Məhkəmə qərarları › İş №2-1(103)-2391/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2391/2024

23.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2391/2024 23.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X12 (sədrlik edən və məruzəçi), X5 və Xəyalə Adil qızı Cəmilovadan ibarət tərkibdə, Aygün Ülviyyət qızı Nizamlının katibliyi, İddiaçının nümayəndəsi X7 və cavabdehin nümayəndəsi X8 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-1986/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. СЯ seriyalı, 220761 nömrəli Doğum haqqında Şəhadətnaməyə əsasən İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1951-ci il tarixində doğulmuşdur. X13 Semyonoviç, anası Kubar (Sklyarova) Vera Alekseyevnadır.

2. Xətai Rayon X10 İcraiyyə Komitəsinin “Əhmədli yaşayış massivinin 2942-B məhəlləsində N.Tusi küçəsində (keçmiş 1727-ci keçid) yerləşən 31 nömrəli evin yaxınlığında fərdi qarajların tikintisi haqqında” xx.xx.1991-ci il tarixli, 5/5,19 nömrəli Qərarına əsasən fərdi qarajların tikintisi üçün aşağıda qeydiyyatda olan vətəndaşlara Əhmədli yaşayış massivinin 2942-B məhəlləsində N.Tusi küçəsində (keçmiş keçid 1727), 31 nömrəli evin yaxınlığında torpaq sahələri ayrılmışdır: - Sklyarova V.A – General Şıxlinski küçəsi, ev 25, mənzil 7.

3. İ-ГР seriyalı, 734865 nömrəli Ölüm haqqında Şəhadətnaməyə əsasən X9 xx.xx.1998-ci ildə ölmüşdür.

4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli Arayışdan görünür ki, İddiaçı (xx.xx.1951-ci il təvəllüdlü) ünvan 1 ünvanında qeydiyyatdadır.

5. 3 saylı Bakı “Asan Xidmət” Mərkəzinin notariat ofisi tərəfindən cavabdehə ünvanlanan xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, mərhum X3 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı vərəsəsi - qızı İddiaçı tərəfindən Bakı şəhəri 3 saylı “ASAN Xidmət” Mərkəzinin Notariat ofisinə müraciət daxil olmuşdur. X4 xx.xx.1998-ci il tarixdə vəfatı ilə əlaqədar vərəsəsi - qızı İddiaçı ərizəsi əsasında V-577/2022 nömrəli vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur. İcraatda olan vərəsəlik işi ilə əlaqədar Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi (keçmiş 1727 keçid), Əhmədli yaşayış massivi, məhəllə 2942-B, 31 nömrəli evin həyəti ünvanında yerləşən qaraja dair hüquqmüəyyənedici sənəd - Çıxarış verilməsi xahiş edilir.

6. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) aktına əsasən qaraj yerləşmə mövqeyinə uyğundur. Tikinti altı sahədə cüzi fərq var. Qonşu qaraj ilə arakəsmə divar götürülüb birgə istifadə edilir. Eskiz faktiki vəziyyətə uyğun tərtib edilmişdir.

7. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra – cavabdeh) 10 yanvar 2023-cü il tarixli 3-21-3-30/2-374/2023 **********74 nömrəli imtina məktubunda müraciətlə əlaqədar olaraq bildirmişdir ki, yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd olunmamışdır. Həmçinin qarajın yaşayış binasından olan məsafəsi 17.5 metr göstərilsədə, faktiki 42.5 metr təşkil edir. Bu səbəbdən texniki pasportun tərtib edilməsi mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununu 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

8. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktına əsasən təqdim edilən qaraj yerləşmə sxemində çox mərtəbəli binadan 21.2 m göstərilsə də, faktiki 42.5 təşkil edir. Yerləşmə cizgisindəki məsafə ilə faktiki məsafədə fərq vardır (uyğunsuzluq). Yerləşməsi cizgidəki ümumi əraziyə uyğun gəlir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xətai rayonu X11 İcraiyyə Komitəsi tərəfindən 24 mart 1991-ci il tarixli 5/5, 19 saylı qərarından çıxarışa əsasən Əhmədli Yaşayış massivinin 2942-B məhəllə, N.Tusi küçəsi (keçmiş 1727 saylı keçid 31 saylı binanın yaxınlığında fərdi qarajın planı və ölçüsü əsasında texniki pasportun X4 adına verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək ünvan 3 ünvanda yerləşən 31 nömrəli evin yaxınlığındakı qeyri-yaşayış sahəsinin (qarajın) X6 məxsusluğu barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayoni X10 İcraiyyə Komitəsi tərəfindən 24 mart 1991-ci il tarixli 5/5, 19 saylı qərarından çıxarışa əsasən Əhmədli Yaşayış massivinin 2942-B məhəllə, N.Tusi küçəsi ( keçmiş 1727 saylı keçid 31 saylı binanın yaxınlığında iddiaçının mərhum anası X6 fərdi qaraj verilmişdir. Verilmiş qaraja dair iddiaçı Azərbaycan Respublikasının Milli Arxiv idarəsinin Bakı filialına müraciət etmiş və Arxiv İdarəsinin 4 iyul 2022-ci ilin BA-04046-2022 saylı cavab məktubda həmin qərari təsdiq etmişdir. Arxiv arayışını aldıqdan sonra iddiaçı Xətayi rayon İcra Hakimiyyətinə qarajın yerləşmə cizgisini tərtib edilməsinə dair müraciət etmişdir. Cizgi Xətai rayon İcra Hakimiyyəti təsərrüfat hesablı Layihə-Smeta bürosu tərəfindən tərtib edildi. Sənədlərin hamısını topladıqdan sonra 19 dekabr 2022-ci ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə təhvil verilmişdir. 10 yanvar 2023-cü il tarixli 3- 21-3-30/2-373/2023 20500374 saylı cavab məktubunda müraciətlə əlaqədar olaraq bildirilir ki, yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd olunmamışdır. Həmçinin qarajın yaşayış binasından olan məsafəsi 17.5 metr göstərilsədə, faktiki 42.5 metr təşkil edir. Bu səbəbdən texniki pasportun tərtib edilməsi mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununu 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu əldə edilməsini Başqasına keçməsini,məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İddiaçı aldığı imtina məktubunu Xətai rayon İcra Hakimiyyəti təsərrüfat hesablı Layihə-Smeta bürosuna ətqdim etmişdir. Tərtib ediən cizginin düz tərtib edildiyi bildirilmiş və iddiaçıya məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. İddiaçı hesab edir ki, cavabdeh onun konstitusion hüquqlarını pozur.

12. Cavabdehin iddia tələbinə yazılı etirazında göstərilmişdir ki, iddiaçı müvafiq tələblə xx.xx.2022- ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd olunmamışdır. Həmçinin qarajın yaşayış binasından olan məsafəsi 17.5-21.2 metr göstərilsə də, faktiki 42.5-46.2 metr təşkil edir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa xx.xx.2023-cü il tarixli **********74 və **********73 saylı cavab məktubları ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

13. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-1986/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

14. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) Aktlarına əsasən qaraj yerləşmə mövqeyinə uyğundur, tikinti altı sahədə cüzi fərq var, qonşu qaraj ilə arakəsmə divar götürülüb birgə istifadə edilir və qaraja dair eskiz faktiki vəziyyətə uyğun tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş sənədlərə əsasən müəyyən olunmuşdur ki, qaraj qarajlar cərgəsində yerləşir və qarajın yerləşməsi ümumi əraziyə və cizgidəki sıralamaya uyğun gəlir.

15. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı ilə qonşuluqda yerləşən qeyri-yaşayış binalarına (qarajlara) dair texniki pasport verilmiş (həmin texniki pasportlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir) və iddiaçıya münasibətdə fərqli rəftar bərabərlik hüququnun pozulmasıdır.

16. Həmçinin, inzibati orqanın mövcud inzibati praktikasına əsasən qarajlara (qeyriyaşayış) binalarına texniki pasport verildiyindən iddia tələbi mərhuma məxsusluq barədə arayışın verilməsi kimi təmin edilmiş olsa da, yekunda iddiaçıya təqdim edilən sənəd inzibati orqanın mövcud inzibati praktikasına uyğun olaraq digər qarajlara təqdim edilən sənədə uyğun olmalıdır.

Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

17. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-1986/2024 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

18. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə ilə oxşar məzmunda əsaslandırılmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

Prosses iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir.

21. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu:

2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 7-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir 8.0-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

23.Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar.

24.Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi" 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; 3.0.50. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək Xidmətin vəzifəsidir.

25.Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur.

26.“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu:

13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

29. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

31. Belə ki, hazırkı iddia qeyri-yaşayış sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Hansı ki, inzibati orqanın formalaşmış inzibati praktikasına əsasən həmin arayışın verilməsi özündə daşınmaz əmlaka dair texniki pasportun tərtib edilməsini ehtiva edir. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmadan əvvəl müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə (iddiaçı ölmüş şəxsin adına texniki pasport verilməsini xahiş etmiş, həmin tələblə hazırkı tələbin hüquqi və faktiki əsasları eyni olmuşdur) müvafiq qaydada cavabdehə müraciət etmişdir.

32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

34. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. 35.İddia tələbinin mahiyyəti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: 36.İşin sadalanan faktiki hallarından müəyyən olunur ki, Xətai Rayonu X10 İcraiyyə Komitəsinin “Əhmədli yaşayış massivinin 2942-B məhəlləsində N.Tusi küçəsində (keçmiş 1727-ci keçid) yerləşən 31 nömrəli evin yaxınlığında fədri qarajların tikintisi haqqında” xx.xx.1991-ci il tarixli, 5/5.19 nömrəli Qərarına əsasən Əhmədli yaşayış massivinin 2942-B məhəlləsində N.Tusi küçəsində (keçmiş keçid 1727) yerləşən 31 nömrəli evin yaxınlığında fərdi qarajların tikintisi üçün uçotda olan vətəndaşlara torpaq sahələri ayrılmışdır. Fərdi qaraj tikintisi üçün torpaq sahəsi ayrılan şəxslər siyahısında X4 da adı qeyd edilmişdir.

37. İddia olunan qeyri-yaşayış sahəsi iddiaçının sələfinin istifadəsinə qanuni əsaslarla verildiyindən, yəni həmin vaxt səlahiyyəti olan orqan tərəfindən verildiyindən və həmin qərar hazırda qüvvədə olduğundan və ləğv edilmədiyindən, həmin qrəar əsasında yerləşmə cizgisi də tərtib edildiyindən yuxarıda istinad edilən normaya əsasən o, həmin qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnu əldə etmişdir.

38. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin tələbinə görə, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət vəya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir.

39. Beləliklə, iddiaçının həmin normadan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.

40. Hazırkı halda, apellyasiya şikayətinin əsasını qaraja dair yerləşmə cizgisində dəqiq istinad və məsafələrin qeyd olunmaması, qarajın yaşayış binasından olan məsafəsinin düzgün qeyd olunmaması təşkil edir.

41. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan inzibati icraatı həyata keçirən zaman tərtib etdiyi daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı özünün verdiyi apellyasiya şikayətinin dəlilini təkzib edir. Belə ki, həmin müayinə aktına əsasən cavabdeh inzibati orqan əməkdaşları tərəfindən yerində müayinə zamanı müəyyən edilmişdir ki, qaraj yerləşmə mövqeyinə uyğundur, tikintialtı sahədə cüzi fərq var və qaraja dair eskiz faktiki vəziyyətə uyğun tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş sənədlərə əsasən müəyyən olunur ki, qaraj qarajlar cərgəsində yerləşir və qarajın yerləşməsi ümumi əraziyə və cizgidəki sıralamaya uyğun gəlir.

42. Həmçinin kollegiya qeyd edir ki, göstərilən uyğunsuzluq iddiaçının məsuliyyət sferasına aid edilə və onun təqsirli davranışının nəticəsi kimi qiymətləndirilə bilməz. Əgər hər hansı uyğunsuzluq mövcuddursa belə, həmin uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etmək cavabdeh inzibati orqanın vəzifələrinə aiddir.

43. Eyni zamanda kollegiya qeyd edir ki, müvafiq qanunvericilikdə göstərilən uyğunsuzluğun (məsafənin düzgün qeyd edilməməsi) mövcudluğu hüquqların qeydə alınmasından (inzibati orqanın praktikasına əsasən texniki pasportun tərtib edilməsindən) imtina əsası kimi müəyyən edilməmişdir.

44. Cavabdeh inzibati orqan apellyasiya şikayətinin dəlili kimi qeyd olunan qeyriyaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlərin təqdim edilməməsini göstərmişdir.

45. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən X1i əsaslarla əldə etdiyi qaraja dair texniki pasportun tərtib edilməsindən imtinasını iddiaçının hüquqlarının və qanunla qorunan mənafelərinin pozulması kimi hesab edir. Belə ki, X2raj sahəsinə dair hüquq müəyyənedici sənəd (qərar) mövcuddur və həmin sənəd səlahiyyətli dövlət orqanı (XDS İK) tərəfindən qəbul edilmişdir və hazırda qüvvədədir. Qarajın yerləşdiyi torpaq sahəsinin yerləşmə cizgisi isə həmin orqanın hüquqi varisi olan Xətai Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilərək iddiaçıya təqdim edilmişdir.

46. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağdakılar əsas hesab olunur: - (maddə 8.0.1) qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti (mərkəzi və yerli icra hakimiyyəti orqanları) və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar...

47. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 4 oktyabr 2016-cı il tarixli Qərarı).

48. Göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar, təqdim edilməli olan sənədlərin siyahısı, həmin sənədlərə dair tələblər, hüquqların dövlət qeydiyyatından imtinanın halları konkret müəyyən olunmuşdur.

49. Belə olan halda kollegiya qeyd edir ki, iddiaçının mərhum anası X2raj tikintisi üçün ayrılması nəzərdə tutulan torpaq sahəsinə dair Bakı şəhəri Xətai rayonu XDS İK-nin xx.xx.1991-cı il tarixli, 5/5.19 nömrəli qərarı səlahiyyətli orqan tərəfindən qəbul edilmiş və həmin hüquq müəyyənedici sənəd də qaraja dair texniki pasportun tərtib edilməsi (hüququn qeydə alınması) üçün əsas hesab olunan sənədlərin siyahısında da nəzərdə tutulmuşdur.

50. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-1986/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-1986/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar