Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2402/2024 25.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Eldarzadə Şirazı Elxan oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyadan tutulmaların dayandırılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4030/2024 nömrəli, 12 mart 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçının əmək pensiyasından artıq ödənişlərin tutulmasının dayandırılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması; ötən dövrlər üçün iddiaçının əmək pensiyasından artıq ödəniş kimi qanunsuz olaraq tutulmuş 13.000 (on üç min) manat məbləğin iddiaçının hesabına bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2007-ci ilin avqust ayından 2013-cü ilin sonuna qədər 2-ci dərəcəli əlil kimi pensiya almış və həmin dövrdə əmək fəaliyyətini davam etdirmişdir. 2013-cü ilin sonunda Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Nərimanov Rayon Şöbəsi ödənişi dayandıraraq ona bildirdi ki, işləyən əlillər pensiyanın baza hissəsini almalıdırlar. Ona artıq ödənişin edildiyini və bunun da Baş İdarə, yəni DSMF tərəfindən aparılan yoxlama zamanı aşkar edildiyini diqqətinə çatdırdılar. Yaranmış dəyişikliyin isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən edildiyi bildirilirdi. İddiaçı sözügedən Qanunda belə bir tələbin olduğunu bilmədiyini, Dövlətin əlillərin məşğulluğu üçün ciddi layihələr həyata keçirdiyini və belə olan halda pensiya məbləğinə məhdudiyyət qoyulması ilə razılaşmadığını qeyd etdi (2017-ci ilin iyul ayının 1-dən bu məhdudiyyət ləğv edildi). Bildirdi ki, Dövlət Sosial Müdafiə Fondu şöbənin fəaliyyətini yoxlayıb və pensiya üzrə artıq ödənişə görə onu cavabdeh edib. Qeyd etdi ki, DSMF-nin onun hesabını aparan məsul işçisi ilk aydan işəgötürənin verdiyi məlumat və işlədiyinə görə adına sosial sığorta ödənişinin daxil olduğunu görərək təqaüdünün baza hissəsini ödəməklə bunu elə ilk aydan edə bilərdi və o, işləmək barədə seçim edərdi. Lakin bu belə olmamışdır. Bu baş veribsə də, onun yox, cavabdehin əməkdaşlarının səhvi ucbatından baş vermişdir. Pensiyanı tam almaq üçün işdən çıxdı və bu barədə arayış təqdim etsə də, məsələ bununla bitmədi. Qısası bir tərəfdən işdən çıxmışdır, digər tərəfdən də ondan ərizə tələb etdilər ki, ayda 100 AZN tutulmasına razılıq verin (ərizə almaq üçün ödənişi dayandırmaq yolu ilə təzyiq göstərirdilər) yaxın müddətə bu məsələni həll edəcəklər. Dəfələrlə onların yadına salsa da uzun müddət həll edilmədi və noyabr 2023-cü ilə qədər ondan təxminən 13000 (on üç min) manatdan çox pul tutulmuşdur. İddiaçı 2023-cü ilin yanvar və mart aylarında “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinə xx.xx.2023-cü il tarixdən qüvvədə olan dəyişikliyə istinad edərək 2 dəfə DSMF-yə müraciət etdi ki, onun pensiyasından əsassız olaraq aparılan tutulmanı dayandırsınlar. Onu artıq ödənişin məbləği və hesablanma qaydası ilə tanış etmədilər və sonralar da bununla bağlı heç bir məlumat verilmədi. “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinə 01 yanvar 2023-cü ildən edilmiş dəyişikliyin ona şamil edilibedilməməsi barədə də məlumat ala bilmədi. Əksinə, 2023-cü ilin sentyabr ayında Fondun əməkdaşları tərəfindən ona heç bir xəbərdarlıq edilmədən və heç bir əsas və razılığı olmadan əlavə olaraq pensiyanın məbləğindən 476 manat (bütövlükdə isə 576 manat) tutulma aparmağa başladılar. Bundan əlavə, Fond pensiya ödənişini qəsdən, ona bildirmədən başqa banka yönəltmiş, bu səbəbdən 10 günə yaxın əziyyət və əsəbi gərginlikdən sonra pensiyanı gedib ala bilmişdir. 12 oktyabr 2023-cü il tarixində qeyd edilən ünvana müraciət edərək, Fondun əməkdaşlarından bunun səbəblərini izah etməyi, tutulmuş vəsaitləri hesabına bərpa etməyi tələb etdi. Nəticədə noyabr ayında 178 manat tutulma aparılmaqla ödəniş edilmiş və sentyabr- oktyabr aylarında artıq tutulmuş məbləğlər qaytarılmamış və müraciətinə 07 noyabr 2023-cü ildə rəsmi cavab verilməsi bildirilsə də, rabitə şöbəsinə cavab məktubu xx.xx.2023-cü il tarixində daxil olmuşdur. Verilən cavabdan aydın olur ki, 2013-cü ildə ondan təzyiq yolu ilə 100 manat tutulmasına verdiyi razılıq ərizəsini qüvvədə saxlamaqla cari ilin sentyabr, oktyabr və noyabr aylarında qanunsuz olaraq tutulmuş məbləğləri kəsirlə (256 manat az) qaytaracaqlarını bildirmişlər. Qanunun 39-cu maddəsinə 1.1.2023-cü ildə edilmiş dəyişikliyə əsasən tutulmanın dayandırılmasnı təmin etmək əvəzinə son 3 ildə (2020, 2021 və 2022-ci illərdə) aşkar edilmiş tutulmaların məhdudlaşdırılması ilə aktuallaşan 29.2-ci maddəni ona xatırlatmışlar. Hesab edir ki, onun heç bir qanun pozuntusuna yol vermədiyi halda 2013-cü ildən bu günə kimi pensiyasından aparılmış tutulmalar qanunsuzdur və bu tutulmalar dayandırılmaqla, tutulmuş pensiyası tam məbləğdə ona geri qaytarılmalıdır. İşin birinci instansiya icraatı zamanı cavabdeh Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Həmçinin, iddiaçının “İddiaçı pensiyasından tutulmanın dayandırılması və 11774,04 məbləğdə tutulmuş vəsaitin geri qaytarılması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və mühasibatlıq üzrə mərkəzi filialına xx.xx.2023-cü il tarixdə müraciət edərək, ona təyin edilmiş yaşa görə əmək pensiyasından əsassız tutulmuş vəsaitlərin qaytarılmasını xahiş etmişdir. İnzibati orqanın xx.xx.2023-cü il tarixli 3-17-1/2- M-6459/2023 nömrəli məktubu ilə iddiaçının Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə yazdığı ərizəsinə əsasən (hər ay pensiyasından 100 manat tutulma) artıq ödənilmiş məbləğin tutulduğu bildirilmişdir. Ümumilikdə inzibati orqan iddiaçının artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və bu hal Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirilir. Bu münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Sosial müavinətlərin təyin edilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiya və digər normativ hüquqi aktlarda qeyd olunduğu kimi hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İstinad olunan Qanunun 82.3-cü maddəsinə əsasən, tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır: 1. borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; 2. pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi; 3. inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi. Belə ki, xx.xx.2018-ci il tarixdən iddiaçının əmək pensiyasından tutulma aparılmış, bu halda iddiaçı həmin vaxtdan məlumatlı olmuş, lakin iddiaçı cavabdehin hərəkətlərini məhkəmə, yaxud inzibati qaydada mübahisələndirməmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçı onun pensiyasından tutulmanın aparılması ilə razılaşmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4030/2024 nömrəli, 12 mart 2024-cü il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia tımin edilmiş, İddiaçı pensiyasından tutulmanın dayandırılması və 11774,04 məbləğdə tutulmuş vəsaitin geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış və qeyd olunmuşdur ki, məhkəmə qərarında sözügedən məbləğin tutulması ilə bağlı razılığın olmaması bildirilsə də, iddiaçı inzibati orqana xx.xx.2024-cü il tarixli müraciətində də pensiyasından aylıq 100 manat tutulmasına razılıq verildiyini bildirmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda bildirmişdir: “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan elektron qaydada daxil olmuş müraciətinizə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. Pensiya işinizdə olan məlumatlara əsasən bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 12.1-ci maddəsinin xx.xx.2007-ci il tarixində qüvvədə olmuş tələblərinə uyğun olaraq sizə həmin tarixdən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmiş və ödənişi xx.xx.2015-ci il tarixinədək davam etdirilmişdir. Qanunun 7-ci maddəsinin xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş tələblərinə əsasən müvafiq yaşa çatmış şəxslərin azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla), yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, kişilərin pensiya yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1dək, qadınların pensiya yaş həddi isə 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılıb. xx.xx.2011-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək pensiya yaş həddi kişilər üçün 63 yaş müəyyən edilmişdir. Qeyd olunan maddənin tələblərinə əsasən yaşa görə əmək pensiyası hüququnuz xx.xx.2012-ci il tarixində yaranmışdır. Eyni zamanda, pensiya işinizdə olan Fondun keçmiş Nərimanov rayon şöbəsinin xx.xx.2014-cü il tarixli sərəncamına əsasən sizə Qanunun 34-cü və 7-ci maddələrinin xx.xx.2015-ci il tarixində qüvvədə olmuş tələblərinə uyğun olaraq həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Sözügedən Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra- MElS) “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2007-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 13544,95 manat (2015-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı, eyni zamanda xx.xx.2007-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək 10508,30 manat (2015-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyanız yenidən hesablanaraq xx.xx.2020-ci il tarixindən (artıq ödəmə ilə bağlı müvafiq qərardan 3 il əvvələ) 3652,90 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyanızın məbləği indeksləşdirilərək xx.xx.2021-ci il tarixindən 4069,33 manata, xx.xx.2022-ci il tarixindən 4207,69 manata çatdırılmışdır. Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyanızın məbləği xx.xx.2023-cü il tarixindən 4224,35 manat müəyyən edilib və Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq indeksləşdirilərək 4845,33 manata çatdırılıb. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Xidməti araşdırma zamanı müəyyən edilmişdir ki, sizə xx.xx.2015-ci il tarixində yaşa görə əmək pensiyası təyin edilərkən xx.xx.2006-cı il tarixindən xx.xx.2007-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı təkrar nəzərə alınaraq hesablanmışdır. Nəticədə Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla yaşa görə əmək pensiyanızın məbləğində xx.xx.2020-ci il tarixindən (artıqödəmə ilə bağlı müvafiq qərardan 3 il əvvələ) xx.xx.2023cü il tarixinədək artıqödəmə müəyyən olunmuşdur. Qanunun 37.3.2-ci maddəsinin xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş tələblərinə əsasən, işləyən əmək pensiyaçılarına əlilliyə görə əmək pensiyası himayədə olanlara görə verilən əlavə nəzərə alınmadan yalnız baza hissəsindən ibarət olmaqla ödənilirdi. Müraciətinizlə əlaqədar olaraq bir daha bildiririk ki, MEİS-in “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2011-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alındığı halda (işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmədiyiniz halda) Qanunun 37.3.2-ci maddəsinin tələbləri pozularaq əlilliyə görə əmək pensiyanızın tam məbləğdə (baza hissə+sığorta hissə) ödənilməsi səbəbindən müəyyən edilmiş artıq ödəmə Qanunun 39.1-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2011-ci il tarixindən (Fondun keçmiş Nərimanov rayon şöbəsinin xx.xx.2014-cü il tarixli sərəncamından 3 il əvvələ) xx.xx.2013-cü il tarixinədək müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır.” - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, iddiaçının DSMF Nərimanov rayon şöbəsinə yazdığı ərizəyə əsasən (hər ay pensiyasından 100.00 manat tutulma) artıq alınmış məbləğ pensiyasından tutulur. Məlumat üçün bildirilir ki, pensiyadan tutulma xx.xx.2035-ci il tarixədək davam edəcəkdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.2-ci maddəsinə əsasən əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz. Müraciətinizi nəzərə alaraq əmək pensiyanız üzrə artıq alınmış 15097,80 (on beş min doxsan yeddi manat 80 qəpik) manat vəsait 2023-cü ilin noyabr ayından etibarən aylıq əmək pensiyanızdan 100,0 (yüz) manat məbləğində tutularaq Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi filialının müvafiq hesabına bərpa olunur. Əmək pensiyanızın məbləğindən sentyabr, oktyabr aylarında tutulmuş 974,04 (doqquz yüz yetmiş dörd manat 04 qəpik) manat məbləğdən 200 (iki yüz) manat tutularaq müvafiq hesaba bərpa edilmiş, qalıq vəsait 774,04 (yeddi yüz yetmiş dörd manat 04 qəpik) manat 2023-cü ilin dekabr ayında plastik kart hesabınıza köçürüləcəkdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı xx.xx.2024-cü il tarixli məktubu ilə İddiaçı pensiya işi ilə bağlı inzibati icraat materiallarının surətini məhkəməyə təqdim etmişdir Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1.əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2.əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3.bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Hazırkı işin hallarından göründüyü kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 12.1-ci maddəsinin xx.xx.2007-ci il tarixində qüvvədə olmuş tələblərinə uyğun olaraq iddiaçıya həmin tarixdən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmiş və ödənişi xx.xx.2015-ci il tarixinədək davam etdirilmişdir. İddiaçının yaşa görə əmək pensiyası hüququ xx.xx.2012-ci il tarixində yaranmışdır. Pensiya işində olan Fondun keçmiş Nərimanov rayon şöbəsinin xx.xx.2014cü il tarixli sərəncamına əsasən iddiaçıya xx.xx.2015-ci il tarixində qüvvədə olmuş tələblərinə uyğun olaraq həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının əmək pensiyası üzrə artıq alınmış 15097,80 (on beş min doxsan yeddi manat 80 qəpik) manat vəsait 2023-cü ilin noyabr ayından etibarən aylıq əmək pensiyasından 100,0 (yüz) manat məbləğində tutularaq Fondun Maliyyə və Mühasibathq üzrə Mərkəzi filialının müvafiq hesabına bərpa olunur. İddiaçı həmin tutulmalardan narazı qalaraq, hazırkı iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Cavabdeh inzibati orqan öz imtinasını və iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixdən iddiaçının əmək pensiyasından tutulma aparılmış, bu haldan iddiaçı həmin vaxtdan məlumatlı olmuş, lakin iddiaçı cavabdehin hərəkətlərini məhkəmə, yaxud inzibati qaydada mübahisələndirməmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçı onun pensiyasından tutulmanın aparılması ilə razılaşmışdır. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək pensiyasından tutulmanın aparılması ilə bağlı hər hansı qərarın qəbul edilməsi müəyyən edilmir. Cavabdeh inzibati orqan belə bir qərarı məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanılması haqqında” xx.xx.2023-cü il tarixli Qərarı ilə İddiaçı xx.xx.2015-ci il tarixdə təyin edilmiş əmək pensiyası inventarlaşma səbəbi ilə yenidən hesablanaraq, 4923.48 manat məbləğindən 4845.33 manat məbləğə azaldılması və ödəniş tarixinin xx.xx.2023-cü il tarixindən müddətsiz olaraq təyin edilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanılması haqqında” xx.xx.2023-cü il tarixli Qərarı ilə İddiaçı xx.xx.2015-ci il tarixdə təyin edilmiş əmək pensiyası 39.1-ci maddəyə istinad edilərək yenidən hesablanmış, 4923.48 manat məbləğindən 4845.33 manat məbləğə azaldılması və ödəniş tarixinin xx.xx.2023-cü il tarixindən ömürlük təyin edilməsi müəyyən edilmişdir. Göründüyü kimi, məhkəməyə təqdim edilən və pensiya işində olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qərarları artıq ödəmə səbəbilə əmək pensiyası məbləğindən tutulmaların həyata keçirilməsi əsası ilə qəbul edilməmişdir. Beləliklə, cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək pensiyasından tutulmanın aparılması ilə bağlı hər hansı qərarın qəbul edilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmadığından, hazırkı halda hər hansı qərarın ləğv edilməsindən söhbət gedə bilməz. Həmçinin, məhkəmə araşdırması ilə iddiaçının hazırkı pensiya məbləğindən tutulmanın da qərarla həyata keçirildiyi sübuta yetirilmir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli, 3-17- 1/1-M-283157/2023 nömrəli qərar və xx.xx.2023-cü il tarixli İNVENTAR nömrəli qərarların qəbul edilmə əsası müvafiq olaraq “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsi və “inventarlaşma” olaraq göstərilmişdir. Həmin inzibati aktlarda tutulma, tutulmanın məbləği və əsası barədə heç bir məlumat və əsaslandırma göstərilməmişdir. Məhkəmə qeyd edilən aktlarla bağlı bildirir ki, göstərilən sənədlər bəyan (məlumat) xarakter daşıyan yazılı sənəddir. Belə ki, inzibati icraat haqqında qanunvericlikdə nəzərdə tutulmuş inzibati aktın forma və məzmununa dair tələbləri özündə ehtiva etmir. Həmin inzibati aktlar əsaslandırılarkən işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar göstərilməmiş, həmçinin həmin qərarlar açıq-aydın məzmuna malik olmamışdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2023-cü il tarixli İNVENTAR nömrəli qərardan görünür ki, iddiaçının pensiya məbləğindən 2471,84 manat artıq ödəmə mövcuddur, lakin həmin qərardan tutulmanın həyata keçirildiyi və hansı məbləğdə həyata keçirildiyi müəyyən olunmur. Həmçinin, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə keçirilmiş məhkəmə iclaslarında da iddiaçıdan ümumlikdə 11774,04 manat məbləğində tutulmanın həyata keçirildiyi və bununla bağlı hər hansı qərar qəbul edilmədiyi sübuta yetirilmişdir. Odur ki, hazırkı mübahisədə yuxarıda qeyd edilən qərarların ləğvindən söhbət gedə bilməz. Beləliklə, məhkəmə araşdırması ilə cavabdeh inzibati orqan tərəfindən tutulmanın həyata keçirildiyi sübuta yetirilmiş və tutulmanın isə qanunvericiliyə uyğun müvafiq inzibati aktla həyata keçirilmədiyi müəyyən olunmuşdur. Həmçinin qeyd edilməlidir ki, cavabdeh inzibati orqan apellyasiya şikayətinin dəlili kimi iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli müraciətində də pensiyasından aylıq 100 manat tutulmasına razılıq verildiyini bildirsə də, iddiaçının əmək pensiyasının surətindən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə teleqramla Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi filialına müraciət edərək onun razılığı və məhkəmə qərarı olmadan təqaüdündən qanunsuz olaraq tutulmuş məbləğin hesabına bərpa edilməsini tələb etmişdir. Göründüyü kimi iddiaçının razılığının olması iş materialları ilə təkzib olunur. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsi nəzərdə tutur ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Qanunun qeyd olunan tələbindən göründüyü kimi, əmək pensiyasını təyin edən orqan yalnız əmək pensiyaçısının razılığı olduqda artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin pensiyaçıdan tutulması barədə qərar qəbul edir. Başqa sözlə, burada pensiya təyin edən cavabdeh orqanın diskresion səlahiyyətinin mövcudluğu müəyyən edilmir. Hazırkı mübahisəyə münasibətdə artıq ödənildiyi iddia edilən pensiya məbləğinin cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsi ilə müəyyən olunmuş qaydada, yəni iddiaçının razılığı ilə və ya məhkəmə qaydasında tutulduğu mübahisəyə dair iş üzrə materiallarla təsdiq olunmur. Məhkəmə kollegiyası qeyd edir ki, artıq ödənildiyi iddia edilən pensiya məbləğinin “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsi qaydasında geri qaytarılması barədə məsələni həll edən zaman, cavabdeh inzibati orqan həmin normanın müddəaları ilə yanaşı, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən hazırkı mübahisəyə münasibətdə cavabdeh inzibati orqan qərarını, xüsusilə də şəxsə pensiya təyin olunması ilə bağlı ona münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5ci maddələrinə əsasən etimad hüququnun qorunduğunu da mütləq nəzərə almalı, şəxsin etimadı qanunla qorunmağa layiq olduğu hallarda onun etimadının müdafiəsini təmin etməlidir. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə əsasən, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmçinin nəzərə almaq lazımdır ki, pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, həmin aktın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydada təzələmədən və təzələnmiş icraat çərçivəsində artıq ödənilmə ilə bağlı məsələ barədə müvafiq qərar qəbul olunmadan pensiyanın artıq ödənilməsinin iddia edilməsi “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini və etibarlılığını şübhə altına almış olur. İstinad olunan Qanunun 64.2-ci maddəsinə görə, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Kollegiya qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 13, 67.5, 67.8 və 67.9-cu maddələrinə əsasən şəxsin etimad hüququnun qorunmağa layiq olduğu hallarda, şəxsin hüquqi və ya əmlak vəziyyəti qorunmalı və yeni inzibati aktın geriyə qüvvəsi istisna edilməlidir. Belə ki, hüquqi dövlətdə publik (o cümlədən) idarəçilik hüquqi müəyyənlik və etimadın qorunması prinsipləri əsasında qurulmalı və inzibati orqanların davranışı həmin prinsiplərə uyğun olmalıdır. Nəzərə almaq lazımdır ki, dövlət şəxsin ona olan etimadını qorumaq üçün, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinin tələbləri baxımından şəxsin hüquqi vəziyyətini, hüquqi vəziyyəti qorumağın mümkün olmadığı hallarda isə ən azından əmlak vəziyyətini qorumaq öhdəliyini üzərinə götürmüşdür. Məhkəmə əlverişli inzibati aktın ləğvi və ya dəyişdirilməsi ilə bağlı mübahisənin mahiyyəti üzrə qərar qəbul edərkən, o cümlədən də artıq ödənilmiş əmək pensiyasının məbləğinin iddiaçıdan tutulması ilə bağlı hallarda, “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin, xüsusən 67.5-67.13-cü maddələrinin tələblərinin, şəxsin həmin qanunda təsbit edilmiş etimad hüququnun inzibati orqan tərəfindən nəzərə alınıb-alınmadığını müəyyən etməli və ona qiymət verməlidir. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, 67.5ci maddənin tələbinə görə, şəxsin özünün əlverişli hüquqi mövqeyinə olan etimadı qanunla qorunur. Xüsusən birdəfəlik və ya mütəmadi pul ödəmələri və ya əşyanın verilməsi ilə bağlı hallarda, şəxsin etimadının qanunla qorunub-qorunmadığı yuxarıda qeyd edilən maddələrin müddəaları baxımından yoxlanılmalıdır. Məhkəmələr həmin maddədə nəzərdə tutulmuş ilkin şərtlərin ödənilib ödənilmədiyini tam yoxlamaq səlahiyyətinə malikdir. Bu zaman həm də şəxsin etimad hüququna istinad etməsini istisna edən şərtlərin mövcudluğu da məhkəmələr tərəfindən xidməti vəzifəsinə görə yoxlanılmalıdır. Həmçinin nəzərə almaq lazımdır ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin etimad hüququ və bunun üzərindən hüquqi və ya əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin hüquqi vəziyyətinin qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. Qanunun qeyd olunan tələbləri baxımından, konkret halda da, məhz, cavabdeh etimad göstərdiyi qərar əsasında qeyd olunan illər ərzində hər ay ona ödənilmiş pensiyanı xərclədiyi, hazırda isə aşkar ahıl dövrünü yaşadığı və artıq xərclənmiş həmin pul vəsaitini qaytarmaq iqtidarında olmadığı halda, iddiaçı tərəfindən ondan artıq ödənilmiş pul adı altında həmin vəsaitin ondan qaytarılmasının tələb olunması qanunsuzdur. Kollegiya həmçinin qeyd edir ki, analoji işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi və məhkəmə təcrübəsi də cavabdeh tərəfindən nəzərə alınmalı və həmin təcrübəyə əməl olunmalıdır. Nəzərə almaq lazımdır ki, artıq ödənildiyi iddia edilən pensiya məbləğinin geri qaytarılmasına dair mübahisələr üzrə Ali Məhkəmə tərəfindən xeyli sayda qərarlar qəbul olunmuş, həmin qərarlarla cavabdehin bu cür davranışı qanunsuz və əsassız hesab edilmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4030/2024 nömrəli, 12 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-2402/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2402/2024
25.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver