənin iddianın hər hansı bir məbləğdə olursa olsun təmin etməməsi onun tərəfindən ən böyük və ciddi maddi və prosessual hüquq pozuntusuna yol verdiyini təsdiq edir. Buna görə də məhkəmənin müvafiq qərarı tamamilə qanunsuz, əsassız, ədalətdən və haqdan məhrum olan və yalnız heç bir hüquqi əsası olmayan və heç bir mötəbər sübutla təsdiq edilməyən yalnız subyektiv mülahizələrdən düşüncələrdən ibarət olan qərardır. Apelyasiya baxışı zamanı iddiaçının vəkili X3 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X4 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı Vergilər Nazirliyi tərəfindən İddiaçı MMC-nin ƏDV depozit hesabına qoyulmuş məhdudiyyətə və elektron sistemdə "xxxx" X2 Cəmiyyəti” VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlarla məşğul olan şəxsdir” yazısı yazıldığına görə dəymiş 1 552 416.82 manat (bir milyon beş yüz əlli iki min dörd yüz on altı manat səksən iki qəpik) məbləğində ziyanın İddiaçı MMC-nin hesabına ödənilməsi öhdəliyinin Vergilər Nazirliyinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qeyd etmişdir ki, iddiaçı MMC 2017-2018-ci illər üzrə yüksək mənfəət əldə edən subyekt olduğunu, lakin son dövrdə mənfəətinin azaldığını bildirir. Buna sübut qismində MMC-nin 2017-2019-cu illər üzrə ƏDV və Mənfəət vergisi bəyannamələrinə əsasən illik dövriyyə məbləğləri barədə cədvələ istinad edir. Lakin məhkəmə qeyd etmişdir ki, iddiaçının mənfəətinin azalmasının məhz vergi orqanının sadalanan qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verdiyini təsdiqləyən sübutlar təqdim edilməmişdir. İddiaçı iddia ərizəsində, onun nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatlarında elektron sistemdə “Bu vergi ödəyicisi İddiaçı (VÖEN: **********) əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur” yazısı əks olunduğuna görə bir sıra müəssisələrin alınmış malları geri qaytardığını və bu zamana yükləmə-boşaltma prosesində malların 20% zədələndiyini qeyd edərək müəssisəyə 1.331.232,01 manat məbləğində ziyanın dəydiyini bildirmişdir. Qeyd olunanla bağlı iddiaçı tərəfindən inzibati icraat zamanı inzibati orqana və məhkəmə icraatı zamanı məhkəməyə yalnızca bəzi fotoşəkillər, “Vergi ödəyicilərinin onlayn kargüzarlıq” ünvanından çıxarılmış elektron qaimələrin surətləri təqdim edilmişdir. Həmin sübutlar zərərin dəydiyini, məhz vergi orqanının hərəkət (hərəkətsizliyi) ilə əlaqədar dəydiyini göstərən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, Vergi Məcəlləsinin 71-1.5-ci maddəsinə əsasən malların qaytarılması barədə elektron qaimə vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq verilən elektron qaimə-faktura növlərindən biridir. Həmin elektron qaimə verilməsinin müxtəlif səbəbləri ola bildiyi halda vergi ödəyicisi bunu vergi orqanının hərəkətləri ilə əlaqələndirmiş, lakin buna baxmayaraq məhkəməyə tərəflər arasında bağlanılmış müqavilələri, həmin müqavilələrin xitamına dair sənədləri (müqavilələri), malların qaytarılması aktlarını, təhvil-təslim aktlarını təqdim etməmişdir. Həmçinin, iddiaçı MMC sübut qismində Bank Respublika ASC ilə bağlanmış kredit müqaviləsini (Əlavə1 və Əlavə 2), hesabdan çıxarışı, ödəniş cədvəlinin təsdiq edilmiş surətlərini təqdim edərək, vergi orqanın hərəkəti nəticəsində külli miqdarda ziyana düçar olduğundan MMC tərəfindən bank qarşısında da öhdəliklərinin yerinə yetirə bilmədiyini qeyd etmişdir. Lakin məhkəmə hesab etmişdir ki, azad bazar iqtisadiyyatı şəraitində hər hansı bir sahibkarlıq subyektinin bankdan kredit götürməsi bu heç də həmin sahibkarlıq subyektinin düşdüyü ziyanla əlaqədar deyildir. Kredit limiti müqaviləsində də kredit götürülməsinin məqsədi dövriyyə və əsas vəsaitin artırılması, investisiya layihələrinin maliyyələşdirilməsi və fərdi istehlak məqsədilə olduğu qeyd edilmişdir. Daha sonra isə götürülən kreditin aybaay vaxtında qaytarıla bilməməsinin, faizlərinin qaytarılmasında yaranmış problemlərin məhz vergi orqanın hərəkəti (hərəkətsizlik) nəticəsində yaranması iddiaçı tərəfindən sübuta yetirilmir. Bundan əlavə təqdim edilmiş 20 ədəd fotoşəkillərdə kafel-metlax mallarının yararsız vəziyyətdə olduğu görünür. Məhkəmə qeyd etmişdir ki, bu fotoşəkillərdəki malların məhz iddiaçıya məxsus mallar olması, onların harada çəkilməsi aydın olmadığından, onların yararsız olmasının səbəbinin vergi orqanının hərəkəti nəticəsində baş verməsi sübuta yetirilmir. Beləliklə, məhkəmə hesab etmişdir ki, hazırkı işdə yuxarıda qeyd olunan maddənin dispozitiv şərtlərinin mövcudluğu təsdiq olunmur. Çünki iddiaçı, istinad etdiyi halların təsdiqi barədə heç bir sübutları təqdim etməmiş və üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan 06.11.2018-ci il tarixli EAAN-391627 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə ümumilikdə 2363636,99 manat dəyərində mallar təqdim edilmişdir. İş materiallarında olan 06.11.2018-ci il tarixli EAAN-391605 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə ümumilikdə 2437902,67 manat dəyərində mallar təqdim edilmişdir. İş materiallarında olan 06.11.2018-ci il tarixli EAAN-391602 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə ümumilikdə 2418921,36 manat dəyərində mallar təqdim edilmişdir. İş materiallarında olan 23.11.2018-ci il tarixli EAAN-822273 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə ümumilikdə 27967,49 manat dəyərində mallar təqdim edilmişdir. İş materiallarında olan 23.11.2018-ci il tarixli EAAN-820719 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə ümumilikdə 38265,28 manat dəyərində mallar təqdim edilmişdir. İş materiallarında olan 17.12.2018-ci il tarixli EAAO-424137 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə ümumilikdə 82597,05 manat dəyərində mallar təqdim edilmişdir. İş materiallarında olan 26.12.2018-ci il tarixli EAAO-707642 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə ümumilikdə 484978,03 manat dəyərində mallar təqdim edilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinə ünvanlanmış 04.01.2019-cu il tarixli (e-qaimə) ərizələrdən görünür ki, MMC seriya EAAN №391627 h.kodu f228af4d2879fea1785e279f50e67e15, seriya EAAN №391605 h.kodu fe554627b5e10baf16d461488e52e4b1, seriya EAAN №391602 h.kodu 674264d84789ea876558962b312db8a5, seriya EAAN №822273 h.kodu 02364380b9c52c64be0e0da80a887050, seriya EAAN №820719 h.kodu 6f9bf54c28877b4b71f9d4538e120781, seriya EAAO №424137 h.kodu 94962e26d729d4e611a3a9e0731dc141, seriya EAAO №707642 h.kodu 2fcc902f205b33c627d518bc1dbfc745 olan elektron qaimə fakturaları ləğv etmək üçün imzalamışdır. Qeyd qismində vergi orqanlarının müəssisə üzərində qoyduğu qanunsuz məhdudiyyətlər səbəbindən mal alan təşkilat malın dəyərini ödəyə bilmədyindən göndərilən qaimə fakturaları ləğv etmək məcburiyyətində olması göstərilmişdir. İş materiallarında olan “Kreditverən-Qarant” "xxxx" ASC ilə “Borcalan-Prinsipal” İddiaçı MMC arasında bağlanmış 28.02.2018-ci il tarixli 016LCAR180590001-L saylı kredit limiti müqaviləsinə əsasən İddiaçı MMC-yə 2 000 000 (iki milyon) AZN məbləğində 120 (bir yüz iyirmi) ay müddətinə kredit limiti ayrılmışdır. İş materiallarında olan 016LCAR180590001-L saylı, 28.02.2018-ci il tarixli kredit limiti müqaviləsinə əlavə № 1-dən görünür ki, “Borcalan-Prinsipal” 016LCAR180590001-L saylı, 28 fevral 2018-ci il tarixli kredit limiti müqaviləsi çərçivəsində götürülmüş illik 16 (on altı) faiz dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətə 500 000 (beş yüz min manat) AZN məbləğdə borc pul vəsaitinə “Kreditverən-Qarant”a 0.3 (sıfır tam onda üç) faiz məbləğdə xidmət haqqı ödəyir. Bu əlavənin 1-ci bəndinə uyğun olaraq kredit üzrə faktiki illik faiz dərəcəsi (FİFD) 19.1 (on doqquz tam onda bir) % dir. İş materiallarında olan 016LCAR180590001-L saylı, 28 fevral 2018-ci il tarixli kredit limiti müqaviləsinə əlavə № 2-dən görünür ki, “Borcalan-Prinsipal” 016LCAR180590001-L saylı, 28 fevral 2018-ci il tarixli kredit limiti müqaviləsi çərçivəsində götürülmüş illik 16 (on altı) faiz dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətə 55 000 (əlli beş min manat) AZN məbləğdə borc pul vəsaitinə görə “Kreditverən-Qarant”a 0.3 (sıfır tam onda üç) faiz məbləğdə xidmət haqqı ödəyir. Bu əlavənin 1-ci bəndinə uyğun olaraq kredit üzrə faktiki illik faiz dərəcəsi (FİFD) 19.1 (on doqquz tam onda bir) % dir. İş materiallarında olan İddiaçı MMC-nin (vöen: **********) şəxsi hesab vərəqəsindən görünür ki, 18.02.2021-ci il tarixə cəmi ödənməli borcu 5.686.138,31 manat göstərilmişdir. Əhatə etdiyi dövr 01.01.2015-18.02.2021-ci illərdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 13.11.2020-ci il tarixli № **********814500 saylı məktuba əlavə edilmiş İddiaçı MMC-nin (vöen:**********) ƏDV bəyannaməsi üzrə dövriyyə cədvəlindən görünür ki, 2017-ci il üzrə 6 717 476,89 manat, 2018-ci il üzrə 17 531 648,13 manat, 2019cu il üzrə 12 529 117,41 manat dövriyyəsi olmuşdur. Mənfəət bəyannaməsi üzrə dövriyyə cədvəlinə əsasən 2017-2019-cu illər üzrə 34 694 328,18 manat mənfəət göstərilmişdir. İş materiallarına yararsız hala düşmüş mal-materialların (kafel-metlax) 20 ədəd fotoşəkilləri əlavə edilmişdir. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərə vuran şəxsin təqsiri olması. Hazırkı iş üzrə isə iddiaçının apelyasiya şikayətində qeyd olunan əsaslarla iddiaçıya maddi zərərin dəyməsi müəyyən olunmur. Belə ki, iddiaçı apelyasiya şikayətində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin MXMT(81)-125/2018 nömrəli 06.12.2018-ci il tarixli qərardadına istinad edərək ‘‘zərərvuran şəxsin təqsirli olmasının” həmin qərardadla müəyyən edildiyini və sübuta yetirildiyini bildirmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 40.1ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Qeyd olunan maddənin normasından aydın olur ki, müvəqqəti xarakterli müdafiə barədə ərizə maraqlı şəxsin hüquqlarının qorunması və iddia tələbinin uğurlu olacağı təqdirdə işə baxıldığı dövr ərzində onun hüquqlarının müdafiəsinin gələcəkdə nisbətən çətinləşməməsi üçün inzibati aktın icrasının dayandırılması məqsədi ilə həyata keçirilir. Lakin həmin ərizə hüquqi təbiətinə görə tədbir xarakteri daşıyır və ərizənin təmin edilməsi iddianın təmin edilməsi və ya ediləcəyi mənasına gələ bilməz. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, təmin edilmiş müvəqqəti xarakterli müdafiə barədə ərizənin prosessual norma baxımından əsas iddia tələbi üzrə mötəbər sübut qismində göstərilə bilməz. Bundan başqa iddiaçı apelyasiya şikayətində məhkəməyə iş üzrə sübut qismində təqdim edilmiş və yararsız hala düşmüş (sınmış) kafel-metlax mallarını əks etdirən 20 ədəd fotoşəkilə dair məhkəmə tərəfindən verilmiş hüquqi qiymətlə razılaşmayaraq qeyd etmişdir ki, “təqdim edilmiş şəkillərin sayı onu göstərir ki, həmin şəkillərdə öz əksini tapan mallar məhz iddiaçıya məxsus olmuşdur. Belə ki, iddiaçı tərəf istəsəydi başqa şəxslərə məxsus başqa yerlərdə yerləşən yüzlərlə ədəd çəkilmiş fotoşəkilləri məhkəməyə təqdim edə bilərdi. Lakin cəmi 20 ədəd çəkilmiş fotoşəkilin məhkəməyə təqdim edilməsi iddiaçı tərəfin obyektivliyini və həmin zay olmuş malların məhz iddiaçıya məxsus olmasını təsdiq edir.” Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, yararsız hala düşmüş (sınmış) kafelmetlax mallarını əks etdirən 20 ədəd fotoşəkil inzibati orqanın hərəkətləri və ya hərəkətsizlikləri arasında səbəbli əlaqənin mövcud olmasına dəlalət etmir. Həmin şəkillərdə əks olunan kafel-metlax mallarının “Bu vergi ödəyicisi İddiaçı (VÖEN: **********) əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur” yazısı yazıldığına görə sınması və bunun nəticəsində vergi ödəyicisinə zərərin dəyməsi, zərərlə qanunsuz hərəkət arasında səbəbli əlaqənin olmasını, zərərvuran şəxsin təqsirinin olmasını sübuta yetirmir və bu səbəbdən də qeyd olunan dəlil sübut kimi dəyərləndirilə bilməz. Həmçinin iddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, “cavabdehin vergi orqanının müəssisənin üzərinə qoyduğu qanunsuz məhdudiyyətlər səbəbindən “AZTEXNİKA" MMCdən mal alan şəxslər malın dəyərini İddiaçı MMC-yə ödəyə bilmədiyindən satılan alınan mal-materiallar geri qaytarılır, bu zaman qaytarılan malların yenidən yüklənməsi və boşaldılması zamanı həmin mallarda müəyyən zədələnmələr olur və nəticədə İddiaçı MMCyə məxsus malların geri qaytarılması ilə əlaqədar olaraq həm yükləmə-boşaltma zamanı, həm də qazancdan məhrum olma (əldən çıxmış fayda) və həm hal-hazırki, həm də gələcək müştərilərin itirilməsi nəticəsində İddiaçı MMC-yə külli miqdarda maddi zərər vurulmuşdur.” İddiaçı qeyd olunan dəlilinin sübutu kimi “Vergi ödəyicilərinin onlayn kargüzarlıq” ünvanından çıxarılmış elektron qaimələrin surətlərini məhkəməyə təqdim etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 71-1.5-ci maddəsinə əsasən malların qaytarılması barədə elektron qaimə vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq verilən elektron qaimə-faktura növlərindən biridir. Həmin elektron qaimə verilməsinin müxtəlif səbəbləri ola bildiyi halda vergi ödəyicisi bunu vergi orqanının hərəkərləri ilə əlaqələndirmiş, lakin buna baxmayaraq məhkəməyə tərəflər arasında bağlanılmış müqavilələri, malların qaytarılması aktlarını, təhvil-təslim aktlarını təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan dəlil mötəbər sübut kimi qiymətləndirilə bilməz. Bundan başqa iddiaçı məhkəməyə sübut qismində "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsini (Əlavə 1 və Əlavə 2), hesabdan çıxarışı, ödəniş cədvəlinin təsdiq edilmiş surətlərini təqdim edərək, vergi orqanın hərəkəti nəticəsində külli miqdarda ziyana düçar olduğundan MMC tərəfindən bank qarşısında da öhdəliklərinin yerinə yetirə bilmədiyini qeyd etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Kredit müqaviləsi üzrə əldə edilmiş pul məbləğinin xərclənmə təyinatı tərəflər arasından bağlanmış müqavilədə əks etdirilə bilər. Həmçinin qeyd olunmalıdır ki, müxtəlif növ risklərlə bağlı baş verə biləcək itkilər mülkü hüquq münasibətlərində kredit müqaviləsi deyil, sığorta müqaviləsi ilə tənzimlənə bilər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Göründüyü kimi, qanunvericiliyə əsasən "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə alınmış müvafiq pul məbləğinin qaytarılması öhdəliyi məhz iddiaçının üzərinə düşür. İddiaçı MMC-nin bağladığı kredit müqavilələri üzrə öz öhdəliyinin vaxtında yerinə yetirmədiyindən, yaranan mülki-hüquqi məsuliyyətinə görə vurulmuş zərərin ödənilməsini cavabdeh orqandan tələb edilməsi əsassız olduğundan sübut kimi dəyərləndirilə bilməz. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının hazırki iş üzrə irəli sürdüyü iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə iddia növünə aiddir. Qeyd olunan maddənin məzmunundan da görünür ki, vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialar inzibati orqanların qanunsuz qərarları (inzibati aktları), hərəkətləri və ya hərəkətsizliyi ilə bağlı qaldırıla bilər. Buna baxmayaraq iddiaçı hazırki iddia ilə bağlı tələb etdiyi maddi zərərin məhz cavabdehin qanunsuz qərarı, hərəkəti və ya hərəkətsizliyi nəticəsində ona vurulduğunu təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, məhkəmə araşdırmaları zamanı cavabdehin qanunazidd hərəkətlərinin mövcud olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı MMC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-105/2021 saylı 02.07.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2388/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2388/2021
17.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver