Məhkəmə qərarları › İş №2-1(103)-2404/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2404/2023

11.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2404/2023 11.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4777/2023 nömrəli 03 mart 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya 65 yaşdan, yəni xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Orxan Həsənov) 2-1(112)-4777/2023 nömrəli 03 mart 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 65 yaşdan, yəni xx.xx.2022-ci il tarixdən əmək pensiyasının təyin edilməsi, pensiya hüququnun yarandığı həmin tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsaslanaraq iddiaçının tələb olunan 25 il sosial sığorta stajına qarşı əmək kitabçasının, diplomunun və hərbi biletinin surətlərinə əsasən (xx.xx.1974-cü il tarixdən xx.xx.1979-cu il tarixədək əyani təhsil aldığı illər və xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 17 il 9 ay sosial sığorta stajına malik olduğundan xx.xx.2022-ci il tarixli imtina məktubu ilə ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Həmçinin iddiaçının təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İstilikkommunenerjisazlama RİB-də və xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək X1 idarəsindən olan əmək fəaliyyətinin araşdırılması zərurəti yaranmışdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən “İstilikkommunenerjisazlama” Respublika İstehsalat Birliyinin yalnız 2002-2003-cü illərə dair əmək haqqı cədvəlləri mövcud olduğundan və bu cədvəllərə əsasən sözügedən iddiaçının adına müəssisədə 2003-cü il tarixdə 8 ay əmək haqqı hesablanmadığından həmin dövrlər onun sığorta stajına daxil edilməmişdir. Abşeron rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli H386 nömrəli məktubuna əsasən iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək X1 idarəsinin arxiv sənədləri mühafizə olunması üçün arxivə təhvil verilmədiyindən həmin dövrlər ərzində əmək haqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmamışdır. Bu səbəbdən sözügedən dövrlərin iddiaçının sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Bundan başqa iddiaçının təqdim etdiyi əmək kitabçasında onun xx.xx.2003-cü ildə X1 idarəsində işə qəbul olunması barədə qeyd olsa da, işə qəbul əmrinə baxdıqda təqvim ilinin sonlarında (oktyabr ayında) 2 №-li əmrlə qeydə alınması onun mötəbərliyini şübhə altına alır. Əlavə olaraq, iddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək X1 idarəsində işlədiyini qeyd etsə də, xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək işləməsi barədə fərdi hesabının sığorta hissəsində ödənilmiş məcburi dövlət sosisal sığorta haqqı qeydə alınmamışdır. Göründüyü kimi, İddiaçı tələb olunan (25 il) sosial sığorta stajına, eyni zamanda tələb olunan pensiya kapitalına malik olmadığından, həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin qərarında ‘‘məhkəmə diqqətə çatdırır ki, iddiaçının əmək kitabçasında xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura İstilikkommunenerjisazlama RİB-də işlədiyi kimi qeyd olunan dövrün yoxlanılması zamanı müəssisənin mövcud olub-olmaması istiqamətində araşdırmanın aparılması üçün yuxarıda adıçəkilən qurumlara (Ədliyyə Nazirliyi, Dövlət Statistika Komitəsi və s.) sorğu verilməsinə zərurət yaranmamışdır. Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məktubuna əlavə olunmuş əmr və əməkhaqqı cədvəlləri ilə təsdiq olunur.” kimi qeyd olunmuşdur. Lakin həmin dövrlərdən yalnız 2002 və 2003-cü illərə dair əməkhaqqı cədvəllərinin olması, həmçinin xx.xx.1992-xx.xx.2001-ci illərə dair heç bir əməkhaqqı cədvəllərinin olmamasına baxmayaraq, həmin dövrə dair qeyd edilən qurumlara (Ədliyyə Nazirliyi, Dövlət Statistika Komitəsi və s.) sorğular qöndərilməməsi bir daha birinci instansiya məhkəməsi tərəfindən işin tam, hərtərəfli və obyektiv araşdırılmadan qərar qəbul edildiyini göstərmişdir. Birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir. Buna görə də birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımından əsassız olduğundan İddiaçı iddia tələbi təmin olunmamalı və Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-4777/2023 nömrəli qərarı əsassız olduğundan ləğv edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il tarixdə doğulmuşdur (65 yaşı xx.xx.2022-ci ildə tamam olmuşdur). İş materiallarında olan EV seriyalı 266129 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1974-cu ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuş və 1979-cu ildə Azərbaycan mühəndis inşaat institutunda istilik qaz təchizatı və ventilyasiya ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarında olan VU seriyalı 070564 nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********3 saylı imtina məktubunda qeyd edilir: Təqdim etdiyiniz əmək kitabçanızın, diplomunuzun və hərbi biletinizin surətlərinə əsasən sığorta stajınız (xx.xx.1974-cü il tarixindən xx.xx.1979-cu il tarixinədək əyani təhsil aldığınız illər və xx.xx.1980-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək hərbi xidmətdə olduğunuz dövr nəzərə alınmaqla) 17 il 9 ay təşkil edir. Həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Təqdim etdiyiniz əmək kitabçanızın surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək Dövlət Şəhərsalma və Arxitektura Komitəsi İstilikkommunenerjisazlama RİB-də və xx.xx.2003-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək X1 idarəsində olan əmək fəaliyyəti dövrlərinizin araşdırılması zərurəti yaranmışdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən “İstilikkommunenerjisazlama” Respublika İstehsalat Birliyinin yalnız 2002-2003-cü illərə dair əmək haqqı cədvəlləri mövcud olduğundan və bu cədvəllərə əsasən sözügedən müəssisədə 2003-cü il tarixində 8 ay adınıza əmək haqqı hesablanmadığından həmin dövrlər sığorta stajınıza daxil edilməmişdir. Abşeron rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli H386 nömrəli məktubuna əsasən əmək kitabçanızın surətində qeyd olunmuş xx.xx.2003-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək X1 idarəsinin arxiv sənədləri mühafizə olunması üçün Arxivə təhvil verilmədiyindən həmin dövrlər ərzində əmək haqqı alıb-almadığınızı müəyyənləşdirmək mümkün olmamışdır. Bu səbəbdən sözügedən dövrlərin sığorta stajınıza daxil edilməsi mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün Sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə sığorta stajınız qanunvericiliklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinizə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən Sizə xx.xx.2022-ci il tarixindən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023cü il tarixli məktubdan görünür ki, “İstilikkommunenerjisazlama” Respublika İstehsalat Birliyinin X1 İdarəsinə dair sənədlər (əmrlər kitabı, işçilərin şəxsi işləri və s.) ASC-yə təhvil verilməmişdir. İş materiallarında olan Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, X2 İdarəsinin qeydiyyatda olması barədə məlumat aşkar edilməmişdir. “Dövlət Tikinti və Arxitektura Komitəsi İstilikkommunenerjisazlama Respublika İstehsalat Birliyi” (VÖEN: **********) xx.xx.1997-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 471 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi ləğv edilmiş və onun funksiyaları Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 847 nömrəli Sərəncamının 3.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin "İstilikkommunenerjisazlama" Respublika İstehsalat Birliyi ləğv edilərək, onun funksiyaları və tabeliyində olan müəssisə və təşkilatlar balanslarındakı əmlakla birlikdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilmişdir. X1 İdarəsi barədə Komitənin arxivində heç bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 31 iyul 2023-cü il tarixli məktubda bildirilmişdir ki, “Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 847 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin “İstilikkommunenerjisazlama» Respublika İstehsalat Birliyi ləğv edilmiş, onun funksiyaları və tabeliyində olan müəssisə və təşkilatlar balansdakı əmlakla birlikdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilmişdir. İş materiallarında olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubla təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi “İstilikkommunenerjisazlama» RİB-nin xx.xx.2003-cü il tarixli 62/k nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, X4 müfəttişi İddiaçı xx.xx.2003-cü il tarixdən ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən (öz xahişi ilə) tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan iddiaçıya məxsus İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1979-xx.xx.1980, xx.xx.1982-xx.xx.1984, xx.xx.1984-xx.xx.1984, xx.xx.1985-xx.xx.1986, xx.xx.1986-xx.xx.2003, xx.xx.2003xx.xx.2006-cı illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İşin faktiki hallarından görünür ki, iddiaçının xx.xx.2022-ci il tarixdə 65 yaşı tamam olmuşdur. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh orqan ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.2-ci bəndinə əsasən 1 iyul 2021 - 30 iyun 2022-ci il üzrə kişilərə pensiya təyin edilməsi üçün yaş həddi 65 ildir. İddiaçının xx.xx.2022-ci ildə 65 yaşı tamam olmuşdur. Qeyd olunan normalardan görünür ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1) 65 yaşın tamam olması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (sığorta stajından asılı olmayaraq), bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Apellyasiya şikayətindən görünür ki, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İstilikkommunenerjisazlama RİB-də və xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək X1 idarəsində olan əmək fəaliyyəti onun sosial sığorta stajına daxil edilməmişdir. Apellyasiya şikayətində cavabdeh orqan qeyd etmişdir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən “İstilikkommunenerjisazlama” Respublika İstehsalat Birliyinin yalnız 2002-2003-cü illərə dair əmək haqqı cədvəlləri mövcud olduğundan və bu cədvəllərə əsasən sözügedən iddiaçının adına müəssisədə 2003-cü il tarixdə 8 ay əmək haqqı hesablanmadığından, həmçinin Abşeron rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli H386 nömrəli məktubuna əsasən iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək X1 idarəsinin arxiv sənədləri mühafizə olunması üçün arxivə təhvil verilmədiyi üçün həmin dövrlər ərzində əmək haqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmadığından sözügedən dövrlərin iddiaçının sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Bundan başqa iddiaçının təqdim etdiyi əmək kitabçasında onun xx.xx.2003-cü ildə X1 idarəsində işə qəbul olunması barədə qeyd olsa da, işə qəbul əmrinə baxdıqda təqvim ilinin sonlarında (oktyabr ayında) 2 №-li əmrlə qeydə alınması onun mötəbərliyini şübhə altına alır. Əlavə olaraq, iddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək X1 idarəsində işlədiyini qeyd etsə də, xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək işləməsi barədə fərdi hesabının sığorta hissəsində ödənilmiş məcburi dövlət sosisal sığorta haqqı qeydə alınmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd edilən dəlilləri əsassızdır. Belə ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023cü il tarixli məktubdan görünür ki, “Dövlət Tikinti və Arxitektura Komitəsi İstilikkommunenerjisazlama Respublika İstehsalat Birliyi” (VÖEN: **********) xx.xx.1997-ci il tarixdə qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 31 iyul 2023-cü il tarixli məktubdan və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 847 nömrəli Sərəncamının 3.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin "İstilikkommunenerjisazlama" Respublika İstehsalat Birliyi ləğv edilərək, onun funksiyaları və tabeliyində olan müəssisə və təşkilatlar balanslarındakı əmlakla birlikdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilmişdir. Eyni zamanda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubla Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi “İstilikkommunenerjisazlama» RİB-nin xx.xx.2003-cü il tarixli 62/k nömrəli əmrinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir ki, həmin əmrə əsasən X4 müfəttişi İddiaçı xx.xx.2003-cü il tarixdən ƏM-nin 68ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən (öz xahişi ilə) tutduğu vəzifədən azad edilmişdir, eyni zamanda iddiaçının 2002-ci və 2003-cü illərdə əmək haqqı almasını təsdiq edən əmək haqqı cədvəlləri də mövcuddur. Göründüyü kimi, İstilikkommunenerjisazlama RİB-nin mövcud olması və iddiaçının mübahisələndirilən dövrdə (xx.xx.1992-xx.xx.2003-cü ildər) orada işləməsi məhkəmə iclasında araşdırılmış sübutlarla öz təsdiqini tapır. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, sənədlərin saxlanılmaq üçün arxivə təhvil verilməməsi iddianın əsaslılığına təsir etmir və özlüyündə əmək kitabçasındakı qeydlərin mötəbərliyini şübhə altına almağa əsas vermir. Arxiv sənədlərinin saxlanılmaması iddiaçının təqsiri ilə əlaqədar olan hal hesab edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, həmin dövrlər də iddiaçının ümumi stajına daxil edilməlidir. Göründüyü kimi, təhsil, hərbi xidmət dövrü ilə birlikdə cavabdeh tərəfindən mübahisələndirilməyən dövr (17 il 09 ay), eləcə də İstilikkommunenerjisazlama RİB-də işlədiyi xx.xx.1992-xx.xx.2002-ci illər və 2003-cü il üzrə 2 ay daxil olmaqla iddiaçının ümumilikdə iş stajının 25 ildən artıq olması məhkəmə iclasında araşdırılmış sübutlarla öz təsdiqini tapır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Beləliklə, iddiaçının 65 yaşı xx.xx.2022-ci ildə tamam olmuşdur və həmin tarixə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 25 ildən artıq sığorta stajına malikdir, yəni iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum sığorta stajına malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4777/2023 nömrəli 03 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar