Məhkəmə qərarları › İş №2-1(103)-2388/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2388/2024

06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2388/2024 06.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 60 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2273/2024 saylı, 31 yanvar 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq iddiaçıya 60 yaşın tamam olduğu tarixdən, yəni xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1963-cü ildə doğulmuşdur.İddiaçı xx.xx.1980-cı ildən xx.xx.1981-ci ilə qədər Şahbuz rayon Cəfər Cabbarlı adına kolxozda fəhlə işləmişdir, xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilə qədər sovet ordusunun sıralarında hərbi xidmətdə olmuşdur.İddiaçı xx.xx.1983-cü ildən xx.xx.1987-ci ilə qədər Şahbuz rayon Cəfər Cabbarlı adına kolxozda fəhlə vəzifəsində işləmiş, xx.xx.1987-ci ildən xx.xx.1992-ci ilə qədər Azərbaycan Pedaqoji Universitetinin Hərbi hazırlıq və bədən tərbiyəsi fakültəsində əyani təhsil almış, xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilə qədər X1 fəhlə, xx.xx.1994-cü ildən xx.xx.1997-ci ilə qədər orta məktəbdə müəllim, xx.xx.2003-cü ildən xx.xx.2006-cı ilə qədər “X5” BM-də yükdaşıyan, xx.xx.2006-cı ildən xx.xx.2007-ci ilə qədər "xxxx" ASC-də Energetika xidmətinin elektrik təchizatı sahəsində 35/6 kilovat elektrik yarımstansiyasının 12-ci dərəcəli növbə rəisi, xx.xx.2007-ci ildən xx.xx.2011-ci ilə qədər X7 elektrik təchizatı sahəsində 12-ci dərəcəli növbə rəisi. xx.xx.2011-ci ildən xx.xx.2014-cü ilədək elektrik sexinin növbə rəisi, xx.xx.2014-cü ildən xx.xx.2018-ci ilədək elektrik sahəsinin növbə rəisi, xx.xx.2018-ci ildən xx.xx.2022-ci ilə qədər elektrik sahəsinin elektrik təchizatı xidmət sahəsinin növbə rəisi, xx.xx.2022-ci ildən hazıradək “Azneft” X6 Emalı Zavodunun elektrik sahəsi elektrik təchizatı xidmət sahəsində növbə rəisi vəzifəsində işləyir.İddiaçının yuxarıda sadalanan əmək fəaliyyəti ona məxsus əmək kitabçası ilə yanaşı iş yerindən verilmiş xx.xx.2023-cü il tarixli, 14-2-1-14/2-B-4-42/2023-70 №-li arayış ilə də öz təsdiqini tapmışdır.Qeyd edilən arayışda iddiaçının işlədiyi sahələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzilələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərara müvafıq olaraq həmin siyahının 10.5.1- ci bəndinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdir və onun güzəştli şərtlərlə əmək stajı 17 il 01 ay təşkil eldiyi qeyd edilmişdir.Bundan sonra iddiaçı cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2023-cü il tarixli, 3- 17-1/2-B-177008/2023 №-li cavab məktubu ilə iddiaçının ərizəsində qeyd etdiklərinin icrasından imtina etmişdir.İmtinanın əsası kimi güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun olmaması göstərilmişdir.İddiaçı hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. İddia ərizəsinə əlavə etdiyi, eləcə də inzibati orqana təqdim edilmiş güzəştli arayışdan görünür ki, işəgötürən müəssisə tərəfindən iddiaçının işlədiyi sahənin zərərli peşə olmasını müəyyən etmək üçün komissiya yaradılmış və həmin komissiyanın yekdil rəyi əsasında iddiaçının işlədiyi peşənin zərərli sahə olması öz əksini tapmışdır. Lakin buna baxmayaraq cavabdeh inzibati orqan iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2273/2024 saylı, 31 yanvar 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2023- cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkidövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Hazırki işdə mübahisəli məsələ iddiaçının təqdim etdiyi sənədlər əsasında işlədiyi vəzifənin (elektrik təchizatı sahəsində növbə rəisi) sözügedən siyahıda müəyyən olunmuş peşələr ilə eyniləşdirilməməsidir. Məhkəmə qərarında “elektrik təchizatı sahəsində növbə rəisi” vəzifəsinin 12 nömrəli siyahıda qeyd edilməməsini qeyd etsə də, iddiaçının həmin vəzifədə işlədiyi dövrün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına daxil edilməməsinin “hüququn hamılıqla qəbul edilmiş bərabərlik və ədalətlilik prinsipləri”nə zidd olması barədə hüquqi nəticəyə gəlmişdir. Məhkəmənin bununla bağlı mövqeyinə münasibətdə qeyd etmək istərdik ki, məhkəmə tədqiqatının predmeti yalnız iddiaçının təqdim etdiyi sənədlər, güzəştli arayış və iddiaçının vəkilinin iddia ərizəsinə dair izahatı olmuşdur. Məhkəmə tərkibi vəzifəsi olduğu halda, hər hansı araşdırma aparmamış, iddiaçıdan işlədiyi vəzifənin funksiyaları barədə izahat belə istəməmiş, iddiaçı tərəfindən təqdim olunmuş sənədlərlə kifayətlənmişdir. Eləcə də, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na, “Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı” adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. İddiaçı tərəfindən təqdim olunmuş arayışda göstərilən “elektrik təchizatı sahəsində növbə rəisi” vəzifəsi isə siyahıda nəzərdə tutulmamışdır. Göründüyü kimi, Bakı İnzibati Məhkəməsinin barəsində şikayət verilən qərarında yalnız qanunvericilik normalarına istinad edilmiş, onlar mübahisəyə dair hallarla yetəri qədər əsaslandırılmamışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2273/2024 saylı, 31 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: -“Azneft” İB-nin X7 xx.xx.2023-cü il tarixli arayışına əsasən İddiaçı həqiqətən də SOCAR-ın “Azneft” X3 Emalı Zavodunda 01 iyun 2006-cı il tarixdən 01 iyun 2007-ci il tarixədək energetika xidmətinin elektrik təchizatı sahəsində 35/6 kv elektrik yarımstansiyasının növbə rəisi; 01 iyun 2007-ci il tarixdən 01 iyun 2011-ci il tarixədək elektrik təchizatı sahəsində növbə rəisi; 01 iyun 2011ci il tarixdən 01 aprel 2014-cü il tarixədək elektrik sexində növbə rəisi işləmişdir, 01 aprel 2014-cü il tarixdən hal-hazıra qədər elektrik sahəsinin elektrik təchizatı xidmət sahəsində növbə rəisi vəzifəsində zərərli iş şəraitində işləyir.İmtiyazlı təqaüdün təyin edilməsi üzrə komissiya təsdiq edir ki, İddiaçı yuxarıda göstərilən müddətdə "Qaz benzinin və maye qazın istehsalı" fəaliyyət sahəsi üzrə növbə rəisi işlərini yerinə yetirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşa görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın təsdiq edilməsi barədə əsasnamənin 10-cu bölməsinin 10.5-ci bəndinə və 10.5.1-ci bəndinin əlavəsinə (b) əsasən İddiaçı gördüyü işlər imtiyazlı təqaüdün təyin olunmasına əsas verir.Azərbaycan Respublikası Prezidentinin 2142 nömrəli, 02 may 2007-ci il tarixli və ARDNŞ-in 04 saylı, 31 may 2007-ci il tarixli Sərəncamlarına əsasən “Azərbaycan X10” Qaz Əməliyyatları İdarəsinin tabeliyində “X10” adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2009-cu il tarixli, 126 №-li Fərmanına və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 21 iyul 2009-cu il tarixli, 95 №-li əmrinə əsasən Qaz Əməliyyatları İdarəsinin Strukturuna daxil olan “X11”u mövcud təşkilati forması dəyişdirilmədən “Azəriqaz” İstehsalat Birliyinin tərkibinə verilmişdir. ARDNŞ-nin 138 saylı, xx.xx.2009-cu il tarixli əmrinə əsasən X10 xx.xx.2009-cu il tarixdən ARDNŞ-nin birbaşa tabeliyinə verilmişdir. ARDNŞ- nin xx.xx.2009-cu il tarixli, 155 №-li əmrinə əsasən ARDNŞ-nin strukturunda hüquqi şəxs kimi X10 yaradılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) 18 noyabr 2021-ci il tarixli, SOCAR **********00040020A00126 №-li əmrinə əsasən SOCAR-ın X7 hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyəti dayandırılmış,onun maddi-texniki bazasında SOCARın “Azneft” İstehsalat Birliyinin tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi X10 (Təşkilat) yaradılmışdır; -Cavabdehin iddiaçıya ünvanlanmış imtina məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin, istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. "Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti terəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir.Mərkəzi Filiala təqdim edilmiş SOCAR “Azneft” İB-nin X7 iddiaçıya dair 5 iyul 2023-cü il tarixli, 14-2-1- 14/2-B-4-42/2023-70 nömrəli arayışında xx.xx.2006-cı il tarixindən iddiaçının həmin müəssisənin elektrik təchizatı sahəsində növbə rəisi vəzifəsində işlədiyi qeyd olunmuşdur, iddiaçının işlədiyi elektrik təchizatı sahəsi sözügedən arayışda istinad edilən sahələrə aid deyildir. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd olunanlara əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericilik tələbləri baxımından mümkün hesab edilməmişdir; -İddiaçının əmək kitabçasına əsasən iddiaçı xx.xx.1980-cı ildən xx.xx.1981-ci ilə qədər kolxozda fəhlə işləmişdir, xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilə qədər hərbi xidmətdə olmuşdur, xx.xx.1983-cü ildən xx.xx.1987-ci ilə qədər kolxozda fəhlə işləmişdir, xx.xx.1988-ci ildən xx.xx.1992-ci ilə qədər Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda ali təhsil almışdır, xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilə qədər "xxxx" Müəssisəsində fəhlə, xx.xx.1994-cü ildən xx.xx.1997-ci ilə qədər orta məktəbdə müəllim, xx.xx.2003-cü ildən xx.xx.2006-cı ilə qədər “X5” BM-də yükdaşıyan işləmişdir,xx.xx.2006-cı ildən "xxxx" ASC-də energetika xidmətinin elektrik təchizatı sahəsində 35/6 kV elektrik yarımstansiyasının 12-ci dərəcəli növbə rəisi vəzifəsinə qəbul edilmişdir, "xxxx" ASC-nin adı dəyişdirilərək 2007-ci ilin may ayında “X10” adlandırılmışdır,xx.xx.2007-ci ildən X8 elektrik təchizatı sahəsinə 12-ci dərəcəli növbə rəisi işinə qəbul edilmişdir,xx.xx.2011-ci ildən elektrik sexinin (xx.xx.2014-cü ildən elektrik sahəsi adlandırılmışdır) 13-cü dərəcəli növbə rəisi vəzifəsinə keçirilmişdir, xx.xx.2018-ci ildən elektrik sahəsinin elektrik təchizatı xidmət sahəsinə 12-ci dərəcəli növbə rəisi vəzifəsinə keçirilmişdir, xx.xx.2022-ci ildən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir,xx.xx.2022-ci ildən X10na elektrik sahəsi elektrik təchizatı xidmət sahəsinə 12-ci dərəcəli növbə rəisi vəzifəsinə işə qəbul edilmişdir və hal-hazıra kimi həmin vəzifədə işləyir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, 11. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Hazırkı işin hallarından görünür ki, iddiaçının 60 yaşı xx.xx.2023-cü ildə tamam olmuşdur və ümumi əmək stajı 25 ildən çoxdur, işin bu halları cavabdeh tərəfindən mübahisələndirilmir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən mübahisələndirilən iddiaçının güzəştli iş stajı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın “10.5. Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsinin 10.5.1-ci yarımbölməsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların və peşələr, vəzifələr kimi göstərilmişdir: “İstehsalatda məşğul olan aşağıda sadalanan fəhlələr, rəhbərlər və mütəxəssislər: neft məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması; təbii sulu qazın konversiyası, neft məhsullarının, süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyanın, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri: b) rəhbərlər və mütəxəssislər: növbə rəisləri. Göründüyü kimi iddiaçının xx.xx.2006-cı ildən bu günkü günə qədər “Azneft” X6 Emalı Zavodunun elektrik sahəsi elektrik təchizatı xidmət sahəsində növbə rəisi vəzifəsində işlədiyi müddət güzəştli şərtlərlə pensiya hüququ verən vəzifə kimi qanunvericilikdə nəzərdə tutulmuşdur, habelə iddiaçının həmin vəzifədə işlədiyi iş şəraiti "Qaz benzinin və maye qazın istehsalı" fəaliyyət sahəsi olmaqla zərərli olmuşdur. Beləliklə işin faktiki halları ilə təsdiq edilir ki, iddiaçı X8 12 il 6 aydan çox müddətdə növbə rəisi işləmişdir, iddiaçının 60 yaşı xx.xx.2023-cü ildə tamam olmuşdur və ümumi iş stajı 25 ildən çoxdur, yəni iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün əsaslar mövcuddur, halbuki cavabdeh qeyd edilən halları nəzərə almayaraq iddiaçıya 60 yaşından güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina etməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozmuşdur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirmişdir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun qazanılması üçün güzəştli iş stajı ilə bağlı şərti də ödəmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2273/2024 saylı, 31 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2273/2024 saylı, 31 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar