Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2395/2025 12.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X11 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X2 ibarət tərkibdə, Səmimə Elşad qızı Əliyevanın katibliyi, İddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə, “X10” X11 nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2966/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh tərəfindən verilmiş 21 avqust 2024-cü il tarixli, 3-17-1/2-M-200060/2024 nömrəli məktubdan görünür ki, iddiaçının müraciətinə baxılmış və etirazın dəlillərinə uyğun imtina cavabı verilmişdir.
2. ИТ-İ № ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək iqtisadçı; xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək mühasibatçı; xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək iqtisadçı; xx.xx.1991ci il tarixdən xx.xx.1991-ci il tarixədək mühasibatçı; xx.xx.2001-ci il tarixdə Rengen şöbəsinin tibbi qeydiyyatçısı təyin edilmiş, xx.xx.2005-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və həmin şöbəyə sanitar vəzifəsinə təyin edilmişdir.
3. Şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair arayışdan görünür ki, iddiaçının ümumi iş stajı 23 il 03 ay təşkil edir. İşlədiyi vəzifə “Rentqendiaqnostikada rentqen trubkalarının və trubkalı rentgen aparatının bilavasitə oraqların təmizliyi və dezinfeksiyalanmasını” təmin etməkdən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 19 a bəndində müəyyən edilmiş sahənin və xüsusiyyətləri ilə eynidir.
4. İonlaşdırıcı şüa mənbələrinin təsir əhatəsində işləyən heyətin fərdi dozimetrik nəzarətinin nəticələrinə dair xx.xx.2024-cü il tarixli, 636 nömrəli protokolundan görünür ki, iddiaçının adı həmin siyahıda yer almışdır.
5. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxs “X10” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 18-1-17/2- 3851/2024 nömrəli məktubdan görünür ki, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı xx.xx.2001-ci il tarixindən Şüa diaqnostika (şöbənin əvvəlki adı Rentqen) şöbəsinə tibb qeydiyyatçısı vəzifəsinə qəbul edilmişdir. xx.xx.2005-ci il tarixində isə Şüa diaqnostika şöbəsinə sanitar vəzifəsinə keçirilmiş və hal-hazırda da həmin vəzifədə çalışır. İddiaçı tutduğu vəzifə və gördüyü işlər insan sağlamlığına zərərli işlər kateqoriyasına daxildir, eləcə də onun gördüyü işlər güzəştli şərtlərlə pensiya hüququna imkan verir. İddiaçı tutduğu vəzifə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid Tarif-ixtisas sorğu kitabça”sının təsdiq edilməsi barədə 19 iyun 2017-ci il tarixli 8 saylı qərarına əsasən kiçik tibb heyətinə aiddir. İddiaçı Şüa diaqnostika şöbəsində xx.xx.2024-cü il tarixinə olan əmək stajı 23 il 06 ay 08 gündür. Aylıq əmək haqqı 480,10 AZN təşkil edir. Onun əmək haqqına insan sağlamlığı üçün təhlükəli və ağır olan əmək şəraitinə görə 56,10 AZN məbləğində əlavə ödənilir.
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X11 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-M-200060/2024 saylı inzibati aktının qanunsuz hesab edilməsi və güzəştli şərtlərlə pensiya hüququnun təmin edilməsi barədə müraciətinin təmin edilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı bildirir ki, o, xx.xx.2001-ci il tarixdən xx.xx.2005-ci il tarixədək X10 X11 Rentgen şöbəsində tibbi qeydiyyatçı, xx.xx.2005-ci il tarixdən hazıradək həmin Rentgen şöbəsində sanitar qadın vəzifəsində çalışır. Xəstaxanada çalışdığı sosial sığorta və iş stajı 23 il 3 ay təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyətləri aşağıdakılardır. Belə ki, iddiaçı Rentgen diaqnostika şöbəsində rentgen trubkalarının, trubkalı rentgen aparatlarının və bilavasitə otaqların təmizliyini təmin edir. Həmin vəzifədə zərərli işdə işlədiyinə görə hər ay 15% əlavə əmək haqqı alır, habelə hər 3 aydan bir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ X5 Sanitariya-gigiyena, fizikikimiyəvi, toksikoloji və radioloji müayinələr üzrə laborotoriyasında ionlaşdırıcı şüa mənbələrinin təsiri əhatəsində işləyən həyətin fərdi dozimetrik nəzarətindən keçir. İnsan sağalmlığı üçün zərərli işdə çalışdığı üçün və nəticə etibarı ilə güzəştli pensiya hüququna malik olduğuma görə onun tərəfindən cavabdeh inzibati orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət olunaraq güzəştli şərtlərlə pensiya təyin olunması xahiş olunmuşdur. Lakin cavabdeh inzibati orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-M-200060/2024 saylı inzibati aktına əsasən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.
8. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı İ.X3 təqdim etdiyi “X10” PHŞ-nin arayışında xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində Rentgen şöbəsində tibbi qeydiyyatçı, xx.xx.2005-ci tarixdən bugünədək sözügedən şöbədə sanitar vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının arayışda istinad olunan, işlədiyi sahə və vəzifələr yuxarıda qeyd olunan sahə və vəzifələrə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı mövcud olmadığı müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti - bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən nəzərə alınır. AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda xüsusilə diqqət çəkən məqamlardan digəri isə, Siyahıda göstərilən bir sıra yarımbəndlərdə “kiçik tibb işçisi” vəzifəsi ilə yanaşı, həm də “sanitar” vəzifəsinin qeyd olunmasıdır (Nümunə olaraq, sözügedən Siyahının 19-cu bölməsinin “ə" yarımbəndində vəzifə üzrə işin xüsusiyyətinin eyniliyindən asılı olaraq, pataloqoanatomik bölmələrdə, proyektorlarda, morqlarda kiçik tibb bacıları (sanitar işçiləri) birgə qeyd edilmişdir). Lakin rentgen bölmələrində (kabinetlərində) məşğul olan, xəstələrə qulluq edən kiçik tibb bacıları yarımbölməsinə münasibətdə xüsusi olaraq, sanitar vəzifəsi həmin yarımbəndə daxil edilməmişdir. Bu isə açıq formada göstərir ki, “sanitar və ya qeydiyyatçı” vəzifəsi, sözügedən yarımbənddə qeyd olunan “kiçik tibb bacısı” vəzifəsi ilə hər hansı uyğunluq təşkil etmir. Bundan başqa “X10” PHŞ-a məxsus olan arayışın son hissəsində qeyd olunur ki, Rentgen şöbəsində tibbi qeydiyyatçı və sanitar vəzifələri sözügedən Siyahının “19-a” bəndində müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynilik təşkil edir. Yuxarıda qeyd olunan bənddə nəzərdə tutulan, “vərəm və infeksion müəssisələrində, bölmələrində kabinetlərində fəaliyyət göstərən kiçik və orta tibb heyəti” ilə İddiaçı fəaliyyət göstərdiyi "sanitar və qeydiyyatçı” vəzifələrinin eyniliyi sual doğuran növbəti məqam hesab edilə bilər. Çünki, arayışda qeyd olunan vəzifə üzrə işin xüsusiyyətlərində sözügedən Siyahının “19-a” bəndi ilə hər hansı uyğunluq təşkil etmədiyi görünür.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2966/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
10. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iş yerindən Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxs “X10” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 18-1-17/2-3851/2024 nömrəli məktubdan görünür ki, İddiaçı tutduğu vəzifə və gördüyü işlər insan sağlamlığına zərərli işlər kateqoriyasına daxildir, eləcə də onun gördüyü işlər güzəştli şərtlərlə pensiya hüququna imkan verir. İddiaçı tutduğu vəzifə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid Tarif-ixtisas sorğu kitabça”sının təsdiq edilməsi barədə 19 iyun 2017-ci il tarixli 8 saylı qərarına əsasən kiçik tibb heyətinə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarında qeyd olunur ki, rentgen bölmələrində (kabinetlərində) məşğul olan, xəstələrə qulluq edən kiçik tibb bacıları güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlər. Bu qanun normasının mənasından da görünür ki, qanunverici qanunda rentgen bölmələrində (kabinetlərində) məşğul olan dedikdə, təkcə xəsətələrə qulluq edən kiçik tibb bacılarını deyildə, eyni zamanda kiçik tibbi heyyətinə aid olan sanitar qadın vəzifəsində çalışan digər işçiləri də nəzərdə tutmuşdur.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, “X10” PHŞ-nin arayışında xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində Rentgen şöbəsində tibbi qeydiyyatçı, xx.xx.2005-ci il tarixdən bugünədək sözügedən şöbədə sanitar vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının arayışda istinad olunan, işlədiyi sahə və vəzifələr yuxarıda qeyd olunan sahə və vəzifələrə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı mövcud olmadığı müəyyən edilmişdir.
c) Proses iştirakçılarının izahatları
13. Məhkəmədə iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, cavabdehin nümayəndəsi Nümayəndə isə Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər.
14. Məhkəmədə “X10” X11 nümayəndəsi X4 izahatında bildirmişdir ki, rentgen kabineti xəstəxananın inzibati binasında yerləşməsinə baxmayaraq, dəmir qapı ilə xəstəxananın ümumi girişindən ayrılmış və həmin hissə üç otaqdan ibarətdir. Rentgen şöbəsinin qeydiyyatçısı və sanitarı daima həmin üç otaqdan birində olurlar. Xəstəxananın qeydiyyatçısı rentgen otağında olan qeydiyyatçıdan kənarda oturur.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
16. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır.
17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısı üzrə kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.
18.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
20. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3 və 3.1-ci maddələrinə əsasən)
22. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 15-18-ci bəndləri) əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia tələbi təmin olunmalıdır.
23. Belə ki, iddiaçı cavabdeh orqana müraciət edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-M- 200060/2024 saylı inzibati aktının qanunsuz hesab edilməsini tələb edir.
24. Cavabdeh orqan isə İddiaçı güzəştli iş stajının olmadığını bildiriərək, ona 59 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir.
25. İş materiallarına əsasən isə müəyyən olunur ki, iddiaçının ümumi iş stajının 25 ildən çoxdur (23 il 03 ay xəstaxanada işlədiyi müddət).
26. Cavabdeh orqan tərəfindən konkret mübahisələndirilən hal iddiaçının güzəştli iş stajı ilə bağlıdır. İmtina onunla əsaslandırılmışdır ki, X9 PHŞ-nin iddiaçıya təqdim etdiyi güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışda iddiaçının işlədiyi sanitar və tibbi qeydiyyatçı vəzifəsinin Azərbaycan Respublikası NK-nın xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 19-cu bəndinə uyğun olduğu göstərilsə də, konkret hansı yarımbənddəki peşəyə uyğunluğu dəqiq göstərilməmişdir.
27. Lakin, məhkəmə kollegiyası cavabdeh orqanın həmin dəlili ilə razılaşmır və qeyd edir ki, iddiaçıya 59 yaşdan əmək pensiyası təyin olunması üçün qanunvericiliyin qeyd olunan tələblərinə müvafiq olan, ümumi və güzəştli pensiya hüququ verən peşə üzrə xüsusi stajı mövcuddur.
28. İşin apellyasiya baxışı zamanı müvafiq orqanlara sorğular verilmişdir.
29. Belə ki, “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” PHŞ “X10” PHŞ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, X8 rəhbərliyi rentgen şöbəsində işləyən orta tibb heyətinin, xəstələrə qulluq edən kiçik tibb bacılarının , habelə sözügedən şöbədə çalışan sanitar işçilərinin əmək funksiyaları barədə məlumatlarına əsasən Xəstələrə qulluq edən kiçik tibb bacısının vəzifə öhdəlikləri: 1. Kiçik tibb işçisi tibb bacısının rəhbərliyi altında xəstələrə qulluq edir. 2. Çətin olmayan tibbi manipulyasiyaları aparır. 3. Xəstələrin və otaqların təmiz saxlanılmasını təmin edir. 4. Xəstələrin döşək ağlarının və alt geyimlərinin dəyişdirilməsini həyata keçirir. 5. Ağır xəstələrin daşınmasın da iştirak edir. 6. Xəstələr və qonaqlar tərəfindən müəssisənin daxili intizam qaydalarına riayət olunmasını izləyir. 7. Müəssisədə sanitar normalara uyğun olaraq otaqların yığışdırılmasını həyata keçirir. Sanitar qadın üzərinə düşən öhdəlikləri həyata keçirir: 1. Sanitar qadın otaqları, dəhlizləri, pilləkənləri yığışdırır. 2. Mebelin , xalça materiallarının tozunu təmizləyir, divarları, döşəmələri pilləkənləri, pəncərələri əl ilə və ya maşın və aparatların köməyi ilə süpürür eyni zamanda yuyur. 3. Zibil və tullantıları yığır, müəyyən olunmuş yerə çatdırır. 4. Duşxana, qarderob və digər ümumi istifadə yerlərində təmizlik və dezinfeksiya işlərini aparır. 5. Yuyucu və dezinfeksiyaedici məhsulları hazırlayır. 6. Yuyucu vasitələri, inventarları və silgi materiallarını əldə edir. 7. Yığışdırılan yerlərdə sanitariya və gigiyena qaydalarına riayət edir.
30. Eyni zamanda həmin qurum tərəfindən verilmiş 21 may 2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, İcbari Tibbi Sığorta X6 21 yanvar 2020-ci il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi X11 (TƏBİB) tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”nın 7.1.12-ci bəndinin tələbinə əsasən müxtəlif profilli rentgen, radioloji və rentgen-radioloji şöbələrdə, laboratoriyalarda, qruplarda və kabinetlərdə, rəhbər, həkim, orta və kiçik tibb heyəti (sanitar) vəzifələrində çalışan işçiləri ion şüalanması mühitində vəya radioaktiv maddələrlə daima işləyən mütəxəssislər sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə məruz qalan şəxslər hesab olunur, müqabilində vəzifə maaşının 15%-i miqdarında əlavə haqq ödənilməsi həyata keçirilir.
31. Həmin qurum tərəfindən 02 iyun 2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən Mərkəzin Şüa diaqnostika şöbəsində sanitar qadın vəzifəsində çalışan İddiaçı digər şöbələrdə təmizlik işlərini həyata keçirtmir.
32. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun qeyd olunan 9.1-ci maddəsinin tələbindən göründüyü kimi, güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə müəyyən olunur.
33. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il 377 № li fərmanının 2.1-2-ci bəndinə əsasən 9.1-ci maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın tibb və sosial təminat müəssisələri bölməsində rentgenlaborantları, o cümlədən rentgen cərrahiyyəsi, angioqrafiya və flüroqrafiya kabinetlərinin, rentgen şöbələrinin (kabinetlərinin) orta tibb heyəti, həmçinin rentgen cərrahiyyəsi, angioqrafiya kabinetlərində daimi məşğul olan orta tibb heyəti və rentgen bölmələrində (kabinetlərində) məşğul olan, xəstələrə qulluq edən kiçik tibb bacıları vəzifələri nəzərdə tutulmuşdur.
35. Göründüyü kimi Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda rentgen bölmələrində (kabinetlərində) məşğul olan, xəstələrə qulluq edən kiçik tibb bacıları vəzifəsində işləyən şəxslərin adları qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı rentgen bölməsində qeydiyyatçı, sonradan və hal-hazıradək həmin bölmədə sanitar işləyir. “X10” Publik Hüquqi şəxs tərəfindən verilmiş 02 iyun 2025-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, İddiaçı təmizlik işlərini yalnız rentgen bölməsində həyata keçirmişdir.
36. Nəzərə alınmalıdır ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası şəxsin işlədiyi vəzifəyə (peşəyə) görə deyil, həmin vəzifədə işləyən şəxslərin ağır əmək şəraitli, insan orqanizmi üçün təhlükəli və zərərli olan istehsalatlarda işləməsi ilə əlaqadardır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, rentgen kabineti şüalanma səbəbindən (təhlükəsizlik baxımından) xəstənanın digər hissələrindən xüsusi qapı ilə təcrid edilib və həmin kabinetlərdə işləyən hər bir şəxsə “TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”nın 7.1.12-ci bəndinin tələbinə əsasən ion şüalanması mühitində, o cümlədən ağır əmək şəraitində işlədiklərinə görə əməkdaşların əmək haqqına 15 % miqdarında əlavə haqqın ödənilməsi həyata keçirilir. Qeyd olunan Qaydalar bir daha ona dəlalət edir ki, rentgen kabinetində sanitar və ya qeydiyyatçı vəzifələrində işləyən şəxslərin adları Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda göstərilməsə də onların iş şəraiti həmin siyahıda göstərilmiş xəstələrə qulluq edən kiçik tibb bacılarının həyata keçirdiyi vəzifə funksiyalarından daha təhlükəsiz deyil. Başqa sözlə desək, həm sanitar (və ya qeydiyyatçı), həm də kicik tibb bacısı təhlükəli mühitdə işlədiklərinə görə güzəştli şərtlərlə əmək pensiyası ilə təmin edilmək hüquqlarına malikdirlər.
37. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçıya yaşının 58 il 6 ay (Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsində qadınlar üçün nəzərdə tutulmuş xx.xx.2024-cü ilə qədər olan yaş 63 il 6 ay-5 il=58 il 6 ay) tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə müraciətinin təmin olunmasından imtina olunması əsassızdır və iddiaçının qanunla qorunan pensiya hüququnu pozmuşdur.
38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsaslı hesab olunur. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir.
40. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
41. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2966/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ləğv olunmalı, iddia təmin olunmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2966/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia təmin edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən (58 il 6 ay) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.