Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2391/2021 26.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı hüquqi varisi X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ötən 3 il üçün veteran kimi 2880 manat sosial müavinətin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2-1(112)-3833/2021 nömrəli qərarından iddiaçının hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 16.06.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna qarşı “ötən 3 il üçün veteran kimi 2880 manat sosial müavinətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1977-1993-cü illərdə daxili işlər orqanlarında xidmət etmişdir. 1990-cı ilin iyul ayından 1992-ci ilin noyabr ayınadək olan dövrdə müxtəlif vaxtlarda rəhbərlik tərəfindən cəbhə bölgəsinə ezam edilərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün və müstəqilliyinin qorunmasında, erməni cinayətkarlarına qarşı mübarizədə iştirak etmişdir. 26.08.2019-cu il tarixdə veteran kimi qeydiyyata alınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən veteran vəsiqəsi ona təqdim edilmişdir. İddiaçı hazırda 80 (səksən) manat müavinət alır. Veteran kimi müavinət almağa başladığı tarixdən əvvəlki 3 il üçün də müavinət almaq hüququna malikdir. Bu məsələ ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etməsinə baxmayaraq, fond tərəfindən müraciətinə qanuni müddət ərzində heç bir münasibət bildirilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5078/2020 saylı 20.08.2020-ci il tarixli qərardadı ilə (hakim M.Hacıbəyova) İddiaçı vəfatı ilə əlaqədar olaraq onun cavabdeh Azərbaycan Respublikası Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan publik hüquqi şəxs Dövlət Sosial Müdafiə Fonduna qarşı “ötən 3 il üçün veteran kimi 2880 manat sosial müavinətin ödənilməsi vəzifəsinin qoyulması haqqında” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı vərəsələri X8, X5, X9 və X12 Bakı İnzibati Məhkəməsinin 20.08.2020-ci il tarixli, 2-1(112)- 5078/2020 saylı qərardadından narazı qaldıqları üçün apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək qərardadın ləğv edilməsini, işə mahiyyəti üzrə baxaraq iddianın təmin edilməsinin xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1895/2020 saylı, 11.11.2020-ci il tarixli qərardadı ilə (hakimlər X.Cəmilova, E.Nağıyeva,N.Cəfərov) X8, X5, X9 və X12 tərəfindən verilmiş şikayətin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5078/2020 saylı 20 avqust 2020-ci il tarixli qərardadı ləğv edilərək, işin sonra prosessual hərəkətlərinin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2-1(112)-3833/2021 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbi rədd edilmişdir. 11.08.2021-ci il tarixdə iddiaçının hüquqi varisi X5 qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli (mətnə uyğun), 2-1(112)- 3833/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətində qərarının tarixinin 16 iyun əvəzinə 30 iyun (müşayət məktubunun tarixi) göstərilməsini texniki yazı xətası kimi qəbul edir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 avqust 2021-ci il tarixli apellyasiya şikayətinin mümkünlük qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Apellyasiya icraatı zamanı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı ilə təmsil olunmuşdur. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. İddiaçının hüquqi varisi, eyni zamanda vəkili Vəkil məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2-1(112)- 3833/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının hüquqi varsinin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - 032974 nömrəli vəsiqəyə əsasən, İddiaçı Daxili İşlər Nazirliyi tərəfindən 26.08.2019-cu il tarixdə müharibə veteranı vəsiqəsi verilmişdir. - İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna ünvanladığı 18.05.2020-ci il tarixli məktubuna əsasən, o, 26.08.2019-cu il tarixdən əvvəlki 3 (üç) il üçün ona veteran müavinətinin hesablanaraq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir - İddiaçı vərəsələri X8, X5, X9, X12 tərəfindən 11.08.2020-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizələrində göstərilmişdir ki, İddiaçı 13.06.2020-ci il tarixdə vəfat etmişdir; onlar miras üçün notariat kontoruna müraciət edərək ölüm tarixindən 6 ay sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alacaqlar; qeyd edilənləri nəzərə alaraq həmin iş üzrə onların iddiaçı qismində qəbul edilərək işə baxılmasını xahiş etmişlər. -“Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə “Vətəndaşlıq Vəziyyəti Aktları” AQİS-in 04.08.2020-ci il tarixli çıxarışından görünür ki, X16 və X6 05.11.2011-ci il tarixdə 137 nömrəli akt qeydi ilə nikaha daxil olmuşlar. - “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə “X7” AQİS-in 04.08.2020-ci il tarixli çıxarışına əsasən, X1 ata qrafasında İddiaçı, ana qrafasında X8 göstərilmişdir. - AZE 07771053 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 26.03.1960-cı il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. - AZE 15162709 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 24.07.1982-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. - AZE 13298892 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 24.08.1986-cı il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. - 352570 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 12 fevral 1990-cı ildə doğulmuş, ata qrafasında İddiaçı, ana qrafasında X8 göstərilmişdir. - AZ-İV 107309 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 24.07.1982-ci ildə doğulmuş, ata qrafasında İddiaçı, ana qrafasında X8 göstərilmişdir. - 328 882 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən, İddiaçı ilə Orucova (Məmmədova) Şahnaz Xanpaşa qızı 21 iyun 1981-ci il tarixdə nikaha daxil olmuşlar. - AZ-İİ 091361 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən, İddiaçı 13 iyun 2020-ci il tarixdə ölmüşdür. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 17.02.2021-ci il tarixli, 05/1130-11 nömrəli məktubuna əsasən, “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən İddiaçı adına Əmlak Xidmətləri Məkanında yerləşən 12 saylı notariat ofisində vərəsəlik işi açlılaraq X3 (Bakı şəhəri, 8 mkr, S.S.Axundov küçəsi, ev 1B, mənzil 73) qanun üzrə vərəsəlik şəhadətnaməsi verildiyi müəyyən edilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Əmlak Xidmətləri Məkanında Notariat Ofisi tərəfindən 29.03.2021-ci il tarixdə məhkəməyə daxil olan sorğuya cavab məktubu ilə bildirilmişdir ki, 13.06.2020-ci il tarixdə ölmüş İddiaçı adına 04.08.2020-ci il tarixdə Əmlak Xidmətləri Məkanında yerləşən 12 saylı notariat ofisində 8V22 reyestrli vərəsəlik işi açılmış və 12.11.2020-ci il tarixdə 2V-41 reyestrli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin vərəsəlik işi üzrə aparılmış notariat işinə dair sənədlərin surəti məktuba qoşma olaraq təqdim edilmişdir. - İddiaçı vərəsələri X8, X9, X12 22.04.2021-ci il tarixli məhkəməyə təqdim edilmiş ərizələrində bildirmişlər ki, onlar mirasın qəbulu zamanı Elməddinin xeyrinə paylarından imtina etmişlər və iddia edilən məbləği tam şəkildə tələb etmək hüququ artıq Elməddindədir; qeyd edilənləri nəzərə alaraq, tələblərini geri götürmüşlər. - Bakı şəhər 12 saylı (dövlət) Notariat Ofisinin 12 noyabr 2020-ci il tarixli 2V/41 nömrəli notariat işinin surətindən görünür ki, İddiaçı vərəsəsi X4r. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə sosial müavinətlər dedikdə bu Qanunla müəyyən edilmiş qaydada ayrıayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti başa düşülür. Həmin Qanunun 3.1-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 4.0.6-cı maddəsinə əsasən bu Qanunla müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti) tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətlər təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli Fərmanına əsasən müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, onun aylıq məbləği 80 manat müəyyən olunmuşdur. Həmin Fərmanın 2.1.1-ci bəndinə əsasən, sözügedən təqaüd 2019-cu il aprelin 1dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Fərmanın 2.1.2-ci bəndinə görə, dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29.08.2013-cü il tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli 640 nömrəli Fərmanına əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29.08.2013-cü il tarixli 973 nömrəli Fərmanının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Fərmanın 3-cü bəndinə əsasən, bu Fərman 01.04.2019-cu il tarixdən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində müavinətin ödənilməsi və onun təyin edilməsi anlayışları fərqləndirilmişdir. Buna görə, şəxsin müharibə veteranı statusu əldə etməsi və bundan irəli gələn sosial müavinət almaq hüququnu qazanması müharibə veteranı vəsiqəsini aldığı andan yaranır. Odur ki, həmin müavinətlər onu almaq hüququnun yarandığı andan təyin edilməlidir. Lakin Qanun müavinətin təyin edilməsi anını həll etməklə yanaşı, həm də müəyyən etmişdir ki, sözügedən müavinətlər müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməlidir. Bu isə o anlama gəlir ki, müavinət vəsiqənin alındığı gündən təyin edilsə də, şəxsə bu zaman əvvəlki üç il üçün müvafiq ödəmələr aparılmalıdır. Çünki Qanun birmənalı şəkildə müharibə veteranı vəsiqəsi təqdim edildikdən sonra inzibati orqan tərəfindən hər iki hərəkətin eyni anda birgə aparılmalı olduğunu müəyyən edir, yəni həm müavinətin ödənilməsinə başlanılması üçün təyinat aparılmalı, həm də əvvəlki üç il üçün ödəmələr edilməlidir. Beləliklə, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi inzibati orqan üçün belə bir vəzifə müəyyən edir ki, o, müavinətin ödənilməyə başlanılmasına əsas verən təyinatı vəsiqənin alındığı gündən təyin etməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələri aparmalıdır. Lakin yuxarıda da qeyd edildiyi kimi “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli Fərmanı qəbul edildikdən sonra müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, onun aylıq məbləği 80 manat müəyyən olunmuş, eləcə də Fərmanın 01.04.2019-cu il tarixindən tətbiq ediləcəyi təsbit edilmişdir. Beləliklə, 01 aprel 2019-cu il tarixdən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Bununla da, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə baş vermiş dəyişikliklərdən sonra 01 aprel 2019-cu il tarixdən əvvəl və sonra müharibə veteranı vəsiqəsi almış şəxslərə münasibətdə fərqli hüquqi vəziyyət yaranmış, qanunverici müharibə veteranlarına ödəniləcək vəsaitin statusu, eləcə də həmin vəsaitlərin əvvəlki dövrlər üzrə ödənilməsinin mümkünlüyü ilə bağlı yeni yanaşma qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hakimiyyətlər bölgüsünə dair konstitusiya prinsipinə görə məhkəmə orqanları hakimiyyətin digər qolunun səlahiyyətinə aid bu məsələnin tənzimlənmə qaydasına müdaxilə etmək hüququna malik deyildirlər. Məhkəmələrin belə mübahisələrə baxarkən rolları ondan ibarətdir ki, qanunvericilikdə baş vermiş bu dəyişikliklərin şəxslərin qazanılmış hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmasına yol verməsinlər. Nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bunun əksi ümumi qəbul edilmiş “qanuni gözlənti”, “qazanılmış hüquq”və “hüquqi müəyyənlik” prinsiplərinə zidd olardı. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə minənədək şəxslərin artıq qazanılmış hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mövqeyinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, 01 aprel 2019-cu il tarixdən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qərarında cavabdeh kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun qeyd edilməsi, qərarın ləğv edilməsi üçün əsas deyil. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2-1(112)-3833/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının hüquqi varisinin apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı hüquqi varisi X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ötən 3 il üçün veteran kimi 2880 manat sosial müavinətin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2-1(112)-3833/2021 nömrəli qərarından İddiaçı hüquqi varisi X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2-1(112)-3833/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-2391/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2391/2021
26.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver