Məhkəmə qərarları › İş №2-1(103)-2391/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2391/2022

18.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2391/2022 18.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Tağızadə Mirzə Nəsib oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi ilə, iddiaçının vəkili X7 iştirakı ilə, İddiaçı Bakı şəhəri Sabunçu rayon Cavabdehnə qarşı “qərarın etibarsız hesab edilməsi” haqqında iddia tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8703/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadından X6 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı X1 Bakı şəhəri Sabunçu rayon Cavabdehnə qarşı “qərarın etibarsız hesab edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir . Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. X6 məhkəməyə ərizə (vəsatət) ilə müraciət edərək, üçüncü şəxs qismində icraata cəlb edilməsini, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8703/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə (vəsatət) rədd edilmişdir. Qərardaddan narazı qalan G.Mustafayeva apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8703/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi, G.Mustafayevanın 3-cü şəxs qismində icraata cəlb edilməsi, çıxarılmış məhkəmə qərarının ləğv olunması və iş üzrə icraatın təzələnməsi barədə qəraradad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ərizəçinin maraqlarına toxunur. Belə ki, İddiaçı xx.xx.2013-cü il tarixdə mübahisəli bağ sahəsini müvafiq Baş Etibarnamə tərtib edilməklə ərizəçi G.Mustfayevaya vermiş, əvəzində G.Mustfayevanın əri – Ə.Cavadov xx.xx.2013-cü il tarixli müqavilə ilə Xırdalan şəhərində yerləşən AAAF X9 2 otaqlı mənzili İddiaçı adına keçirmişdir. G.Mustfayeva və əri əldə etdikləri bağ sahəsində özləri üçün ev tikdirmişlər. Onların bağ evi İddiaçı bağ evi ilə qonşuluqdadır. İddiaçı bağ evi Bilgə Bələdiyyəsinin 33 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə ayrılmış torpaq sahəsində yerləşir. Sonradan iki qonşu ailə arasında münasibətlər pozulmuşdur. Bu səbəbdən İddiaçı Sabunçu rayon məhkəməsində G.Mustfayevaya və onun əri – Ə.Cavadova qarşı, fərdi yaşayış evindən onların çıxarılması haqqında iddia qaldırmışdır. İddiaçı iddia ərizəsində göstərmişdir ki, güya, mübahisəli evi özü tikdirmiş, cavabdehlərin yaşamağa evi olmadığından onlara həmin evdə müvəqqəti sığınacaq vermişdir. Həmçinin qeyd olunmalıdır ki, Bilgə Bələdiyyəsinin 33 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə İddiaçı ayrılmış torpaq sahəsi ilə həmin Bələdiyyənin xx.xx.2007-ci il tarixli qərarı ilə K.Əliyevə ayrılmış torpaq sahəsi ayrıayrı torpaq sahələridir, onlar üst-üstə düşmür. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili R.Vəliyev apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişidirilmədən saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh və ərizəçi lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər və gəlməməyin səbəbləri barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8703/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, AR İPM-nin 27.0.-cı maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar: 27.0.3. inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər. 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 29.1. Üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. 29.2. Yalnız zəruri cəlbetmə qaydasında prosesə cəlb olunmuş üçüncü şəxslər tərəflərin tələbləri daxilində fərqli tələblər irəli sürə bilərlər. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 01/2022 nömrəli 17 fevral 2022-ci il tarixli Qərardadının 24-cü bəndinə əsasən, hüquq sistemində şəxsə birbaşa tərəfi olmadığı (iddiaçı və ya cavabdeh qismində çıxış etmədiyi), lakin qanunla qorunan maraqlarına təsir göstərən bir məhkəmə işində özünün iddia və etirazlarını bildirməsinə imkan verən səmərəli işlək mexanizmin mövcudluğu ədalətli məhkəmə araşdırması hüququnun vacib təminatlarından biri kimi qəbul edilir. Çünki məhz bu mexanizm vasitəsilə baxılmaqda olan işdə mübahisənin tərəfi olmayan şəxslərin öz hüquqi maraqlarını qorumaq üçün işə qoşulmalarına şərait yaradılır və bununla da, onlar ədalət mühakiməsinin həyata keçirilməsi nəticəsində veriləcək qərarın özlərinə münasibətdə neqativ təsirlərini önləmək üçün prosessual imkana malik olurlar. Bu, hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi prinsipinin tələblərindən irəli gəlir. Buna görə, məhkəmə qərarının üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunma ehtimalı mövcud olduqda, həmin şəxslərə də məhkəmə qarşısında bərabər hüquqlar verilməli, öz hüquqlarının müdafiəsini səmərəli şəkildə həyata keçirə bilmələri üçün onlara bərabər imkanlar yaradılmalıdır. Həmin Qərardadın 25-ci bəndinə müvafiq olaraq üçüncü şəxslərə icraatda iştirak imkanlarının yaradılması həm də onların mümkün maraqlarına ədalətli münasibət göstərilməsi ilə bağlıdır və mübahisənin tərəfi (iddiaçı və ya cavabdeh) olmayan şəxslərin hüquqlarının müdafiəsi məqsədinə yönəlir. Bununla da onlar icraatda tərəf statusu əldə etməsələr belə, öz mənafelərini məhkəmə qarşısında bəyan etmək və qərarın qəbulu prosesində öz maraqlarını təmsil etmək imkanı qazanırlar. Belə qoşulma, həm də işin faktiki hallarının tam və hərtərəfli araşdırılmasına töhfə verir, obyektiv və qanuni qərarın qəbul edilməsinə xidmət edir. Üçüncü şəxs özünə bəlli olan halları məhkəməyə bildirməklə, eləcə də tərəflərin istinad etmədiyi yeni baxışlar və dəlillər ortaya qoymaqla mübahisə predmeti ilə bağlı işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi işinə yardım etmiş olur. Beləliklə, həm mübahisədə iştirak edən tərəflərin və üçüncü şəxslərin maraqlarının balanslaşdırılmış müdafiəsi təmin edilmiş olur, həm də inzibati prosesdə tətbiq olunan inkvizisiya prinsipinə uyğun olaraq işin hallarının tam və obyektiv müəyyənləşdirilməsi mümkün olur. Həmin Qərardadın 36-cı bəndinə görə, inzibati məhkəmə icraatına cəlb edilməli olan şəxsin adi, yaxud zəruri cəlbetmə qaydasında cəlb edilməli olduğunu fərqləndirmək üçün istifadə olunan əsas meyarlardan biri “hüquqi maraq” meyarıdır. Belə ki, zəruri cəlbetmə zamanı tələb olunan hüquqi maraqla, adi cəlbetmə zamanı tələb olunan maraq birbirindən fərqlidir. Həmin fərqin mövcud olduğunu İPM-in 28.1 və 28.2-ci maddələrindəki müddəalar da təsdiq edir. Həmin Qərardadın 37-ci bəndinə uyğun olaraq hüquqi maraq bir qayda olaraq qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının şəxslərin qanunla qorunan maraqlarına toxunması halını yarada bildikdə mövcud olur. Bu, məhkəmə qərarının prosesdə tərəf olmayan digər şəxslərin hüquqi vəziyyətlərinə göstərə biləcəyi mümkün təsirlə bağlı məsələdir. Bir qayda olaraq, qəbul edilməsi nəzərdə tutulan məhkəmə aktının digər şəxslərin maraqlarına birbaşa təsir törətməsi halından o zaman söz edilə bilər ki, həmin məhkəmə aktı üçüncü şəxsin hüquqi statusuna təsir etmiş olsun, yəni ona münasibətdə konkret hüquqlar və vəzifələr yaratsın, yaxud mövcud hüquqları və vəzifələri ləğv etsin və ya dəyişdirsin. Digər halda isə hüquqi statusa bu qaydada birbaşa təsirlə bağlı olmayan maraqlara toxunma halı mövcud olur. Həmin Qərardadın 38-ci bəndinə əsasən cəlbetmə üçün həlledici olan məsələlərdən biri də qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisə tərəfləri olmayan digər şəxslərin qanunla qorunan maraqlarına toxunma halını yaratmasıdır. Belə olan halda, qanunla qorunan maraqlara nəyin aid edilə biləcəyinə aydınlıq gətirilməlidir. Maraqların maddi hüquqla müəyyən olunduğu nəzərə alındıqda qanunla qorunan maraq kimi maddi hüquq norması əsasında tanınmış maraqlar çıxış edirlər. Başqa sözlə, diqqət yetirilməli olan hal ondan ibarətdir ki, konkret baxılan iş üzrə mübahisənin həlli ilə bağlı tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri üçüncü şəxsin mənafeyini bu və ya digər dərəcədə müdafiə edirmi? Bu mənada, mütləq nəzərə almaq lazımdır ki, üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi-hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılmasından sonra yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir. Həmin Qərardadın 39-cu bəndinə müvafiq olaraq icraatda tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyini müdafiə edirsə, bu zaman, həmin icraatın nəticəsində qəbul ediləcək qərar onun maraqlarına toxunma halını yaradacaqdır. Ona görə də, maraqlara toxunma halının mövcudluğunu müəyyənləşdirmək üçün mübahisənin həlli ilə əlaqədar tətbiq edilməli olan maddi hüquq normalarının hər hansı birinin üçüncü şəxslərə münasibətdə qoruyucu təsirə malik olub-olmadığına qiymət verilməlidir. Belə maraqlar o zaman mövcud olur ki, cəlb edilən şəxslə tərəflərdən biri və ya hər ikisi, yaxud mübahisə predmeti arasında əlaqə mövcud olsun və prosesin nəticəsi bu əlaqəyə toxuna bilsin. Burada həlledici məqam cəlb edilən şəxslə tərəf arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı məhkəmənin qəbul edəcəyi qərarın potensial təsiridir. Həmin Qərardadın 42-ci bəndinə görə, zəruri cəlbetmə halının mövcudluğu üçün üçüncü şəxsin mübahisəli hüquq münasibətində bilavasitə iştirakı tələb olunur. Çünki İPMin 28.2-ci maddəsinin tələblərinə əsasən zəruri cəlbedilən mübahisəli hüquq münasibətinin bilavasitə iştirakçısı olmalıdır. Bundan başqa, çıxarılacaq məhkəmə qərarı həm icraatın tərəflərinə, həm də üçüncü şəxsə münasibətdə vahid qərarın qəbul edilməsini şərtləndirməlidir. Adi cəlbetmə ilə zəruri cəlbetməni fərqləndirmək üçün əsas meyar zəruri cəlbetmədə vahid qərarın qəbul olunmasının vacibliyidir. Burada əsas fərq ondan ibarətdir ki, cəlb edilməsi zəruri olan üçüncü şəxslərin daxil olduğu mübahisəli hüquq münasibəti ilə əlaqədar məhkəmə yalnız belə şəxslər cəlb edildikdən sonra işə baxa və həmin şəxslər daxil olmaqla prosesin bütün tərəflərinə münasibətdə yekun və ədalətli qərar verə bilər. Zəruri cəlbetmə halında üçüncü şəxslər mübahisəli hüquq münasibətinin elə tərəfi olmalıdırlar ki, məhkəmə qərarı prosesin tərəfləri ilə birlikdə üçüncü şəxslərin də mütləq iştirakı ilə bütün tərəflərə münasibətdə vahid formada qəbul edilə bilsin. Bu hal o zaman mövcud olur ki, məhkəmə qərarını birbaşa olaraq üçüncü şəxslərin hüquqlarına müdaxilə etmədən effektiv şəkildə qəbul etmək mümkün olmur. Həmin Qərardadın 43-cü bəndinə uyğun olaraq vahid qərardan isə o zaman söz edilə bilər ki, çıxarılmış qərar üçüncü şəxsin hüquqi statusuna birbaşa təsir edə bilsin. Əgər məhz məhkəmə qərarının çıxarılması nəticəsində hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi baş verirsə, hüquqi statusa həmin qərarla birbaşa təsir edilmiş olur. Həmin Qərardadın 52-ci bəndinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı olaraq isə “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli qərarı və həmin qərardakı hüquqi mövqelər nəzərə alınmalıdır. Həmin qərara görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən qərarındakı hüquqi mövqelərə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi yalnız zəruri cəlbetmə qaydasında üçüncü şəxslərin icraata cəlb edilməli olduğu hal müəyyən edildikdə yol veriləndir. Başqa sözlə, əgər adi qaydada cəlbetmə həyata keçirilməlidirsə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilə bilməz. Həmin Qərardadın 76-cı bəndinə müvafiq olaraq ümumi qaydaya görə üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları məhkəmə icraatında hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılması nəticəsində yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir. Başqa sözlə, məhkəmə qərarının çıxarılmasından sonra həmin qərarın yaradacağı sonrakı nəticələrə (iqtisadi, sosial, mənəvi və s.) görə deyil, məhz məhkəmə qərarının özünün doğurduğu hüquqi statusa təsir etmə (status yaratma, dəyişdirmə və ya ləğv etmə) xüsusiyyəti nəzərə alınmaqla hüquqi marağın mövcudluğu müəyyən olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 12 aprel 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, işdə iştirak etməyə cəlb olunmayan məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir. Qeyd olunanlardan da göründüyü kimi inzibati məhkəmə icraatında AR İPM-nin 28.1ci maddəsində nəzərdə tutulmuş üçüncü şəxsin cəlb edilməsi, məhkəmənin özünün qəbul etdiyi qərarın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi ilə bağlı prosessual hərəkətlərin yerinə yetirilməsi ərizəçinin mütləq olaraq zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilib-edilməməməli olmasından asılıdır (Qərardadın 52-ci bəndi). Əgər ərizəçi zəruri cəlbetmə qaydasında üçüncü şəxs kimi icraata cəlb edilməli olduğu halda məhkəmə bunu etməmişdirsə, qəbul edilmiş qərarın ləğvindən söhbət gedə bilər. Şəxsin adi qaydada cəlb edilməli olan şəxs olması isə ərizəçinin tələb etdiyi prosessual hərəkətin yerinə yetirilməsi üçün əsas qismində çıxış etmir. 1-ci instansiya məhkəməsi də işin faktiki hallarını, iddiaçı, cavabdeh və ərizəçi arasında yaranmış faktiki və hüquq münasibətlərini və yuxarıda adıçəkilən müddəaları nəzərə alaraq ərizəçini zəruri cəlbetmə qaydasında üçüncü şəxs kimi cəlb edilməli olması ilə razılaşmadığından haqlı olaraq hesab etmişdir ki, G.Mustafayevanın ərizəsi əsassızdır, ərizəçi nəinki zəruri cəlb etmə qaydasında cəlb edilməli olan, ümumiyyətlə adi qaydada cəlb edilməli olan üçüncü şəxs statusuna malik şəxs də hesab edilə bilməz.Belə ki, istər Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsində, istər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda adıçəkilən Qərarında, istərsə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Qərardadında üçüncü şəxs statusunda tanınma ilə bağlı meyar qanunla qorunan maraqlarına toxunma ilə əlaqələndirmişdir. Başqa sözlə, qanunvericilik və məhkəmələrin üçüncü şəxsin cəlb edilməli olması ilə bağlı mövqeyi onunla bağlı olmuşdur ki, əgər baxılan və ya baxılmış iş şəxsin qanunla qorunan maraqlarına toxunursa həmin şəxsin icraata cəlb edilməsindən söhbət gedə bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə qəbul edilmiş qərar ərizəçinin marağını (faktiki yaşadığı yerdən çıxarılma və s) pozsa belə, hər hansı qanunla qorunan marağının pozuntusundan söhbət gedə bilməz. Belə ki, işin faktiki halları ilə də müəyyən edilir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ərizəçi barəsində qəbul edilmiş sərəncamı yox, X8 barəsində qəbul edilmiş bələdiyyənin sərəncamını mübahisələndirmişdir. Həmin işə baxılması zamanı 1-ci instansiya məhkəməsi inzibati prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla qanunla qorunan maraqlarına toxuna bilməsi əsası ilə zəruri cəlb etmə qaydasında X4 cəlb etmişdir. Cəlb edilmə zərurəti onunla bağlı olmuşdur ki, iddia təmin ediləcəyi təqdirdə X5 məxsus olması ehtimal olunan mülkiyyət hüququ onun verilməsinə əsas olan inzibati aktın etibarsızlığı nəticəsində mövcud olmayacaqdır. Göründüyü kimi X3 gözlənilən mülkiyyət hüququ, yəni qanunla qorunan mülkiyyət hüququna toxunulan hazırkı iş üzrə həmin şəxsin icraata cəlb edilməli olması ilə bağlı məhkəmə mövqe nümayiş etdirmişdir. Lakin 1-ci instansiya məhkəməsinə sorğularına cavab məktubları ilə sonradan məlum olmuşdur ki, həmin şəxs 2014-cü il tarixində vəfat etmişdir. Həmin məhkəmə bununla da kifayətlənməmiş, sorğu verərək şəxsin vərəsəsinin olub-olmamasını araşdırmış, məhəməyə təqdim edilən xx.xx.2021-ci il tarixli məktubla həmin şəxsin adına vərəsəlik işinin olmadığını aşkar etmişdir. Qeyd olunanlar nəzərə alınaraq X3 üçüncü şəxs qismində cəlb edilməsinə dair qərardad ləğv edilmiş, həmin şəxsin üçüncü şəxs qismində prosessual iştirakına xitam verilmişdir. Göründüyü kimi X3 hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilibedilməməsi qəbul ediləcək qərarın onunla qanunla qorunan maraqlarına toxunulması aspektindən qiymətləndirilmiş O, iştirakçı kimi cəlb edilmiş, lakin şəxsin vəfatı ilə əlaqədar icraat iştirakçısı kimi saxlanılmamışdır. G.Müstafayeva isə ərizəsində (vəsatəti) məhkəmənin qəbul etdiyi qərarın onun maraqlarına toxunduğunu əsaslandırmağa çalışsa da, nə həmin ərizədə (vəsatətdə), nə də iş materiallarında toxunulan marağın qanunla qorunan maraqdan irəli gəlməsi öz təsbitini tapmamışdır. Belə ki, vəsatətdən (ərizədən) də göründüyü kimi ərizəçi hazırkı ərizəni (vəsatəti) verməklə onun faktiki yaşadığı və özünün qeyd etdiyinə görə faktiki alqısatqı etdiyi bağ evindən çıxarılmasının və həmin əmlakın onun mülkiyyətində olmasını iddia edir. Göründüyü kimi hazırkı qərarın qəbulu ilə ehtimal olunan pozuntu ərizəçinin mülkiyyət və digər xarakterli əmlak hüququnun mövcud olub-olmaması ilə bağlıdır. Ərizəçi həmin bağ evinə hüququnu isə X3 mülkiyyətində olmuş əmlakın faktiki olaraq iddiaçıya satılmasına ,bununla əlaqədar ona etibarnamənin verilməsi, daha sonra iddiaçı tərəfindən ərizəçiyə X3 adından etibarnamə verilməsinə istinad edərək hazırkı ərizə ilə müraciət etmişdir. Halbuki, işin materiallarında Əliyev Kəlpəli tərəfindən iddiaçıya verilmiş 23 iyun 2011ci il tarixli etibarnamə verildiyi, həmçinin 15 fevral 2013-cü il tarixdə X8 tərəfindən verilmiş etibarnamə əsasında X2 adına etibarnamə ilə müvafiq səlahiyyətlərin verildiyi və K.Əliyevin vəfat etməsi ilə əlaqədar qeyd olunan etibarnamələrə xitam verildiyi barədə məlumatlar vardır. Lakin hazırda qüvvəsinin olub-olmamasından asılı olmayaraq birtərəfli əqd kimi etibarnamənin şəxsə əmlakla bağlı mülkiyyət hüququ verməsindən söhbət gedə bilməz. Belə ki, MM-nin: 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 363.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir. Həmin Məcəllənin 364.1-ci maddəsinə görə, etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. Həmin Məcəllənin 364.4-cü maddəsinə uyğun olaraq etibar edilmişi başqasına etibaretmə qaydasında verilmiş etibarnamənin qüvvədə olma müddəti onun verilməsi üçün əsas götürülmüş etibarnamənin qüvvədə olma müddətindən artıq ola bilməz. Həmin Məcəllənin 365.1-ci maddəsinə əsasən, etibarnamənin qüvvəsinə aşağıdakılar nəticəsində xitam verilir: 365.1.7-ci maddəsinə əsasən, etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması. Həmin Məcəllənin 366.4-cü maddəsinə uyğun olaraq etibarnaməyə xitam verildikdə etibar edilmişi başqasına etibaretmə qüvvədən düşür. Göründüyü kimi etibarnamə əmlaka mülkiyyət və ya digər əmlak hüququnun yaranması əsası qismində çıxış etməyən məqsədi təmsilçiliklə bağlı olan birtərəfli əqddir. 15 fevral 2013-cü il tarixli etibarnamədən də müəyyən edilir ki, iddiaçı birinci etibarnamə əsasında ərizəçiyə aşağıdakıları etibar etmişdir: torpaq sahəsini idarə etməni; tikinti işlərini aparmanı və özəlləşdirməni; torpaq sahəsinə dair sərəncam verməni və qeyd olunanlarla əlaqədar olaraq ərizə verməni və digər hərəkətləri. Buradan bəlli olurki, torpaq sahəsi, dolayısı ilə də orada tikilən əmlakla bağlı hüquqlar ərizəçiyə məxsus olmamış, həmin hüquqlar etibarsız hesab edilən sərəncam qüvvədə olarkən K.Əliyevə məxsus olmuşdur ki, həmin sərəncam əsasında K.Əliyev özünə məxsus olan hüquqları icrası çərçivəsində iddiaçıya etibarnamə vermiş, iddiaçı isə müvafiq hərəkətlərin edilməsi ilə əlaqədar ərizəçiyə etibarnamə vermişdir. Qeyd olunanlar onu təsdiq edir ki, torpaq sahəsi və onun üzərində inşa edilmiş bağ evinə dair əmlakla bağlı heç bir hüquq ərizəçiyə məxsus olmamış, ərizəçiyə başqa şəxsin adından əmlakla bağlı işlərin görülməsi tapşırılmış, müəyyən işlərin görülməsinə səlahiyyət verən hüquq isə etibarnamənin qüvvəsini itirdiyindən ərizə verilən vaxt ümumiyyətlə mövcud da olmamışdır. Beləliklə, ərizəçinin torpaq sahəsi və onun üzərində inşa edilmiş bağ evi ilə bağlı nə mülkiyyət hüququ, nə də digər əmlak xarakterli hər hansı hüququ mövcud olmadığından onun qorunmasından, onun pozulmasının təminatından söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi ilə də müəyyən edilir ki, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Ərizəçinin isə həmin əmlaka heç bir hüququ mövcud deyil. Ərizəçinin bağ evində faktiki yaşaması və faktiki yaşayışa dair hər hansı hüququn olmasına münasibətdə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə Kollegiyası vurğulayır ki, ərizəçinin bağ evində faktiki yaşaması mübahisə doğurmur. Lakin, faktiki yaşama nə qədər ki, ərizəçi tərəfindən faktiki yaşamaya təminat verəcək hüquqmüəyyənedici sənəd təqdim edilmir, hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilməyə əsas qismində çıxış edə bilməz. Bağ evinin inşa edildiyi torpaq sahəsinə dair verilmiş etibarnamənin hüquqmüəyyənedici sənəd qismində qiymətləndirilməsinə dair də məhkəmə kollegiyası yuxarıda qeyd olunan mövqeyin davamı kimi də qeyd edir ki, ərizəçinin hüquqmüəyyənedici sənəd təqdim edilmədən bağ evində faktiki yaşaması da sərəncamın mübahisələndirilməsi ilə bağlı iş üzrə icraata cəlb edilməsinə əsas yaradan hal hesab edilmir. Belə ki, ərizəçinin faktiki bağ evində yaşaması hüquqmüəyyənedici sənədlə, dolayısı ilə qanunla təminatlandırılmadığından onun qanunla qorunan maraqlarına sərəncamın xələl gətirildiyi nəticəsinə gəlinməsi üçün yetərli hesab edilə bilməz, bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, həmin şəxs nəinki zəruri cəlb etmə, hətta adi cəlb etmə qaydasında da məhkəmə icraatının iştirakçısı qismində işə cəlb edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq ərizənin rədd edilməsi nəticəsinə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8703/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar