Məhkəmə qərarları › İş №2-1(103)-2404/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2404/2021

11.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2404/2021 11.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçı (həm də digər iddiaçının nümayəndəsi) İddiaçı1 və cavabdehin vəkili X2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh 16 saylı Şəhər Poliklinikasına qarşı (üçüncü şəxs “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi”) «cavabdehin üzərinə 88 formalı göndərişin verilməsi öhdəliyinin qoyulması tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-420/2021 saylı 16.06.2021-ci il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmədə cavabdehlər 16 saylı Şəhər Poliklinikasına, Bakı şəhəri Baş Səhiyyə İdarəsinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə qarşı iddia qaldıraraq 16 saylı Şəhər Poliklinikası tərəfindən iddiaçılara xəstəlikləri ilə bağlı tibbi-sosial ekspertiza müayinəsinə göndərişin (forma 88) verilməsi vəzifəsinin həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçıların iddia tələbi onunla əsaslandırmışlar ki, İddiaçı1 2-ci tip şəkərli diabet,ürək xəstəliyi,yüksək qan təzyiqi, nevrologiya, böyrək xəstəliyi, nevropatiya, onurğa disk yırtığı, artroz, karpal tunel sindromu və s., İddiaçı2 və T.Bakvanova 2-ci tip şəkərli diabet orta-ağır forma,anadangəlmə travmatik ensefalopatiya,gözündə anadangəlmə astiqmatizm, onurğanın skaliozu, miokardiodistrofiya xəstəliklərindən əziyyət çəkir, ikinci iddiaçı həm də uşaqlıqdan nevroloji dispanser qeydiyyatındadır. İddiaçıların hər ikisi xəstə kimi 16 saylı Şəhər Poliklinikasında qeydiyyatdadır. Şəkərli diabetin fəsadları da özünü günbəgün göstərməkdədir. İddiaçılar 16 saylı Şəhər Poliklinikasına onlara tibbisosial ekspertiza müayinəsinə göndərişin verilməsi ilə bağlı 30 mart 2019-cu il tarixində ərizə ilə müraciət etmiş, lakin sonuncu onlar xəstəliyi ilə bağlı funksional, diaqnostik, laborator, ambulator, stasionar müayinələrlə bağlı lazımı arayışların poliklinikada qeydiyyat kartlarında olmasına baxmayaraq,“Tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsi Qaydaları”na riayət edilməmiş, göndərişin verilməsindən qanunsuz olaraq imtina edilmişdir. İddiaçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının müəyyən olinması meyarlarına dair Əsasnamə”nin 2.2.1; 2.2.6; 2.2.7; 2.2.9; 2.2.11 bəndlərinə istinadən hesab edirlər ki, 16 saylı şəhər poliklinikasının qanuna ziddir. Bakı İnzibati Məhkəməsinin 16.06.2021-ci il tarixli qərardadı ilə cavabdehlər Bakı şəhəri Baş Səhiyyə İdarəsinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə münasibətdə hissəsində iddia mümkün sayılmamış, həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin 11.11.2021-ci il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanımışdır. Eyni zamanda, Bakı İnzibati-Məhkəməsinin 16.06.2021-ci il tarixli qərarı ilə cavabdeh 16 saylı Şəhər Poliklinikasına münasibətdə məhkəmə icraatı mümkün sayılmış iddia tələbi təmin edilməmişdir. İddiaçılar həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələblərinin təmin olunmasını xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, «qərarı qanuna zidddir. Belə ki, Məhkəmə 12.03.2020-ci il tarixli qərardadı ilə üçüncü şəxs qismində məhkəməyə cəlb edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə (Ali Nəzarət Komissiyasına) bizim əyani tibbi- sosial ekspertiza müayinəsindən keçməyimizi və bizdə hər hansı bir xəstəlik aşkar edilib-edilməməsi ilə bağlı rəy verilməsini həvalə etmişdir. Onların Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətində Ali Nəzarət Komissiyası tərəfindən əyani müayinədən keçmələrindən 8 ay keçdiyinə baxmayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti (Ali Nəzarət Komissiyası) əyani müayinənin nəticələrini məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-in 63.2 maddəsinə görə ekspertizanın aparılması tapşırılan şəxs məhkəmənin çağırışı üzrə məhkəmə iclasına gəlməyə və qarşısına qoyulan suallar barədə obyektiv rəy verməyə borclu idi. Lakin məhkəmə bu qanunvericiliyi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə (Ali Nəzarət Komissiyası) tətbiq etməmiş və əvəzində iş üzrə maraqlı, cavabdeh Səhiyyə Nazirliyinin tabeliyində olan Məhkəmə-Tibbi Ekspertizası və X3 bizim təkrar tibbi ekspertizadan keçirilməyimizi həvalə edərək bu barədə 30.10.2020-ci il tarixli qərardad qəbul etmişdir. Qərardadda məhkəmə tərəfindən ekspertiza qarşısında qoyulan suallardan biri də xəstəliklərinin onlara hər hansı bir qrup əlillik verilməsi üçün əsas olub-olmaması olmuşdur.Əlilliyin qiymətləndirilməsi səlahiyyətinə malik olmayan və iş üzrə maraqlı olan cavabdeh tərəfin tabeliyindəki bir qurum qarşısında hansı qanunvericiliyə əsasən belə sual qoyulur? Bundan əlavə məhkəmə bu sualla iddia tələbini nə əsasla dəyişərək başqa səmtə yönəldir? İddia ərizəsində onlar məhkəmədən tibbi-sosial ekspertiza müayinəsinə göndərişin forma 88 verilməsi barədə qərar qəbul etməyi xahiş etmişik, hər hansı bir qrup əlillik dərəcəsinin verilməsini yox. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Qanunvericiliyə əsasən ekspert onun üzərinə qoyulan vəzifəni yerinə yetirmək üçün zəruri biliyə və səlahiyyətə malik olmadıqda, rəy verməkdən imtina etməlidir. 04 dekabr 2019-cu il tarixindən 16.06.2021-ci il tarixinə qədər uzanan məhkəmə iclaslarına nə Bakı Baş Səhiyyə idarəsinin,nə də Səhiyyə Nazirliyinin nümayəndələri gəlməmiş və bu müddət ərzində onlar tərəfindən iddia ərizəmizə heç bir etiraz bildirilməmişdir. 16 saylı poliklinikanın nümayəndəsi də 16.06.2021-ci il tarixli yekun məhkəmə baxışı istisna olmaqla 3 il surən məhkəmə iclaslarında iştirak etməmişdir. Hakim, qərarında 16 saylı poliklinikanın iddia tələbinə təqdim etdiyi etirazında xəstəliklərinin ağırlaşması və fəsadlaşması olmadığı üçün (ağırlaşmalar və fəsadlaşmalarla bağlı bütün epiqrizlərin poliklinikada qeydiyyat kartımızda olmasına baxmayaraq) poliklinikanın Həkim Məsləhət Komissiyasının bizə Tibbi Sosial Ekspert Komissiyasına göndəriş verilməsini əsassız hesab etdiyini qeyd etmişdir. Hansı qanunvericiliyə əsasən tibbi sosial müayinəyə göndəriş verilməsi üçün xəstəliyin ağırlaşması və fasadlaşması lazımdır? 3 il davam edən məhkəmə iclaslarına gəlməyən cavabdehlərdən hakim niyə 16 saylı poliklinikanın, Bakı şəhər Baş Səhiyyə idarəsinin və Səhiyyə Nazirliyinin "Əlilliyin müəyyən olunması" işçi qrupunun "X1" rəylərini sübut kimi məhkəməyə təqdim etmələrini tələb etməmişdir? Əvvəla, qeyd etmək istəyirəm ki,bizim xəstəliklərimiz həm uzun illər sürən, həm də anadangəlmə xəstəliklərdir ki, illər boyu edilmiş müalicələrə baxmayaraq orqanizmin pozulmuş funksiyaları bərpa olmamışdır və bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsi üçün əsasdır. Qərarda cavabdeh olmayan üçüncü şəxs,"Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi"X5 nümayəndəsinin məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etməsinin qeyd edilməsi hansı qanunvericiliyə uyğundur? Bundan əlavə, nə üçün hakim məhkəməyə üçüncü şəxs qismində cəlb edilən,"Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi'X6 nümayəndəsindən 1 ildən çox keçməsinə baxmayaraq əyani müayinədən keçməyimizlə bağlı rəyi təqdim etməyi tələb etməmişdir? İddia tələbi Tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsidir ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli qərarında göstərilən qaydalarla tənzimlənir. Bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə dövlət səhiyyə müəssisələri tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndinə görə şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir; 1.3-cü bəndinə görə göndəriş verilməsi üçün əsaslardan biri də aşağıdakıdır: 1.3.1. şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması. Məhkəməyə təqdim etdikləri tibbi arayışlardan da göründüyü kimi xəstəliklərimiz həm anadangəlmə, həm də uzun illər davam edən xəstəliklərdir.Məhkəmənin davam etdiyi 3 il ərzində xəstəlikləri daha da ağırlaşmış və həkim məsləhətlərinə görə bir neçə əməliyyatlara ehtiyac yaranmışdır…» Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçı (həm də digər iddiaçının nümayəndəsi) İddiaçı1 apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə etmiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili N.Əliyeva iddiaçıların apellyasiya şikayətinin əsassız olduğunu və onların xəstəliklərinin “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə əsasən əlillik dərəcəsi verilən xəstəliklər sırasına aid olmasının oz təmsdiqini tapmadığını bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçıların apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ərizəsinə və məhkəməyə təqdim edilmiş tibbi sənədlərdən çıxarışlara (tibbi arayış, xəstənin tibb kartası, epikriz və s.) müəyyən olunur ki, iddiaçılar: -İddiaçı1 şəkərli diabet İİ tip, arterial hiperteniya İİ dərəcə, xroniki hepatopankreatit, kalkulyoz, xolesistit, sağ diz oynağının artrozu, L5-S1 disk degenerativ dəyişikliyi, L5 S1 radikulopatiya ağrı sindromu ilə, sidik ləngiməsi, diabetik sidik kisəsi xəstəliklərindən; -İddiaçı2 isə şəkərli diabet İİ tip, orta ağır forma, postravmatik ensefalopatiya, hər iki gözdə miopik astiqmatizm, onurğanın skaliozu, hepatoz, kalkulyoz xolesistit, miokardiodistrofiya” xəstəliklərindən - əziyyət çəkirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən verilir. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Tibb müəssisəsi - cavabdeh 16 saylı Şəhər Poliklinikasının işə əlavə olunmuş, Bakı Baş Səhiyyə idarəsinə ünvanladığı 12 iyun 2019-cu il tarixli 216 saylı, eləcə də, Poliklinianın birinci instansiya məhkəməsinə ünvanladığı 485 saylı 16.12.2019-cu il tarixli məktublarında imtinanın əsası kimi bildirilmişdir ki, iddiaçılar «16 saylı Şəhər Poliklinikasında qeydiyyatdadırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 №-li qərarına əsasən poliklinkanın həkimlərinin rəyi və xəstəxənanın yazdığı çıxarışlarda göstərilən diaqnoza əsasən xəstəliyin ağırlaşması və fəsadlaşması olmadığı üçün, həkimlərin rəyi və xəstəxananın yazdığı çıxarışlarda göstərilən diaqnoza əsasən 16 saylı şəhər poliklinikasının həkim məsləhət komissiyası tərəfindən Tibbi Sosial Ekspert Komissiyasına göndəriş verilməsi əsassız hesab edilmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıların əlilliyinin qiymətləndirilməsi üçün tibbi-sosial ekspertiza müayinəsinə göndəriş üçün əsasların mövcud olub-olmamasını, başqa sözlə, cavabdehin imtinasının düzgünlüyünə aydınlıq gətirilməsi üçün işə baxan birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-tibbi ekspertizası təyin olunmuş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE VƏ PAB” PHŞ tərəfindən təqdim edilmiş T 36/2021 nömrəli ekspert rəyinə əsasən aşağıdakılar müəyyən olunmuşdur: -“Ş.H.Bağvanova “şəkərli diabet İİ tip, arterial hiperteniya İİ dərəcə, xroniki hepatopankreatit, kalkulyoz, xolesistit, sağ diz oynağının artrozu, L5-S1 disk degenerativ dəyişikliyi, L5 S1 radikulopatiya ağrı sindromu ilə, sidik ləngiməsi, diabetik sidik kisəsi”; İddiaçı2 isə “şəkərli diabet İİ tip, orta ağır forma, postravmatik ensefalopatiya, hər iki gözdə miopik astiqmatizm, onurğanın skaliozu, hepatoz, kalkulyoz xolesistit, miokardiodistrofiya” - xəstəliklərindən əziyyət çəkirlər. Lakin qeyd edilən xəstəliklərin fəsadları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 nömrəli 30.12.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə uyğun gəlmədiyindən, əlilliyin təyininə imkan vermir.” Göründüyü kimi, cavabdeh səhiyyə müəssisə tərəfindən iddiaçı “forma 88” göndəriş verilməsindən imtinanın düzgün olduğu məhkəmə tibb ekspertizasının nəticələri ilə də təsdiq olunur. İPM-in 1.2-ci maddəsi baxımından MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Belə olan halda, yəni, cavabdeh tibb müəssisəsi tərəfindən iddiaçıların xəstəlikləri ilə bağlı göndərişin rəsmiləşdirilərək bu barədə məlumatın “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilməsi və altsistemə ötürülməsi istisna edilir. İPM-in 73.1-ci maddəsinin mənası baxımından, məhkəmə cavabdeh orqanın üzərinə iddiaçıların xəstəlikləri ilə bağlı göndərişin verilməsində hərəkətsizlyi ilə əlaqədar o halda, üzərinə öhdəlik qoya bilər ki, bu qanunvericiliklə üzərinə düşən vəzifəsi olsun və onun bu hərəkətsizliyi iddiaçının hüquqlarını pozmuş olsun. Qeyd olunanlardan isə göründüyü kimi, cavabdehin iddiaçıların xəstəlikləri ilə bağlı göndərişin rəsmiləşdirilməsin imtinası qanunamüvafiq olmuşdur. Belə olan halda həmin imtina cavabdehlərin hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd olunması mahiyyəti üzrə düzgün nəticədir. Odur ki, məhkəmə kollegiyası iddiaçıların apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onların apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-420/2021 saylı 16.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 14, 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara a l d ı: İddiaçıların apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-420/2021 saylı 16.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar