Məhkəmə qərarları › İş №2-1(103)-2393/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2393/2023

11.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2393/2023 11.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Xətai Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs Musayeva (Əhmədova) Səkinə Sadıq qızı) “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2340/2023 nömrəli 23 yanvar 2023-cü il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhər Xətai Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs Musayeva (Əhmədova) Səkinə Sadıq qızı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üçüncü şəxs X1 onun mülkiyyətində olan ünvan 3 saylı evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Səlma Salahova) 2-1(112)-2340/2023 nömrəli 23 yanvar 2023-cü il tarixli qərarı ilə iddia təmin olunmuş, üçüncü şəxs xx.xx.2001-ci il təvəllüdlü X1 Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, B.Süleymanov küçəsi ünvanında yerləşən 55A saylı fərdi yaşayış evi üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan üçüncü şəxs Musayeva (Əhmədova) Səkinə Sadıq qızı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2340/2023 nömrəli 23 yanvar 2023cü il tarixli qərarının ləğv edilməsi, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı onun nənəsidir. Üçüncü şəxs uzun müddət iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. Ona görə də hesab edir ki, onun sözügedən yaşayış sahəsinə istifadə hüququ vardır. O, iddiaçının ailə üzvü olduğu üçün onunla iddiaçı arasında istifadə hüququnun tanınması ilə bağlı hər hansı bir əqdun bağlanması və onun təsdiq olunması ilə bağlı qanunvericilikdə hər hansı bir tələb yoxdur. Ona görə də hesab edir ki, aralarında yaranmış hüquq münasibətləri Azərbaycan Respublikası Ailə Məcəlləsi və Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş hüquq nomaları ilə tənzimlənməlidir. Üçüncü şəxsin yuxarıda qeyd olunan fərdi yaşayış evində yaşamamağa səbəb onun iradəsindən asılı deyildir. Belə ki, həmin ev qəzalı vəziyyətdə olduğu üçün nəinki o, hətta iddiaçı özü də həmin evdən çıxmaq məcburiyyətində olmuşdur. Bu hal məhkəməyə Xətai rayon İcra Hakimiyyəti Əhmədli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən ünvanlanmış xx.xx.2022-ci il tarixli, 625 nömrəli arayış ilə də təsdiq olunur. Məhkəmə üçüncü şəxsin sözügedən yaşayış sahəsində yaşamamasını üçüncü şəxsin həmin fərdi yaşayış evinə istifadə hüququnun olmaması qənaətinə gəlmişdir. Mülkiyyətçinin ailə üzvü olan şəxsin yaşayış sahəsində müvəqqəti yaşamaması onun həmin yaşayış sahəsinə istifadə hüququnun olmaması anlamına gələ bilməz. Şəxsin istifadə hüququnun olmaması üçün digər əsaslar olmamalıdır. Bu əsasların müəyyən olunması qanunvericiliklə inzibati deyil, mülki məhkəmənin səlahiyyətinə aid edilmişdir. Hazırkı halda onun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququnun olmamasını təsdiq edən məhkəmə qətnaməsinin mövcud olmadığı halda Məhkəmə onun həmin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı qəbul etdiyi qərar əsassızdır. Birinci instansiya məhkəməsi prosessual qanunun göstərilən tələblərinə zidd olaraq üçüncü şəxsin məhkəmə iclasında iştirakını təmin etməməklə, onu özünü müdafiə etmək hüququndan məhrum etmişdir. Məhkəmə qərarında onu məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsini qeyd etsə də əslində bunu etməmişdir. Məhkəmədə qeydiyyatda olduğu ünvanda yaşamadığı ilə bağlı məlumat olsa da yalnız qeydiyyatda olduğu ünvana məktub göndərməklə kifayətlənmişdir. Buna görə də o, məhkəmə iclasında iştirak edə bilməmiş, iş üçün fundamental əhmiyyət kəsb edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən qərarın ləğv edilməsi və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etirazda bildirilmişdir ki, üçüncü şəxs iddiaçının nəvəsi olmuş, iddiaçının razılığı ilə 2019-cu ildə mübahisəli ünvana qeydiyyata alınmışdır. İddiaçı hazırda üçüncü şəxsin mübahisəli yaşayış sahəsinə hüquqlarının olmaması və yaşamaması əsası ilə onun mülkiyyətində olan evdən qeydiyyatdan çıxarılmasını xahiş edir. Üçüncü şəxs iddiaçının ailə üzvü olmamışdır, həmçinin işdə olan sübutlara əsasən müəyyən olunur ki, o, mübahisəli evə 2009-cu ildən sonra qeydiyyata alınmışdır və hazırda həmin evdə yaşamır. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, üçüncü şəxs özü də etiraf edir ki, o, həmin ünvanda yaşamır, həmçinin üçüncü şəxsin mübahisəli yaşayış sahəsinə istifadə hüququ yoxdur, müəyyən edilməmişdir. Belə olan halda, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla, tamamilə əsassızdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qərar çıxarılarkən maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər yoxdur. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qərar çıxarılarkən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər yoxdur. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər əsaslandırılmamışdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə məhkəmə iclas protokollarına dair qeydlər verilməmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər yoxdur. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər yoxdur. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər yoxdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2340/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iş üzrə üçüncü şəxs Musayeva (Əhmədova) Səkinə Sadıq qızı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsi xahiş olunur. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs Musayeva (Əhmədova) Səkinə Sadıq qızı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhər Xətai Rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X1 ünvan 3 ünvanından qeydiyyatdan çıxarılması ilə əlaqədar iddiaçının müraciətinə baxılmış, müraciətinin təmin edilməsindən imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli ******* №-li arayışından görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olan şəxslər: İddiaçı və X2r. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli ******* №-li arayışından görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olan şəxslər: İddiaçı və X3r. İş materiallarında olan Bakı ŞİH Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş FM seriyalı, 026071 nömrəli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 3 saylı fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə xx.xx.2004-cü il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan Xətai rayon İcra Hakimiyyəti Əhmədli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixli arayışlarından görünür ki, X5 ünvan 3 saylı evdə qeydiyyatdadır. Həmçinin göstərilən evdə uzun müddətdir ki, yaşayış yoxdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X5 ünvan 3 ünvanına xx.xx.2019-cu il tarixdə 2 saylı Bakı “Asan xidmət” mərkəzində qeydiyyata alınmışdır. İş materiallarında olan 5 saylı Bakı ASAN Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci ildə verilmiş Nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X4 ilə X5 xx.xx.2022-ci ildə nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2022-ci ildə 3213 nömrəli ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əhmədov, arvada Əhmədova soyadı verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ünvan 3 saylı fərdi yaşayış evi üzərində X1 mülkiyyət, istifadə və ya digər məhdud əşya hüquqlarının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Həmin məktuba əlavə edilmiş Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli M-190 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” Fərmanına və Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli 571 saylı sərəncamına uyğun olaraq vət. İddiaçı İsbəndiyar qızının sənədləri komissiyada baxılması üçün Bakı şəhər İcra Hakimiyyətinə göndərilmişdir. Həmin məktuba əlavə olunmuş Xətai rayon İcra Hakimiyyətinin Əhmədli qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2004-cü il tarixli 02 saylı arayışından görünür ki, 55a saylı fərdi yaşayış evində yalnız İddiaçı qeydiyyatda olmuş, xx.xx.2003-cü il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. 5-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin Qərarda həmçinin qeyd edilir ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə kollegiyası qeyd edir ki, ünvan 3 saylı fərdi yaşayış evinə İddiaçı xüsusi mülkiyyət hüququ xx.xx.2004-cü ildə qeydiyyata alınmışdır. Həmin ev iddiaçının adına qeydiyyata alınarkən həmin evdə yalnız iddiaçı qeydiyyatda olmuş, üçüncü şəxs Musayeva (Əhmədova) Səkinə Sadıq qızı isə həmin ünvanda qeydiyyatda olmamışdır. Üçüncü şəxs iddiaçının nəvəsidir və o, həmin ünvana iddiaçının ərizəsinə əsasən xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Hazırda üçüncü şəxs həmin ünvanda qeydiyyatda olsa da orada yaşamır. Üçüncü şəxs xx.xx.2022-ci ildə X4 ilə nikaha daxil olmuşdur və başqa ünvana köçərək yaşayış yerini dəyişmişdir. İddiaçı üçüncü şəxsin həmin yaşayış sahəsindən qeydiyyatdan çıxarılması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Göründüyü kimi, üçüncü şəxs həmin ünvanda qeydiyyatda olsa da, nikaha daxil olaraq yaşayış yerini dəyişmiş, hazırda orada yaşamır. Eyni zamanda üçüncü şəxs iddiaçıya məxsus ünvanda formal qeydiyyatdadır, onun mübahisəli yaşayış sahəsinə istifadə hüququnun olması müəyyən edilmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Üçüncü şəxs Musayeva (Əhmədova) Səkinə Sadıq qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2340/2023 nömrəli 23 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar