Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2399/2021 11.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Abbaszadə Nərgiz Mirzəli qızının iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4016/2021 saylı, 23 iyun 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu məhkəməsinin 2(002)- 787/2012 saylı mülki iş üzrə 05 iyun 2012-ci il tarixli qətnaməsinin icra edilərək veteran adının və müvafiq vəsiqənin verilmə vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir Daha sonra İddiaçı 29 aprel 2021-ci ildə iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ilə müraciət edərək ona veteran adının və müvafiq vəsiqənin verilmə vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və bu fakt Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin qətnaməsi ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı etirazında göstərilmişdir ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin 05 iyun 2012-ci il tarixli 2(002)-787/2012 nömrəli qətnaməsinin icra edilərək müharibə veteranı adı və vəsiqənin verilmə vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi üzərinə qoyulması barədə iddia tələbi mümkünsüz sayılmalıdır. Belə ki, Qaradağ Rayon Məhkəməsinin 05 iyun 2012-ci il tarixli qətnaməsi xüsusi icraat qaydasında baxılan mülki işlər kateqoriyasına aiddir və mülki prosessual qanunvericilikdə xüsusi icraat qaydasında qəbul edilən yekun məhkəmə aktlarının icra mexanizmi nəzərdə tutulmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4016/2021 saylı, 23 iyun 2021-ci il il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və veteran vəsiqəsinin verilməsi” öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən “Veteran adların və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”sından daxil olmuş 16 may 2021-ci il 1/A-11542 saylı sorğuya cavab məktubundan görünür ki, vətəndaş İddiaçı Müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə komissiyanın 10.04.2020-ci il tarixli iclasında baxılmış və 680 nömrəli protokolu ilə barəsində müsbət qərar qəbul edilməmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri, Qaradağ rayon polis idarəsindən daxil 21.05.2021-ci il tarixli 069 9119-1221 saylı məktubundan görünür ki, tələbnamə yoxlanılmış və heç bir məlumat əldə olunmamışdır. - Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən məhkəməyə ünvanlanmış 08.06.2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı barəsində Qarabağ hərbi prokurorluğu tərəfindən 04 noyabr 1999-cu il tarixdə amnistiya aktına əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Lakin, 1992-2013-cü illərə aid sənədlərin saxlanma müddəti bitdiyindən sözügedən şəxs barəsində müvafiq qərarın surətini və əlavə məlumatları vermək mümkün deyildir. - Qaradağ rayon Məhkəməsinin 05 iyun 2012-ci il tarixli 2(002)-787/2012 saylı qətnaməsi ilə iddiaçının ərizəsi təmin olunmuş, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi faktı müəyyən edilmiş, İddiaçı məxsus olan müharibə veteranı” vəsiqəsinin qaytarılması Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon şöbəsinə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi cavabdehin imtinasını qanuni və əsaslı hesab edərək iddia tələbini rədd etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçıya “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar təqdim edilmiş sənədlərdə onun hərbi xidmət keçməsini tam sübut edən hərbi hissələrin nizami hissə üzrə bütün əmrləri və ya arxiv arayışları yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir. Həmin Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən müharibə veteranı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən qeyd edir ki, qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir və hərbi xidmət keçmə dedikdə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buraxılması başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan vənəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: 1) şəxsin hərbi xidmət keçməsi və 2) bunun müvafiq sənədlərdə əks edilməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması nəzərdə tutulur. Hərbi xidmət keçmənin müvafiq sənədlərdə əks edilməsi dedikdə isə bu zaman zəruri sənədlər məhfumuna Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı ilk öncə Qaradağ Rayon Məhkəməsinə onun döyüşdə iştirak etmə faktının müəyyən edilməsi və müharibə veteranlığı vəsiqəsinin geri qaytarılması tələbi ilə ərizə ilə müraciət etmiş, ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilmişdir. Həmin qətnamədən görünür ki, məhkəmə iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon şöbəsinin nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçının xidmət etmiş olduğu hərbi hissədən tərxis olunması barədə heç bir məlumat və ya əmr olmadığından müharibə veteranı sayıla bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 2006-cı il 27 sentyabr tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2007-ci il 09 iyul tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməli olduğundan, lakin iddiaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsi mötəbər sübutlarla təsdiq edilmədiyindən, nizami hissə üzrə əmrlərdə onun xidməti barədə məlumat olmadığından, iddiaçının belə bir mötəbər sübut kimi istinad etdiyi hərbi biletdə əks olunan məlumatlar AR Müdafiə Nazirliyinin Mərkəzi arxivinin və xidmət etdiyini irəli sürdüyü hərbi hissənin sair rəsmi aktları ilə dəstəklənmədiyindən ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilməsi barədə həm komissiyanın, həm də birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ona müharibə veteranı statusunun verilməsi barədə arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmişdir və apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas təşkil etmir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas təşkil etmədiyindən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4016/2021 saylı, 23 iyun 2021ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2399/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2399/2021
11.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver