Məhkəmə qərarları › İş №2-1(103)-2399/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2399/2024

03.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2399/2024 03.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka göndərilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X5 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka göndərilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4192/2024 saylı 05 mart 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 02 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: xx.xx.2023-cü il tarixli ÇP/3-53 nömrəli mənzil alqı-satqısına dair müqavilədən görünür ki, iddiaçı ünvan 3 ünvanında yeləşən yaşayış kompleksinin 3-cü bina 09-cu mərtəbəsində yerləşən 1 otaqdan ibarət ümumi sahəsi 49.6 kv.metr olan 61 saylı təmirsiz mənzili "xxxx" MTK-dan almışdır. ********** nömrəli xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən aldığı mənzilə görə 65167,54 manat məbləğində pul vəsaiti "xxxx" MTK-nın "xxxx" ASC-də bank hesabına ödənilmişdir. ********** nömrəli xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən aldığı mənzilə görə 11727,46 qəpik manat məbləğində pul vəsaiti "xxxx" MTKnın "xxxx" ASC-də bank hesabına ƏDV hesabına ödənilmişdir. Elektron çıxarışdan görünür ki, iddiaçı tərəfindən mənzilin dəyəri xx.xx.2023-cü il tarixində bank vasitəsilə ödənildikdən sonra ƏDV-nin geri alınması məqsədilə iddiaçıya ünvanlanmış qaimənin təsdiq edilməsi üçün o, elektron sistemə daxil olmuş, lakin qeydiyyatı başa çatdırmamışdır. İddiaçı cavabdeh inzibati orqana xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək, ödənilmiş məbləğin ƏDV miqdarı olan 3518.24 manat məbləğində pul vəsaitinin geri qaytarılmasının təmin edilməsini xahiş etmişdir. Lakin cavabdehin 06 noyabr 2023-cü il tarixli **********620700 nömrəli qərarı ilə iddiaçının xx.xx.2023-cü il tarixli elektron ərizələri üzrə ÇP/3-53 nömrəli mənzil alqı-satqısına dair müqaviləyə əsasən nağdsız qaydada aldığı mənzilə görə ƏDV-nin geri qaytarılmasının təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia qaldıraraq “cavabdeh tərəfindən qəbul edilmiş 6 noyabr 2023-cü il tarixli yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında qərarın ləğv edilərək ƏDV məbləğinin iddiaçıya geri qaytarılmasının təmin edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 6 noyabr 2023-cü il tarixli **********620700 saylı “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” qərarının ləğv edilməsi, İddiaçı xx.xx.2023-cü il tarixli ÇP/3-53 nömrəli mənzil alqı-satqısına dair müqavilə əsasında satıcı "xxxx" MTK-dan alınmış ünvan 4 ünvanında yeləşən yaşayış kompleksinin 3-cü binası, 61 saylı mənzilinə görə ödənilmiş pulun qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ("xxxx" ASC-nin Yubiley Filialı) ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MTK-dan 01 avqust 2023-cü il tarixində ünvan 5 ünvanında yeləşən yaşayış kompleksinin 3-cü bina 09-cu mərtəbəsində yerləşən 1 otaqdan ibarət ümumi sahəsi 49.6 kv metr olan 61 saylı təmirsiz mənzili almışdır. Mənzilin dəyəri müqaviləyə əsasən 76880 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən mənzilin dəyəri tam şəkildə xx.xx.2023-cü il tarixində bank vasitəsilə ödənilmişdir. Lakin daha sonra ƏDV-nin geri alınması məqsədilə iddiaçıya ünvanlanmış qaimənin təsdiq edilməsi üçün o, elektron sistemə daxil olmuş, lakin internet saytlarında hansı şəkildə istifadə ediləcəyi və qaimənin təsdiq edildikdən sonra necə göndəriləcəyi barədə məlumat olmadığı üçün bacarmamışdır. Artıq qaimənin göndərilməsindən uzun müddət ötməsinə baxmayaraq həmin ƏDV məbləği geri qaytarılmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən vergi orqanına müraciət edilmiş, ödənilmiş məbləğin ƏDV miqdarı olan 3518.24 manat məbləğində pul vəsaitinin geri qaytarılmasının təmin edilməsi xahiş edilmişdir. Həmçinin xx.xx.2023-cü il tarixində edilmiş müraciətin elektron çıxarışı və həmin elektron çıxarışda müraciətin təsdiq edilməsi barədə bildirişin göründüyü çıxarış təqdim edilmişdir. Lakin iddiaçıya 6 noyabr 2023-cü il tarixli qərar təqdim edilərək ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilmişdir. İmtinanın səbəbi kimi isə tələb etmə müddətinin, yəni 90 gün müddətin ötürülməsi göstərilmişdir. Hesab edir ki, qərar qanunsuzdur. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, işin faktiki halları əsasən İddiaçı nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı müraciət etmiş, xx.xx.2023-cü il tarixli elektron ərizələrə ÇP/3-53 nömrəli alqı-satqı müqaviləsi və ödəniş sənədi əlavə edilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli ÇP/3-53 nömrəli “mənzil alqı-satqısına dair” müqaviləyə əsasən (müqavilənin ümumi dəyəri 76.880 manat) alıcı İddiaçı "xxxx" Yaşayış Kompleksinin 3-ci binasında, 9-cu mərtəbəsində yerləşən 1 otaqlı mənzilin dəyərini müqavilə şərtlərinə uyğun ödəməyi və mənzilin tikintisi tam başa çatdıqdan sonra qəbul etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydasına əsasən “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra - ƏDV) qaytarılması şərtlərini və qaydasını tənzimləyir (1.1-ci bənd). "06” noyabr 2023-cü il il tarixli **********620700 saylı “Yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında" qərara əsasən İddiaçı xx.xx.2023-cü il tarixli ərizələri üzrə ƏDV-nin geri qaytarılması təmin edilməmişdir. İşin hallarından və sadalanan normalardan göründüyü kimi, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması barədə Vergi Məcəlləsinin 165.6cı maddəsi xx.xx.2020-ci ildən qüvvəyə minmiş, bu barədə Qayda Prezidentin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş, iddiaçı mənzilin ödənişini xx.xx.2023-ci il tarixdə ödəmiş, iddiaçı ƏDV-nin qaytarılması ilə bağlı cavabdehə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Lakin iddiaçı xx.xx.2023-cü il tarixdə müraciət edərək 90 günlük müddəti ötürmüşdür. İddiaçı iddia ərizəsində cavabdehin hərəkətlərini qanunsuz hesab edir, lakin ƏDV məbləğinin geri qaytarılması ilə bağlı vaxtında müraciət edə bilməməsinin səbəblərini iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında göstərə bilməmişdir. Qaydaların Keçid müddəlarında 165.6-cı maddənin qüvvəyə mindiyi xx.xx.2020-ci ildən, Qaydanın qüvvəyə minməsinədək ödənilmiş ödənişlərə görə ƏDV-nin qaytarılması halı nəzərdə tutulsa da, 90 günlük müddətin keçməsinə görə ƏDV-nin geri qaytarılması və ya müddətin ötürülməsinin üzrlü hesab edilməsi hallarında bərpası halları nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4192/2024 saylı 05 mart 2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 6 noyabr 2023-cü il tarixli **********620700 saylı “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” qərarının ləğv edilməsi və İddiaçı xx.xx.2023-cü il tarixli ÇP/3-53 nömrəli mənzil alqı-satqısına dair müqavilə əsasında satıcı "xxxx" MTK-dan alınmış ünvan 4 ünvanında yerləşən yaşayış kompleksinin 3-cü binası, 61 saylı mənzilinə görə ödənilmiş pulun qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ("xxxx" ASC-nin Yubiley Filialı) ötürülməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmununa əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtlərini və qaydasını tənzimləyir (1.1-ci bənd). Məhkəmə qərarında göstərilir: “İşin faktiki hallarından müəyyən olunur ki, iddiaçı tərəfindən yaşayış sahəsinin dəyəri satıcıya tam şəkildə ödənildikdən sonra, 90 gün müddətində əlavə dəyər vergisinin qaytarılması məqsədilə müvafiq qaydada (əlavə dəyər vergisinin qaytarılması məqsədilə portaldan qeydiyyatdan keçərək) cavabdeh inzibati orqana müraciət etmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq ƏDV-nin qaytarılması ilə bağlı müraciət olunarkən 10 iş günü müddətində iddiaçı tərəfindən təqdim olunan sənədlər yoxlanılmalı və çatışmazlıqlar barədə müvafiq olaraq iddiaçıya məlumat verilməlidir. Lakin hazırki iş üzrə cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə 90 gün müraciət müddəti ötürüldüyündən ƏDV-nin qaytarılmasından imtina olunması barədə qərar qəbul edilmişdir. Halbuki cavabdeh müvafiq inzibati icraatı apararaq müəyyən edə bilərdi ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli müqavilə üzrə xx.xx.2023-cü il tarixdə mənzilə görə ödənişlər edildikdən sonra elektron sistemdə ƏDVnin geri qaytarılması ilə bağlı müraciət edilmiş, lakin prosedur naməlum səbəbdən başa çatdırılmamışdır. İddiaçı məhkəmə iclasında bu halı onunla izah etmişdir ki, elektron sistem üzrə işləməyə müvafiq bacarıqları olmadığından və müvafiq MTK tərəfindən bu barədə ona yardım göstərilmədiyindən müraciətini başa çatdıra bilməmişdir.” Məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etməyi zəruri hesab edirlər ki, iddiaçının iddia tələbinin əsası kimi elektron sistem üzrə işləməyə müvafiq bacarıqlarının olmadığını, eyni zamanda müvafiq MTK tərəfindən bu barədə ona yardım göstərilməməsini əsas gətirməsi və məhkəmənin də həmin dəlilləri iddianın təmin edilməsi üçün əsaslı hesab etməsi 90 gün müddətin üzürlü səbəbdən ötürülməsi kimi qəbul edilə bilməz. Məhkəmə 90 gün müddətin ötürülməsini üzürlü hesab edərkən Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1-ci bəndinin tələbini nəzərə almamış və işin faktiki hallarına uyğun olmayan qərar qəbul etmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat olunmasına baxmayaraq iddiaçı iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə İddiaçı iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. 10 iyul 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə aktının elan olunması xx.xx.2024-cü il tarixə təxirə salınmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı tərəfindən mübahisələndirilən qərarın ləğvi ilə bağlı məhkəməyə qanunla müəyyən edilmiş müddət daxilində müraciət edildiyi üçün iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinə qarşı tələbi “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 6 noyabr 2023-cü il tarixli **********620700 saylı “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” qərarının ləğv edilməsi, İddiaçı xx.xx.2023-cü il tarixli ÇP/3-53 nömrəli mənzil alqı-satqısına dair müqavilə əsasında satıcı "xxxx" MTK-dan alınmış ünvan 4 ünvanında yeləşən yaşayış kompleksinin 3-cü binası, 61 saylı mənzilinə görə ödənilmiş pulun qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ("xxxx" ASC-nin Yubiley Filialı) ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formalhüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Mübahisələndirilən inzibati aktın qanuniliyi həm formal-hüquqi baxımdan, həm də maddi-hüquqi baxımdan yoxlanılarkən Kollegiya aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 153.1-ci maddəsinə əsasən, əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. 165.6-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması” Şərtləri və Qaydasının: 1.2-ci bəndinə əsasən bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaimə-faktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. 1.3-cü bəndinə əsasən ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 2.0.2-ci bəndinə əsasən alıcı – satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı; 2.0.3-cü bəndinə əsasən satıcı – ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs; - 2.0.4-cü bəndinə əsasən operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti); 2.0.7-ci bəndinə əsasən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi – bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanılmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi; 3.1.1-ci bəndinə əsasən Operator bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; 5.1-ci bəndinə əsasən Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDVnin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: 5.3-cü bəndinə əsasən Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyriyaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDVnin qaytarılmasına yol verilmir. 5.4.-cü bəndinə əsasən Alıcı tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı alıcının müraciətinə operator 10 (on) iş günü müddətində baxır və bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünü yoxlayır. Sənədlərdə çatışmazlıq aşkar olunduqda, müraciət daxil olduğu gündən 5 (beş) iş günü müddətində çatışmazlıqların aradan qaldırılması barədə alıcının portalda yaratdığı elektron kabinetə bildiriş göndərilir. Bütün çatışmazlıqlar eyni zamanda bildirilməlidir. Alıcı həmin çatışmazlıqları bildirişi aldığı tarixdən ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman operatorun müraciətə baxması ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət operator tərəfindən alıcının müraciətinə baxılma müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə alıcının müraciətindən sonra müddətin axımı bərpa olunur. 5.5-ci bəndinə əsasən elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. 5.7-ci bəndinə əsasən müvəkkil bank bu Qaydanın 5.5-ci bəndində nəzərdə tutulan ƏDV məbləğini məlumatı aldığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq alıcının bank hesabına qaytarır. Müvəkkil bank tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ƏDV məbləği onların seçimindən asılı olaraq milli və ya xarici valyutada qaytarılır. 5.8.-ci bəndinə əsasən Qaytarılacaq ƏDV məbləği müvəkkil bank tərəfindən bank əməliyyatlarının aparılmasına görə xidmət haqları çıxılmaqla alıcıya ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın 1.6-cı bəndinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən elektron qaimə-fakturada, müqavilədə, qəbzdə və ya çekdə göstərilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz dəyəri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin bank hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək ödənilmiş məbləğin ƏDV miqdarı olan 3518.24 manat məbləğində pul vəsaitinin geri qaytarılmasının təmin edilməsini xahiş etmişdir. Lakin cavabdehin 06 noyabr 2023-cü il tarixli **********620700 nömrəli qərarı ilə iddiaçının xx.xx.2023-cü il tarixli elektron ərizələri üzrə ÇP/3-53 nömrəli mənzil alqısatqısına dair müqaviləyə əsasən nağdsız qaydada aldığı mənzilə görə ƏDV-nin geri qaytarılmasının təmin edilməməsi qərara alınmışdır. “İnzibati icraat haqqında” Qanunun: 48.1-ci maddəsinə əsasən İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. 48.2-ci maddəsinə əsasən qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. İş materiallarından müəyyən olunur ki, iddiaçı mənzilin dəyərini xx.xx.2023-cü il tarixdə ödəməsinə baxmayaraq yalnız xx.xx.2023-cü il tarixli elektron ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Yuxarıda qeyd edilən Qaydaların 5.1-ci bəndinə əsasən alıcı yaşayış və qeyriyaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini portala göndərir. Birinci instansiya məhkəməsi öz qərarını onunla əsaslandırır ki, “iddiaçının ƏDV-nin geri qaytarılması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş 90 günlük müraciət müddətinin sonuncu gününün xx.xx.2023-cü il tarixdə bitməsindən növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə 1 gün ötürülməklə elektron ərizələrlə müraciət etməsi üzrlü sayılmalıdır.” Qeyd olunan yanaşma məhkəmə kollegiyası tərəfindən qəbul edilmir. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulan 90 günlük müddəti 1 gün deyil, 3 gün ötürmüşdür. Belə ki, iddiaçı mənzilin dəyərini xx.xx.2023-cü il tarixdə ödəməsinə baxmayaraq, ƏDV-nin ona qaytarılması ilə bağlı cavabdeh quruma xx.xx.2023-cü il tarixdə elektron ərizə ilə müraciət etmişdir. Yuxarıda da göstərildiyi kimi, müvafiq Qanunun tələbinə görə sözügedən müraciətlə aidiyyəti quruma 90 gün müddətində müraciət oluna bilər, yəni müraciət müddəti birinci instansiya məhkəməsinin hesablamasına əsasən ayla deyil, konkret olaraq qanuna əsasən günlə hesablanır. Odur ki, hazırki işdə iddiaçı mənzilin dəyərini xx.xx.2023-cü il tarixdə ödəməsinə baxmayaraq, ƏDV-nin ona qaytarılması ilə bağlı cavabdeh quruma xx.xx.2023-cü il tarixdə elektron ərizə ilə müraciət edərkən qanunla müəyyən edilmiş 90 günlük müddəti ötürmüşdür (93-cü gün müraciət etmişdir). Yuxarıda adı qeyd olunan Qaydaların 5.3-cü bəndinə görə isə dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə həmin Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən (90 gündən) sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. Göründüyü kimi, Qaydaların tələbinə görə, sözügedən müddətin ötürülməsi ƏDVnin qaytarılmasını birbaşa istisna edir. Belə olan halda həmin müddətin üzrlü səbəbdən ötürülüb-ötürülməməsi də əhəmiyyət kəsb etmir, çünki qeyd olunduğu kimi, Qanunla belə müddət ötürüldükdə onun bərpası mexnaizmi nəzərdə tutulmamışdır. Buna görə də məhkəmə kollegiyası həmin 90 günlük müddətin iddiaçı tərəfindən üzrlü səbəblərdən ötürülüb-ötürülməməsini araşdırmağı zəruri saymamışdır. Beləliklə, aparılan məhkəmə araşdırmaları onu deməyə əsas verir ki, vergi orqanı iddiaçı barəsində 6 noyabr 2023-cü il tarixli **********620700 saylı “Yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” qərarı qəbul etməkdə haqlı olmuşdur. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsində isə təsbit edilmişdir ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırki işdə cavabdeh inzibati orqan mübahisələndirilən 6 noyabr 2023-cü il tarixli **********620700 saylı “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirir. Odur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4192/2024 saylı 05 mart 2024-cü il tarixli qərarı ləğv olunmalı və iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsalandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4192/2024 saylı 05 mart 2024-cü il tarixli qərarı ləğv olunsun. İddia tələbi rədd edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X9 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar