Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-239/2020 16.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Mayılov Ülvi Arif oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X3 ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X7 X6 İdarəsinə (bundan sonra mətndə - DSMF XŞTİ) qarşı ödənilməmiş əmək pensiyasının hesablanaraq ödənilməsi tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3837/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə-540 ünvanda), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh DSMF XŞTİ-nə qarşı iddia ərizəsi ilə1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinəmüraciət edərək, xx.xx.2005-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üçün ona ödənilməmiş əmək pensiyasının hesablanaraq birdəfəlik qaydada ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dahasonraiddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət üçün ona ödənilməmiş əmək pensiyasının hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1994-2005-ci illərdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində zabit kimi xidmət etmişdir. xx.xx.2005-ci il tarixdə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 18-ci maddəsinin «B» bəndinə əsasən (xəstəliyə görə) Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2005-ci il tarixli 1033 ş/h №-li əmri ilə ehtiyata buraxılmışdır. Ehtiyata buraxılarkən onun pensiya hüququ olsa da, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin günahı ucbatından ona yaşa görə əmək pensiyası yalnız xx.xx.2019-cu il tarixdən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-327/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı əsasında təyin edilmişdir. Həmin tarixdən başlayaraq əmək pensiyası alır. Hesab edir ki, ona ehtiyata buraxıldığı gündən xx.xx.2005-ci il tarixdən pensiya təyin olunmuş xx.xx.2019-cu il tarixədək olan müddət üçün əmək pensiyası hesablanaraq ödənilməlidir. xx.xx.2005-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üçün əmək pensiyasının hesablanaraq birdəfəlik qaydada ona ödənilməsi barədə göstəriş verilməsi xahişi ilə xx.xx.2019-cu il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin müraciəti bu günə qədər cavabsız və nəticəsiz qalmışdır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh DSMF XŞTİ iddiaya qarşı yazılı «Etiraz» verərək bildirmişdir ki, iddiaçı xx.xx.2005-ci ildə ehtiyata buraxılsa da, pensiya təyin edilməsi üçün DSX-yə və ya daha sonra DSMF-yə müraciət etməyib. Pensiya işi ilə təsdiqlənir ki, iddiaçı ona pensiya təyin edilməsi üçün xx xxx 2019-cu ildə İdarəyə müraciət etmişdir. İdarənin xx.xx.2019-cu il tarixli, **********1 nömrəli əmək pensiyasının təyin edilməsi haqqında qərarı ilə «Əmək pensiyaları haqqında» Qanunun 20.14-cü maddəsinə əsasən təminat xərcliyinin 57,67 faizi həcmində pensiya təyin edilmişdir. Keçmiş dövr üçün 3 illik müddət əsas alınmaqla hesablanmış 17.591,58 manat pensiya məbləği hər ay hissə-hissə iddiaçının aldığı aylıq pensiya məbləğinin üzərinə əlavə olunmaqla ödənilir. İddiaçının tələbi «Əmək pensiyaları haqqında» Qanunun 37.7 və 32.1-1-ci maddələrinə əsasən rədd edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun 37.7-ci maddəsinə görə, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1-ci maddəsinə görə, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddə müəyyən edilmiş müddətlərə təyin edilir. Göründüyü kimi, idarə «Əmək pensiyaları haqqında» Qanunun 37.7 və 32.1-1-ci maddələrini rəhbər tutaraq müraciət tarixindən geriyə ən çoxu 3 il üçün pensiyanı hesablayıb və hissə-hissə ödəyir. İddiaçının 2005-ci ildən 2016-cı il tarixədək olan dövr üçün İdarədən pensiya ödənilməsini tələb etmək hüququ İdarənin isə belə bir pensiyanı hesablayıb ödəmək öhdəliyi yoxdur. Bunlara əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3837/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı təyin edilmiş pensiyanın xx.xx.2006-ci ildən tətbiq edilməklə, pensiya məbləğinin xx.xx.2006-cı il tarixindən xx.xx.2016-cı il tarixədək olan müddət üçün ödənilməsi vəzifəsinin cavabdeh DSMF XŞTİnə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan iş üzrə cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti məzmunca iddiaya qarşı verilmiş «Etiraz»a uyğun olmaqla onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun gəlməyən vəziyyətdə, maddi hüquq normalarının pozulması ilə çıxarılmış, işdəki faktiki hallar aydınlaşdırılmamış və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. İşə apellyasiya instansiyasında baxılarkən, məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili X2 iddiaya qarşı verilmiş «Etiraz»a və apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat vermiş və apellyasiya şikayətinə etiraz edərək şikayətin əsassız olduğundan təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, hazırkı iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3837/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 327/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, İddiaçı hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı onun barəsində müvafiq məlumat vərəqəsinin tərtib edilərək DSMF orqanına göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulmuşdur. İş materiallarında olan, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********4 saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və müraciətin təmin edilməsindən imtina edilmişdir. İmtinaya əsas olaraq göstərilmişdir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən təqdim olunmuş xx xxx 2019-cu il tarixli 001749 nömrəli məlumat vərəqəsinə əsasən İdarə tərəfindən ona xx xxxx 2019-cu il tarixində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.14.2-ci maddəsinə uyğun olaraq təminat xərcliyinin (887 manat) 57,67 faizi – 511,63 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmiş və keçmiş üç il müddət üçün hesablanmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 və 37.7-ci maddələrinə əsasən əmək pensiyası üzrə keçmiş dövr üçün hesablanmış 17591,58 manat məbləğində vəsaitin cari aydan etibarən həmin maddənin tələblərinə uyğun qaydada hissə-hissə pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. İşin müəyyən edilmiş hallarından göründüyü kimi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-327/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən təqdim olunmuş xx xxx 2019cu il tarixli 001749 nömrəli məlumat vərəqəsinə əsasən xx xxxx 2019-cu il tarixində iddiaçıya cavabdeh tərəfindən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İş materiallarından görünür ki, iddiaçı ona təyin olunmuş pensiya üzrə keçmiş müddət üçün hesablanmamış pensiya fərqinin ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, lakin cavabdeh «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün hesablanaraq ödənildiyi, buna görə də iddiaçıya əmək pensiyasının müraciət edilən tarixdən əvvəlki keçmiş dövr üçün 3 il üzrə qanunamüvafiq olaraq hesablandığını bildirərək, müraciətin təmin edilməsindən imtina etmişdir. İş materiallarından həmçinin görünür ki, iddiaçıya cavabdeh tərəfindən xx xxxx 2019-cu il tarixində hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən göndərilmiş xx xxx 2019-cu il tarixli 001749 nömrəli məlumat vərəqəsinə əsasən təyin olunsa da, pensiya onun xx xxxxxx 2005-ci il tarixdə ehtiyata buraxılması əsas götürülərək təyin edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən iddiaçı barəsində məlumat vərəqi xx xxx 2019-cu il tarixdə məhkəmə qərarının icrası ilə bağlı verilsə də, lakin onun hərbi qulluqçu olaraq yaşa görə pensiya hüququ xidmətdən xaric edildiyi xx.xx.2005-ci il tarixindən yaranmışdır. İddiaçının xidmət etdiyi orqan tərəfindən onun barəsində məlumat vərəqi gec göndərildiyindən, ona hərbi qulluqçu kimi xx xxxx 2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 saylı qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablaması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 3-cü bəndinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. Həmin «Qaydalar»ın 3-cü bəndinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət X10 təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, işin hallarını nəzərə alan birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının pensiya hüququnun xx.xx.2005-ci il tarixindən yaranmasına baxmayaraq, onun barəsində məlumat vərəqinin qanunvericlikdə müəyyən edilmiş müddətdə tərtib edilərək, Azərbaycan Respublikasının Dövlət X10 təqdim edilməsi qulluq etdiyi orqanların vəzifəsi olmuşdur və iddiaçı onun barəsində təminat xərcliyi barədə məlumatları özündə əks etdirən məlumat vərəqi verilmədən birbaşa olaraq ona hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikasının Dövlət X10 müraciət edə bilməzdi. İş materiallarından da görünür ki, iddiaçı ona pensiya təyin edilməsi üçün məlumat vərəqinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmiş və həmin iddiaçının təmin olunmasına dair məhkəmə qərarı qəbul olunmuşdur. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşır ki, iddiaçının pensiya hüququ xx.xx.2005-ci il tarixindən yarandığından ona münasibətdə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci hissəsində göstərilir ki, hamı məhkəmə və qanun qarşısında bərabərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə görə mülki qanunverciliyin əsas prinsiplərindən biri də mülki hüquq subyektlərinin bərabərliyi prinsipidir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fıziki və hüquqi şəxslərin hüquqi vaziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 31.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Həmin Qanunun 31.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, işin yuxarıda qeyd olunan mübahisəsiz hallarından göründüyü kimi, iddiaçının hərbi qulluqçu kimi güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ artıq xx.xx.2005-ci il tarixindən yaranmışdır. Bununla əlaqədar məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ona pensiya təyin edilməsi üçün xx xxx 2019-cu ildə İdarəyə müraciət etməsi ilə əlaqədar iddiaçıya xx xxxx 2017-ci il tarixdə qüvvəyə minmiş dəyişikliklərə əsasən «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1 maddəsi tətbiq edilməklə son 3 il üçün pensiya məbləğinin hesablanıb ödənilməli olması barədə cavabdehin mövqeyi əsaslı sayıla bilməz. Belə ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ yuxarıda qeyd edildiyi kimi, «Əmək pensiyaları haqqında» Qanunda xx xxxx 2017-ci il tarixdə dəyişiklik edilənədək yaranmışdır və həmin Qanunun mübahisəli hüquq münasibətləri yaranan zaman qüvvədə olan maddələrinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. «Əmək pensiyaları haqqında» Qanunun 31.1, 32.1, 37.7-ci maddələrinə görə isə, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Bununla yanaşı həmçinin qeyd olumalıdır ki, Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ««Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 1.3-cü bəndi ilə də müəyyən edilmişdir ki, 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının pensiya hüququnun xx.xx.2005-ci il tarixdən yarandığını, cavabdeh inzibati orqanın xx.xx.2007-ci il tarixdən fəaliyyətə başladığını, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun xx.xx.2006-cı il tarixdən qanuni qüvvəyə mindiyini, həmin Qanunun 31.2-ci maddəsinə əsasən pensiya hüququnun həmin Qanunun qüvvəyə minməsindən əvvəl yarandığı halda, Qanunun qüvvəyə mindiyi gündən, yəni xx.xx.2006-cı il tarixdən hesablanmasının mümkün olduğunu nəzərə almaqla düzgün olaraq münəticəyə gəlmişdir ki, iddiaçıya xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üçün pensiya hesablanaraq ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinin tələbinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə tərəflər arasında mübahisəyə dair düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qərar qanunun normalarına uyğun əsaslandırılmışdır və apellyasiya şikayətinin dəlilləri həmin qərarın ləğvi üçün əsas verə bilməz. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X7 X8 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3837/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) kassasiya şikayəti verilə bilər. Sədrlik edən /imza/ Hakimlər /imzalar/ Əsli ilə düzdür. Hakim: Ülvi Mayılov
Məhkəmə qərarları › İş №2-1(103)-239/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-239/2020
16.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver