Məhkəmə qərarları › İş №2-1(103)-24/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-24/2023

14.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-24/2023 14.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, nümayəndəsi-vəkili Vəkil Səid oğlu və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsildə X1rşı Azərbaycan Respublikası Təhsil Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3933/2021 saylı 27 aprel 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsildə X1rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Akkreditasiya və Nostrifıkasiya İdarəsinin 21 oktyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi, Diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi vəzifəsinin cavabdeh Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Rusiya Federasiyası, Mahaçqala şəhəri, X5 Universitetində, Neft və Qaz işi üzrə Bakalavr təhsili almışdır. Bununla əlaqədar ona həmin Universitet tərəfindən 30 iyun 2019-cu il tarixdə, 525 qeydiyyat nömrəli Bakalavr Diplomu verilmişdir. Bundan sonra iddiaçı Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq Bakalavr diplomunu və ona əlavə olunmuş sənədləri Azərbaycan dilinə Notariusla tərcümə etdirib və təsdiq etdirərək, bütün sənədlərlə birlikdə aidiyyəti üzrə Diplomun tanınması barədə Şəhadətnamə verilməsi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyi, Akkreditasiya və Nostrifıkasiya İdarəsinin Online poçt ünvanına 05 dekabr 2019-cu il tarixdə daxil etmişdir. Bundan sonra iddiaçının ərizəsi üzrə əlavə olunan sənədlərdə tamamlanmış, baxılması və araşdırılması üçün həmin idarədə baxılmağa başlanmışdır. Mərhələli şəkildə iddiaçı öz poçt ünvanından ona aid olan sənədlərlə və gedilən iş prosesi ilə bağlı maraqlanıb, işin gedişatı ilə tanış olmuşdur. İlk olaraq iddiaçıya aid diplom və ona əlavə olunan sənədlər Ekspertizaya göndərilmiş, daha sonra növbəti prosesin davamı olaraq iddiaçı ilə əlaqə saxlanılaraq müsahibəyə çağırılmışdır. Müsahibədə ona ixtisası ilə bağlı, rus dilində bir sıra suallar verilmiş, ixtisasını nə dərəcədə öyrənib-öyrənilməməsi yoxlanılmışdır. İddiaçıya nəticə barədə məlumat veriləcəyi bildirilmişdir. Bundan sonra Azərbaycan Respublikası Təhsil Nazirliyi, Akkreditasiya və Nostrifikasiya İdarəsinin 21 oktyabr 2020-ci il tarixli qərarı ilə iddiaçıya aldığı ixtisas üzrə fənlərin mənimsənilməsi üçün tədris dilinin bilmə səviyyəsinin qənaətbəxş olmadığı və müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınmasının mümkün hesab edilmədiyi bildirilmişdir. Bununla razılaşmayaq iddiaçı hüquqlarının pozulmasını əsas hesab edərək məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçının müsahibə zamanı verdiyi cavabların lazımi yetərli olduğunu, həmçinin ona aid olan sənədlərin də tam şəkildə qaydasında olduğunu cavabdeh də qəbul etmişdir. Ancaq yüksək səviyyədə dili bilmə meyarının əsas kimi qəbul edilməsi iddiaçının mülahizəsinə görə qanunvericilik qaydasına ziddir. Yuxarıda göstərilənlərə əsasən hesab edilir ki, iddiaçının hüquqları pozulur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3933/2021 saylı 20 aprel 2021-ci il tarixli qərardadla əsl olmayan cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilmiş və Azərbaycan Respublikasının Təhsil Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Rusiya Federasiyası X5 Universitetinin “neft və qaz işi” ixtisası üzrə bitirməsinə dair xx.xx.2019-cu il tarixdə adına verilmiş 100524 ******* nömrəli (qeydiyyat nömrəsi 525) diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Təhsildə X2 həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı diplomu üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə X2 müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığı üçün iddiaçıya müvafiq sənədin verilməsindən cavab məktubu ilə imtina etmişdir. Hesab edilir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının ixtisasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.2-ci bəndinə əsasən “ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada həyata keçirilir: 1. Ekspertiza-xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; 2. xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 2.2-ci bəndinə əsasən, “xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır”. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. AR Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş ’’Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİİ. 1.2 maddəsini (Ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir), Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici kvalifikasiyaların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə yenidən işlənilmiş Tövsiyələr”in V hissəsini (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 26-cı və 37-ci paraqraflarına əsasən iddiaçının aldığı ixtisasın Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab vermədiyini müəyyən edilmişdir. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın müddəalarına əsasən, tanınmanı həyata keçirən orqan ərizəçinin spesifik fənn barədə ətraflı biliklərini; spesifik fənn üzrə araşdırma nəticələrini dərketməsini; problemi analizetmə və həll etmə qabiliyyətini; mürəkkəb məsələlər üzrə müxtəlif qruplarla şifahi və ya yazılı formada effektiv şəkildə ünsiyyət qurma qabiliyyətini; araşdırma aparma qabiliyyətini; ixtisası üzrə araşdırma nəticələrini tətbiq etmə qabiliyyətini və.s. müəyyən etmək səlahiyyətinə malikdir. İddiaçının tədris dilini tam səviyyədə bilməməsi onun aldığı ixtisasın mənimsənilməsini şübhə altına alır. Həmin Konvensiyanın 6-cı maddəsinə əsasən, bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya disertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Konvensiya Komitəsi və Konvensiyanın tətbiqinə dair Avropa İttifaqının ekspert qrupları tərəfindən işlənib hazırlanmış “Avropa regionu üzrə Tanınma Təlimatı”nın 10-cu hissəsinə əsasən, əhəmiyyətli fərq dedikdə xarici dövlətin ali təhsilə aid kvalifikasiyanın əsas elementləri (kvalifikasiyaların səviyyələri, təlimin həcmi və/və ya yekun attestasiyasının nəticəsi, kvalifikasiyanın istiqaməti (profili) və təlimin nəticələri) ilə milli kvalifikasiyanın əsas elementləri arasında ərizəçinin təhsilini növbəti səviyyədə davam etdirməsi və (ya) müvafiq peşə istiqamətinə uyğun olaraq, əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun yaranmasına kifayət etməyən həcmdə fərq başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nin 2.1.48-ci bəndinə əsasən, təlimin nəticələri - təhsilalanın nələri bildiyini, mənimsədiyini və təlim prosesini bitirdikdən sonra nəyi edə biləcəyini göstərən, eləcə də bilik, bacarıq və kompetensiyaları (səriştələri) müəyyən edən göstəricilərdir. Həmin Çərçivənin 2.1.49-cü bəndinə əsasən, təlimin nəticələrinin qiymətləndirilməsi- müəyyən olunmuş meyarları (təlim nəticələri ilə bağlı gözləntilər, təlimin nəticələrinin qiymətləndirilməsi) əsas götürərək, şəxsin bilik, bacarıq və (və ya) kompetensiyalarının (səriştələrinin) qiymətləndirilməsi prosedurudur. Bu baxımdan da iddiaçının aldığı ixtisasın Milli Kvalifikasiyalar Çərçivəsinin 6-cı səviyyəsinə uyğun deyildir. Milli Kvalifikasiyalar Çərçivəsinin 6-cı səviyyəsi dedikdə “bakalavr diplomu; əsas (baza ali) tibb təhsili diplomu; orta ixtisas təhsili (və ya tam orta təhsil) bazasında təcrübə əsasında əldə edilmiş nəticələr barədə sertifikat; bakalavrdan sonra təcrübə” nəzərdə tutulur. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.43-cü maddəsinə görə təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarından göründüyü kimi, təhsilin məzmunu özündə aşağıdakıları ehtiva edir. Belə ki, “Təhsil haqqında” Qanunun 11.1.3-cü maddəsinə əsasən, təhsilalanların fasiləsiz təhsil almasını, daim yeniləşən, müasir standartlara uyğun gələn biliklərə və dünyagörüşünə yiyələnməsini, cəmiyyətin tələbatını daha səmərəli ödəməsini, şəxsiyyət kimi inkişaf etməsini və ömür boyu təhsilin hamı üçün acıq və bərabər imkanlı olmasını təmin etməkdədir. 11.1.4-cü maddəsinə görə, yüksək intellektual səviyyəyə və praktiki iş qabiliyyətinə, yenitexnologiyalara yiyələnmək, informasiya axınında çevik istiqamət tapmaq bacarığını formalaşdırmaq. “11.1.5-ci maddəsinə əsasən, cəmiyyətin yüksək səviyyəli və rəqabət qabiliyyətli kadr potensialina tələbatının ödənilməsi üçün real zəmin yaratmaqdan ibarətdir. Qeyd edilən normalardan göründüyü kimi, təhsilin məzmunu hər hansı bir təhsil müəssisəsində həyata keçirilən təlim prosesinin sonunda təlim alanın əldə etməli olduğu biliklərə, bacarıqlara, vərdişlərə və formalaşdırılması nəzərdə tutulan şəxsi keyfiyyətlərə qoyulan tələblərə müəyyən edilən bir anlayışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6-cı bəndinə görə, ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə əsas olan şərtlərdən biri də, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğudur. Sözügedən Qaydaların 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi, iddiaçının tələbində heç bir hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3933/2021 saylı 27 aprel 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: M.Qarayeva) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti mahiyyətcə etirazın eynilik təşkil edən məzmununa uyğun tərtib edilmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı İddiaçı və nümayəndəsi-vəkili Vəkil apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan AZE seriyalı, P4591606 nömrəli xarici pasportun surətindən müəyyən edilir ki, İddiaçı mütəmadi şəkildə Rusiya Federasiyasına səfər etmişdir. İş materiallarında olan Rusiya Federasiyası X5 Universiteti tərəfindən xx.xx.2019-cu ildə iddiaçıya verilmiş 100524 ******* nömrəli (qeydiyyat nömrəsi 525) Bakalavr diplomunun Azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı həmin universitetin “neft və qaz işi” ixtisası üzrə mütəxəssis proqramını mənimsəmişdir və dövlət yekun attestasiyasını müvəffəqiyyətlə bitirmişdir. Dövlət İmtahan Komissiyasının protokol №33 20 iyun 2019-cu il tarixli qərarı ilə ona bakalavr ixtisası verilmişdir. Diplom xx.xx.2019-cu il tarixdə X5 Universitetinin möhürü ilə Mahaçqala şəhərində Dağıstan Respublikası Elm və Ali Təhsil Komitəsi tərəfindən 519264 nömrəsi ilə 05 oktyabr 1961-il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. İş materiallarında olan Rusiya Federasiyası X5 Universiteti tərəfindən xx.xx.2019-cu ildə iddiaçıya verilmiş 100524 ******* nömrəli (qeydiyyat nömrəsi 525) Bakalavr diplomuna əlavənin Azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı həmin ali təhsil müəssisəsində “neft və qaz işi” ixtisası üzrə 5 il qiyabi təhsilalma formasında təhsil almış, həmin müddətdə bakalavr/mütəxəssis proqramını mənimsəmiş, 53 fəndən yaxşı, məqbul və kafi qiymətlər almış, tədris təcrübəsini keçmiş, 8 kurs işi yazmış, ixtisası üzrə dövlət imtahanlarını vermişdir. xx.xx.2019-cu il tarixdə X5 Universitetinin möhürü ilə Mahaçqala şəhərində Dağıstan Respublikası Elm və Ali Təhsil Komitəsi tərəfindən 519264 nömrəsi ilə 05 oktyabr 1961-il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə daxil olmuş xx.xx.2020-ci il tarixli ərizəsi ilə əlaqədar olaraq iddiaçıya bildirilmişdir ki, nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı Ekspert Qrupu tərəfindən onun ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin alı təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.7-ci bəndinə əsasən, ********** nömrəli müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. İşdən görünür ki, iddiaçı Rusiya Federasiyası X5 Universitetinin “neft və qaz işi” ixtisası üzrə bitirməsinə dair xx.xx.2019-cu il tarixdə adına verilmiş 100524 ******* nömrəli (qeydiyyat nömrəsi 525) diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini aşağıdakılarla əsaslandırmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə (bərabərlik prinsipi) hamı qanun və inzibati orqan qarşısında bərabərdir (maddə 12.1). İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır (maddə 12.2). Məhkəmə həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş 11 aprel 1997-ci il tarixli “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın İİ.3 bəndinə əsasən həmin Konvensiyada heç nə mövcud və ya gələcək razılaşmalara üzv ola biləcək, hazırki Konvensiyanın iştirakçısı olan dövlət tərəfindən verilən ixtisasların tanınması ilə əlaqədar daha əlverişli şərtlərin ləğv edilməsi kimi hesab oluna bilməz. Həmin Konvensiya ümumi prinsipləri ehtiva edən çoxtərəfli beynəlxalq müqavilə, Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Saziş isə xüsusi tənzimləmə predmetinə malik olan ikitərəfli beynəlxalq müqavilədir. Bu səbəbdən də təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi məsələlərində Sazişin müddəaları tətbiq edilir. Azərbaycan Respublikasının 13 may 2003-cü il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında” 23 sentyabr 2002-ci il tarixdə Moskva şəhərində imzalanmış Saziş Azərbaycan Respublikası və Rusiyada verilmiş dövlət nümunəli təhsil və elmi dərəcələr haqqında sənədləri əhatə edir. “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya qoşulmaq barəsində Azərbaycan Respublikasının 5 mart 2004-cü il tarixli 595-İİQ saylı Qanunu ilə Azərbaycan Respublikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya qoşulmuşdur. Haaqa Konvensiyasının 1-ci maddəsinə görə bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanından və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər; c) notarial aktlar; d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsinə bərabər tutulan rəsmi sənədlər (qeydlər). Konvensiyanın 2-ci maddəsinə əsasən razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür. Konvensiyanın 3-cü maddəsinə görə imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz. Konvensiyanın 4-cü maddəsinə əsasən 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Məhkəmə qeyd etmişdir ki, Rusiya Federasiyası X5 Universitetini “neft və qaz işi” ixtisası üzrə bitirməsinə dair xx.xx.2019-cu ildə İddiaçı adına verilmiş 100524 ******* nömrəli (qeydiyyat nömrəsi 525) diplom Rusiya Federasiyasının səlahiyyətli orqanı tərəfindən apostil möhürü vurulmaqla həmin ölkədə diplomun qanuniliyi tanınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Həmin Konstitusiyanın 151-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə (Azərbaycan Respublikası Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasındakı ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Cavabdehin imtinasını əsaslandırdığı yeganə dəlili inzibati orqanın nəzdindəki Komissiyanın iddiaçının ixtisas üzrə biliklərinin Azərbaycan Respublikasında təhsil standartlarına cavab verməməsini müəyyən etməsidir. Bununla bağlı isə məhkəmənin qənaəti belədir ki, iddiaçının tədris olunan fənləri hansı səviyyədə mənimsəməsi məsələsinə qiymət verilməsi, hazırkı cavabdeh deyil, onun təhsil aldığı ölkədəki müvafiq təhsil müəssisəsinin (orada fəaliyyət göstərmiş aidiyyəti komissiyanın və ya qurumun) səlahiyyətlərinə aid olduğundan və iddiaçı bu mərhələni artıq həmin ölkədə başa vurduğundan, cavabdeh inzibati orqanın qeyd edilən dəlili ilə razılaşmır. Bundan əlavə məhkəmə iclasında Bakı Slavyan Universitetindən dəvət edilmiş mütəxəssis tərəfindən İddiaçı rus dilini təlim dili kimi bilməsi produktiv səviyyəyə uyğun gəldiyi, ali təhsilli mütəxəssisin şifahi və yazılı peşə nitqinə verilən mövcud tələblərə tam cavab verdiyi barədə rəy verilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə sonda belə qənaətə gəlmişdir ki, Rusiya Federasiyası X5 Universitetini “neft və qaz işi” ixtisası üzrə bitirməsinə dair xx.xx.2019-cu ildə İddiaçı adına verilmiş 100524 ******* nömrəli (qeydiyyat nömrəsi 525) diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin mahiyyətcə etirazda göstərilən əsaslarla eyni olan dəlilləri üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın nəticələri ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinə görə təhsil sahəsində dövlət standartları fərdin, cəmiyyətin, dövlətin tələbatına uyğun olaraq, elmipedaqoji prinsiplər əsasında hazırlanan və müəyyən dövr (5 ildən az olmayaraq) üçün vahid dövlət tələblərini əks etdirən ümumi normalar məcmusudur. Dövlət təhsil standartları təhsil sahəsində sınanmış mütərəqqi beynəlxalq meyarlar, milli və ümumbəşəri dəyərlər nəzərə alınmaqla müəyyən edilir. Dövlət təhsil standartları və onların qüvvədə olma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Dövlət təhsil standartları təhsilin məzmununu, idarə olunmasını, maddi-texniki və tədris bazasını, infrastrukturunu, təhsilverənlərin keyfiyyət göstəricilərini, hər bir təhsil pilləsində və səviyyəsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini müəyyənləşdirir. Bütün təhsil müəssisələrində təhsilin müvafiq dövlət standartlarına uyğun təşkili təmin olunur. Təhsil müəssisəsinin fəaliyyətinin, təhsilin səviyyəsinin və təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsində, akkreditasiyada və attestasiyada müvafiq dövlət təhsil standartları əsas götürülür. Həmin Qanunun 27.4-cü maddəsinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qanunun 29.0.21-ci maddəsinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli xx.xx.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.27-8.28-ci bəndlərinə əsasən Nazirlik xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirir və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair sənədlər verir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2ci bəndində əsasən Qanunun 29.0.21 və 44.2-ci maddəsində (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən, bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya dissertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Qiymətləndirmə meyarlarına əsasən, tanınma zamanı a) tədrisin nəticələri; b) gələcək fəaliyyətə çıxış; c) proqramın əsas elementləri; d) qiymətləndirmə üzrə mütəxəssis tərəfindən sənədləşdirilmiş, proqramların keyfiyyəti arasında əhəmiyyətli fərq olduqda tanınma yox alternativ, hissəvi və ya şərti tanınma məsələsinə baxıla bilər. Bu bənddə qeyd edilir ki, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydaların: -1.1-ci bənd. Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; -1.6-cı bənd. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; - 2.4-cü bənd. Ərizəçi tərəfindən təqdim olunan sənədlərə, bir qayda olaraq, bütün lazımi sənədlər təqdim olunduğu gündən başlayaraq 1 ay müddətində baxılır. - 2.5-ci bənd. Ali təhsil sahəsində ixtisasın tanınmasından imtina olunduğu halda, imtinaya əsas olan səbəblər yazılı şəkildə ərizəçiyə izah edilir. -3.2-ci bənd. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: -ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; -xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). -3.6-cı bənd. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; -3.7-ci bənd. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Məhkəmə araşdırılması ilə məlum olur ki, İddiaçı 2014-cü ildə Rusiya Federasiyası X5 Universitetinə daxil olmuş, xx.xx.2019-cu ildə həmin ali təhsil müəssisəsinin “neft və qaz işi” ixtisası üzrə tam kursunu bitirmiş və 100524 ******* nömrəli (qeydiyyat nömrəsi 525) diploma əsasən ona bakalavr ixtisası verilmişdir. İddiaçı diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi barədə aidiyyəti qaydada müraciət etmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən ona imtina edilmişdir. İddiaçının diplomunu və diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınmasından imtina etməsinin yeganə əsası kimi onun həmin ixtisas üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xarici ölkədə aldığı təhsilin Azərbaycan Respublikası ali təhsil müəssisələrinin verdiyi diplomdakı təhsilin məzmununa görə uyğun olması üçün onun tədris olunan dili bilməsi zəruri şərtdir. Xarici ölkədə tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması alınan biliyin təhsilin dövlət standartlarında nəzərdə tutulan məzmununa uyğun hesab edilməməsi üçün əsasdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixində “İntellekt” Tədris Mərkəzi tərəfindən verilmiş Sertifikatdan aydın olur ki, İddiaçı həqiqətən xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək bu mərkəzdə rus dili kursunu orta səviyyədə bitirmişdir. İş materiallarında olan Rusiya Federasiyası Mahaçqala şəhərində X5 Universitetində “Neft və Qaz işi” ixtisası üzrə bakalavr ali təhsili almış İddiaçı rus dilini bilməsi səviyyəsi haqqında Mütəxəssis Rəyinə əsasən müəyyən olunur ki, İddiaçı rus dilini təlim dili kimi bilməsi produktiv səviyyəyə uyğun gəlir, ali təhsilli mütəxəssisin şifahi və yazılı peşə nitqinə verilən mövcud tələblərə tam cavab verir. Bundan əlavə birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən məhkəmə iclasında Bakı Slavyan Universitetindən dəvət edilmiş mütəxəssis tərəfindən İddiaçı rus dilini təlim dili kimi bilməsi produktiv səviyyəyə uyğun gəldiyi, ali təhsilli mütəxəssisin şifahi və yazılı peşə nitqinə verilən mövcud tələblərə tam cavab verdiyi barədə rəy verilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın İddiaçı Rusiya Federasiyası X5 Universiteti tərəfindən xx.xx.2019-cu ildə verilmiş 100524 ******* nömrəli diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamə verilməsindən imtinası qanuna zidd hesab olunmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, xarici dövlətin səlahiyyətli orqanı məzuna verdiyi diplomla onun ali təhsil proqramını uğurla başa vurduğunu təsdiq etmişdir (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”ın 1.2-ci bəndi). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbinin təmin olunmasından imtina edilməklə iddiaçının göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol verilmişdir. Buna görə də iddiaçının tələb etdiyi bakalavr diplomu üzrə aldığı ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəlləni 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3933/2021 saylı 27 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar