Məhkəmə qərarları › İş №2-1(103)-2403/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2403/2021

02.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2403/2021 02.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh ASC-yə qarşı “məhəllədə su və kanalizasiya xətlərinin yenilənməsi və məhəllədə yaşayan abonentlərin hamısına su sayğaclarının qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1963/2021 saylı 24.06.2021ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhəllədə tamamilə sıradan çıxan su və kanalizasiya xətlərinin yenilənməsi, məhəllədə yaşayan abonentlərin hamısına, fərq tutmadan su sayğaclarının qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə onların yaşadıqları məhəllənin yaşı 100 ildən artıqdır. Bu müddətdə kanalizasiya, su xətlərinin dəyişdirilməməsi və kapital təmir olunmaması nəticəsində sistem demək olar ki, işləmir. Kanalizasiya xətlərinin keçdiyi ərazidə, yəni küçənin tən ortasında asfalt çökmüş, kanalizasiya xətləri sınmışdır. Nəticədə ötürmə qabiliyyətini itirmiş borular tez-tez tutulur və çirkab sular həyətin zirzəmilərinə dolur. Onsuz da köhnə və çürümüş evlərin üfunətinə çirkab suların iyi qarışaraq həyətdə dözülməz şərait yaradır. Məhəllədə yaşayan sakinlər dəfələrlə yazılı və şifahi surətdə Nəsimi rayon Sukanal İdarəsinin rəisinə müraciət etsələr də, heç bir tədbir görülməmişdir. Qarşıdan qış fəsli gəlir. Sakinləri qayğı bürüyür ki, yenə keçən il kimi sular donacaq, çirkab suları həyətə dolacaq. Həyətlərində yaşayan azyaşlı uşaqların sayı çoxdur. Bunun dərdindən kanalizasiya tutulan kimi adambaşına pul yığıb kanalizasiya idarəsinin işçilərini tez çağırıb açdırırlar ki, həyəti çirkab su basmasın. 2013- cü ilin avqust ayının 15-də məhlədə yaşayanların imzası ilə Nəsimi rayon Sukanal İdarəsinin rəisinin adına ərizə ilə müraciət etmişlər. Onlar ərizəni qəbul edərək qeydiyyata almışlar. Heç bir nəticəsi olmaşdı. 26 yanvar 2015-ci ildə yenə də məhlə sakinləri adından ərizə yazaraq həmin idarəyə müraciət etmiş və yenə qəbul edərək qeydiyyata almışlar və yenə də hec bir nəticə olmadı. Digər bir pozuntu məhlədə yaşayan abonentlərin yarısı su sayğacları ilə təmin edilmiş, yarısı isə təmin edilməmişdir. Bu da abunə haqlarının ödənilməsində uyğunsuzluqlar törədir. Belə ki, onların ünvanına aid su pulu adambaşına hesablandığına görə çox şişirdilmişdir. Onlar ünvanda az yaşayırlar və yaşadıqları vaxtda da su az istifadə edirlər ki, kanalizasiya dolmasın. Bu barədə də dəfələrlə idarəyə müraciət etmişlər. Su idarəsinə müraciət etməklə yanaşı, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmsinə iddia ərizəsi ilə iddia qaldırmışlar. Məhkəmə 06.12.2017-ci ildə olmuş və qarşı tərəf onlardan xahiş etmişdir ki, iddianı geri götürsünlər, onlar problemi tezliklə həll edəcəklərini bildirmişlər. Problemlər bu günə qədər də həll olunmamışdır. Əksinə, probemlər daha da acınacaqlı vəziyyət almışdır. Çünki 110 ildən artıq yaşı olan dəmir trubalar il-ildən çürüyür. Bir ay qabaq həyətdə su partlamış və zirzəmilərə dolmuşdur. Qarşıdan qış gəlir. Problemlər isə həll olunmamışdır. Onların probleminin həll olunmasına mane olan vəzifəli şəxslərin əməllərində və onların hərəkətlərində qanun pozğunluğu var. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1963/2021 saylı 24.06.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətionunla əsaslandırılır ki, məhkəmədən həyətdə bütün evlərə su sayğacı qoyulmasını ona görə xahiş etmişdir ki, evlərin birində su olmayanda digər evlərdə su sayğacı olsa da, su pulunu sayğaca görə yox evdə qeydiyyatda olanların sayına görə hesablayırlar. Evdə qeydiyyatda olanların çoxu digər mənzillərdə yaşyırlar. Bu isə ədalətsizlikdir. Kanalizasiya və içməli su xətlərinə gəldikdə bu xətlər demək olar ki, yoxdur. 115 ildən artıq saxlanılan xətlər çürüyüb məhv olub. Bəzən məhəllədə yaşayınlar, bəzən də cavabdehin işçiləri həmin xətləri yamaqlasalar da bu efekt vermir. Kanalizasiya xətləri tamamilə dəyişməlidir. 20 ildən artıq söküntü söhbəti getsə də nəticəsi yoxdur. Həyətləri tarixi bina kimi Mədəniyyət Nazirliyində qeydiyyatdadır. Həyətdə yaşamaq dözülməzdir. Heç kim buna fikir vermir. Əgər iddiaçı səlahiyyətli deyilsə, bütün məhəllə və abonentlər adından məhkəməyə müraciət etmişdirsə, subyektiv hüququnun olmaması kimi qiymətləndirilirsə, nəyə görə hazırlıq iclası barədə iddiaçıya məlumat verilmir və bir il məhkəmə çəkişməsi gedib. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə proses iştirakçısına yardım etməyə borcludur. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş tərəflər (səlahiyyətli nümayəndələri) məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən norması, mənası baxımından belə təfsirə malikdir ki, istənilən iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən və prosessual qanunvericiliyin tələblərinə uyğun qaydalar daxilində, qanunla cavabdehliyi müəyyən edilən inzibati orqana qarşı qaldırılmalı və iddiaçı (müvafiq sübutları əlavə edilməklə) qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayıla bilsin. Əks təqdirdə, məhkəmə İPM-in 35.3-cü maddəsinin tələbinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarır. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə iddianı mümkünsüz hesab edərkən aşağıdakıları qeyd etmişdir. «…İddiaçı bütün məhəllədə su və kanalizasiya xətlərinin təzələnməsini, habelə məhəllədə yaşayan bütün abonentlərin su sayğaclarının qoyulmasını tələb edir. Məhkəmə hesab edir ki, iddiaçı səlahiyyəti olmadığı halda bütün məhəllə və bütün abonentlər adından iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir ki, bu da məhkəmə tərəfindən iddiaçının belə bir iddia qaldırması üçün subyektiv hüququnun olmaması kimi qiymətləndirilir. Bu səbəbdən, məhkəməyə müraciət etmək üçün iddiaçının hazırki iddia tələbi üzrə subyektiv hüququ yoxdur. Ona görə də iddia mümkün sayılmamalıdır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq, özünün xidməti vəzifəsinə görə yoxlamalı (b.2.1.); məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar” (b.2.3) İş materiallarından görünür ki, iddiaçının yaşadığı ünvan üzrə məhəllədə yaşayın bütün sakinlər adından məhkəmədə cavabdehə qarşı “su və kanalizasiya xətlərinin yanilənməsi və bütün abonentlərə su smayğacları qoyulması haqqında” iddia qaldırmaq, onların adından çıxış etmək səhahiyyətə malik olduğu müəyyən edilmir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında,aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də, işin hallarının müəyyənləşdirilməsində və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İş materiallarında olan birinci instansiya məhkəməsinin 12 noyabr 2020-ci il tarixli məhkəmə iclas protokolundan isə görünür ki, məhkəmə tərəfindən İPM-in 2, 13, 35 və 46cı maddələrinin tələbləri nəzərə alınmaqla, iddiaçıya subyektiv baxımdan iddia tələbini özünə aid qaldırması və bununla bağlı dəqiqləşdirilmiş iddia ərizəsi məhkəməyə təqdim etməsi təklif olunmuş və bununla əlaqədar məhkəmə iclası təxirə salınmış, 24 iyun 20021ci il tarixində keçirilən məhkəmə iclasında isə iddiaçı dəqiqləşdirilmiş ərizə yazmadığını bildirərək, iddiasına təqdim etdiyi formada baxılmasını mümkün hesab etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya İPM-in 13-cü maddəsinin tələbi qaydasında iddiaçıya yardım etmək vəzifəsi çərçivəsində iddianı özünə münasibətdə qaldırması və bununla bağlı iddia tələbinin tdəqiqləşdirilməsi təklif olunsa da, sonucu tərəfindən belə bir ərizə ilə məhkəməyə müraciət olunmamış, irəli sürdüyü iddita tələbinə baxılmasında israrlı olmuşdur. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının yaşadığı ünvanda bütün məhəllə sakinləri adından iddia qaldırmaq üçün subyektiv hüququ mövcud olmadığı halda, onun hazırkı iddia tələbi, İPM-in 35-ci maddəsinin tələbi baxımından, əsaslandırılmış iddia kimi qəbul edilməzdir. Birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğundur. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərardadın əsassız olduğunu və məhkəmə tərəfindən ona İPM-in 13-cü maddəsinə müvafiq yardım göstərilmədiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1963/2021 saylı 24.06.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 87, 89, 90 və 94-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1963/2021 saylı 24.06.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar