Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-239/2024 18.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı “yaşadığı ünvana qeydiyyata alınması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7984/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 6-cı Mədən ünvanına qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə iddiaçı 1998-ci ildən özü tikib başa çatdırdığı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 6-cı Mədən ünvanında 1 otaqlı evdə qeydiyyatsız yaşayır. O, cavabdehə müraciət edərək həmin ünvana pasport qeydiyyatına alınmasını xahiş etmiş, lakin sonuncu ona ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubu ilə yaşayış sahəsinə köçməyə əsas verən sənədlər təqdim edilmədiyindən, ərizəsinin təmin edilməsindən imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7984/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsi tərəfindən müsbət qərar verilmədiyinə görə onun iddia tələbinin təmin olunaraq, yaşadığı ünvana qeydiyyata alınması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı həmin ünvanda uzun müddət yaşadığını və kommunal xərcləri ödədiyini, qeydiyyatı olmadığından hüquqlarının pozulduğunu bildirərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubu ilə işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmiş, Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəllənin («İPM») 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçının tələbindən göründüyü kimi, öhdəliyin icrası haqqında iddia vasitəsilə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 6-cı Mədən ünvanına qeydiyyata alınma öhdəliyinin cavabdehə həvalə olunmasını tələb etmişdir. Cavabdeh işə əlavə olunmuş, iddiaçının müraciətinə cavab məktubunda onun həmin ünvana qeydiyyata alınmaq üçün yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin təqdim olunmadığından göstəilən ünvana qeydiyyata alınması imkan xaricində olduğunu bildirərək məhkəməyə müraciət etməsini məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin həmin əsasla iddiaçının qeyd olunan ünvana pasport qeydiyyatına almaqdan imtina etməsi əsaslıdır. Belə ki, iş materallarından görünür ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 6-cı Mədən ünvanında 1 otaqlı evi özü tikdiyini qeyd etsə də, həmin evin tikintisi üçün torpaqayrıma sənədi və tikilinin qanuni əsaslarla tikilməsinə dair hüquqmüəyyənedici sənədləri nə cavabdeh qeydiyyat orqanına, nə də ki, məhkəməyə təqdim etmişdir. Başqa sözlə, yaşadığı həmin ev özbaşına tikilidir. «Yaşayş yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 5-ci madəsinin tələbinə görə: - «Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması onun qanuni nümayəndəsinin bu barədə müraciəti olduqda həyata keçirilir. Bu halda vətəndaşın qanuni nümayəndəsi tərəfindən aşağıdakı sənədlər təqdim olunur: 1) 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması haqqında ərizə-anket (forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir); 2) doğum haqqında şəhadətnamə; 3) bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd.» Qanunun qeyd olunan maddəsində ehtiva olunan müddəaların imperativ tələblərindən göründüyü kimi, istər yaşayış yeri üzrə qeydiyyatı olmayan, istərsə də yaşayış yerini dəyişdirən vətəndaş tərəfindən qeydiyyata düşmək həmin yaşayış sahəsinə dair: order, icarə və ya kirayə müqaviləsi, mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənədi və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini qeydiyyat orqanına təqdim etməlidir. Qanunun 2-ci maddəsinin tələbində isə göstərilir ki, şəxsin “yaşayış yeri” dedikdə - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Göründüyü kimi, üç əsasda Qanunun 5-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinə müvafiq olaraq şəxsin yaşadığı ev, mənzil və i.a. “yaşayış yeri” kimi başa düşülür: 1) mülkiyyətçi kimi; 2) icarə və ya kirayə müqaviləsi üzrə; 3) yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla. Qanunverici tərəfindən bu sonuncu əsasda «başqa sənəd» anlayışına dəqiqlik gətirilir ki, həmin sənəd özü də qanunla müəyyən edilən sənəd formasına malik olmalıdır. Mülki Məcəllənin 27.1-ci maddəsində “fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır” cümləsində də məhz, “yaşayış yeri” dedikdə, xüsusi qanunvericiliyin yuxarıda qeyd edilən hüquqi əsaslara malik “yaşadığı yeri” anlamını ehtiva olunur. İşin faktiki hallarından isə göründüyü kimi, iddiaçı, faktiki yaşadığı evə dair məhkəməyə qanunda sadalanan sənədlərdən (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) hər hansı birini təqdim etmək iqtidarında deyildir. Çünki, yaşadığı ev özbaşına tikilidir. Qeyd edildiyi kimi, onun nə evə, nə də evin yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri mövcud deyildir. İPM-in 1.2-ci maddəsinin göndərişi baxımından, MPM-in 81-ci maddəsi də məhz, onu nəzərdə tutur ki, qanuna və ya digər normativ-hüquqi aktalara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarlda təsdiq oluna bilməz. Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, «Yaşayş yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 5-ci maddəsində qeydiyyata alınma üçün əsas verən sənədlərdən biri kimi göstərilən «..yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd» istənilən hər hansı bir bir sənədi nəzərdə tutmur. Qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə yalnız, şəxsin həmin yaşayış yerinə qeydiyyata alınmaq hüququ yaranmış olur. Bu baxımdan iddiaçının inşa etdiyi özbaşına tikilidə yaşaması, kommunal, işıq, qaz və su xidmətlərindən istifadəyə (və s.) görə çəkdikyi xərcələri ödəməsi, eləcə də evin qiymətəlndirmə dəyərinə dair mütəxəsis rəyi və evin əllə çəkilmiş planı iddiaçının mübahisəli ünvana qeydiyyata alınmasına əsas verə bilməz. Sadalanan xərclər göstərilən xidmətlərə görə onun müqavilə öhdəlikləri üzrə həyata keçirilən əvəzli ödənişlər olduğundan bu ödənişləri ehtiva edən sənədlər evin qanunla müəyyən edilmiş qaydada hüquqi qeydiyyatının mövcudluğunu əks etdirən hüquqmüəyyənedici sənədi ifadə etmir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının hüquqlarını pozan qanunsuz hərəkətlərinin mövcudluğu müəyyən olunmur. Əksinə, onun mübahisəli ünvana qeydiyyata alınmasından imtina etmək məhz, cavabdehin qanunla üzərinə düşən öhdəliyi olmuşdur. Birinci instansiya məhkəməsinin qərarından da məhz görünür ki, iddianın təmin edilməməsi işin hallarına və qanunvericiliyin göstərişlərinə müvafiqdir. İPM-in 73.1-ci maddəsinin mahiyyətindən də görünür ki, məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Ona görə də, məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayan dəlillərini əsassız sayır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7984/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7984/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-239/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-239/2024
18.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver