Məhkəmə qərarları › İş №2-1(103)-2405/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2405/2023

24.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2405/2023 24.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-2405/2023 (Açar sözlər: “qərarların ləğv edilməsi və müavinətin bərpa edilməsi”) Bakı şəhəri 24 oktyabr 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4050/2023 saylı, 10 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 24 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçıya xx.xx.2019-cu ildən “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun əvvəllər qüvvədə olmuş 1.0.2-ci maddəsinə əsasən “3 və daha çox uşaq doğub tərbiyə etmiş və 57 yaşına çatmış qadınlara” yaşa görə müavinət təyin edilmişdir. Daha sonra cavabdeh inzibati orqan iddiaçının adına xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixinədək aktiv VÖEN olmasını əsas götürərək, şəxsə təyin edilmiş yaşa görə müavinətin ödənişini xx.xx.2021-ci il tarixindən dayandırmış, bununla bağlı 10 dekabr 2021-ci il tarixdə qərar qəbul etmiş, sonradan isə sosial müavinətin təyin edilməsinin mümkün olmaması, eyni zamanda artıq ödənilmiş müavinətin geri qaytarılması haqqında 14 fevral 2022-ci il tarixdə qərar qəbul etmişdir.

2. Bakı şəhəri Nizami rayonu Polis İdarəsinin 24-cü PŞ-nin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı Nizami rayon prokurorluğuna müraciət edərək onun adından kim tərəfindən və nə məqsədlə VÖEN açıldığının araşdırılması xahiş olunmuşdur.Həmin Qərarla cinayət işinin başlanması rədd edilmiş və göstərilmişdir ki, İddiaçı adına açılmış VÖEN üzrə vergi borcunun olmaması həmin VÖEN-dən istifadə etməklə hər hansı əməliyyatların aparılmamasına və vergi ödənişindən yayınma faktının olmamasına dəlalət edir.Həmçinin, İddiaçı vergi bəyənnaməsi üzrə dövriyyəsi müəyyən edilməmiş, onun tərəfindən ödənilmiş vergi məbləğləri olmamışdır.

3. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya xx.xx.2019-cu il tarixdən təyin edilmiş yaşa görə müavinətin dayandırılması cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmişdir.

4. “Sosial müavinətlər haqqında” Qanunun 11.1.2-ci maddəsinə əsasən İddiaçı müavinətin ödənişi onun xx.xx.2013-cü il tarixdən xx.xx.2021-ci il tarixədək aktiv vergi ödəyicisi olması əsası ilə dayandırılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qərarın ləğv edilməsi və müavinətin bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.

6. Cavabdeh məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlü İddiaçı xx.xx.2019-cu il tarixdən müddətsiz yaşa görə sosial müavinət təyin edilərək ödənilmişdir. İddiaçının ərizəsinə əsasən “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinin tələbləri pozularaq xx.xx.2013-cü il tarixdən aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğu halda xx.xx.2019-cu il tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. Bu səbəbdən “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 11.1.2-ci maddəsinə əsasən iddiaçının yaşa görə sosial müavinəti xx.xx.2021-ci il tarixdə dayandırılmışdır. İddiaçı adına xx.xx.2013-cü il tarixdən xx.xx.2021-ci il tarixədək aktiv statuslu VÖEN olduğu üçün xx.xx.2019-cu il tarixə münasibətdə iddiaçının yaşa görə müavinəti hüququ yaranmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

7. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən sosial müavinətin dayandırılması haqqında 10 dekabr 2021-ci il tarixli, sosial müavinətin təyin edilməsinin mümkün olmaması barədə 14 fevral 2022-ci il tarixli qərarın və artıq ödənilmiş müavinətin geri qaytarılması haqqında 14 fevral 2022-ci il tarixli qərarın ləğv edilməsini və sosial müavinətin 30 noyabr 2021-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir.

9. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4050/2023 saylı, 10 fevral 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, Sosial müavinətin dayandırılması haqqında 10 dekabr 2021-ci il tarixli qərarı, sosial müavinətin təyin edilməsinin mümkün olmaması barədə 14 fevral 2022-ci il tarixli qərarı və artıq ödənilmiş müavinətin geri qaytarılması haqqında 14 fevral 2022-ci il tarixli qərarı ləğv edilməsi, İddiaçı təyin edilmiş yaşa görə müavinətin dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.

12. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırki işdə müavinətin dayandırılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş müavinətin qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur.

13. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır.

14. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.

15. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçının dinləmə hüququ təmin etməli olduğu halda, onun inzibati araşdırmaya dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, iddiaçının etimad göstərdiyi inzibati aktı ləğv etmədən, sosial müavinətin ödənilməsini dayandırmış, daha sonra sosial müavinətin təyin edilməsinin mümkün olmaması və artıq ödənilmiş müavinətin qaytarılması barədə qərar qəbul etmişdir. Bu səbəbdən Məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirdiyi hər üç qərar prosessual pozuntular ilə qəbul olunduğundan, həmin qərarlar ləğv olunmalı, sosial müavinətin dayandırıldığı tarixdən, yəni 30 noyabr 2021-ci il tarixdən sosial müavinətin ödənilməsi bərpa edilməlidir.

16. Həmçinin, nə artıq ödənilmiş müavinətin geri qaytarılması barədə qərarda, nə də məhkəmə sorğusuna əsasən məhkəməyə daxil olmuş müvafiq məlumatların göndərilməsi barədə məktubda vətəndaşın müavinətin təyin edilməsində hər hansı təsirinin olması barədə heç bir qeyd edilməmişdir.

17. Göründüyü kimi, rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə iddiaçı onun müavinətinə müdaxilə etməmişdir.

18. Beləliklə, maraqlı şəxs kimi iddiaçı etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir ki, qeyd olunan hal onun barəsində sosial müavinətin təyin edilməsi barədə qərar, sərəncam qəbul edilərək, faktiki xarakterli hərəkətlər edilərək həmin qərarların hüquqi nəticəsi kimi artıq məbləğ ödənilməsi, cavabdehin səhvi səbəbindən artıq hesablanan (ümumiyyətlə təyin etməli olmayan) məbləğin geri qaytarılmasına əsas vermir. Belə ki, müavinətin təyini və səhv hesablamalarla bağlı cavabdehin hərəkətlərini, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab etsək belə, həmin hərəkətlər iddiaçı üçün daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan pulun geri qaytarılması əsası da mövcud olmacaqdır. İnzibati icraat haqqında qanunvericiliyin tələbindən də göründüyü kimi maraqlı şəxsin etimad hüququna istinadı istisna etmirsə qanunsuz inzibati akt əlverişli inzibati akt hesab edilsə belə onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Məhkəmə də ehtimal olunan artıq ödənişi müavinətin təyini barədə qərarın, sərəncam qəbul edilməsinin, faktiki xarakterli hərəkətlərin hüquqi nəticəsi kimi gördüyündən artıq ödənişin aradan qaldırılmasına qanunvericiliklə müəyyən edilmiş məhdudiyyət olduğunu nəzərə alaraq geri qaytarılması barədə cavabdehin hərəkətlərini qanunsuz hesab edir.

19. Birinci instansiya məhkəməsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü, 21-ci, 24-cü, 25.1-ci, 13.1-ci, 13.2-ci maddələrinə, 67.5-ci maddəsinə, 67-ci maddəsinə, 1.1., 1.2., 2.0.2., 2.0.6., 67.1., 67.3., 67.4., 67.5., 67.6., 67.6.1., 67.6.2., 67.6.3., 67.7., 67.8., 68.2., 68.2.1., 68.2.2., 68.2.3., 68.2.4., 68.3., 68.4.-cü maddələrinə əsasən istinad etmişdir.

b)Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

20. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4050/2023 saylı, 10 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə əsassız olaraq, hesab etmişdir ki, "inzibati aktlar qəbul edilərkən, habelə artıq ödənilmiş məbləğinin geri qaytarılmasını tələb etməkdən öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yani iddiaçıya təyin edilmiş müavinətin qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın "İnzibati icraat haqqında" Qanunun tələblərinə uyğun olması araşdırılmamışdır.İşin faktiki hallarına əsasən, cavabdeh orqan xx.xx.2022-ci il tarixli **********2 nömrəli qərarı qanunun tələbi ilə aparılmış daxili araşdırma nəticəsində qəbul etmişdir. Bununla da, hesab edirlər ki, sözügedən inzibati aktın qəbul edilməsi inzibati orqanın öz təşəbbüsü və ya diskresion səlahiyyətlərinin icrası yox, qanunun tələbi ilə inzibati orqanın vəzifəsidir.Eləcə də, hazırkı mübahisə ilə bağlı olaraq, inzibati icraat aparılarkən iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi tələbi əsassızdır."İnzibati icraat haqqında" Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin və həmin etimadın qanunla qorunduğu, habelə başqa məzmununa etimad göstərdiyi şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Qeyd olunan qanuna istinad etməklə məhkəmə iddiaçıya müavinət təyin edilməsi barədə inzibati aktı qanunsuz əlverişli inzibati akt kimi təfsir etmiş, müvafiq qanunun 67.5-ci maddəsinə istinad etməklə, qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmədiyi qənaətinə gəlmişdir. Lakin qeyd olunan maddənin mətnindən görünür kü, maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda qanunsuz dövlət Əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Hazırda hesab edir ki, iddiaçıya qanunsuz əlverişli inzibati aktın icrasının davam etdirilməsi dövlət maraqlarına uyğun deyildir. Eləcə də, sözü gedən, 4329,55 manat məbləğində müavinət iddiaçının ona hüququ çatmadığı halda ödənilmişdir.

d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.

e) Prosses iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

24. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.Əlavə olaraq bildirmişdir ki, onun tərəfindən VÖEN açılması barədə heç yerə ərizə verilməmiş və adına VÖEN açılmasından xəbəri olmamışdır. Odur ki, polis və prokurorluq orqanlarına şikayət edilmişdir.

Tətbiq edilən hüquq

25. “İnzibati icraat haqqında” Qanununun: - 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. - 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. - 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. - 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. - 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: - 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. - 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. - 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. - 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. - 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: - 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; - 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; - 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; - 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. - 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. - 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1-ci məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

28. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

30. İddianın mahiyyəti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə Kollegiya aşağıdakıları qeyd edir:

31. İlk növbədə qeyd olunur ki, iddia tələbindən də göründüyü kimi iddiaçının tələbi dörd hissədən ibarətdir: 1. Sosial müavinətin dayandırılması haqqında 10 dekabr 2021-ci ləğv edilməsi; 2. Sosial müavinətin təyin edilməsinin mümkün olmaması barədə 14 fevral 2022-ci il tarixli qərarın ləğv edilməsi; 3. Sosial müavinətin 30 noyabr 2021-ci il tarixdən bərpa edilməsi; 4. Artıq ödənilmiş müavinətin geri qaytarılması haqqında 14 fevral 2022-ci il tarixli qərarın ləğv edilməsidir.

32. Məhkəmə kollegiyasının iclasında iddiaçı bildirmişdir ki, onun tərəfindən VÖEN açılması barədə heç yerə ərizə verilməmiş və adına VÖEN açılmasından xəbəri olmamışdır. Odur ki, polis və prokurorluq orqanlarına şikayət edilmişdir.

33. Bakı şəhəri Nizami rayonu Polis İdarəsinin 24-cü PŞ-nin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı Nizami rayon prokurorluğuna müraciət edərək onun adından kim tərəfindən və nə məqsədlə VÖEN açıldığının araşdırılması xahiş olunmuşdur.Həmin Qərarla cinayət işinin başlanması rədd edilmiş və göstərilmişdir ki, İddiaçı adına açılmış VÖEN üzrə vergi borcunun olmaması həmin VÖEN-dən istifadə etməklə hər hansı əməliyyatların aparılmamasına və vergi ödənişindən yayınma faktının olmamasına dəlalət edir.Həmçinin, İddiaçı vergi bəyənnaməsi üzrə dövriyyəsi müəyyən edilməmiş, onun tərəfindən ödənilmiş vergi məbləğləri olmamışdır.

34. Nəhayət, xx.xx.2023-cü il tarixdən iddiaçının adına VÖEN ləğv edilmişdir.

35. Beləliklə, İddiaçı öz ərizəsi əsasında vergi uçotuna alınması təsdiq olunmamaqla yanaşı, həmçinin vergi bəyənnaməsi üzrə dövriyyəsi müəyyən edilməmiş, onun tərəfindən ödənilmiş vergi məbləğləri olmamışdır.

36. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya xx.xx.2019-cu il tarixdən təyin edilmiş yaşa görə müavinətin dayandırılması cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmişdir.

37. “Sosial müavinətlər haqqında” Qanunun 11.1.2-ci maddəsinə əsasən İddiaçı müavinətin ödənişi onun xx.xx.2013-cü il tarixdən xx.xx.2021-ci il tarixədək aktiv vergi ödəyicisi olması əsası ilə dayandırılmışdır.

38. Hazırki işdə müavinətin dayandırılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş müavinətin qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur.

39. Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır.

40. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.

41. Məhkəmə Kollegiyası hesab edir ki, cavabdeh iddiaçının dinləmə hüququ təmin etməli olduğu halda, onu inzibati araşdırmaya dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, iddiaçının etimad göstərdiyi inzibati aktı ləğv etmədən, sosial müavinətin ödənilməsini dayandırmış, daha sonra sosial müavinətin təyin edilməsinin mümkün olmaması və artıq ödənilmiş müavinətin qaytarılması barədə qərar qəbul etmişdir.

42. Bu səbəbdən məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının mübahisələndirdiyi hər üç qərar prosessual pozuntular ilə qəbul olunduğundan, həmin qərarlar ləğv olunmalı, sosial müavinətin dayandırıldığı tarixdən, yəni 30 noyabr 2021-ci il tarixdən sosial müavinətin ödənilməsi bərpa edilməlidir.

43. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilən müddəalarından görünür ki, Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunsuz əlverişli inzibati aktın ləğv edilməsində isə vəziyyət başqa formada tənzimlənmişdir ki, yuxarıda adıçəkilən müddəaların tələbindən də görünür ki, qanunsuz əlverişli inzibati aktın ləğvindən sonra onun hüquqi nəticələrinin aradan qaldırılıb-qaldırılması maraqlı şəxsin etimadın qorunması hüququna istinad etmək imkanına mövcud olub-olmamasından asılıdır. Belə ki, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edilməsini istisna edildiyi hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur ki, hazırkı iş üzrə qeyd olunan hallardan hər hansı birinin mövcudluğu artıq ödənişin geri qaytarılmasına səbəb olacaqdır. Başqa sözlə, şəxs rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə sosial müavinətin artıq alınmasına nail olubsa və ya müavinətin artıq hesablanmasının qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda onun barəsində artıq ödənilmiş müavinətin geri qaytarılması barədə qərar qəbul edilə bilər. Lakin işin faktiki hallarından göründüyü kimi qeyd olunan halların heç biri mövcud olmamışdır ki, inzibati orqanın vətəndaşdan asılı olmayan hallar nəticəsində hesablamada səhv etməsi məhkəmə hesab edir ki, vətəndaşdan artıq ödənişin tutulmasına əsas yarada bilməz.

44. Belə ki, nə artıq ödənilmiş müavinətin geri qaytarılması barədə qərarda, nə də məhkəmə sorğusuna əsasən məhkəməyə daxil olmuş müvafiq məlumatların göndərilməsi barədə məktubda vətəndaşın müavinətin təyin edilməsində hər hansı təsirinin olması barədə heç bir qeyd edilməmişdir.

45. Göründüyü kimi, rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə iddiaçı onun müavinətinə müdaxilə etməmişdir.

46. Beləliklə, maraqlı şəxs kimi iddiaçı etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir ki, qeyd olunan hal onun barəsində sosial müavinətin təyin edilməsi barədə qərar, sərəncam qəbul edilərək, faktiki xarakterli hərəkətlər edilərək həmin qərarların hüquqi nəticəsi kimi artıq məbləğ ödənilməsi, cavabdehin səhvi səbəbindən artıq hesablanan (ümumiyyətlə təyin etməli olmayan) məbləğin geri qaytarılmasına əsas vermir. Belə ki, müavinətin təyini və səhv hesablamalarla bağlı cavabdehin hərəkətlərini, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab etsək belə, həmin hərəkətlər iddiaçı üçün daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan pulun geri qaytarılması əsası da mövcud olmacaqdır. İnzibati icraat haqqında qanunvericiliyin tələbindən də göründüyü kimi maraqlı şəxsin etimad hüququna istinadı istisna etmirsə qanunsuz inzibati akt əlverişli inzibati akt hesab edilsə belə onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Məhkəmə də ehtimal olunan artıq ödənişi müavinətin təyini barədə qərarın, sərəncam qəbul edilməsinin, faktiki xarakterli hərəkətlərin hüquqi nəticəsi kimi gördüyündən artıq ödənişin aradan qaldırılmasına qanunvericiliklə müəyyən edilmiş məhdudiyyət olduğunu nəzərə alaraq geri qaytarılması barədə cavabdehin hərəkətlərini qanunsuz hesab edir.

47. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4050/2023 saylı, 10 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4050/2023 saylı, 10 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar