Məhkəmə qərarları › İş №2-1(103)-2403/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2403/2023

26.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2403/2023 26.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı (üçüncü şəxs: X7 və “X2” MMC) “qərarın ləğv edilməsi və s.” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2173/2023 saylı, 03 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 27 iyul 2022-ci il tarixli, **********489300 nömrəli qərarının ləğv edilməsi; “X2” MMC-nin direktoru vəzifəsi üzrə hüquqi şəxslərin dövlət reyestrindəki qeydiyyat məlumatlarında dəyişiklik edilərək Cəmiyyətin direktoru vəzifəsi üzrə adının qeydiyyatdan çıxarılması və bu barədə qeydiyyatın ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 27 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsi və İddiaçı hüquqi şəxslərin dövlət reyestrindən “X2” MMC-nin direktoru olması barədə qeydin ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X2” MMC-nin təsisçilərinin ümumi yığıncağının 01 iyun 2007-ci il tarixli protokoluna əsasən səsvermə yolu ilə İddiaçı “X2” MMC-nin tutduğu direktor vəzifəsindən azad edilməsi, X4 direktor vəzifəsinə təyin edilməsi qərara alınmışdır. Bunun əsasında iddiaçı hazırda onun hüquqi şəxslərin dövlət reyestrində “X2” MMC-nin təsisçisi və direktoru olması barədə qeydin silinməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu sənədlərin təqdim olunduğu təqdirdə müraciətə yenidən baxılacağını bildirmişdir. İddiaçı hesab edir ki, cavabdeh inzibati orqanın həmin məktubu əsassızdır. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, qanunvericiliyin tələblərinə görə rəhbər dəyişikliyi faktının dövlət reyestrinə daxil edilməli müvafiq ərizəyə yeni direktorun təyinatı barədə təsisçilərin ümumi yığıncağının qərarının əsli və rəhbərinin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilərək təqdim edildikdən sonra həyata keçirilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2173/2023 saylı, 03 fevral 2023-cü il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 27 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsi, İddiaçı hüquqi şəxslərin dövlət reyestrindən “X2” MMC-nin direktoru olması barədə qeydin ləğv edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2173/2023 saylı, 03 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “X2” MMC-nin direktoru İddiaçı eyni zamanda cəmiyyətin 50% pay hüququ ilə təsisçisidir. İddiaçı cəmiyyətin 50 % pay hüququ ilə təsisçisi olduğu üçün rəhbər dəyişikliyi faktının dövlət reyestrinə daxil edilməsi ilə əlaqədar yeni direktorun təyinatı barədə təsisçilərin ümumi yığıncağının qərarının əsli və rəhbərin şəxsiyyət vəsiqəsinin kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizəsinə əlavə edilməklə Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim etdiyi halda müvafiq dəyişikliyin edilməsi mümkün olacaqdır. Qanunvericiliyin və Cəmiyyətin nizamnaməsinin tələblərindən göründüyü kimi cavabdeh inzibati orqana öz təşəbbüsü ilə hüquqi şəxslərin dövlət reyestrindəki məlumatları dəyişdirmək səlahiyyəti verilməmişdir. Belə olan halda inzibati orqan hesab edilən cavabdeh Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən iddiaçının hər hansı hüququnun pozulması halı müəyyən edilmir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin və iddiaya etirazın məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 03 fevral 2023cü il tarixli, 2-1(112)-2173/2023 saylı qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən iddianın mahiyyəti ilə bağlı müəyyən edilmişdir ki, hüquqi şəxsə dair qeydə alınmış hər hansı məlumatların dəyişməsi, bu dəyişikliyin qeydiyyata alınmasına səbəb olan hüquqi faktdır. Hüquqda faktlar dedikdə, hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. İş materiallarından göründüyü kimi İddiaçı “X2” MMC-nin təsisçisi və direktoru olmuşdur. Daha sonra “X2” MMC-nin təsisçilərinin ümumi yığıncağının 01 iyun 2007-ci il tarixli protokoluna əsasən səsvermə yolu ilə İddiaçı “X2” MMC-nin tutduğu direktor vəzifəsindən azad edilməsi, X4 həmin MMC-nin direktoru vəzifəsinə təyin edilməsi qərara alınmışdr. Məhkəmə icraatı zamanı təqdim olunmuş notariat işindən görünür ki, QSC “Bank Standard” Kommersiya Bankı ilə “X2” MMC ilə 23 iyun 2008-ci il tarixdə ipoteka müqaviləsi bağlandığı vaxtda MMC-nin adından direktor kimi artıq X7 çıxış edirdi ki, bu da öz növbəsində ümumi yığıncaq protokolunun mövcudluğunu, Ə.Ə.Aslanovun “X2” MMCnin faktiki direktor olduğunu təsdiq edir. Göründüyü kimi, iddiaçı artıq həmin tarixdən etibarən “X2” MMC-nin təsisçisi deyildir. Bu hüquqi şəxsin rəhbəri barədə məlumatın dəyişdirilməsi üçün qanunla müəyyən olunan hüquqi faktdır. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, “X2” MMC-nin direktoru İddiaçı eyni zamanda cəmiyyətin 50% pay hüququ ilə təsisçisidir. İddiaçı cəmiyyətin 50 % pay hüququ ilə təsisçisi olduğu üçün rəhbər dəyişikliyi faktının dövlət reyestrinə daxil edilməsi əlaqədar yeni direktorun təyinatı barədə təsisçilərin ümumi yığıncağının qərarının əsli və rəhbərin şəxsiyyət vəsiqəsinin kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizəsinə əlavə edilməklə Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim etdiyi halda müvafiq dəyişikliyin edilməsi mümkün olacaqdır. Qanunvericiliyin və Cəmiyyətin nizamnaməsinin tələblərindən göründüyü kimi cavabdeh inzibati orqana öz təşəbbüsü ilə hüquqi şəxslərin dövlət reyestrindəki məlumatları dəyişdirmək səlahiyyəti verilməmişdir. Belə olan halda inzibati orqan hesab edilən cavabdeh Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən iddiaçının hər hansı hüququnun pozulması halı müəyyən edilmir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9.1.-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Həmin Qanunun 9.2.-ci maddəsinə görə dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. Qanunun 9.2-1.-ci maddəsinə görə bu Qanunun 9.2-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş hərəkətlərin edilməsi tələb olunmadan kommersiya qurumları və publik hüquqi şəxslər üzrə aşağıdakı məlumatlar birbaşa müvafiq icra hakimiyyəti orqanı tərəfindən əldə edilərək qeydiyyata alınır: 9.2-1.1 müvafiq icra hakimiyyəti orqanının aktları ilə təsis sənədlərində və qeydə alınmış faktlarda edilmiş dəyişikliklər; 9.2-1.2. qeydə alınmış faktlarda şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərdəki məlumatlarda dəyişikliklər. 9.2-2. Bu Qanunun 9.2-1.1-ci maddəsində qeyd edilən məlumat müvafiq icra hakimiyyəti orqanının aktları əsasında, 9.2-1.2-ci maddəsində qeyd edilən məlumat isə müvafiq icra hakimiyyəti orqanından onlayn rejimdə əldə edilir və 5 gün müddətində qeydiyyata alınır. Həmin Qanunun 9.3.-cü maddəsinə əsasən bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. Qanunun 9.4.-cü maddəsinə görə hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin, habelə dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyatına dair sənədlərə baxılması zamanı təşkilatla bağlı əvvəllər hər hansı dəyişikliyin bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat üçün təqdim olunmaması müəyyən edildikdə qurum Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb olunmaqla aşkar edilmiş çatışmazlıq aradan qaldırılmalıdır. Hüquqi şəxslərin dövlət reyestri dedikdə, Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları, eləcə də Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları və digər qurumları barəsində məlumatlar (qeydlər) məcmusu başa düşülür. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9.1-ci maddəsi hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişikliyin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyata alınmasını tələb edir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınmasını tənzimləyən 9-cu maddəsinə görə, dəyişiklik olunmasını xahiş edən şəxsin “ərizədə baş vermiş dəyişikliyi göstərmək” və “həmin dəyişikliyi təsdiq edən sənədləri təqdim etmək” vəzifəsi müəyyən olunmuşdur. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 11.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan başqa hər hansı digər əsasa görə, hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının dövlət qeydiyyatına alınmasından və dövlət reyestrinə daxil edilməsindən, eləcə də dövlət reyestrində dəyişikliklər edilməsindən imtinaya yol verilmir. Həmin Qanunun 11.3-cü maddəsində təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtinanın əsasları sadalanmış və dəyişikliyin dövlət qeydiyyatına alınmasından yalnız bu hallarda imtina edilə bilməsi müəyyən olunmuşdur. Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri qaydalarına əməl olunmasına nəzarət vergi orqanının səlahiyyətlərinə aiddir və hazırki vəziyyətin tənzimlənməsi mexanizmi qanunla müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İXM-nin 405-ci maddəsində hüquqi şəxslərin, habelə xarici dövlətlərin hüquqi şəxslərinin Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin və bu qurumlara dair qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə və qaydada müvafiq icra hakimiyyəti orqanına müraciət olunmaması inzibati xəta kimi müəyyən olunmuşdur və bu əmələ görə vəzifəli şəxslər üçün min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üçün iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə növündə inzibati tənbeh nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 6.0-cı bəndinə görə, İXM-nin 405-ci maddəsində (kommersiya qurumlarına və publik hüquqi şəxslərə münasibətdə) nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi adından Dövlət Vergi Xidmətinin rəisi, onun müavinləri, Dövlət Vergi Xidməti Aparatının rəhbəri, onun müavinləri, Dövlət Vergi Xidməti Aparatının struktur bölmələrinin və strukturuna daxil olan qurumların rəisləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəisi, onun müavini, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin Aparatının rəhbəri, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin şəhər (rayon) vergilər idarələrinin rəisləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rayon vergilər şöbələrinin rəisləri, onların müavinləri baxır. İddiaçı tərəfindən sadəcə ümumi yığıncağının protokolunun surətinin, həmçinin ipoteka müqaviləsinin təqdim edilməsi, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9.4-cü maddəsinə əsasən cavabdeh üçün aşkar edilmiş çatışmazlığı aradan qaldırmaq vəzifəsi yaradır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının yeni təsisçinin qərarını, yeni təsisçinin şəxsiyyətini təsdiq edən sənədin surətini təqdim etmək vəzifəsi qanunla müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, qanunvericilik normalarının tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 27 iyul 2022-ci il tarixli, **********489300 nömrəli qərarının ləğv edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2173/2023 saylı, 03 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar