Məhkəmə qərarları › İş №2-1(103)-2402/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2402/2021

03.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2402/2021 03.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi İskəndərli Emil İsmayıl oğlunun iştirakları ilə, İddiaçı (xx.xx.1958-ci il tarixində Cəbrayıl rayonunun Horovlu kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatdadır, faktiki olaraq yaşadığı ünvan-ünvan 2k və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən ödənilməsi və s.” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2-1(112)-5635/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı Alim oğlu 09.04.2021-ci il tarixində cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 20.07.2015-ci il tarixdən onun güzəştli şərtlərlə pensiya ödənişinin dayandırılmasının qanunsuz hesab edərək, ona həmin tarixdən güzəştli şərtlərlə əmək pensiyasının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh pensiya ödənişini 20.07.2015-ci il tarixədək 25 il staj toplanılmaması əsası ilə dayandırmışdır. Cavabdeh qeyd edir ki, onun pensiya hüququ 15.10.2016-cı il tarixdən yarandığından həmin vaxtdan hesablanaraq ödənilməlidir. İddiaçı hesab edir ki, onun 25 ildən artıq iş stajı 20.07.2015-ci il tarixədək mövcud olduğundan pensiya hüququ da həmin vaxtdan yaranmışdır. Bakı İnzibati Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2-1(112)-5635/2021 nömrəli qərarı ilə (hakim O.Həsənov) iddia təmin edilmiş, İddiaçı Alim oğluna 20.07.2015-ci il tarixdən təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının həmin tarixdən ödənilməməsi qanunsuz hesab edilmiş, İddiaçı Alim oğluna 20.07.2015-ci il tarixdən təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh 17.08.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2-1(112)-5635/2021 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının müraciətinə əsasən araşdırma aparılaraq, onun 25 il sığorta stajının 15.10.2016-cı il tarixindən tamam olduğu üçün onun güzəştli şərtlərlə əmək pensiyası hüququnun həmin tarixdən yarandığı müəyyən edilmişdir.Bununla əlaqədar iddiaçının pensiya ödənişi bərpa edilmiş və ona 20.07.2015-ci il tarixdən 15.10.2016-cı il tarixədək 2758,46 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. İddiaçının birinci instansiya məhkəməsində vəkili olmuş Vəkil (Bakı şəhəri 18 saylı Vəkil Bürosu) məhkəmə iclası barədə məlumatlandırılmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə kollegiyası iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2-1(112)- 5635/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı iş üzrə mübahisə predmeti iddiaçının 15.10.1980- 01.09.1992-ci il tarixlərdə növbətçi və yük qəbul edici kimi işlədiyi dövrün nəzərə alınıbalınmaması ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq daxil olmuş, arayışda iddiaçının 16.10.1980-ci il tarixli əmrlə 15.10.1980-ci il tarixdən növbətçi vəzifəsinə qəbul edildiyi, 01.09.1992-ci il tarixli əmrlə işdən azad edildiyi qeyd edilmişdir. Göründüyü kimi iddiaçının 11 il 10 ay 18 gün iş stajının mövcudluğu arxiv arayışı ilə təsdiq edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 3.1.1-ci maddəsinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə görə sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. 01.01.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Göründüyü kimi müvafiq dövr üzrə iş stajı iddiaçıya məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1ci maddəsinin tələblərinə zidd sayılır. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 27.05.2015-ci il tarixədək 25 ildən artıq sığorta stajı olduğundan və onun iş stajı əmək kitabçası və arxiv arayışları ilə təsdiq edildiyindən, hazırkı iş üzrə cavabdeh inzibati orqanın hərəkətləri əsassız və qanunsuz olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2-1(112)-5635/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2-1(112)-5635/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar