Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2406/2022 07.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı Şəhər Baş Polis İdarəsinə qarşı “ölkə hüdudlarından kənara getməyə qoyulmuş qadağanın götürülməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Ayşəm Lehsan qızı Əliyevanın katibliyi ilə, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər Baş Polis İdarəsinə qarşı “ölkə hüdudlarından kənara getməyə qoyulmuş qadağanın götürülməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-343/2022 saylı 08 fevral 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 07 sentyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Bakı Şəhər Baş Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ölkə hüdudlarından kənara getməyə qoyulmuş qadağanın götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycandan kənarda yaşayan qız övladının (hamilə vəziyyətində olan) yanına getmək istəyir. Bununla əlaqədar ümumvətəndaş pasportunun alınması üçün yaşadığı yer üzrə 4 saylı Cavabdeh2nə müraciət etmiş, həmin qurumdan bildirilmişdir ki, Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən onun Azərbaycan Respublikası hüdudlarından kənara çıxmasına qadağan qoyulmuşdur. Əslində isə, onun ümumvətəndaş pasportu almasının həmin qadağa ilə bağlılığı yoxdur. Hər bir vətəndaş kimi ümumvətəndaş pasportu ala bilər, qanunla buna qadağan qoyulmamışdır. Onun vəkili məsələ ilə bağlı aidiyyəti orqanlara sorğular ünvanlamışdır. 4 saylı Cavabdeh2 sorğuya 30 iyul 2020-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, ümumvətəndaş pasportunun verilməsi 4 saylı Cavabdeh2 xidmətində deyil və bu səbəbdən də müvafiq orqanlara müraciət olunmalıdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin sorğuya verdiyi 15 iyul 2020-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, onun (iddiaçının) Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmasına məhdudiyyət qoyulmamışdır. Bakı Şəhər Baş Polis İdarəsinin cavab məktubunda isə qeyd olunmuşdur ki, konkret məlumat alınması üçün sorğu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistika İdarəsinə göndərilmişdir. Lakin bu günədək sorğuya cavab verilməmiş və ona ümumvətəndaş pasportunun verilməməsinin səbəbi məlum olmamışdır. İddiaçının ölkə hüdudlarından kənara getməsi vacibdir. Cavabdehin hərəkətləri (imtinaları) onun hüquqlarını pozur, bu hərəkətlər tamamilə qanunsuzdur və ümumvətəndaş pasportunun verilməsi cavabdehə həvalə olunmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-343/2022 saylı 08 fevral 2022-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, uzun müddətli və əhəmiyyətsiz məhkəmə prosesi nəticəsində iş üçün əhəmiyyəti olan hallar tam və hərtərəfli araşdırılmamış, İPM-nin 2.2.3-cü, 8.2-ci və sair maddələrinin tələbi, ümumiyyətlə isə ədalətlilik prinsipi pozulmuşdu. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı iddiaçının vəkili Vəkil iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İnzibatı məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etdiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Əvvəla qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İş materiallarında olan Bakı Şəhər Baş Polis İdarəsinin 11 noyabr 2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, "xxxx" ASC-nin külli miqdarda pul vəsaitinin fiziki və hüquqi şəxslər tərəfindən cinayət yolu ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və təhqiqat idarəsində istintaqı aparılan cinayət işi üzrə yaradılmış birgə istintaq qrupunun tərkibinə daxil olan Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və təhqiqat idarəsinin müstəntiqləri tərəfindən davam etdirilir. Həmin cinayət işinin istintaqı ilə əlaqədar 14 oktyabr 2000-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nəsimi Filialına 11.752 manat kredit borcunu ödəmədiyinə görə 4 may 2015-ci il tarixdən İddiaçı sərhədkeçməsinə məhdudiyyət qoyulmuşdur. Hazırda iddiaçının tələbi “ona ölkə hüdudlarından kənara getməyə qoyulmuş qadağanın götürülməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının hazırki tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməməsinə əsaslanaraq iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarının 7.2-ci və 15.3-cü bəndlərində qeyd edilmişdir ki, “......«İnzibati icraat haqqında» Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur.... Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan dedikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. Həmin Qanunun 2.0.3-cü maddəsinin tələbinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Yuxarıda da qeyd olunduğu kimi, adı çəkilən Qanunun 3-cü maddəsinə görə bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Bununla yanaşı, bu Qanunun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmadığı göstərilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələblərinə müvafiq qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər iş materialları ilə təkzib olunduğu üçün qəbul edilmir, formal xarakter daşımaqla yanaşı, qərardadın ləğv edilməsi üçün heç bir əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-343/2022 saylı 08 fevral 2022-ci il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-343/2022 saylı 08 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xəyalə Cəmilova Hakimlər: Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-2406/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2406/2022
07.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver