Məhkəmə qərarları › İş №2-1(103)-2401/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2401/2022

31.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2401/2022 31.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və X8 ibarət tərkibdə Həşim Rəşad Əlisahib oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X9 iştirakı ilə, İddiaçı Şirkətinin cavabdeh Binəqədi qəsəbə bələdiyyəsinə qarşı “Qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3857/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Binəqədi qəsəbə X1 istifadəsinə 300 kv.m torpaq sahəsinin ayrılması haqqında 1109 saylı, 02 avqust 2006-ci il tarixli qərarının və həmin torpaq sahəsinin 300 kv.m X6 adına və istifadəsinə verilməsi haqqında 1990 saylı, 13 dekabr 2006-cı il tarixli sərəncamının qanunsuzluğunun tanınması barədə qərar qəbul edilməsi tələbi irəli sürmüşdür. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12410/2021saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə X11 və X15 iş üzrə məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmuşlar. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3857/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümükün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3857/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsini, iddia tələbinin mümkün sayılması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddianın dəlillərinə uyğun əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi R.Məmmədov şikayətin təmin edilməsini və iddia tələbinin mümkün sayılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir və gəlməmə səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdeh iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyərək, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3857/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin halarından müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin 90S saylı, 26 sentyabr 2000-ci il tarixli Sərəncamı ilə, həmin sərəncama əlavə edilmiş və Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmiş xəritədə göstərilən ərazilər Binəqədi qəsəbə Bələdiyyəsinə ayrılmış və həmin torpaq sahələri 23 oktvabr 2000-ci il tarixli Protokolla Binəqədi qəsəbə Bələdiyyəsinə təhvil verilmişdir. Qevd edilən xəritədə göstərilmiş və Binəqədi qəsəbə Bələdiyyəsinə ayrılmış torpaq sahəsi əslində Şirkətin Saziş ərazisinin hüdudlarından kənarda yerləşir. Lakin Binəqədi qəsəbə Bələdiyyəsi səlahiyyət hədlərini aşaraq, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən ona ayrılmış torpaqlarla kifayətlənməyərək, özünün ərazisindən kənarda olan və Şirkətin Saziş ərazisinin hüdudları daxilində yerləşən torpaqları da müxtəlif nömrəli və tarixli qərarlarla vətəndaşların istifadəsinə ayırmışdır. Həmçinin, Binəqədi qəsəbə Bələdiyyəsi qanunsuz, olaraq, Bakı şəhər İcra Hakimiy y əti tərəfindən ona ayrılmış torpaq sahəsindən kənarda, Şirkətin Saziş ərazisinin hüdudları daxilində vətəndaşın isitfadəsjnə 300 kv.m. torpaq sahəsi ayırmışdır. Hesab edilmişdir ki, qeyd edilən torpaq sahəsi X20” şirkətinin ("Şirkət”) müstəsna istifadəsinə verilmiş Saziş ərazisinin hüdudları daxilində yerləşdiyindən Şirkətin qanunla qorunan hüquqlarını və Dövlət tərəfindən verilmiş təminatlarını kobud surətdə pozduğundan, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Binəqədi qəsəbə Bələdiyyəsinə ayrılmış torpaq sahələrinin hüdudlarından kənarda yerləşdiyindən və Şirkətin həmin ərazidə neft-qaz əməliyyatlarını həyata keçirməsinə ciddi maneəçilik törətdiyindən, Bakı şəhər X5 sözügedən ilkin qərarı və sərəncamı qanunsuzdur. Üçüncü şəxs tərəfindən həmin bələdiyyə sərəncamına istinad edilərək Saziş ərazisinin bir hissəsi istifadə edildiyindən, bələdiyyənin həm ilkin bələdiyyə qərarının, həm də sonrakı bələdiyyə sərəncamının qanunsuzluğu məhkəmə qaydasında tanınmalı və ləğv edilməlidirlər. Məlum olduğu kimi, 29 sentyabr 2004-cü il tarixində "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandag və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ("ARDNŞ”), X23 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti ("Podratçılar”) arasında Saziş ("Saziş”) imzalanmış və 29 aprel 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Qeyd olunan Qanunun 4-cü bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökümət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökümət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökümət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökümət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir.Eyni zamanda yuxarıda qeyd olunan Qanunda "Qanun”un Azərbaycan Respublikasının Konstitusiyasına tam uyğun olduğunun nəzərə alınması xüsusi vurğulanır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 150 nömrəli, 14 oktyabr 2004-cü il tarixli qərarı ilə “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişin 5-ci əlavəsində qeyd olunmuş Azərbaycan Respublikası Hökümətinin təminatı və öhdəlikləri təsdiq edilmişdir. Sazişin 2 və 8-ci maddələrinin və X23 Bi.Vi., ARDNŞ-in Ortaq Neft Şirkəti ("Podratçı Tərəflər”) və X20 şirkətləri arasında imzalanmış X14 5-ci maddəsinin müddəalarına əsasən, Sazişin 2-ci Əlavəsində göstərilən koordinat perimetrləri daxilində ayrılmış Kontrakt sahəsində, Əməliyyat şirkəti qismində fəaliyyət göstərən "X20” şirkətinə ("Şirkət") neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün müstəsna hüquq verilmişdir. Azərbaycan Respublikası Hökuməti tərəfindən ("Hökumət”) Saziş üzrə verilən Təminat və öhdəliklərin 1 (a) bəndində Hökumət Saziş üzrə ARDNŞ-in verdiyi hüquqlara, o cümlədən, Neft-qaz əməliyyatları üçün Podratçiya gərək olan torpaq sahələrindən istifadə etməsinə təminat verir; 1 (e) bəndində isə Hökumətin aşağıda sadalanan təminatı öz əksini tapmışdır: "Podratçı Tərəfi əmlakı Azərbaycan Respublikasının hər hansı hakinuwət orqanlarının hər hansı hərəkətləri nəticəsində qəsb edilə bilməz, milliləşdirilə bilməz və va başqa şəkildə özgə tərəfindən mənimsəmilə bilməz. Bildirilir ki, analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəsini almış Qərarı mövcuddur. X22 Məhkəmə nəticəyə gəlmişdir ki, Saziş qüvvəyə mindiyi tarixdən etibarən Saziş ərazisi ilə bağlı Qanunun qüvvəyə minməsindən əvvəl və sonra verilmiş bütün inzibati sərəncamlar qüvvədən düşmüşdür. Ali Məhkəmənin 2-1(102)-1233/15 saylı, 10 noyabr 2015-ci il tarixli Qərarı ilə (sədrlik edən hakim Nigar Rəsulbəyova, hakimlər Rahib Nəbizadə, İlqar Hüseynovdan ibarət tərkibdə) Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1105/15 saylı, 03 iyul 2015-ci il tarixli qərarı ləğv edilmiş və Şirkətin Binəqədi rayon İcra Hakimiyyətinə qarşı (X3 üçüncü şəxs olmaqla) ''Binəqədi rayon İcra Hakimiyyətinin X2 istifadəsinə torpaq sahəsinin ayrılmasına dair 1377 saylı, 12 yanvar 2001-ci il tarixli sərəncamının ləğv edilməsi tələbinə dair” iddiası mümkünsüz sayılmışdır. Həmin Qanunun 5-ci bəndinə əsasən isə Bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. Beləliklə, sözügedən Saziş qanuni qüvvəsini aldığı 15 may 2005-ci il tarixindən Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilən bilən bütün hüquq və vəzifələr ləğv edilir. Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2001-ci il tarixdə qəbul edilmiş sərəncamı artıq öz qüvvəsini xx.xx.2005-ci il tarixdən itirmişdir.” Bildirir ki, X5 qərarı “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandag və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Qanunun 4-cü və 5-ci maddələrinin tələblərini, yəni “inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsində göstərildiyi kimi maddi hüquq normalarının pozulması ilə verildiyindən, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.2-ci maddəsində göstərildiyi kimi,bu sərəncamla torpaq sahəsinin ayrılması Şirkətin və Dövlət tərəfindən imzalanmış Saziş üzrə Dövlətin maraqlarına ziyan vurduğundan, X5 1109 saylı, 02 avqust 2006-cı il tarixli qərarı və 1990 saylı, 13 dekabr 2006-ci il tarixli sərəncamı qanunsuzdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 36.2-ci maddəsinə əsasən Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin 2-ci bəndinə əsasən bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. Bundan əlavə, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7- ci maddəsinin 2-ci bəndinə əsasən bələdiyyələrin yalnız öz ehtiyat fondlarında olan torpaqları vətəndaşların mülkiyyətinə ayırmaq səlahiyyəti vardır. Lakin Binəqədi qəsəbə Bələdiyyəsi qanunsuz olaraq, yuxarıda sadalanan Qanunların tələblərini kobud surətdə pozaraq qanunsuzluq etmiş və səlahiyyət hədlərini aşaraq, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən ona avrılmış torpaq sahəsindən kənarda, Şirkətin Saziş ərazisinin hüdudları daxilində vətəndaşın istifadəsinə 300 kv.m. torpaq sahəsi ayırmış, qanunsuzluğunu hununla da dayandırmayaraq, həmin torpaq sahəsini 300 kv.m başqa şəxsin adına keçirmişdir. Məhkəmə kollegiyası bildirir ki, Binəqədi qəsəbə Bələdiyyəsi özünün səlahiyyətində olmayan, ona ayrılmış torpaq sahələrinin hüdudlarından kənarda yerləşən və sənaye təyinatlı torpaq sahələri kateqoriyasına aid olmaqla Qanunla Saziş ərazisinin hüdudlarına daxil edilərək Şirkətin müstəsna istifadəsinə verilmiş torpaq sahəsini fərdi yaşayış evinin tikintisi üçün vətəndaşa ayırmaqla və sonradan həmin torpaq sahəsini başqa şəxsin adına keçirməklə, həmçinin Azərbaycan Respublikası Torpaq Qanunvericiliyinin aşağıda sadalanan müddəalarını pozmuşdur: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsinin 1-ci bəndinə əsasən, torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyə öz inzibati əraziləri daxilində “qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi” səlahiyyətini aşmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndinin tələbinə görə, cavabdeh, sənaye təyinatlı torpaq sahəsini yaşayış məntəqələrinin torpaq sahəsi təyinatına dəyişməklə “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı (Nazirlər kabineti) tərəfindən həyata keçirilməsi” haqqında qanunun tələbini pozmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 11-ci maddəsinin 4-cü bəndinin tələbinə əsasən, torpaq sahəsinin məhdudiyyətli istifadəsinin özbaşına dəyişdirilməsinə yol verilmədiyi halda, Bələdiyyə sənaye təyinatlı torpaq sahəsinin məhdudiyyətlərinə məhəl qoymamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 20-ci maddəsinin 1-ci bəndinə görə,yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşu təsərrüfat planlarına müvafiq surətdə istifadə edilməli olduğu halda Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən qanuna uyğun olaraq belə plan tərtib edilməmiş və müvafiq qaydada təsdiq edilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci və 2-ci bəndlərinin tələbinə görə, dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar Dövlətin müstəsna mülkiyyətində olan torpaqlara aid olmasına baxmayaraq, bu torpaq sahəsi Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən qeyri-qanuni özgəninkiləşdirilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 2-ci bəndinin tələbinə görə, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Lakin, üçüncü şəxsə satılan torpaq sahəsi bələdiyyənin ehtiyat fonduna aid edilən torpaq sahəsinə aid deyildir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 6-cı bəndinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habeləyerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Buna baxmayaraq, Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən belə bir rəy alınmamış və torpaqayırma qaydasına əmə! edilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinin 3-cü bəndinə əsasən, Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburi olduğu halda, Qanunun bu imperativ tələbi cavabdeh Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən icra edilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinin 1-ci bəndinə əsasən, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etməyə borclu olduqları təqdirdə, cavabdeh Binəqədi qəsəbə Bələdiyyəsi qeyd edilən ərazini təyinatı üzrə istifadə edilməsi üçün vətəndaşa ayırmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 86-cı maddəsinin 1-ci bəndinə görə, Azərbaycan Respublikasının torpaq haqqında qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri və torpaqla bağlı hüquqlar alqı-satqı obyekti ola bilər. X5 üçüncü şəxsə ayırdığı torpaq sahəsi isə ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələrinə aid deyildir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 86-cı maddəsinin 2-ci bəndinin tələbinə görə, Azərbaycan Respublikasının dövlət torpaqları alqı-satqı obyekti ola bilməz. Buna baxmayaraq, X5 üçüncü şəxsə satdığı (ayırdığı) torpaq sahəsi dövlət torpaqları daxilindədir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 110-cu maddəsinin tələbinə əsasən, torpaqların kateqoriyalarının qanunvericiliyə riayət edilmədən dəyişdirilməsində təqsiri olan şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Bundan başqa, “Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu” və Nazirlər Kabinetinin 94 saylı, 10 may 2001-ci il tarixli qərarına əsasən neft hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, “əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır”. Həmin hüquqi rejimlər müvafiq normativ-hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 fevral 2017-ci il tarixli 31 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın 3.3-cü bəndinə əsasən, şəxsi tikililərlə quyular, separatorlar, qızdırıcı avadanlıq, neft rezervuarları və nasos avadanlığı arasında minimum məsafə 300 metr olmalıdır və şəxsi tikililərin sözügedən obyektlərin mühafizə zonaları daxilində inşa edilməsi qadağan edilir. Həmçinin həmin qərara əsasən, şəxsi tikililərlə elektrikötürücü xətləri arasında minimum məsafə 12-19 metr, mühafizə zonaları daxilində isə 10-15 metr olmalıdır. Torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqlarının keçməsi qaydasında vətandaş X6 adına və istifadəsinə verilməsi haqqında xx.xx.2006-cı il tarixli 1990 nömrəli sərəncamına əsasən, X5 ərazi hüdudlarında Bakı şəhər sakinləri X10 və X7 razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 300 kv.m. torpaq sahəsini sahiblik və ondan istifadə hüquqları Bakı şəhər sakini X6 adına keçirilməsi qərara alınmışdır. Həmin Sərəncama əsasən müəyyən olunur ki, X12 xx.xx.2006-cı il tarixli 1109 saylı qərarla fərdi ev tikintisi məqsədilə 300 kv.m. torpaq sahəsi ayrılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında"Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). İddia tələbindən görünür ki, iddiaçı inzibati aktın qeyd edilən əlamətlərinə malik X10 istifadəsinə 300 kv.m torpaq sahəsinin ayrılması haqqında 1109 saylı, 02 avqust 2006-ci il tarixli qərarının və həmin torpaq sahəsinin 300 kv.m X6 adına və istifadəsinə verilməsi haqqında 1990 saylı, 13 dekabr 2006-cı il tarixli sərəncamının qanunsuzluğunun tanınmasını tələb edir. İddiaçının mübahisə açdığı məsələ İnzibati-Prosessual Məcəllə qüvvəyə minməzdən əvvəlki dövrə aiddir. Belə ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur. Bu baxımdan mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Bununla əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında əsasən: “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Hazırkı işdən iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Belə olan halda inzibati orqanın 01 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədilə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət edir. İddia ərizəsi məhkəməyə xx.xx.2021-ci il tarixdə verilmişdir. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı qeyd edilən müddətdə əraziyə dair mövcud olan inzibati aktların müəyyən edilməsi ilə bağlı tədbirlər görə bilərdi, bununla bağlı hər hansı məhdudiyyətin mövcud olmasını və ya bunu mümkünsüz edən şərtlər bildirilməmişdir. Odur ki, qərar(lar)ın mübahisələndirilməsi (qanunsuzluğunun tanınması) ilə bağlı yol verilən müddət ötürülmüşdür, qeyd edilən dəlil prosessual müddətin buraxılmış hesab edilməməsi üçün əsas hesab oluna bilməz, bu səbəbdən də iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallar mövcud deyildir. Beləliklə, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın mümkün sayılmaması qərarına gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Şirkəti tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3857/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar