Məhkəmə qərarları › İş №2-1(103)-2388/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2388/2022

28.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2388/2022 28.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Tanrıverdiyev Anar Vəzir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Hüseynova Arzu İsrafil qızının katibliyi, İddiaçı və onun vəkili X1, üçüncü şəxs X2 və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə (üçüncü şəxs X5) qarşı “qeydiyyata alınma” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-645/2022 saylı, 17 mart 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanına pasport qeydiyyatına alınması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, uzun müddətdir ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində yaşayır və həmin ev onun sahibliyində və istifadəsindədir. O, ünvan 3 ünvanında qeydiyyatda olsa da, faktiki olaraq uzun müddətdir həmin ünvanda yaşayır. O, Sabunçu Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək yaşadığı fərdi yaşayış evinə qeydiyyata alınmasını və şəxsiyyət vəsiqəsinin verilməsini xahiş etmişdir. Lakin cavabdeh müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. O, faktiki olaraq yaşadığı ünvana pasport qeydiyyatına alınmalıdır. Eyni zamanda üçüncü şəxs X2 mübahisə olunan fərdi yaşayış evinə dair heç bir hüququ yoxdur, orada yaşamamışdır. Onun həmin evə qeydiyyata düşməsi tələbinə X2 etiraz etməsi əsassızdır Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 2 ünvanına pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4210/2021-ci il saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı ünvan 2 ünvana qeydiyyata alınması öhdəliyinin cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərar, ondan qanunla müəyyən edilmiş müddət ərzində şikayət verilmədiyindən qanuni qüvvəyə minmişdir. X5 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4210/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının onun qanunla qorunan maraqlarına toxunduğunu nəzərə alaraq, onun həmin iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4210/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizəçi X5 tərəfindən verilmiş üçüncü şəxs qismində cəlb edilmə barədə vəsatət təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2788/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizəçi X2 apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4210/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilmiş, X2 ərizəsi təmin edilərək üçüncü şəxs qismində işə cəlb olunmuş və iş baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-645/2022 saylı, 17 mart 2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı qərardan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli ünvanda yaşamış X6 iddiaçının oğludur. İşdə olan sənədlərdən görünür ki, X6 həmin ünvanda qeydiyyatda olmuşdur. X6 dünyasını dəyişmiş və İddiaçı onun qanun üzrə birinci dərəcəli vərəsəsidir.İddiaçı həmin ünvanda yerləşən torpaq sahəsi üzrə vergi ödəməklə vergi ödəyicisi, komunal xidmətdən istifadəyə dair komunal xidmət ödəyicisidir. Onun qeyd olunan ünvana qeydiyyata alınmağı barədə iddianın təmin edilməməsi nəticəsində onun yaşayış yeri üzrə dövlət və cəmiyyət, o cümlədən başqa şəxslər qarşısında vəzifələrinin icra edilməsi üçün süni manəelərin yaranmasına səbəb olmuş, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi sahəsində hüquqları pozulmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdlər. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxs və onun vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-645/2022 saylı, 17 mart 2022-ci il tarixli qərarı ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilməli və İddiaçı ünvan 2 ünvanına pasport qeydiyyatına alınması öhdəliyi cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən ünvan 2 ünvanında yaşayan İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunda ərizəçinin müraciətinə cavab olaraq bildirilmişdir ki, “Sizin yuxarıda göstərilən ünvana pasport qeydiyyatına alınmağınız üçün yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin (orderin, mülkiyyət hüququnun qeydiyyat vəsiqəsinin və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan başqa sənədlər) RPİ-nin QMB-nə təqdim olunması vacibdir. Lakin tərəfinizdən göstərilən sənədlər Sabunçu RPİ QMB-nə təqdim olunmadığından göstərilən ünvana qeydiyyata alınma imkan xaricindədir. Qeydiyyatla əlaqədar olaraq məhkəməyə müraciət etməyiniz məqsədəmüvafiq hesab edilir.” - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli ******* nömrəli arayışından görünür ki, xx.xx.1968-ci il təvəllüdlü X6 ünvan 2 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası ƏƏSMN Bakı şəhəri Sabunçu Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən İddiaçı verilmiş 007486 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. - Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 733947 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X5 21 fevral 2012-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Nüsrətov, arvada Bağırova soyadı verilmişdir. - Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 179932 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölmüşdür. - xx.xx.2021-ci il tarixli, AKX-02730xx/xx-2021 nömrəli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, paylayıcı “Azəriqaz” İB istehlakçı X3 (10 Bakı - 04 Sabunçu - 031 Şuşinski-0020-0003) keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürür. - xx.xx.2021-ci il tarixli, 43825593 nömrəli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilənin surətindən görünür ki, "xxxx" ASC istehlakçı X3 ünvan 13 ünvanında tələbatına uyğun içməli su ilə təmin etməyi və tullantı sularının fasiləsiz qəbulunu həyata keçirməyi öhdəsinə götürür - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5326/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X2 İddiaçı, X7 və X4 qarşı “yaşayış evinə köçürülmə və cavabdehin çıxarılması” tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı X2 ünvan 14 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmüş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11225/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5326/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5326/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi iddianın qismən təmin edildiyi hissədə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilmiş, iddiaçı X2 ünvan 14 ünvanında yerləşən fərdi evə köçürülmüş, qətnamə qalan hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1260/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən iddiaçı X2 cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı İddiaçı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla qeydiyyata alınma tələbinə dair iddiası təmin edilməmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Seyid Şuşinski küçəsi, 3Q saylı fərdi yaşayış evinin qeydiyyatan keçməsi ilə bağlı məlumat İdarənin arxivində aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, qanuna əsasən mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi qeydiyyata alınma üçün əsas olan sənədlər hesab edildiyindən, iddiaçının isə belə sənədlərdən hər hansı biri olmadığından, onun göstərilən evə qeydiyyata alınmasından qanuni və əsaslı olaraq imtina edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, aşagıdakı normativ aktlara əsasən iddia təmin edilməlidir. “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, evin özbaşına tikili olması AR Konstitusiyasının 43-cü maddəsində qeyd olunan normanın tətbiq edilməsi üçün mane ola bilməz. Hazırkı işin hallarından müəyyən edilmişdir ki, İddiaçı uzun müddət faktiki olaraq yaşadıgı və qeydiyyata alınmasını xahiş etdiyi ünvan 14 ünvanında yerləşən ev özbaşına tikilidir. İddiaçı həmin evə qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərək, qeyd etmişdir ki, o, qeydiyyat üçün əsas olan sənədlərdən hər hansı birini təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki məcəlləsinin 164.1-ci maddəsinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 165.10-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Həmin Məcəllənin 166.3-cü maddəsinə görə yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə tərəfindən iddiaçının qeydiyyata alınmasını tələb etdiyi ev özbaşına tikili olsa da, həmin evdə başqa şəxslərin qeydiyyatda olub-olmamasını araşdırmamış, iddiaçının mərhum oğlu ilə birlikdə həmin ünvanda yaşamasını və eyni zamanda üçüncü şəxs X2 həmin ünvana köçürülməsinə dair qüvvədə olan məhkəmə qətnaməsinin olmasını nəzərə almamış, iddiaçının tələbinin təmin olunmasından imtina üçün cavabdeh organın istinad etdiyi “evə dair hüquqməyyənedici sənədin olmaması” dəlilini yeganə əsas kimi qəbul edərək iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə iddiaçının qeydiyyata alınmasını tələb etdiyi ünvanla bağlı üçüncü şəxs X2 həmin evə köçürülməsinə dair qüvvədə olan məhkəmə qətnaməsi mövcuddur. Üçüncü şəxs həmin sənəd əsasında onun müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyata alınmasından imtinanı mübahisələndirərək eyni məzmunlu tələblə məhkəməyə müraciət etmişdir. “İnzibati İcraat Haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəılif qərarların qəbul edilməsi qadağandır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 14cü maddəsinə əsasən bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə, Konvensiyanın 14-cü maddəsi üzrə məzələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da, istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı i. Üzrə 22 mart 2012-ci il tarixli qərar, 85-86). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarları kontekstində mübahisəyə baxan məhkəmə tərkibi hesab edir ki, eyni statusda olan şəxslərə cavabdeh tərəfindən fərqliyanaşmaya yol verildiyinə görə, cavabdehin hərəkəti Azərbaycan respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən qanunvericilik normalarını işin hallarına tətbiq edərək hesab edir ki, iddiaçının qeyd olunan ünvanına qeydiyyata alınmasından imtina edilməsi nəticəsində, onun yaşayış yeri üzrə qeydiyyata alınması, başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılmasına dair hüquqları pozulmuşdur. Bu baxımdan cavabdehin imtinası əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia təmin edilməlidir. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94, və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-645/2022 saylı, 17 mart 2022-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı ünvan 2 ünvanına pasport qeydiyyatına alınması öhdəliyi cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar