Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2395/2022 27.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasıtəyin edilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibatii Məhkəməsinin 2-1(112)-1100/2020 saylı xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar Rayon Şöbəsinə qarşı iddiaçının xx.xx.1978-ci il tarixdən xx.xx.2013-cü il tarixədək işlədiyi illəri sığorta stajı kimi müəyyən edərək ona hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən və həmin zaman qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə uyğun hesablanaraq yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddianın əsaslarına görə iddiaçı qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə uyğun hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasından ötrü cavabdehə müraciət etmiş, cavabdeh ona məhkəməyə müraciət etməyi bildirilmişdir. 1978-ci il tarixdən müxtəlif işlərdə işləmişdir. Onun ümumilikdə 25 il 2 ay stajı vardır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə uyğun olaraq hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən ötrü 25 il sığorta stajı və bu stajın 12 il 6 ayı güzəştli şərtlərlə olması tələb olunur. Cavabdeh ona əmək pensiyası təyin etsə də 2007- 2013-cü illərdə olan stajı öz təsdiqini tapmamasını bəhanə edərək ona əmək pensiyası ödənişini dayandırmışdır. Halbuki, həmin dövrlər DSMF Nizami rayon şöbəsinin xx.xx.2017-ci il tarixli 151025 saylı arayışı ilə təsdiq edilir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(086)-1828/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə cavabdeh “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar Rayon Şöbəsi” əsl cavabdeh “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsi” ilə əvəz edilərək hazırkı işin ərazi aidiyyəti üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Bakı İnzibatii Məhkəməsinin 2-1(112)-1100/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.2013-cü il tarixədək işlədiyi müddətlərin sosial stajına daxil edilərək, iddiaçıya xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, iddiaçının təqdim etdiyi əmək kitabçasından göründüyü kimi, iddiaçının ümumi iş stajı qanunvericilikdə qeyd edilən 25 ildən azdır. Onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-197/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibatii Məhkəməsinin həmin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-835/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiya məhkəməsinin həmin qərarı ləğv edilmiş iş təkrar baxılması üçün göndərilmişdir. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, iş materiallarında olan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(086)2421/2017 nömrəli, 29 iyun 2017-ci il tarixli qərarı ilə iddiaçının hazırkı predmetli iddia tələbi artıq məhkəmə tərəfindən təmin edilibdir. Apellyasiya məhkəməsi həmin qərarın qanuni qüvvədə olub-olmadığı, iddiaçıya daha əvvəl təyin edilmiş əmək pensiyasının məhz, sözügedən məhkəmənin qərarının icrası qaydasında aparılıb-aparılmadığı halı üzrə hər hansı araşdırma və qiymətləndirmə aparmamışdır. (b.23)” Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi V.X2 Məhkəməsi tərəfindən iddiaçının eyni tələbinə baxılaraq təmin edilməsi barədə qərar qəbul olunduğunu və həmin qərarın qanuni qüvvəsini aldığını bildirərək hesab etmişdir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını Ali Məhkəmənin qərarından irəli gələn göstərişlərini İPM-in 96.11-ci maddəsinin tələbləri qaydasında təkrarən apellyasiya qaydasında araşdırıb belə hesab gəlir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. İddiaçının iddia ərizəsinə, cavabdehin apellyasiya şikayətinə və iş üzrə toplanmış digər sübutlara əsasən müəyyən olunur ki, iddiaçı 2017-ci ildə onun sığorta stajı müəyyən edilərək, yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin ounması barədə iddia ərizəsi ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(086)-2421/2017 saylı 29 iyun 2017-ci il tarixli qərarı ilə onun iddia qismən təmin olunaraq, İddiaçı 02.101978-xx.xx.2007-ci illlərdə (həmçinin, 1981-1993-cü illərdə Lənkəran 4 saylı TTİ-də, 1993-1995-ci illərdə 37 No-li TSMD-də, 1996-1999-cu illərdə Biləsuvar Pambıq zavodunda və 1999-2000, 2006xx.xx.2007-ci illərdəBiləsuvar Qaz İstsmar İdarəsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifədə) işləməsi barədə əmək kitabçasında qeyd olunmuş iş illəri sosial sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı 27 sentyabr 2016cı il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar şöbəsinin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş, Şirvan İnzibati Məhkəməsi tərəfindən İddiaçı ünvanlanmış (086)-2421/2017 saylı 03 oktyabr 2022-ci il tarixli məktubda bildirilmişdir ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(086)-2421/2017 saylı 29 iyun 2017-ci il tarixli qərarı 21 avqust 2017-ci il tarixində qanuni qüvvəsini almış, həmin tarixdə icraya yönəldilmiş və iş üzrə cavabdeh təşkilatın məhkəməyə ünvanladığı 08 sentyabr 2017-ci il tarixli məktubuna əsasən icra edilmişdir. İddiaçıya həmin qərar əsasında pensiya təyin edən DSMF-nin Biləsuvar rayon şöbəsinin işə əlavə olunmuş iddiaçıya ünvanladığı 23 may 2019-cu il tarixli məktubundan görünür ki, iddiaçıya əmək pensyası təyin edilərkən, onun işlədiyi ayrı-ayrı dövrlər daxil edilməklə, o cümlədən, sorğu əsasında Fondun Nizami rayon şöbəsindən, iddiaçının xx.xx.2007-ci il tarixdən xx.xx.2013-cü il tarixinədək olan dövrlərdə qazandığı stajı barədə 4 saylı əlavə də əldə olunaraq, həmin dövrlər də onun sığorta stajı kimi nəzərə alınmışdır. Beləliklə də, qeyd olunanlardan göründüyü kimi, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 29 iyun 2017-ci il tarixli qərarı əsasında pensiya təyin edən orqan tərəfindən iddiaçının xx.xx.1978-xx.xx.2013-cü ilədək işlədiyi dövr sığorta stajı nəzərə aılnmaqla, ona 57 yaşından pensiya təyin olunmuşdur. Lakin iddia ərizəsinin məzmunundan və pensiya təyinedicisi DSMF-nin Biləsuvar rayon şöbəsinin qeyd olunan 23 may 2019-cu il tarixli məktubundan görünür ki, sonradan, qanuni qüvvəsini almış məhkəmə qərarı əsasında iddiaçıya təyin edilmiş 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası ləğv edilərək pensiya ödənişi dayandırılmış və konkret halda da iddiaçı hazırkı cavabdehə qarşı təkrarən, həmin illər nəzərə alınmaqla, ona xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmk pensiyası təyin olunmasını məhkəmə qaydasında tələb etmişdir. Halbuki, qanuni qüvvəsini almış məhkəmə qərarı ilə təyin olunmuş yaşa görə güzəştli şərtlərələ əmək pensiyası ödənişinin cavabdeh tərəfindən ləğv edilməsinə və ya dayandırılmasına görə yenidən eyni predmet və eyni əsaslarla məhkəmədə məhkəmədə qaldırmaq imkanını istisna edir və belə iddianın inzibati məhkəmə icraatı mümkün sayıla bilməz. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmin Məcəllənin 117.1.1-ci maddəsinə əsasən icra qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında həyata keçirilir. Eyni zamanda həmin Məcəllənini 1.2-ci maddəsi baxımından, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (“MPM”) 15.2-ci maddəsinin tələbinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 233.3-cü maddəsinin tələbinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. İşin qeyd olunan hallarından isə göründüyü kimi, cavabdeh onun üçün məcburi olan qanuni qüvvəsini almış, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4350/2017 saylı, 27 sentyabr 2017-cı il tarixli qərarının icrasını dayandırmışdır. Halbuki, İPM-in 79.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Həmin Məcəllənin 79.2-ci maddəsinə əsasən məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. Həmin Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Eyni zamanda, «Homsbi» Yunanıstana qarşı» işdə (19 mart 1997 40-cı bənd) də Avropa Məhkəməsi Qərarında qeyd etmişdir ki, «İnsan hüquqları haqqında» Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan ədalətli məhkəmə araşdırması huququ, dinləmədən sonrakı prosedurları, məsələn, məhkəmə qərarının icrası prosedurunu da əhatə edir.» Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, məhkəmənin qanuni qüvvəsini almış qərarı icra sənədi sayılır, icra sənədinin icrasına nəzarəti isə həmin işə baxan məhkəmə (hakim) tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 saylı 19 noyabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...İnzibati məhkəmələrdə birinci instansiya məhkəməsi qismində baxılmış işlər üzrə isə inzibati məhkəmənin hakimi icra orqanı sayılır və məhkəmə qərarının icrasını təmin etməyə dair hərəkətlər də onun tərəfindən yerinə yetirilməlidir.... Birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmənin qərarının daha sonra yuxarı instansiya (apellyasiya və ya kassasiya) məhkəmələri tərəfindən dəyişdirilməsinə və ya ləğv edilərək yeni qərar çıxarılmasına baxmayaraq, hər bir halda məhkəmənin yekun aktının icrası ilə bağlı hərəkətlər birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmə tərəfindən həyata keçirilməlidir...” Qeyd olunanlar onu deməyə əsas verir ki, qanuni qüvvəsini almış Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(086)-2421/2017 saylı 29 iyun 2017-ci il tarixli qərarının icrasına nəzarəti həyata keçirmək, həmin məhkəmənin (hazırkı Şirvan İnzibati Məhkəməsinin) səlahiyyətinə aiddir. Həmin qərarın işin icrasında yaranan istənilən məsələyə, ayrıca iddia icraatı çərçivəsində yox, məhz, həmin işin davamı olaraq icra qaydasında baxılmalıdır (Qərarların icrası İPM-in XİV fəslinin müəyyən etdiyi qaydalara uyğun olaraq həmin işə baxan birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir). Bu baxımdan, İPM-in 35.1-ci maddəsinin tələbi baxımından, hazırkı iddianın əsaslandırılmış iddia kimi qəbul olunaraq inzibati icraat qaydasında təkrarən baxılması yolverilməz və mümkünsüzdür. Başqa sözlə, iddianın mümkünlük şərtləri ödənilmir. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən isə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilir. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, iş hərtərəfli araşıdırlmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verilməmiş, iddianın inzibati məhkəmə icraatını qeyri-mümkün edən hallara diqqət yetirilməmiş, mümkünlük şərtləri öz təsdiqini tapmadığı halda, işə mahiyyəti üzrə işə baxılaraq təmin olunması barədə prosessual qanunvericiliyin tələblərini pozulması ilə qərar qəbul olunmuşdur. Beləliklə də göstərilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə prosessual hüquq normalarının tələblərinin pozulması hissəsində razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibatii Məhkəməsinin 2-1(112)-1100/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ləğv edilməli və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməlidir. Eyni zamanda, məhkəmə kollegiyası iddiaçıya izah edir ki, yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin qeyd edilən 29 iyun 2017-ci il tarixli qərarı ilə ona təyin olunmuş pensiyanın davamlı icrasının təmin olunması üçün müvafiq ərizə (şikayət) ilə qərarın icrasına nəzarəti həyata keçirən həmin məhkəməyə (hakimə) müraciət edə bilər. Qeyd olunanlara əsasən və İPM-in 80, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1100/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Anar Tanrıverdiyev İkram Şirinov
Məhkəmə qərarları › İş №2-1(103)-2395/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2395/2022
27.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver