Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2395/2023 06.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «iddiaçının ikinci dərəcə əlilliyinin müddətsiz müəyyən edilməsi və dayandırıldığı tarixdən bərpa edilməsi» tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1991/2023 nömrəli, 13 fevral 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar 2-ci dərəcə əlilliyinin müddətsiz müəyyən edilməsi və dayandırıldığı 17 fevral 2021-ci il tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) e-2-1(112)-1991/2023 nömrəli, 13 fevral 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Əhmədov X4 Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının terapiya profilli hospital hərbi həkim komissiyasının 16 iyun 2006-cı il tarixli 1735 nömrəli xəstəlik haqqında şəhadətnaməsi əsasında «xəstəlik hərbi xidmət dövründə alınmışdır» ifadəsi altında şəhadətləndirilmiş, «Xəstəliklər cədvəli»nin 26a, 66c maddəsinin İİİ qrafasına və vətəndaşların səhhətinə əlavə tələblər cədvəlinə əsasən hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız hesab edilmişdir. Yəni «xəstəlik hərbi xidmət dövründə alınmışdır» ifadəsi ilə hərbi-həkim komissiyası xəstəliklərin səbəbli əlaqəsi barədə qərar qəbul etmişdir. Qeyd edilən xəstəliyə uyğun iddiaçının əlilliyi hərbi xidmət dövrü ilə əlaqədar əlillik səbəbi, dərəcəsi isə İİ dərəcə kimi müəyyən edilmişdir. İddiaçı sonuncu dəfə 4 nömrəli Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 17 fevral 2015-ci il tarixdə müayinə olunaraq müddətsiz əlil kimi müəyyən edilmişdir. Buna müvafiq olaraq hərbi qulluqçular sırasından digər əlil kateqoriyasına aid edilərək ona pensiya ödənilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 1 fevral 2022-ci il tarixdən pensiya ödənişi dayandırılmış və buna səbəb kimi “X7”ndə mövcud olan məlumatlarda uyğunsuzluğun olması göstərilmişdir. İddiaçı bundan sonra əlilliyin bərpası ilə bağlı cavabdeh Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmişdir. Cavabdeh isə 21 iyul 2022-ci il tarixli **********1 nömrəli məktubu ilə bildirmişdir ki, iddiaçının 2-ci dərəcə əlilliyi sonuncu dəfə 17 fevral 2016-cı il tarixdə 5 il müddətə avtomatlaşdırılmış qaydada uzadılmışdır. Növbəti müayinə tarixi 17 fevral 2021- ci il tarixdən sonrakı dövrdə iddiaçıya dair ərazi tibb müəssisəsi tərəfindən "Əlillik" sisteminə göndəriş (Forma-088) daxil olmamışdır. İddiaçı Sabunçu Ravon Mərkəzi Xəstəxanası tərəfindən müayinə-müalicə olunacağı və yeni göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyəti iştirakı olmadan adsızlaşdırılmış qaydada sənədlər üzərindən qiymətləndiriləcəkdir. İddiada əks olunan tibb müəssisəsinin göndərişi olmadan şəxsin əlilliyinin növbəti qiymətləndirilməsinin aparılmalı olmasına və bu barədə vahid məhkəmə təcrübəsinin mövcud olmasına istinad edilsə də, buna heç bir münasibət bildirilməmişdir. Bununla da məhkəmə qərarı əsaslandırılmamış, dəlillərə əks-dəlil gətirilməmiş və heç bir əsaslandırma olmadan və dəlilləri təkzib edilmədən qərar qəbul edilmişdir. Halbuki məhkəmə həmin dəlillərə münasibət bildirsəydi, mütləq şəkildə iddianı təmin etməli və 2-ci dərəcə əlilliyin müddətsiz təyin edilməsi öhdəliyini cavabdehə həvalə etməli idi. İddiaçıya əlillik ömürlük müəyyən edilməlidir. Çünki xx.xx.2021-ci il tarixdə qüvvədə olan Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 4.2-ci maddəsinə əsasən 2-ci dərəcəli əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Göründüyü kimi, fasiləsiz olaraq 10 il 2-ci dərəcə əlillik təyin edilirsə, həmin müddətdən sonra artıq əlillik təyin edilmir, yalnız müəyyən edilir. Bu isə o deməkdir ki, 10 ildən sonra artıq əlillik TSEK tərəfindən təyin edilmir, qanunun tələbinə görə avtomatik olaraq ömürlük təyin edilmiş sayılır. Məhz bu səbəbdən qeyd edilən müddəada "təyin edilir" deyil, "müəyyən edilir" ifadəsi işlədilmişdir. Qeyd olunmalıdır ki, iddiaçının əlilliyinin müddətsiz müəyyən edilməsini TSEK 557773 SER TSE-01 nömrəli çıxarışı ilə də müəyyən etmişdir. Belə ki, həmin sənədə əsasən iddiaçı sonuncu dəfə 4 nömrəli TSEK tərəfindən 17 fevral 2015-ci il tarixdə müayinə olunaraq müddətsiz əlil kimi müəyyən edilmişdir. Qanunvericiliyə görə 2-ci qrup əlilliyin müddətsiz müəyyən edilməsi əlilliyin fasiləsiz olaraq 10 il təyin olunması ilə şərti ilə bağlıdır. Bu şərt ödənildiyi halda, heç bir normativ sənəddə müddətsiz 2-ci dərəcə əlilliyin verilməsi üçün tibb müəssisəsindən göndərişin verilməli olması göstərişi nəzərdə tutulmayıb. İddiaçının əlillik müddəti ümumilikdə 10 ildən artıq müddətə təyin edilmiş və həmin vaxt ərzində hər hansı fasilə də yaranmamışdır. Vahid məhkəmə təcrübəsi də iddiaçıya əlilliyin ömürlük müəyyən edilməsini tələb edir. Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-l(102)-147/2022 nömrəli qərarı ilə formalaşmış məhkəmə təcrübəsi də eyni hüquqi mövqeyi ifadə edir. Həmin hüquqi mövqeyə əsasən əlillik müddəti başa çatdıqdan sonra yenidən təyinatla bağlı müvafiq müayinənin nəticələrinə dair tibb müəssisəsinin göndərişi olmadan şəxsin əlilliyi qiymətləndirilməli və ömürlük əlillik müəyyən edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırlmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının 25 iyul 2022-ci il tarixli **********9 saylı qərarından görünür ki, Bakı şəhər sakini xx.xx.1962-ci il təvəllüdlü İddiaçı xx.xx.2015-ci il tarixdə Tibbi-Sosial Ekspert Komissiyasının “Bel və digər şöbələrinin fəqərəarası disklərin radikulopatiya. Bel fəqərələrinin osteoxondrozu” əyani müayinə edilmiş və ona Hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar verilmişdir. X5 əlillik təyinatının səbəb-əlaqəsi və müddəti düzgün daxil edilməmişdir (ümumi xəstəlik və 1 il müddətinə). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2006-cı il tarixli 1735 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sağ ayağın perifik tip parezi, davamlı ağrı sindromu və bədənin məcburi vəziyyəti ilə müayiət olunan, tez-tez residivləşən diskogen mənşəli xroniki bel-oma radikuliti, davamsız remissiya mərhələsində”. Th11-th12- L1 (döş-bel), L4-L5 fəqərəarası osteoxondrozu, L4-L5 (bel) fəqərəarası diskin protuziyası nəticəsində onurğa sütunu finksiyasının cüzi dərəcədə pozulması” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir”, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı nevroloji status yaşa uyğun, ətraflarda reflekslər canlı, D=S, əzələ gücü ~ 4,0 bal, tonusu dəyişiksiz, paravertebral nöqtələr ağrılı, Lassek və Neri simptomları müsbət, radikulopatiya əlamətləri müəyyən edilmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Təqdim olunmuş əlillik altsistemindən çıxarışlardan görünür ki, İddiaçı əlillik vəziyyətinə 33 saylı Şəhər Poliklinikasının 9 yanvar 2007-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40- M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr...; Diaqnozun mətni: Bel fəqərələrinin osteoxondrozu.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: digər.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Kürdəxanı Sağlamlıq Mərkəzinin 6 fevral 2014cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümükəzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95- M99 - Sümük- əzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M95 - Birləşdirici toxumanın və sümük-ə...; Diaqnozun mətni: Bel fəqərələrinin osteoxondrozu.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: digər” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Kürdəxanı Sağlamlıq Mərkəzinin 9 fevral 2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif- Sümükəzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95-M99 - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M99 - Digər rubrikalarda təsnif olunmay...; Diaqnozun mətni: Digər şöbələrin fəqərəarası disklərinin zədələnməsi.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: DİGƏR” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron Təyinatla 17 fevral 2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük- əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95-M99 - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M99 - Digər rubrikalarda təsnif olunmay...; Diaqnozun mətni: Digər şöbələrin fəqərəarası disklərinin zədələnməsi.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: DİGƏR” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Kürdəxanı Sağlamlıq Mərkəzinin 9 fevral 2015-ci il tarixli göndərişi əsasında baxılmış və “X2: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95-M99 - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M99 - Digər rubrikalarda təsnif olunmay...; Diaqnozun mətni: Bel və digər şöbələrinin fəqərəarası disklərin radikulopatiya. Bel fəqərələrinin osteoxondrozu. Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır . 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin: 1.1-ci bəndinə əsasən əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3-cü bəndinə əsasən tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4-cü bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 2.2-ci bəndinə görə ikinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə «Əlilliyin müəyyən olunması meyarları» təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarları»: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra - şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra - göndəriş) verilməsini tənzimləyir. 1.2. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra - Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən verilir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Məhkəmə kollegiyası qeyd edir ki, əlilliyin qiymətləndirilməsi məqsədilə tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi-həkim komissiyaları tərəfindən müvafiq formada tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilməsi zəruridir. Lakin hazırkı işin hallarına görə iddiaçının barəsində müvafiq tibb müəssisəsinin həkim-məsləhət komissiyası tərəfindən müayinənin nəticələrinə dair tibbi-sosial ekspertiza müayinəsinə göndəriş tərtib edilməmiş və belə sənəd Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində fəaliyyət göstərən TSEK-ə təqdim olunmamışdır. Hazırda iddiaçı ona əvvəllər təyin edilmiş müddətli əlilliyin məhz tibb müəssisəsinin göndərişi olmadan müddətsiz müəyyən edilməsini tələb edir. Lakin hər bir halda - istər ilkin əlilliyin təyinatı üzrə, istərsə də əlillik müddəti başa çatdıqdan sonra yenidən təyinatla bağlı müvafiq müayinənin nəticələrinə dair tibb müəssisəsinin göndərişi olmadan şəxsin əlilliyinin qiymətləndirilməsi aparıla bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin hərəkətləri (imtinası) qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməməlidir. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1991/2023 nömrəli, 13 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2395/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2395/2023
06.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver