Məhkəmə qərarları › İş №2-1(103)-2396/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2396/2024

30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2396/2024 30.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X10, X12, X3 cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər:“ qərarın ləğv edilməsi və .s”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X16 (sədrlik edən və məruzəçi), X9 və Xəyalə Adil qızı Cəmilovadan ibarət tərkibdə, Aygün Ülviyyət qızı Nizamlının katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-2026/2023 nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçılar Dövlət Miqrasiya Xidmətinə iddiaçılardan xx.xx.2022-ci il təvəllüdlü övladı X12 və xx.xx.2003-cü il tarixdə Bakı şəhərində anadan olan X2 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti il bağlı müraciət etmiş, lakin cavabdeh tərəfindən imtina olunmuşdur.

2. Cavabdehin imtina məktubunda qeyd edilmişdir ki,Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəşndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.4-ci bəndlərinə əsasən onların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamalıdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı X10, X12, X11 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı "mənsubiyyətin tanınması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər.

4. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən İddiaçı2 və X12 barəsində qəbul edilmiş vətəndaşlıq mənsubiyyətinin tanınmasından imtina edilməsi barədə qərarların ləğv edilməsi, həmin şəxslər barəsində mənsubiyyətin tanınması barədə qərarların qəbul edilməsinin cavabdehə həvalə edilməsi, X11 barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi formasında icraata qəbul edilməsini xahiş etmişdir. Həmçinin iddiaçı, İddiaçı1 iddiaçılar siyahısından çıxarılmaqla, X8 qanuni nümayəndəsi qismində tanınmasını, İddiaçı2, X12, X5 iddiaçı qismində müəyyən edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılardan birinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında qərar verilmiş, lakin sonradan həmin qərar cavabdeh tərəfindən ləğv edilərək mənsubiyyətin tanınmasından imtina edilmişdir. Digər iddiaçılara münasibətdə isə cavabdeh ilkin olaraq onların mənsubiyyətinin tanınmalarından imtina etmişdir. Halbuki cavabdehin iddiaçıların mənsubiyyətlərinin tanınmasından imtinası əsassız və qanunsuzdur. Belə ki, iddiaçıların atası Azərbaycan Respublikasında doğulmuşdur. Lakin, həmin hallar nəzərə alınmamışdır.

7. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, şəxslərin sorğuları əsasında vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı araşdırma aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəşndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.4-ci bəndlərinə əsasən onların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə qərarlar qəbul edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2026/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir.

9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, işin faktiki hallarından da göründüyü kimi iddiaçılar valideynin Azərbaycan Respublikası vətəndaşı olması və digər hallar nəzərə almaqla hesab edirlər ki, onların vətəndaşlığa mənsubiyyətinin tanınmasına imtina edilməsinə dair qərarlar qanunsuz və əsassız olmuşdur. Cavabdehin mübahisələndirilən qərarların qəbuluna əsası isə ondan ibarətdir ki, iddiaçılar vətəndaşsızlıq halında olmamışlar, Rusiya Federasiyasının vətəndaşları olmuşlar və həmin ölkənin vətəndaşları kimi ölkə ərazisinə daxil olmuşdurlar. Mübahisələndirilən qərarların hüquqi əsası qismində isə iddiaçılar yuxarıda adıçəkilən Qaydanın 4.4-cü bəndinə istinad etmişdirlər. Həmin bəndin tələbi isə odur ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar, yəni Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi, Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi və Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi halları mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamalıdır. Göründüyü kimi bu adıçəkilən hallardan ən azı birinin mövcudluğu mənsubiyyətin tanınmasından imtina, tanınma həyata keçirilmişdirsə də həmin tanınmanı legitim edən inzibati aktın ləğv edilməsi üçün əsas hesab edilir. Hazırkı iş üzrə də məhz adıçəkilən əsas mövcuddur. Belə ki, iddiaçılar Rusiya Federasiyası vətəndaşlığını könüllü əldə etmişdirlər ki, cavabdeh də əsaslı olaraq həmin halı müəyyən etməklə mənsubiyyətin tanınmasından imtinaya dair mövqe nümayiş etdirmişdir.

10. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı X3 mənsubiyyəti ilə bağlı bildirir ki, digər iddiaçılardan fərqli olaraq iddiaçı X3 ilkin olaraq mənsubiyyətinin tanınması barədə qərarın olması, bu qərarın 29 iyun 2022-ci il tarixdə olması, iddiaçının Rusiya Federasiyası vətəndaşlığını isə ondan əvvəlki tarixdə alması vəziyyəti iddiaçının xeyrinə dəyişməyən haldır. Belə ki, iddiaçının Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması 29 iyun 2022-ci il tarixli qərar əsasında həyata keçirilsə də həmin qərar mövcud olan halın tanınmasına aiddir ki, həmin hal, yəni Azərbaycan Respublikası vətəndaşlığına iddiaçının mənsubiyyətinin tanınması onun doğulduğu andan yaranmışdır. Yəni, qərar 29 iyun 2022-ci il tarixli olsa da iddiaçının məhz doğulduğu andan mənsubiyyətinin olması həmin qərarla tanınmışdır ki, bu səbəbdəndir ki, maddədə adıçəkilən Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi halı hazırkı mübahisə üzrə tətbiq edilə biləndir.

11. Birinci instansiya məhkəməsi « “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanununa, “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyaya, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydaları”na, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununa istinad etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

12. İddiaçılar apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2026/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçılardan biri X6 29 iyun 2022-ci il tarixli qərarla Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında qərar verilmiş, lakin sonradan həmin qərar cavabdeh tərəfindən digər iddiaçılar müvafiq olaraq hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edikdən sonar ləğv edilmişdir. Halbuki sözügdən qərar ləğv edilərkən İnzibati İcraat haqqında qanunun bütün maddələri tamamı ilə pozulmuşdur.Bundan əlavə cavabdehin iddiaçıların mənsubiyyətlərinin tanınmasından imtinası əsassız və qanunsuzdur. Belə ki, iddiaçıladan İddiaçı2 29 aprel 2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş və müvafiq doğum şəhadətnməsi verilmiş, eləcə də, X12 23 iyul 2009-cu il tarixdə Rusiya Federasiyasında anadan olmuşdur.Məhkəmə isə qərarında istinad etmişdir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar, yəni Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi, Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi və Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi halları mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamalıdır.Göründüyü kimi bu adıçəkilən hallardan ən azı birinin mövcudluğu mənsubiyyətin tanınmasından imtina, tanınma həyata keçirilmişdirsə də həmin tanınmanı legitim edən inzibati aktın ləğv edilməsi üçün əsas hesab edilir. Hazırkı iş üzrə də məhz adıçəkilən əsas mövcuddur. Belə ki, iddiaçılar Rusiya Federasiyası vətəndaşlığını könüllü əldə etmişdirlər ki, cavabdeh də əsaslı olaraq həmin halı müəyyən etməklə mənsubiyyətin tanınmasından imtinaya dair mövqe nümayiş etdirmişdir. Məhkəmələrin istinad etdiyi istər 18 mart 2015-cü il tarixli, Nazirlər Kabinetinin qərarın da, istərsə də, Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində göstərilən digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi tələbi şərti tədbiq edilə bilməz. Belə ki, iş materialları ilə müəyyən edilir ki, hər üç iddiaçı 2003, 2004, 2009cü il təvəllüdlü olmaqla, onlar Konustitusiyanın 53-cü maddəsi, eləcə də, Vətəndaşlıq haqqında qanunun 11-ci maddəsi baxımından vətəndaşılğı əldə etmək hüququ var. Bunun üçün iddiaçılara münasibətdə həmin maddədə göstərilən əsaslar mövcuddur.Belə ki, hər üç iddiaçının valideyinləri Azərbaycan Respublikası vətəndaşı olmaqla, onlardan İsmayılova Emilya Bakı şəhərində anadan olmuşdur ki, məhz göstərilən qanunun 11 -ci maddəsi və Nazirlər Kabinetinin qaydalarının 4.1.4-cü maddəsinin tələbləri baxımından Azərbaycan Respublikası vətəndaşlığı əldə etmək və mənsubiyyətin tanınması hüquqları mövcuddur.İşə baxan məhkəmələr isə məhz hazırda qanunun 18-ci maddəsini tədbiq etməklə səhvə yol vermişdir.Çünki, iddiaçıların vətəndaşlıq əldə etmək hüququ və mənsubiyyətin tanınması hüquqları məhz sözgüdən maddəyə edilən dəyişklik 30 may 2014-cü il tarixlidə edilmişdir.Belə ki, 30 may 2014-cü il tarixli 973-İVOD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 1 iyul 2014-cü il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 620) ilə 18-ci maddə yeni redaksiyada verilmişdir.Yəni iddiaçıların vətəndaşlıq hüquqlarını əldə etdiyi vaxt sözgüdən norma mövcud olmamış və həmin vaxt qüvvədə olan maddənin tələblərində isə göstərilən şərtlər nəzərdə tutulmamışdır.Bu baxımdan məhkəmənin həmin istinadı tamamı ilə əsassızdır. Bundan əlavə həmçinin X3 mənsubiyyəti ilə bağlı qərarın 29 iyun 2022-ci il tarixli qərarın ləğv edilməsi də tamamı ilə qanunsuz və əsassız olmuş və bunla bağlı verilən ərizədə göstərilən hallara məhkəmə ümimiyyətlə qiymət verməmiş, nəzərə almamışdır ki, cavabdeh inzibati orqanın həmin mövqeyi tamamı ilə əsassızdır və sözügedən qərarı ləğv edərkən inzibati icraat haqqında qanunun tələblərini tamamı ilə pozmuşdur.Bundan əlavə nəzərə alınmalı məqam ondan ibarətdir ki, istənilan halda iddiaçıların vətənaşlıq hüquqları tanınmalıdır və bunun üçün yuxarıda göstərilən əsaslar mövcuddur.İstinad edilən normada isə bu hal vətədanşlıq mənsubiyyətinin tanınması yox itirilməsi üçün əsassdır.Hazırda isə iddiaçıların tələbi qanunla onla verilən hüquqa uyğun vətəndaşlıq əldə etmələridir.Məhkəmənin iş üzrə istinad etdiyi Ali məhkəmənin qərarı isə vahid məhkəmə təcürbəsini əks etdirmir.Çünki sözügdən qərarda göstərilən işin faktiki halları tamamı ilə fərqlidir və hər hansı bir ulduzla işarələnməmişdir.Bu baxımdan həmin qərar vahid məhkəmə təcrübəsi kimi qəbul edilə bilməz.

d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

e) Prosses iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

16. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanun (1998-ci il 30 sentyabr tarixdə qəbul edilmiş, 1998-ci il 7 oktyabr tarixdə qüvvəyə minmişdir):

Maddə 1. Vətəndaşlıq hüququ Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Maddə 5. Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət Aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 6. Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər aşağıdakılardır: 1) ləğv edilib; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; 2-1) 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı; 3) Azərbaycan Respublikası vətəndaşının pasportu. Maddə 18. Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi

17. “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir:

1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; 2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; 3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı; 3-1) Azərbaycan Respublikası vətəndaşının terror fəaliyyətində iştirakı və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi; 3-2) Azərbaycan Respublikası vətəndaşının dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə Azərbaycan Respublikası vətəndaşının dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi; 4) Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi. Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi məsələsi bu Qanunun 17-ci maddəsinin ikinci və üçüncü hissələrində göstərilən məhdudiyyətlər nəzərə alınmaqla məhkəmə tərəfindən həll edilir

18. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015ci il 18 mart tarixli, 84 №-li qərarı ilə təsdiq edilmişdir):

1.1. Bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. 2.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar aşağıdakılardır: 2.2.1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununu qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa; 2.2.2. Azərbaycan Respublikasının ərazisində doğulduqda (valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olduğu hallar istisna olmaqla); 2.2.3. valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla); ... 3.4. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün aşağıdakı sənədlər tələb olunur: ... 3.4.3. bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslərə münasibətdə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatları barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilən sənəd (şəxsin yaşayış yeri üzrə qeydiyyata alındığı və qeydiyyatdan çıxarıldığı tarixlər göstərilməklə); ...

4. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınan hallar 4.1. Aşağıdakı hallardan hər hansı biri müəyyən edildikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır: 4.1.1. bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda; 4.1.2. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduqda; 4.1.3. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum olan uşaq olduqda; 4.1.4. Azərbaycan Respublikasının ərazisində doğulmuş aşağıdakı şəxslərdən biri olduqda: 4.1.4.1. doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa; 4.1.4.2. doğulduğu anda hər iki valideyni vətəndaşlığı olmayan şəxs olmuşdursa; 4.1.5. Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuş şəxs; 4.1.6. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvadın hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa, həmin uşaq; 4.1.7. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, həmin uşaq; 4.1.8. valideynlərin vətəndaşlığı dəyişdikdə və bunun nəticəsində hər ikisi Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onların uşağı; 4.1.9. uşağın valideynlərindən biri məlumdursa, həmin valideyn Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onun uşağı; 4.1.10. Azərbaycan Respublikasının ərazisində yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxs, digəri isə vətəndaşlığı olmayan şəxs olduqda; 4.1.11. valideynlərdən birinin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilərsə, digəri isə Azərbaycan Respublikasının vətəndaşlığında qalarsa, onların uşağı. 4.2. Bu Qaydanın 4.1.6–4.1.10-cu yarımbəndlərində nəzərdə tutulan hallarda 14 yaşından 18 yaşınadək uşaqların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üçün onların razılıqları tələb olunur. 4.3. Bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxslərin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamaları onların vətəndaşsızlığına səbəb olursa, həmin şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınır. 4.4. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya şikayətində qərar tam hissədə mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

20. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1).

22. Həmçinin, qərar iddiaçı barəsində qəbul edilməklə onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1).

23. Belə ki, hazırki işin faktiki halları iş materiallarına əlavə edilmiş sənədlərdə əks olunan aşağıdakı hallardan ibarət olmuşdur:

24. Doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı2 29 aprel 2003-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur.

25. Doğum haqqında şəhadətnamədən görünür ki, X11 19 noyabr 2004-cu il tarixdə Rusiya Federasiyasında anadan olmuşdur. Atası İddiaçı1 Azərbaycan Respublasının vətəndaşı, anası X1 isə Rusiya Federasiyasının vətəndaşıdır.

26. Doğum haqqında şəhadətnamədən görünür ki, X12 23 iyul 2009-cu il tarixdə Rusiya Federasiyasında anadan olmuşdur. Atası İddiaçı1 və anası X1 Rusiya Federasiyasının vətəndaşlarıdırlar.

27. AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 Azərbaycan Respublikasının vətəndaşıdır.

28. 29 iyun 2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X4 Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanınmışdır.

29. 06 iyul 2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X8 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır.

30. 06 iyul 2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2003-cü il təvəllüdlü İddiaçı2 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır.

31. 28 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X4 vətəndaşlıq mənsubiyyətinin təkrar araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı digər ölkə vətəndaşıdır və bu səbəbdən də mənsubiyyətin tanınması barədə qərar ləğv edilməlidi.

32. İddiaçılar bundan sonra adıçəkilən qərarlarla razılaşmayaraq məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən verilmiş imtina əsassızdır.

33. Cavabdeh isə hesab edir ki, iddiaçının irəli sürdüyü fikirlər öz təsdiqini tapmadığından onlara Azərbaycan Respublikasının vətəndaşlığının verilməsindən imtina edilmişdir. İmtinanın verilməsinə əsas kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəşndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.4-ci bəndlərinə əsasən onların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması müəyyən edilmişdir.

34. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətini araşdıraraq qeyd edir ki, iddiaçı tərəfindən Azərbaycan Respublikasına vətəndaşılıq mənsubiyyətinin tanınması üçün əsas gətirdiyi hallar ehtimal üzərində qurulmuş və hər hansı bir mötəbər sübutun cavabdehə təqdim olunması müəyyən olunmur.

35. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçları arzuladıqları inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçıların arzuladıqları inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir.

36. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 5-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinin tələbindən göründüyü kimi, həmin Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslərin, Azərbaycan Respublikasının vətəndaşları sayılması üçün Azərbaycan Respublikasının vətəndaşı həmin Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olma əsas şərtdir.

37. Eyni ilə, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.1.1-ci yarımbəndinə görə, həmin Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda onların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır.

38. İddiaçılar istinad edilən normalarda göstərilən müddətdə Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatda olmamışdır.

39. Bundan başqa, iddiaçı “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 5-ci maddəsinin birinci hissəsinin 2, 3 və 4-cü bəndlərində göstərilmiş şəxslər kateqoriyasına da aid deyil.

40. İddia ərizəsindən görünür ki, iddiaçılar hazırkı iddia tələbini “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.1.4cü bəndi ilə əsaslandırmışdır.

41. Məhkəmə iddiaçıların həmin dəlilini əsaslı hesab etmir. Belə ki, Qaydanın 4.1.4-cü bəndi də daxil olmaqla iddiaçıların istinad etdiyi normalar şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməli olduğu halları nəzərdə tutur. Başqa sözlə, həmin hallar özü-özlüyündə vətəndaşlığı müəyyən etmir və yalnız mənsubiyyətin müəyyənləşdirilməsinin əsası kimi çıxış edirlər. Həmin normalar doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa, həmçinin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuş şəxs (4.1.5.-ci bənd) şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinə münasibətdə tətbiq olunur. Həmçinin, iddia ərizəsinə əlavə edilmiş iddiaçılara məxsus doğum haqqında şəhadətnamədən görünür ki, X11 19 noyabr 2004-cu il tarixdə Rusiya Federasiyasında anadan olmuşdur. Atası İddiaçı1 Azərbaycan Respublikasının vətəndaşı, anası X1 isə Rusiya Federasiyasının vətəndaşıdır.

42. Doğum haqqında şəhadətnamədən görünür ki, X12 23 iyul 2009-cu il tarixdə Rusiya Federasiyasında anadan olmuşdur. Atası İddiaçı1 və anası X1 Rusiya Federasiyasının vətəndaşlarıdırlar.

43. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan vətəndaşı xarici bir ölkənin vətəndaşlığını qəbul edərsə, bu hal, müvafiq qanuna əsasən, Azərbaycan vətəndaşlığından imtina edilməsi mənasına gəlir: "Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir".

44. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçlar Rusiya Federasiyasının vətəndaşıdır (hazırda da vətəndaşı olmaqda davam edir) və bunu təsdiq edən rəsmi sənədlər, o cümlədən iddiaçıya aid pasport iş üzrə materiallarına əlavə olunmuşdur.

45. Yuxarıda qeyd edilən normalara, o cümlədən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 5-ci maddəsinə görə, Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması şərtilə Azərbaycan Respublikasının vətəndaşları sayılırlar. Nəzərə almaq lazımdır ki, iş üzrə materiallardan iddiaçıların həmin dövrdə Rusiya Federasiyasında yaşadığı və qeydiyyatda olduğu müəyyən olunmuşdur. 46.“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir).

47. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsinin məqsədi vətəndaşsızlığın ixtisar edilməsidir. İddiaçılar Rusiya Federasiyasının ərazisində doğulmuşdur və hazırda Rusiya Federasiyası vətəndaşıdır. 30 sentyabr 1998-ci il tarixli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamışdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur.

48. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir.

49. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

50. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs;

51. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.

52. Həmin Qanunun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır.

53. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən miqrasiya və inzibati icraat haqqında qanunvericiliyin tələblərinin pozulması öz təsdiqini tapmadığından iddiaçı X7 münasibətdə qəbul edilmiş mübahisələndirilən inzibati akt əsaslıdır və qanunsuz sayıla bilməz.

54. Həmçinin, məhkəmə kollegiyası digər iddiaçılara münasibətdə qeyd edir ki, onlar arzuladıqları inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən və cavabdeh inzibati orqan isə iddiaçıların arzuladıqları inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etdiyindən imtinası qanuni və əsaslı olmuşdur.

55. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.

56. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

57. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

58. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

59. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

60. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

61. Apellyasiya şikayətinin göstərilən dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üçün əsas gətirdiyi hallara dair hər hansı bir mötəbər sübut təqdim olunmadığından həmin dəllillər inzibati orqanın qərarının ləğv edilməsi və iddiaçılara vətəndaşlığa dair mənsubiyyətin tanınması üçün yetərli deyildir.

62. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-296/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022 qərarında oxşar işin halları mövcud olan lakin cavabdeh tərəfindən mənsubiyyətin tanınması həyata keçirilmiş şəxsin mənsubiyyətin tanınma barədə qərarın ləğvini tələbinə dair işə baxan məhkəmə kollegiyası hesab etmişdir ki, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 4.4-cü bəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi, Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir.

63. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası analoji işlər üzrə əvvəlki qərarlarında, o cümlədən 14 mart 2024-cü il tarixli, 2-1(102)-373/2023 nömrəli; 02 fevral 2024-cü il tarixli, 2-1(102)-22/2024 nömrəli və 07 aprel 2023-cü il tarixli, 2-1(102)-340/2023 nömrəli qərarlarında “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanununun və “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının müddəalarına istinad edərək, iddiaçının vəziyyətində olan şəxslərə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınmaması barədə cavabdehin imtinasını qanuni və əsaslı hesab etmişdir.

64. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

65. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2026/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası.

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2026/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar