Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2396/2025 29.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı “qərarın aidiyyəti hissədə ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X2 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-748/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları
1. İddiaçı əlillik vəziyyəti Bakı şəhər X4 4083003AACC7 saylı göndərişi əsasında xx.xx.2017-ci il tarixində elektron qaydada qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən 5 il müddətinə 2-ci dərəcə əlillik təyinatı aparılmışdır.
2. "xxxx" QSC-nin Həkim Sanitar Xidmətinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28 dekabr 2018-ci il tarixli, **********1 nömrəli məktubuna dair ünvanladığı 86-46 nömrəli, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, QSC-nin Həkim Sanitar Xidmətinin tabeliyində olan tibb müəssisələri tərəfindən dəmir yolçulara, onların ailələrinə həmçinin müvafiq qanunverciliyin tələblərinə uyğun olaraq həmin müəssisələrin yerləşdiyi ərazilərdə məskunlaşan məcburi köçkünlərə və digər şəxslərə aidiyyəti tibb xidmətləri göstərilir. Nazirliyin müraciətində qaldırılan məsələ ilə bağlı tərəflərindən ətraflı araşdırma aparılmış məktubda qeyd edilən 52 nəfər şəxsdən 1 nəfərə (X3) həkim sanitar xidmətinin tabeçiliyində olan tibb müəssisələri tərəfindən tibbi göndərişin verilməsi iə bağlı hər hansı məlumat aşkar edilməmişdir. Tibbi göndərişlərin tərtib olunduğu digər şəxslərə aidiyyəti tibb müəssisləri, o cümlədən dövlət və özəl tibb mərkəzləri tərəfindən verilmiş tibbi rəylərin və epikrizlərin əsaslılığının müəyyən edilməsi məqsədi ilə həmin qurumlara sorğular edilmiş, qeyd edilən şəxslərdən 39 nəfəri göstərilən tibb müəssislərində müayinə və müalicə olunmadıqları, verilmiş tibbi rəylərin və epikrizlərin müəssisələrin rəsmi qeydiyyat kitablarında qeydiyyatdan keçmədiyi müəyyən olunmuşdur. Məktuba əlavə edilən siyahıda adları qeyd edilən 39 nəfər barəsində Həkim Sanitar Xidmətinin tabeçiliyində olan tibb müəssisləri tərəfindən verilmiş tibbi göndərişlərin etibarsız hesab edilməsi məsələsinə baxılması məqsədəuyğundur. Həmin siyahıda iddiaçının adı 11-ci qrafa göstərilmişdir.
3. Əlillik təyinatlarının müəyyən risk qruplarına görə araşdırılması məqsədi ilə “Azərbaycan Dəmir Yolları QSC” və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə araşdırılma həyata keçirilmiş və rəsmiləşdirilmiş göndərişlərin əsaslılığı yoxlanılaraq aparılmış əlillik təyinatlarının ləğv edilməsi məqsədəuyğun hesab edilmişdir. Bununla əlaqədar mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “əlillik” altsistemində vətəndaşa dair tibbi sosial ekspert komissiyasının qüvvədə olan əlillik təyinatı qərarı xx.xx.2019-cu il tarixdə etibarsız hesab olunmuşdur.
4. İddiaçı tərəfindən cavabdeh orqanın etibarsızlığa yönəlmiş hərəkətlərinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət olunmuş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-391/2020 saylı qərarı ilə iddia rədd edilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(103)-663/2021 saylı qərarından görünür ki, iddiaçının apellyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-391/2020 saylı qərarı ləğv edilmiş, iddia təmin edilmiş, iddiaçının xx.xx.2019-cu il tarixdən əlilliyin bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
6. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-489/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(103)-663/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
7. Əlillik təyinatlarının müəyyən risk qruplarına görə araşdırılması çərçivəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “ürək xəstəlikləri”nə dair şübhə doğuran əlillik təyinatları üzrə əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədi ilə bəzi şəxslər barədində inzibati icraat başlanılmışdır. Bununla əlaqədar olaraq cavabdeh orqan tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli, 3-17-4/2-R-26861/2025 nömrəli bildiriş göndərilmişdir. Adıçəkiən Bildirişdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 Yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “əlilliyin qiymətləndirilməsi qaydası”nın 3.7-ci bəndinə əsasən iddiaçı xx.xx.2023-cü il tarixində saat 12:30-da Agentliyə əyani müayinəyə dəvət edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-4/3-1-95339/2023 nömrəli qərarından görünür ki, xx.xx.2023-cü ildən etibarən “tam reablitasiya olunması” barədə tibbi-sosial ekspert komissiyası tərəfindən qərar qəbul edilmişdir.
8. Cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, əlillik təyinatı barədə qəbul edilmiş qərarların əsaslılığına şübhə yaradan halların Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılması çərçivəsində “Ürək xəstəlikləri”nə dair şübhə doğuran əlillik təyinatları üzrə əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanılmışdır. “İnzibati icraat haqqında” Qanunun tələblərinə müvafiq olaraq həyata keçirilən araşdırmada iştirak etməsi üçün vətəndaşın qeydiyyat ünvanına xx.xx.2023-cü il tarixli bildiriş məktubu göndərilərək xx.xx.2023-cü il tarixdə Agentliyə əyani müayinəyə dəvət olunmuşdur. Həmin tarixdə İddiaçı əyani müayinədə iştirak etmiş, təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixə qüvvədə olan xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixli qərarının ona aid hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya ilk dəfə xx.xx.2017-ci il tarixdən ümumi xəstəlik səbəbindən olaraq 2-ci dərəcəli əlillik təyin edilmişdir. Təyin edilmiş əlillik 5 il müddətinə yəni xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. İddiaçı bir müddət əlilliyə görə əmək pensiyası almış lakin sonradan iddiaçıya təyin edilmiş əlillik əlillik altsistemində etibarsız hesab edilmişdir. Bundan sonra iddiaçı xx.xx.2019-cu il tarixli müraciət ilə DSMFin Nizami rayon şöbəsinə müraciət edərək pensiya ödənişinin bərpa edilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi isə iddiaçıya imtina məktubu ünvanlayaraq xx.xx.2017-ci ildən xx.xx.2019-cu il tarixədək ödənilmiş 38748.97 manat vəsaitin DSMF-nin Nizami rayon şöbəsi hesabına geri qaytarılmasını bildirmişdir. Bundan sonra iddiaçı xx.xx.2019-cu il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək onun xx.xx.2019-cu il tarixdən əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)- 391/2020 saylı qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(103)-663/2021 saylı qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-391/2020 saylı qərarı ləğv edilmiş, iddia təmin edilmiş, iddiaçının xx.xx.2019-cu il tarixdən əlilliyin bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Bundan sonra cavabdeh orqan tərəfindən həmin qərardan kassasiya şikayəti verilmiş, ancaq Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-489/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2- 1(103)-663/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan sonra adıçəkilən qərar icraya yönəldilmiş və cavabdeh inzibati orqan tərəfindən icra edilərək iddiaçının dayandırılmış əlilliyi xx.xx.2019-cu il tarixdən bərpa edilmidir. Bərpa edilən zaman iddiaçının yaşa görə pensiya hüququ yarandığından onun əlillik qiymətləndirilməsi müddətsiz olaraq əlillik alt sistemində işlənilmişdir. Cavabdeh sonradan iddiaçıya müraciət edərək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə əyani müayinəyə dəvət etmişdir. İddiaçı qeyd edilən tarixdə əyani müayinədə olmuşdur. Bundan sonra cavabdeh orqan xx.xx.2023-cü il tarixli Qərar ilə iddiaçıya təyin edilmiş əlilliyin ləğv edilməsi haqqında qərar qəbul etmişdir. Daha sonra cavabdeh inzibati orqan xx.xx.2023-cü il tarixli, 3-17-4/2-H-33997/2023 saylı bildirişlə iddiaçıya müraciət edərək ona xx.xx.2017-ci il tarixdə təyin edilmiş 5 il müddətinə 2-ci dərəcəli əlilliyinin ləğvi barədə qərar qəbul edildiyini bildirmişdir. Ləğvetmə barədə qərarın mətni ilə e-sosial portalından tanış olunması göstərilsə də, həmin qərar bu günə qədər şəxsi kabinetdə öz əksini tapmamışdır. Adıçəkilən bildirişi tərtib edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 №-li Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 3.7-ci bəndinə istinad etmişdir. Cavabdehin qəbul etdiyi qərar iddiaçıya rəsmi olarq təqdim edilməmişdir. Bu əsasdan hesab edir ki, iddiaçı tərəfindən cavabdehin xx.xx.2023-cü il tarixli Qərarının mübahisələndirilməsi üçün müddəti ötürməmişdir. İddiaçı hesab ediri ki, cavabdeh inzibati orqan iddiaçının əlillik qiymətləndirilməsini ləğv edərkən düzgün qənaətə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 №-li Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxs əyani müainəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində alt sistemə daxil edilir. Göründüyü kimi cavabdeh inzibati orqan ləğvetmə barədə bildirişdə və qərarda adıçəkilən normaya istinad etsə də, əlilliyin qiymətləndirilməsi qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların nədən ibarət olması, həmin sübutların kim tərəfindən təqdim edilməsi, eləcə də risk qrupu dedikdə bu qrupa kimlərin hansı meyar əsasında daxil edilməsini əsaslandırmamışdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-489/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı icra edildiyi dövrdə iddiaçının 64 yaş yarımı tamam olmuşdur. Yəni iddiaçı yaşa görə əmək pensiyası almaq hüququ verən yaş həddinə çatan şəxs statusuna malik şəxs olmuşdur. Belə olan halda iddiaçıya təyin edilmiş əlillik müddətsiz olaraq təyin edilsə də, sonradan qanunsuz və əsassız olaraq iddiaçıya müddətsiz olaraq təyin edilmiş 2ci dərəcəli əlillik ləğv edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarının 4.4-cü bəndinə əsasən “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası istisna olmaqla) və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddətsiz müəyyən edilir. Göründüyü kimi, inzibati orqan tərəfindən «İnzibati icraat haqqında» AR Qanununun müddəaları, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarının 4.4-cü bəndinin tələbləri pozulmuşdur. İş materiallarından göründüyü kimi müddətsiz olaraq cavabdeh inzibati orqan tərəfindən əlillik təyin edilmişdir. Həmin əlillik təyin olunan zaman cavabdeh inzibati orqan tərəfindən qanunvercilikdə nəzərdə tutulmuş bütün prosedurlara riayət olunmuşdur. Buna baxmayaraq cavabdeh inzibati orqan tərəfindən hər hansı bir mötəbər və əsaslı sübut göstərilmədən qanunvericiliklə ona verilmiş səlahiyyətindən sui-istifadə etməklə iddiaçının əlillik qiymətləndirilməsinin ləğvinə yönələn hərəkətlər etməsi əsassızdır.
11. Cavabdeh tərəfindən iddiaya dair hər hansı bir etiraz daxil olmamışdır.
12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-748/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin idarə heyətinin xx.xx.2023-cü il tarixli qərarının İddiaçı aid hissədə ləğv edilməsi barədə qərar qəbul edilmişdir.
13. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, diaqnozun öz təsdiqini tapmaması İddiaçı əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin, bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
16. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir.
17. Cavabdeh təşkilat məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə kollegiyası iclasın cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
21.Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. 22.Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.1 və 3.1-ci maddələrinə əsasən)
24. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 18-20-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
25. Belə ki, hazırkı işin hallarından görünür ki, iddiaçının əlilliyin ləğv edilməsi haqqında xx.xx.2023-cü il tarixli 3-17-4/3-1-95339/2023 nömrəli qərarın ona aid hissədə ləğv edilməsi iddiası təmin edilmiş və həmin qərardan narazı qalan cavabdeh təşkilat apellyasiya şikayəti vermişdir.
26. İş materiallarından göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçıya xx.xx.2017-ci ildə 5 il müddətinə ümumi xəstəlik səbəbindən 2-ci dərəcəli əlillik təyin edilmişdir. Sonradan "xxxx" QSC-nin Həkim Sanitar Xidmətinin cavabdeh inzibati orqanın xx.xx.2018-ci il tarixli sorğusuna cavab olaraq verilmiş xx.xx.2019-cu il tarixli məktubu və məktuba əlavə edilmiş siyahı nəzərə alınaraq iddiaçıya təyin edilmiş əlillik dərəcəsi xx.xx.2019-cu il tarixdə etibarsız hesab edilmişdir. İddiaçı qeyd olunan qərarı məhkəmə qaydasında mübahisələndirmiş, nəticədə cavabdehə qarşı iddiası təmin olunmuş və məhkəmə qərarı ilə iddiaçının xx.xx.2019-cu il tarixdən əlilliyinin bərpa edilməsi cavabdehə həvalə edilmişdir. Qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı cavabdeh inzibati orqan tərəfindən icra edilmiş və iddiaçının əlilliyi xx.xx.2019-cu il tarixdən müddətsiz olaraq bərpa edilmişdir. Bundan sonra cavabdeh DTSERA eyni əsaslar üzrə, yəni iddiaçının əlilliyinin düzgünlüyünü şübhə altına alan əsaslı sübutların təqdim edilməsi ilə bağlı ("xxxx" QSC-nin Həkim Sanitar Xidmətinin məktubu) inzibati icraatı təzələmiş, iddiaçını əyani müayinəyə cəlb edərək, onun tam reabilitasiya olunması ilə əlaqədar xx.xx.2023-cü il tarixli qərarla əlilliyinin ləğv edilməsi barədə qəbul etmişdir.
27. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə əsasən Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.
28. İşdən göründüyü kimi, iddiaçıya xx.xx.2017-ci il tarixdə əlillik təyin edildiyi halda cavabdeh inzibati orqan ilk dəfə 2019-cu ilin mart ayında, yəni təxminən 1 il, 9 ay sonra sonra icraata başlamış və iddiaçıya əlillik təyin edilməsi barədə xx.xx.2017-ci il tarixli qərarı ləğv etmək əvəzinə, etibarsız hesab sayılması barədə xx.xx.2019-cu il tarixli qərar qəbul etmişdir. Hazırkı halda isə cavabdeh orqan 2019-cu ildəki icraat üzrə deyil, təxminən 4 il sonra, yəni xx.xx.2023-cü il tarixdə təzələnmiş icraat üzrə səhvini düzəltmək üçün qanunla nəzərdə tutulmuş inzibati icraat aparmaq və təqdim edilmiş sübutlara hüquqi qiymət vermək qərarına gəlmişdir.
29. Odur ki, cavabdeh orqan “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etməmiş və həmin qərarı qəbul edərkən əlilliyin ləğvi üçün səbəb olan sənədlər üzrə aşkar edilmiş məlumatların 1 il müddətində ona məlum olmasını bildirməmiş, həmin normanın pozuntusunun baş vermədiyini əsaslandırmamışdır.
30. Oda nəzərə alınmalıdır ki, inzibati orqan müddətin keçməsi ilə bağlı inzibati aktı ləğv etmək iqtidarında olmadıqda mübahisələndirdiyi qərarı məhkəmə qaydasında mübahisələndirmək hüququna malikdir. Lakin inzibati orqan Qanunun 67.12-ci maddəsində nəzərdə tutulmuş müddəti ötürməsinə baxmayaraq məhkəməyə müraciət etmədən qəbul etdiyi qərarını ləğv etmişdir. 31.Göründüyü kimi, xx.xx.2023-cü il tarixli qərarla əlilliyinin ləğv edilməsi barədə qərar iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır.
32. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
33. Nəzərə alınmalıdır ki, anaoloji mübahisə ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin üç ulduzlu xx.xx.2025-ci il tarixli 2-1(102)-1043/2025 saylı qərarı da mövcuddur. 34.İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 35.Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-748/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. 36.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-748/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.