Məhkəmə qərarları › İş №2-1(103)-2397/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2397/2022

29.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2397/2022 29.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Abbasov Mirzəli Əbdüləli oğlundan ibarət tərkibdə, Aslanova Gülnar Faiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «birdəfəlik ödəmənin ödənilməsi tələbinə dair» Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1767/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar ona (2020-ci ilin aprel, may, iyun avqust aylarındakı verilməyən birdəfəlik ödəmənin verilməsi) 190 (yüz doxsan) manat birdəfəlik ödəmənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1767/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1767/2021 saylı xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2445/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1767/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan narazı qalan iddiaçı kassasiya şikayəti verərək, iddianın təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2445/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1999/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 noyabr 2021-ci il tarixli, 2- 1(103)-2445/2021 nömrəli qərarı ləğv edilməsi və işə təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə uyğun izahat verərək iddianın təmin edilməsini və iş üzrə yeni qərar qəbul edilmsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişdir və gəlməmə səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflər (nümayəndələri) iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan AA******* saylı şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçı Sərdər qızı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1987-ci il təvəllüdlüdür, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 29,78 ünvanında qeydiyyatdadır. İşdə olan E-SOSİAL.AZ tərəfindən İddiaçı Sərdər qızına göndərilmiş SMS-in surətindən görünür ki, İddiaçı Sərdər qızının mülkiyyətində torpaq sahəsi aşkarlandığı üçün, iddiaçıya 190 manat birdəfəlik ödəmə verilməsindən imtina edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən İddiaçı xx.xx.2017-ci ildə 1 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsində X1 ilə nikaha daxil olmuş və bu nikaha xx.xx.2019-cu ildə Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsində xitam verilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən, xx.xx.1987-ci il təvəllüdlü İddiaçı adına nəqliyyat vasitəsi qeydiyyatdan keçməmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir. Birinci instansiya məhkəməsi işdə olan sənədlərə, tərəflərin mübahisə ilə bağlı dəlillərinə məcmu halında qiymət verərək belə qənaətə gəlmişdir ki, iddiaçının birdəfəlik ödəmənin verilməsi üçün qanunvericilikdə müəyyən olunmuş meyarlara uyğunluğu məhz «Koronavirus (COVlD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın 3.8-ci bəndinə uyğun olaraq aparıldığından, həmçinin, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının (qurumlarının) informasiya ehtiyatlarında və sistemlərində olan məlumatların şübhə altına alınması cavabdehin səlahiyyətində olmadığından, cavabdeh tərəfindən iddiaçıya birdəfəlik ödəmənin verilməsi barədə müraciətinin təmin olunmasından qanuni əsaslarla imtina edilmişdir. İşə birinci dəfə baxmış apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirmişdir ki, Nazirlər Kabinetinin qeyd olunan qərarı ilə təsdiq olunmuş “Koronavirus (COVlD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və Qaydası”nın 3.8-ci bəndi nəzərdə tutur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının (qurumlarının) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla əldə olunur. Cavabdeh adıçəkilən “Qayda”nın 3.8-ci bəndinin göstərişlərindən irəli gələn öhdəliyinə uyğun hərəkət etmiş, həmin “Qayda” ilə məlumatın elektron informasiya ehtiyatlarından kənar əldə olunması müəyyən olunmamışdır. Belə olan halda, cavabdeh tərəfindən iddiaçıya 190 manat birdəfəlik ödəmənin verilməsindən imtina olunması qanunsuz hesab edilə və iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. Hazırki işə baxmış Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, imtinanın verilən zaman MAS sistemində olan məlumata uyğun olduğu müəyyən edilsədə, işin faktiki hallarına uyğun olmadığı müəyyən edilir. Bu isə inzibati orqan tərəfindən inzibati icraat zamanı “İnzibati icraat haqqında” Azərbayan Respublikası Qanunun 24.1-ci maddəsinin tələblərinə riayət edilmədiyini təsdiq edir. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtəfəli, tam və obyektiv araşdırmağa borclu olduğu halda bunu etməmiş və nəticədə, həqiqəti əks etdirilməyən məlumata əsaslanaraq imtina cavabı vermişdir. İmtina natamam araşdırma nəticəsində verildiyindən qeyri-hüquqi hesab edilməlidir. Belə olan halda, cavabdeh altsistemindən ətraflı çıxarış təqdim etməli idi. Çıxarışda konkret mülkiyyətində olan əmlakların ünvanı, ölçüsü, tarix və sair ətraflı məlumatlar əks olunmalı idi. AR İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası işin mаtеriаllаrını yохlаyаrаq, аpеllyаsiyа şikаyətinin dəlillərini аrаşdırаrаq hеsаb еdir ki, аpеllyаsiyа şikаyəti təmin еdilməli, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin fatiki hallarına uyğun gəlmədiyindən qərar ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalıdır. Belə ki, birinici instansiya məhkəməsi zamanı iddiaçının adına hər hansı daşınmaz və daşınar əmlaklarının qeydiyyata alınması, onun vergi ödəyicisi olub-olmaması, həmçinin hazırda rəsmi nikahda olub-olmaması ilə bağlı aidiyyəti üzrə inzibati orqanlara müraciət olunmuşdur. Sorğulara cavab məktublarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli məktublarına əsasən, İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 29 mart 2021-ci il tarixli məktubuna əsasən xx.xx.2021-ci il tarixə olan uçot məlumatlarında xx.xx.1987-ci il tarixdə anadan olmuş İddiaçı vergi orqanında uçota alınması barədə məlumat aşkar edilməmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı müraciəti zamanı evi və hər hansı bir daşınmaz əmlakın mülkiyyətçisi olmamışdır. Kollegiya qeyd edir ki, alt sistemə məlumatı verən orqan AR ƏMDK yanında DƏDRX-dir. AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti isə birinci instansiya məhkəməsinin ona ünvanlanan sorğusuna cavab olaraq bildirmişdir ki, iddiaçının adına heç bir daşınmaz əmlak mövcud deyildir. Buradan da görünür ki, imtinanın MAS sistemində olan məlumat əsasında verilməsi qeyd edilsə də, işin faktiki hallarına uyğun olmadığı bir daha öz təsdiqini tapır. Həmçinin apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı izahatında da bildirmişdir ki, onun mülkiyyətində heç bir torpaq sahəsi yoxdur. Eyni zamanda növbəti apellyasiya baxışı zamanı araşdırma nəticəsində də bir daha öz təsdiqini tapmışdır ki, iddiaçının yaşadığı yer ona məxsus deyil, mülkiyyətçisi başqa bir vətəndaşdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilərək iş üzrə yeni qərar qəbul edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin öz presedentlərində formalaşdırdığı hüquqi mövqeyə görə: a) Qərarda ərizəçinin işin mahiyyəti üzrə bütün arqumentləri detallı şəkildə, heç biri rədd edilmədən və rədd edildiyi halda dəqiq səbəblər təqdim edilməklə araşdırılmalıdır. Faktlara gəldikdə isə, məhkəmə ərizəçinin məhkəmə işində əhəmiyyətli olan faktları yenidən araşdırmaq səlahiyyətinə malik olmalıdır. Başqa sözlə, əgər ərizəçi yalnız prosessual aspektlərlə bağlı arqumentlər irəli sürürsə, o, sonradan məhkəməni faktlar haqqında qərar çıxarmadığı üçün tənqid edə bilməz (Potocka və digərləri Polşaya qarşı, § 57). b) "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir (H. Belçikaya qarşı, § 53) İnzibati İcraat haqqında Qanunun 24-cü maddəsinə əsasən : 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək iddianın təmin edilməli olduğuna dair nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1767/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1767/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ləğv olunsun. İş üzrə yeni qərar qəbul olunsun. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddiası təmin edilsin. “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar iddiaçıya 2020-ci ilin aprel, may, iyun və avqust ayları üçün verilməyən 190 manat birdəfəlik ödəmənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilsin. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar