Məhkəmə qərarları › İş №2-1(103)-2394/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2394/2021

25.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2394/2021 25.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3437/2021 saylı, 14 iyun 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz sayılması, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1963-cü ildə Ermənistan SSR Vardenis rayonunda anadan olmuşdur. Əmək fəaliyyətinə 10.10.1980-ci ildə başlamışdır. 1984-cü ildə Azərbaycan Respublikası Neft və Sənaye Universitetinin “Kimya texnologiyası” fakültəsinin “Neft və qazın kimyəvi emalı texnologiyası” ixtisası üzrə əyani şöbənin İ kursun daxil olmuş və 1989-cu ildə həmin ixtisas üzrə əyani şöbəni bitirmişdir. Bunu təsdiq edən arxiv arayışı və diplom mövcuddur. Bundan sonra 30.12.1992-ci il tarixdən 08.09.1995-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. 25.09.1993-cü il tarixdən 01.07.1994-cü il tarixədək döyüş tapşırığını yerinə yetirmək üçün Beyləqan rayon döyüş bölgəsinə ezam olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 31.08.1995-ci il tarixli müvafiq əmri ilə 08.09.1995-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata təxris olunmuşdur. Bunu təsdiq edən əmrlərin surətləri, eyni zamanda arxiv arayışı mövcuddur. 21.08.1989-cu il tarixdən hal-hazırki vaxtadək Heydər Əliyev adına X3 güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulan 30.04.2002-ci il tarixinədək katalitik krekinq üzrə 5 № li texnoloji sexin, istehsalatın Q-43107M qurğusunda, 55 №li texnoloji qurğusunda texnoloji qurğuların operatoru peşəsində, növbə rəisi vəsifəsində işləmişdir. 01.05.2002-ci il tarixdən hal-hazırkı vaxtadək katalitik krekinq üzrə 5 №li texnoloji sexin texnoloji qurğuların operatoru peşəsində işləyir. Bu peşə və vəzifə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə müvafiq olaraq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 10.5-ci bəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı 21 avqust 2020-ci il tarixədək 30 il 11 ay 29 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulan vəzifələrdə işləmiş şəxs kimi 02.05.2020-ci il tarixdə 57 yaşı tamam olduğundan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi hüququ yaranmışdır. Ona əmək pensiyası təyin edilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, cavabdeh ona pensiya təyin edilməsindən imtina etmişdir. İmtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “B” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 №li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Lakin təqdim edilmiş sənədlərdən görünür ki, 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 9 ay 17 gün) təşkil edir. Lakin cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Belə ki, onun ümumi əmək stajı 25 ildən də artıq müddət təşkil edir. Cavabdehin əməkdaşları 24 il 9 ay 17 gün müddətini hansı qaydada hesablaması barədə məlumatı olmasa da, adi riyazi hesablama qaydasında hesablandıqda belə onun ümumi əmək stajı 25 ildən artıq müddət təşkil edir. Belə ki, o, 10.10.1980-ci ildən 05.05.1981-ci il tarixədək (6 ay 25 gün) Ermənistan SSR-də işləmişdir. 06 may 1981-ci il tarixdən 07 may 1983-cü il tarixədək (1 il 01 gün) Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş, 03.06.1983-cü il tarixdən 29.07.1983-cü il tarixədək (01 ay 26 gün), 03.08.1983-cü il tarixindən 30.08.1984-cü il tarixədək (1 il 27 gün), 21.08.1984-cü il tarixdən 24.07.1989-cu il tarixədək Azərbaycan Respublikası Neft və Sənaye Universitetinin “Kimya texnologiyası” fakültəsinin “Neft və qazın kimyəvi emalı texnologiyası” ixtisası üzrə əyani şöbəsində təhsil almışdır. 21.08.1989-cu il tarixdən də hal-hazırkı vaxtadək 16 il 4 ay 10 gün olmaqla Heydər Əliyev adına X3 işləyir. Əmək fəaliyyətinə başladığı 10.10.1980-ci il tarixdən 57 yaşı tamam olanadək ümumi əmək stajı 25 il 1 ay 01 gün təşkil edir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 57 yaşı tamam olduğu 02.05.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3437/2021 saylı, 16 mart 2021-ci il tarixli qərardadına əsasən ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3437/2021 saylı, 14 iyun 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 57 yaşı tamam olduğu 02.05.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin Mərkəz filialına həvalə edilmişdir. Cavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Vətəndaşların pensiya təminatı haqqında" qanunun İddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 1 yanvar 2006-ci il tarixinədək güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə iddiaçının qanunla tələb edilən pensiya yaşına çatması, iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması və iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi şərtlərinə riayət edilməklə yaranır. Hazırki iş üzrə iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması şərtinə əməl edilməmişdir. “Vətəndaşların pensiya təminatı haqqında" qanunun İddiaçıya şamil edilə bilməsi üçün İddiaçının 1 yanvar 2006-ci il tarixinədək (yəni ƏPQ-nin qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüququ isə İddiaçının zəruri staja sahib olmasıdır. İddiaçının əmək kitabçası, hərbi bileti və diplomuna əsasən ümumi iş stajı 25 ildən az təşkil edir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsini qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: - iddiaçıya məxsus AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1963-cü il tarixdə Ermənistan Respublikası, Vardenis rayonu, Zod kəndində anadan olmuşdur. - iddiaçıya məxsus ПТ-İ № ******* saylı əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 10.10.1980-ci il tarixdən 05.05.1981-ci il tarixədək Zod ekspedisiyasının Tikinti sexinə İİ dərəcəli fəhlə, 03.06.1983-cü il tarixdən 29.07.1983-cü il tarixədək Zod ATS “Armtsvetmetstroy” tresti “ГРЕ” obyektində ikinci dərəcəli fəhlə, 03.08.1983-cü il tarixdən 30.08.1984-cü il tarixədək Zod Ekspedisiyası Tikinti Sexinə İİ dərəcəli fəhlə, 21.08.1989-cu il tarixdən Yeni-Bakı neftayırma zavodu 5 saylı texnoloji sexin Г-43107М qurğusuna 5-ci dərəcəli texnoloji qurğular operatoru, 16.11.2006-cı il tarixdən 6-cı dərəcəli texnoloji qurğular operatoru, 17.03.2010-cu il tarixdən hal-hazıradək 7-ci dərəcəli texnoloji qurğular operatoru vəzifəsində işləyir. - “Socar” tərəfindən 21 avqust 2020-ci il tarixli, SOCAR**********81200601B00002 nömrəli arayışdan görünür ki, İddiaçı 21.08.1989-cu il tarixindən hal-hazıradək Heydər Əliyev adına X3 işləyir. 21.08.1989-cu il tarixindən (işə qəbul barədə 8- 12/108 saylı 18.08.1989-cu il tarixli əmr) 30.04.2002-ci il tarixinədək katalitik krekinq üzrə 5 N-li texnoloji sexin, istehsalatın T43-107 M qurğusunda, 55 N-li texnoloji qurğusunda texnoloji qurğuların operatoru peşəsində, növbə rəisi vəzifəsində işləmişdir. 01.05.2002-ci il tarixindən hal-hazıradək katalitik krekinq üzrə 5 N-li istehsalatın katalitik krekinq üzrə 55 N-li texnoloji qurğusunda texnoloji qurğuların operatoru peşəsində işləyir. Bu peşə və vəzifə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.5-ci bəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsi tərəfindən verilmiş 18 avqust 2020ci il tarixli arayışdan görünür ki, İddiaçı 30.12.1992-ci il tarixdən 08.09.1995-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. 25.09.1993-cü il tarixdən 01.07.1994-cü il tarixədək döyüş tapşırığını yerinə yetirmək üçün Beyləqan rayon döyüş bölgəsinə ezam olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirinin 31.08.1995-ci il tarixli müvafiq əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin "e" bəndinə əsasən, N saylı hərbi hissə komandirinin müvafiq əmri ilə 08.09.1995-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunmuşdur. - iddiaçıya məxsus ГЛ № 092290 saylı hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 06 may 1981-ci il tarixdən 07 may 1983-cü il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. - iddiaçıya məxsus PB № 039028 saylı diplomdan görünür ki, İddiaçı 1984-cü il tarixdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş və 1989-cu ildə Neft və qazın kimyəvi emalı texnologiyası ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət imtahan komissiyasının 28 iyun 1989-cu il tarixli qərarı ilə ona kimyaçı-texnoloq mühəndisi ixtisası verilmişdir. Diplom 21 iyul 1989-cu il tarixdə verilmişdir. - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən verilmiş 01-359 saylı, 08 oktyabr 2020-ci il tarixli arxiv arayışdan görünür ki, M.Əzizbəyov adına Azerbaycan Neft və Kimya İnstitutu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) arxiv sənədlərini əsas tutaraq bildirilmişdir ki, İddiaçı 1984-cü ildə “Kimya texnologiya” fakültəsinin “Neft və qazın kimyəvi emalı texnologiyası” ixtisası üzrə əyani şöbənin İ kursuna daxil olmuşdur. (Əmr; № 02/882, 21.08.1984-cü il) İddiaçı 1989-cu ildə yuxarıda göstərilən ixtisas üzrə əyani şöbəni bitirmişdir. (Əmr № 02/935 24.07.1989-cu il). Diplom PB № 039028, 21.07.1989-cu il. (qeyd № 259) - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 26 oktyabr 2020-ci il tarixli, **********3 saylı güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubdan görünür ki, iddiaçının Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasıyalar üzrə Dövlət Agentliyinin 5 saylı “ASAN xidmət” Mərkəzindən daxil olmuş ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericılilklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cu maddəsinin b bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim edilən sənədlərdən göründüyü kimi onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 9 ay 17 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsi cavabdehin imtinasını qanuni və əsaslı hesab etməyərək iddia tələbinin təmin edilməli olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq məhkəmə kollegiyası qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün onun 01.01.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən, onun hərbi xidmət illəri də sosial sığorta stajına da daxil edilməlidir. Belə ki, iddiaçının hərbi xidmət keçərkən qüvvədə olan Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2- ci maddəsinə əsasən də 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə Kollegiyasi qeyd edir ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 01.01.2006-cı il tarixədək qanunvericiliklə nəzərdə tutulmuş 25 il ümumi və 12 il 06 ay güzəştli iş stajına malikdir. Belə ki, iddiaçının güzəştli iş stajı ilə bağlı qeyd edilməlidir ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X4 tərəfindən verilmiş 23 aprel 2021-ci il tarixli zərərli iş şəraiti haqqında arayışdan görünür ki, İddiaçı 21.08.1989-cu il tarixdən 10.06.2003-cü il tarixədək 5 saylı sexdə istehsalat, Q-43 107 M texnoloji qurğu, texnoloji qurğuların operatoru vəzifəsində işləmişdir. Həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 saylı Qərarının 2-ci siyahısında şifrə 2130301a-16081, Xİİ bölmənin 3-cü yarımbölməsində nəzərdə tutulmuşdur. 10.06.2003-cü il tarixdən hal-hazıradək 5 saylı sexdə 55 saylı texnoloji qurğu, texnoloji qurğuların operatoru vəzifəsində işləmişdir. Həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 saylı Qərarının 2-ci siyahısında şifrə 2130301a-16081, Xİİ bölmənin 3-cü yarımbölməsində, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli Qərarının 10.5 (Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı) bölməsində nəzərdə tutulmuşdur. Müraciət əsasında iddiaçıya eyni məzmunlu 09 aprel 2021-ci il tarixli zərərli iş şəraiti haqqında arayışın təqdim edilməsi bildirilmiş və həmin eyni məzmunlu arayış məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmişdir. İstinad edilən siyahıda hər bir istehsalat, işlər, peşələr və vəzifələr müvafiq qaydada bölmələr və kodlar üzrə təsnifatlaşdırılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. Məhkəmə kollegiyası qeyd edir ki, mövcud "Qaydalar" "Əmək pensiyası haqqında” Qanun qüvvəyə minən günədək sığortaolunanların iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Lakin, dəqiqləşdirici arayışa o halda ehtiyac yaranır ki, xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazlı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar barədə tam məlumat əmək kitabçasında olmasın. Beləliklə, mövcud "Qaydalar" "Əmək pensiyası haqqında” Qanun qüvvəyə minən günədək sığortaolunanların iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-cı il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1 -ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən ış stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X3 21.08.1989-cu il tarixdən 10.06.2003-cü il tarixədək 5 saylı sexdə istehsalat, Q-43 107 M texnoloji qurğu, texnoloji qurğuların operatoru vəzifəsi, 10.06.2003-cü il tarixdən 01.01.2006-cı il tarixədək 5 saylı sexdə 55 saylı texnoloji qurğu, texnoloji qurğuların operatoru vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı siyahının Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı adlı (kod ********) Xİİ bölməsinin Neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı (kod ********) 3-cü yarımbölməsində 2130301a16081 kodlu texnoloji qurğuların operatorları vəzifəsinə uyğundur Göründüyü kimi iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən peşələr üzrə iş stajı 12 il 06 aydan artıq olmaqla, iş stajı onun əmək kitabçasında və iş yerindən təqdim edilmiş güzəştli arayışla öz təsdiqini tapmışdır. Məhkəmə Kollegiyası cavabdehin imtinasının əsaslarından olan iddiaçının ümumi stajının 25 ildən az olması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əsasən iddiaçının işlədiyi və hərbi xidmətdə olduğu dövr 20 il 1 ay 29 gün təşkil edir. Eyni zamanda iş materiallarına əsasən onun ali təhsil aldığı müddət 21 avqust 1984-cü il tarixdən 24 iyul 1989-cu il tarixdək olan dövrü əhatə edir, həmin dövr 4 il 10 ay 24 gün təşkil edir. Beləliklə , iddiaçının iş, təhsil və hərbi xidmət dövrü nəzərə alınmaqla onun 01.01.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən artıq olduğundan, cavabdeh inzibati orqanın imtinasının əsassız olması bir daha öz təsdiqini tapır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, müvafiq dövr üzrə iş stajı iddiaçıya məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli olması barədə birinci instansiya məhkəməsi qanunu və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3437/2021 saylı, 14 iyun 2021ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar