Məhkəmə qərarları › İş №2-1(103)-2392/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2392/2023

31.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2392/2023 31.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" X8 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı iddiaçının torpaq sahəsinə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-283/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının torpaq sahəsinə hüquqları qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü Yaşayış Massivi, döngə 2031A ünvanında yerləşən 600 kv.m ölçüdə torpaq sahəsinin üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh təşkilatın 3 iyun 2020-ci il tarixli cavab məktubu ilə ərizənin təmin olunmasından imtina edilmişdir. İmtinaya əsas kimi göstərilmişdir ki, təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad məlumatı və məsafələr qeyd olunmamış, göstərilən torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur, elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi üzərindən keçən 6 kV-luq yüksək gərginlikli elektrik hava xəttinin mühafizə zolağında yerləşir, qeyd olunan torpaq sahəsinə digər fiziki şəxslərin də müraciəti daxil olmuşdur. Qeyd olunmalıdır ki, Bakı şəhəri Səbail RİH-in 1 oktyabr 1994-cü il tarixli 3149 saylı sərəncamı ilə iddiaçıya fərdi evin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin vaxtdan etibarən sözügedən torpaq sahəsi daimi olaraq iddiaçının sahibliyində və istifadəsindədir. Bu günədək torpaqdan istifadəsinə dair heç bir fiziki və ya hüquqi şəxsin etirazı olmamışdır. İddiaçı hesab edir ki, torpağın hasarlanmaması ona dair reyestrdən çıxarışın verilməməsinə əsas deyildir. Hazırkı iddia ərizəsinə əlavə edilmiş 20 sentyabr 2019-cu il tarixli A-570 saylı Milli Arxiv İdarəsinin arayışından da görünür ki, hazırda mübahisəsi gedən torpaq sahəsi iddiaçıya 1 dekabr 1994-cü il tarixdə ayrılmışdır. İşin şərh olunan faktiki hallarından göründüyü kimi, hazırki iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 600 kv.m ölçüdə torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinası ilə bağlı hərəkətləri qanuni və əsaslı olmamışdır. Sözügedən ərazidən yüksək gərginlikli elektrik hava xəttinin mühafizə zolağında yerləşməsi həqiqəti əks etdirmir. Hətta belə bir xəttin olması iddiaçının mülkiyyət hüququnun qeydə alınmasına maneə deyildir. Göstərilənlərə əsaslanaraq Bakı şəhəri, Səbail RİH-in 1 oktyabr 1994-cü il tarixli 3149 saylı sərəncamı ilə iddiaçıya ayrılan və hazırda onun sahibliyində və istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsinə dair faktiki mövcud olan ölçülərinə uyğun olaraq onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etirazda bildirilmişdir ki, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı tərəfindən təqdim olunan yerləşmə cizgisində dəqiq istinad məlumatı və məsafələr qeyd olunmamış, göstərilən torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Elektron baza məlumatlarına əsasən torpaq sahəsi üzərindən keçən 6 kV-luq elektrik hava xəttinin mühafizə zolağında yerləşir. Qeyd olunan torpaq sahəsinə digər fiziki şəxsin (X1) müraciəti daxil olmuşdur. Göstərilənlərə və İPM-in 48.2-ci maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65, 68-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli qərarına əsaslanaraq, iddianın rədd edilməsi məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-283/2022 saylı qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC-nin məhkəməyə təqdim olunmuş mütəxəssis rəyini əsas götürərək hesab edir ki, iddiaçı torpaq sahəsinə münasibətdə hüquqmüəyyənedici sənədə malik olsa da, onun iddia etdiyi torpaq sahəsinin faktiki koordinatları digər fiziki şəxsə (X6) ayrılmış torpaq sahəsinin koordinatlarına uyğun olduğundan, həmçinin üst-üstə düşən sahə məhz üçüncü şəxsin qanuni istifadəsinə verilmiş sahə olduğundan, o cümlədən yerləşmə cizgisi ilə naturada torpaq sahəsinin dislokasiyası fərqli olduğundan, iddiaçı iddia etdiyi torpaq sahəsinə qanuni istifadəçi kimi mülkiyyət hüququ əldə edə bilməz. Apellyasiya Məhkəməsinin diqqətinə çatdırılır ki, İddiaçı Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin 1 oktyabr 1994-cü il tarixli 3149 saylı sərəncamı ilə fərdi evin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı adına ayrılmış Badamdar qəsəbəsi, 3-cü Yaşayış Massivi, döngə 2031A, 600 kv.m ölçüdə torpaq sahəsinin yerləşmə cizgisi tərtib olunaraq RİH başçısının qəsəbə nümayəndəliyi tərəfindən təsdiq edilmişdir. 20 sentyabr 2019-cu il tarixli A-570 saylı Milli Arxiv İdarəsinin arayışı ilə də qeyd edilənlər öz təsdiqini tapır. İşdə üçüncü şəxs olan X1 məhkəməyə təqdim etdiyi sənədlərdən aydın olur ki, ona Bakı şəhəri Səbail RİH başçısının 2 may 1995-ci il tarixli 1290a saylı sərəncamı ilə torpaq sahəsi ayrılmışdır. Arxiv sənədlərində ona ayrılmış torpaq sahəsinin cizgisi mövcud deyildir. Torpağın Badamdar qəsəbəsinin hansı hissəsində (massivində) ayrıldığı məlum deyildir. Fəridə Məmmədovaya torpaq sxemi xx.xx.2018-ci il tarixdə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Məhkəmə bu fakta hüquqi qiymət verməmişdir. Sual olunur ki, Bakı şəhəri Səbail RİH başçısının 2 may 1995-ci il tarixli 1290a saylı sərəncamında sxem olmadığı halda Səbail Rayon İcra Hakimiyyətinin 23 il sonra, 23 il əvvəl verilmiş sərəncama sxem təsdiq edə bilərmi? İcra hakimiyyəti 2018-ci ildə belə bir sxem çəkməyə səlahiyyətlidirmi? Hansı sənədə istinadən etmişdir? 1995-ci ildə belə bir sxem olmamışdır. Fəridəyə verilən torpağın harada olması məlum deyildir. Bakı Apellyasiya məhkəməsi tərəfindən təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/3525 nömrəli ekspert rəyini məhkəməyə təqdim etmişdir. Rəyin nəticə hissəsində 1-ci suala cavab olaraq qeyd olunmuşdur ki, mübahisəli torpaq sahəsinin konfiqurasiyasının, döngələr arası məsafələrinin ölçülərinin Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 1290a saylı sərəncamı əsasında verilmiş torpaq sahəsinin xx.xx.2018-ci il tarixli sxemində qeyd olunan konfiqurasiya və ölçülərə uyğun olduğu müəyyən edilir. Həmin rəydə 2-ci suala cavab olaraq mübahisəli torpaq sahəsinin konfiqurasiyasının, döngələrarası məsafələrinin, ölçülərinin iş materiallarında olan Səbail rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli 3149 saylı Sərəncamında qeyd olunan torpaq sahəsinin 17 oktyabr 2005-ci il tarixli yerləşmə cizgisində qeyd olunan konfiqurasiya və ölçülərə uyğun gəlmədiyi müəyyən edilir. Lakin mübahisəli torpaq sahəsinin konfiqurasiya və ölçülərinin ekspertizaya təqdim edilmiş İddiaçı məxsus torpaq sahəsinin faktiki yerləşmə sxeminə uyğun olduğu müəyyən edilmişdir. Həmin rəydə 3-cü və 4-cü suallara cavab olaraq X1 adına verilmiş Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 1290a saylı sərəncamı əsasında tərtib edilən torpaq sahəsinin xx.xx.2018-ci il tarixli yerləşmə cizgisində qeyd olunan ölçü və konfiqurasiya ilə üçüncü şəxs İddiaçı adına verilmiş Səbail rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli 3149 saylı Sərəncamı əsasında İddiaçı məxsus torpaq sahəsinin faktiki yerləşmə sxeminin üst-üstə düşdüyü, eyni zamanda hər iki sxemdə qeyd olunan ölçülər və konfiqurasiyanın naturaya uyğun olduğu müəyyən edilir. Məhkəmə torpaq sahəsinin sərəncamla ilkin olaraq iddiaçıya ayrıldığını nəzərə alaraq sonrakı sərəncamı əhəmiyyətsiz akt kimi qəbul etməli və iddianın təmin edilməsi barədə qərar qəbul etməli idi. Tərəfindən vəsatət verilərək Fəridə Əliyevanın iddiasına baxılanadək işin icraatının dayandırılmasını xahiş etmişdir. Lakin hakim icraatı dayandırmamışdır. Hesab edir ki, məhkəmə istinad etdiyi üçüncü şəxsin iddiası üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayınca həmin torpaq sahəsinə dair sənədləri mötəbər sübut kimi qəbul etməməlidir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş iddiaçı və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin iştirak etməməsinin üzürlü hesab edilməsinə dair hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı tərəfin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia tələbi öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı subyektiv hüquqa malikdir. Belə ki, iddiaçı Səbail RİH-in 01 oktyabr 1994-cü il tarixli 3149 saylı sərəncamı ilə ona ayrılan torpaq sahəsinə dair çıxarışın verilməsini tələb edir. Cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: - 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar konkret olaraq müəyyən olunmuş və həmin əsaslar aşağıdakılardan ibarətdir: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013- cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İş materiallarından görünür ki, Bakı şəhəri Səbail RİH başçısının 1 oktyabr 1994-cü il tarixli 3149 nömrəli sərəncamı ilə Badamdar qəsəbəsində 600 kv.m ölçüdə torpaq sahəsi fərdi ev tikmək üçün İddiaçı ayrılmış, torpaq sahəsinin yer üzərində ara nişanları ilə ayrılaraq iddiaçıya təhkim olunması barədə akt tərtib edilmiş, sözügedən torpaq sahəsinin yerləşmə cizgisi tərtib olunaraq RİH başçısının qəsəbə nümayəndəliyi tərəfindən təsdiq edilmişdir. İddiaçı yuxarıda qeyd olunan sənədlərin mövcudluğuna istinad edərək, torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı inzibat orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8) 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin olunmasından imtina etmişdir. İnzibati orqan iddiaçının müraciətindən imtina edərkən torpaq sahəsinin bir hissəsinin 6kV-luq yüksək gərginlikli elektrik hava xəttinin mühafizə zolağına, digər hissəsinin isə digər fiziki şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü qənaətinə gəlmiş, bununla da iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi nəticəsinə gələrkən cavabdeh inzibati orqanın imtinasının əsası kimi birinci dəlili (torpaq sahəsinin bir hissəsinin 6kV-luq yüksək gərginlikli elektrik hava xəttinin mühafizə zolağına düşməsi) əsassız hesab etmiş, mövqeyini ikinci dəlilin (iddiaçının iddia etdiyi torpaq sahəsinin başqa şəxsə ayrılmış sahə ilə üst-üstə düşməsi) iş materiallarında olan sənədlərlə təsdiq edilməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, birinci instansiya məhkəməsində işin araşdırılması zamanı İddiaçı iddia etdiyi 600 kv.m torpaq sahəsinin faktiki göstəricilərinin Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 1 oktyabr 1994-cü il tarixli 3149 nömrəli sərəncamı ilə nəzərdə tutulan torpaq sahəsinin və ya Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 2 may 1995-ci il tarixli 1290a saylı sərəncamı ilə X3 ayrılmış torpaq sahəsinin göstəriciləri ilə eynilik təşkil etməsinin müəyyən olunması məqsədilə AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyi alınmışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC-nin məhkəməyə təqdim olunmuş mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçının (İddiaçı) iddia etdiyi və göstərdiyi mübahisələndirilən əraziyə baxış keçirilib, naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Naturada müəyyən edilmiş koordinatlara əsasən ölçülmüş ərazinin baza məlumatlarını və sair texniki parametrləri əks etdirən yerquruluşu planı hazırlanmışdır. 1) İddiaçının iddia etdiyi 600 kv.m torpaq sahəsinin qismən hissəsi (112 kv.m) ərazidən keçən 6 kV-luq yüksək gərginlikli elektrik hava xəttinin mühafizə zonasında yerləşir. 2) iddiaçının iddia etdiyi və naturada göstərdiyi 600 kv.m torpaq sahəsinin faktiki göstəriciləri Bakı şəhəri Səbail RİH başçısının 2 may 1995-ci il tarixli 1290a saylı sərəncamı və X3 ayrılmış torpaq sahəsinin göstəriciləri ilə naturada qismən eynilik təşkil etsə də, sənəd əsasında (3149 nömrəli sərəncama əlavə olunmuş cizgi) eynilik təşkil etmir və tamamilə fərqli mövqelərdə yerləşir. Həmçinin iş materiallarından görünür ki, üçüncü şəxs X6 mübahisə obyekti olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı Bakı İnzibati Məhkəməsində iddia qaldırmış, həmin iş üzrə İddiaçı üçüncü şəxs kimi işə cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2-1(112)-1375/2021 nömrəli qərarı ilə X4 iddiası təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-46/23 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2-1(112)-1375/2021 nömrəli qərarından cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" X8 1 Saylı Bakı Ərazi İdarəsi və üçüncü şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2-1(112)-1375/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1257/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" X8 1 Saylı Bakı Ərazi İdarəsi və üçüncü şəxs İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-46/23 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Eləcə də «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Hazırki iş üzrə iddiaçı torpaq sahəsinə münasibətdə hüquqmüəyyənedici sənədə malik olsa da, onun iddia etdiyi torpaq sahəsinin faktiki koordinatları digər fiziki şəxsə (X6) ayrılmış torpaq sahəsinin koordinatlarına uyğun olduğundan, həmçinin üst-üstə düşən sahə məhz üçüncü şəxsin qanuni istifadəsinə verilmiş sahə olduğundan, o cümlədən yerləşmə cizgisi ilə naturada torpaq sahəsinin dislokasiyası fərqli olduğundan, iddiaçı iddia etdiyi torpaq sahəsinə qanuni istifadəçi kimi mülkiyyət hüququ əldə edə bilməz. İddiaçı apellyasiya şikayətində üçüncü şəxsə münasibətdə verilmiş sərəncamın situasiya planının onun verilməsindən 23 il sonra təsdiq edilməsinin şübhəli olduğunu iddia etsə də, bunu təsdiq edəcək hər hansı bir dəlil təqdim edə bilməmişdir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, oxşar hal iddiaçı barəsində qəbul edilmiş sərəncamda da mövcuddur. Belə ki, iddiaçıya torpaq sahəsinin ayrılması ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinin 3149 saylı sərəncamı xx.xx.1994-cü il tarixdə qəbul edilsə də, torpaq sahəsinin yerləşmə cizgisi xx.xx.2005-ci il tarixdə tərtib edilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, üçüncü şəxs Fəridə Əliyevanın qanuni istifadəsində olan və mütəxəssis rəyinə əsasən naturada qismən daş hasara alınmış torpaq sahəsi ilə Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 1290 a saylı sərəncamına əlavə edilən situasiya planında qeyd edilən koordinatlar və döngə nöqtələri uyğunlaşmaqdadır. Bunun əksinə olaraq İddiaçı barəsində iş materiallarında olan sənədlərdə torpaq sahəsinin yerləşmə yeri və koordinatları, sxemin miqyası göstərilməmişdir. Belə olan halda üçüncü şəxsə məxsus sənədlərdə qeyd edilən və işin halları, habelə mübahisələndirilən torpaq sahəsinin naturada yerləşməsi ilə uyğunlaşan sənədlərin mötəbərliyi şübhə doğurmamalıdır. Yuxarıda göstərilənlərə əsasən, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-283/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar