Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2398/2021 06.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 qızının katibliyi ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı (X1 üçüncü şəxs olduğu) maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4840/2021 saylı, 25 iyun 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı (X1 üçüncü şəxs olduğu) maddi və mənəvi ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4840/2021 saylı, 25 iyun 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı (X1 üçüncü şəxs olduğu) maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası geri götürülmüş hesab edilərək iş üzrə icraata xitam verilmişdir. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verib birinci instansiya məhkəməsi tərəfindən heç bir əsas olmadan iddia tələbinin geri götürülmüş hesab edildiyini, iddiasını geri götürmədiyini və baxılmasını tələb etdiyini göstərib məhkəmənin qərarının ləğv edilməsini və iddianın baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi almasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının təyin edilmiş məhkəmə iclaslarında iştirak etməməklə məhkəmə icraatından yayınması səbəbi ilə iddianı geri götürülmüş hesab edərək iş üzrə icraata xitam vermişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşaraq aşağıdakıları qeyd edir. Belə ki, işin faktiki hallarından görünür ki, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı 2021-ci il 16 aprel, 21 may və 25 iyun tarixlərə təyin edilmiş məhkəmə iclaslarında iştirak etməmiş, səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İş materiallarında olan poçt xəbərnamələri ilə müəyyən edilir ki, iddiaçıya məhkəmə iclasları barədə məlumat verilmişdir. Həmçinin həmin bildirişlərdən görünür ki, iddiaçıya Azərbaycan Respublikası İPM-nin 55.3-cü maddəsinin tələbləri izah edilmişdir. Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarını şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Məhkəmə bildirişi şifahi məhkəmə baxışı ilə bağlı iclasın təyin edildiyi tarixə (günə) ən azı 10 gün qalmış proses iştirakçılarına təqdim edilməlidir. Xüsusilə təcili hallarda sədrlik edən hakim həmin müddəti azalda bilər. Məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına” dair 29.04.2014-cü il tarixli qərarından müəyyən edilir ki, iddianın geri götürülmüş sayılması haqqında qərardadın çıxarılmasından öncə məhkəmə mütləq tələb irəli sürməlidir. Burada nəzərə almaq lazımdır ki, tələb xəbərdarlıq məqsədi daşıyır. Yəni məhkəmə iddiaçının davranışından artıq görür ki, iddiaçı mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır və bu davranışın hüquqa zidd olduğunu iddiaçının nəzərinə çatdırır. Bundan əlavə, öz məqsədlərinə nail olmaq üçün tələb aşağıdakı şərtlərə cavab verməlidir: məhkəmənin iddiaçıdan konkret olaraq nə gözlədiyi göstərilməlidir (məsələn, müvafiq sənədləri və digər sübutları təqdim etmək və ya iddianı əsaslandırmaq və s.); tələbin məhz məhkəmə (müvafiq hakim) tərəfindən irəli sürüldüyü aşkar bilinməlidir və buna görə o, hakimin imzası ilə təsdiq olunmalıdır; tələb iddiaçıya sübut oluna biləcək qaydada çatdırılmalıdır (təqdim olunmalıdır); tələbin iddiaçı tərəfindən yerinə yetirilməməsinin hüquqi nəticələri (iddianın geri götürülmüş sayılması və prosessual xərclərin ödənilməsi vəzifəsi) qanunun müvafiq maddələrinə istinad edilməklə aydın şəkildə ifadə olunmalıdır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu da qeyd edir ki, iddiaçı məhkəmə qərardadı ilə razılaşmasa da, nə birinci instansiya məhkəməsinə nə də apellyasiya şikayətinə üzürlü səbəblərdən iştirak etməməsini təsdiq edən hər hansı sənəd və ya sübutları məhkəməyə təqdim edə bilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı deyildir və məhkəmə qərardadının ləğvi üçün əsas təşkil etmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4840/2021 saylı, 25 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90. və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4840/2021 saylı, 25 iyun 2021ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, qərardadın təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2398/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2398/2021
06.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver