Məhkəmə qərarları › İş №2-1(103)-2409/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2409/2021

27.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2409/2021 27.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “güzəştli şərtlərlə pensiya təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3767/2021 saylı, 29 iyun 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “iddiaçıya 31.03.2020-ci il tarixdən 52 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi və onun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 01.09.1988-ci ildən 20.10.1991-ci ilə kimi “Azərkimya” İB-nin “Sintezkauçuk” zavodunun divinil-stirol kauçukunun polimerləşməsi sexində təmirçi-çilingər, 21.10.1991-01.09.1996-cı il tarixlərində “Etilen- Politilen” zavodunun Texnoloji avadanlıqlarının təmiri sexində təmirçi çilingər, 02.09.1996- 31.12.2005-ci illərdə həmin sexdə qazan təmizləyən peşələrində işləməklə tam iş günü ərzində zərərli iş şəraitində çalışmışdır. 2005-ci ildən bu günədək adı çəkilən müəssisədə çalışır. Əmək fəaliyyətinə heç ara verməmişdir. Ümumi iş stajı əmək kitabçasına əsasən 35 il təşkil edir. Qeyd etdiyi dövrdəki iddiaçının sığorta stajı “Etilen-polietilen” zavodunun 31.03.2020-ci il tarixli rəsmi arayışı ilə təsdiq olunur. İddiaçı 05.06.2020-ci il tarixli ərizə ilə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mənə əmək şəraitinə görə güzəştli şərtlərlə 52 yaşında pensiya təyin edilməsi ilə bağlı müraciət etmişdir. Əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə, kişilər 52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarlarsa axırıncı iş yerindən asılı almayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququna malikdirlər. Qanunun bu müddəasına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi 21 iyun 1993-cü il tarixli 320 saylı qərarına 1 nömrəli əlavənin 1 nömrəli siyahısının Vİİİ bölməsinin 1080A010 şifri üzrə iddiaçıya güzəştli şərtlə pensiya təyin olunması hüququ verilir. Hesab edir ki, iddiaçıya əmək şəraitinə görə güzəştli şərtlərlə 52 yaşında pensiya hüququ verən iş stajını 01.01.2006-cı il tarixli “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək qazanmışdır və ona 52 yaşından pensiya təyin edilməli idi. Həmin ərizəyə cavabdehin 10.08.2020-ci il tarixli məktubla fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təyinatına imkan vermədiyi üçün iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina etmişlər. İddiaçı hesab edir ki, cavabdehin məktubunda qeyd etdiyi hal tamamailə əsassız və qanuna ziddir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış imtina məktubunda onun 52 yaşdan pensiya hüququ əldə etdiyini mübahisələndirməmiş, dolayısı ilə 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyası əldə etmək hüququ həmin məktubla öz təsdiqini tapmışdır. İmtinanın əsasını isə güzəştli şərtlərlə əmək pensiyası əldə etmək hüququnun olmaması deyil, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təyinatına imkan verməməsi olmuşdur. Əslində isə imtinaya əsas olmuş halın yuxarıda qeyd olunan qaydalarda öz əksini tapmış normaya zidd olduğu açıq-aşkar görünür. Çünki, iddiaçı güzəştli şərtlərlə əmək pensiyası əldə etmək hüququnu artıq 01.07.2017-ci il tarixədək əldə etmişdir. Belə olan halda pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təyinatına imkan verməməsi əsası ilə güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmaması tam qanunsuzdur və hüquqlarının kobud şəkildə pozulmasıdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş etirazda göstərilmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 59200,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 43702,51 manat təşkil edir. Cavabdeh orqan göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3767/2021 saylı, 29 iyun 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 31.03.2020-ci il tarixdən 52 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi və onun ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək apellyasiya şikayətini etirazına uyğun əsaslandırıb məhkəmənin həmin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.1968-ci il tarixdə anadan olmuş, 1985-1986-cı illərdə texniki peşə məktəbində təhsil almış, 1987-1989-cu illərdə hərbi xidmətdə olmuşdur. “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun 10 mart 2020-ci il tarixli arayışına əsasən, İddiaçı 01 sentyabr 1988 ildən 20 oktyabr 1991 ilə kimi tam iş günü “Azərkimya” İstehsalat Birliyinin “Sintezkauçuk” zavodunun dürnit-stirol kauçukun polimerləşməsi sexində təmirçi-çilingər vəzifəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının Vİİİ bölməsinin 1 bəndinin 1080A010 şifrinə əsasən 1 saylı istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. 01.09.1988-14.10.1994-cü illərdə “Sintezkauçuk” zavodunda, 15.10.1994-cü il tarixdən hal-hazıra kimi “Etilen-Polietilen” zavodunda işlədiyi müddətdə 24.02.2012-10.03.2012; 12.03.2012-16.03.2012. tarixlərdə ödənişsiz məzuniyyətdə olmuşdur: “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun 10 mart 2020-ci il tarixli arayışına əsasən, İddiaçı həqiqətən də 21.10.1991- 01.09.1996-cı il tarixlərdə “Etilen-Polietilen” zavodunun Texnolojı avadanlıqların təmiri sexində təmirçi çilingər, 02.09.1996-31.12.2005-ci illərdə həmin sexdə qazan təmizləyən peşələrində işləməklə tam iş günü ərzində zərərli iş şəraitində çalışmışdır (cəmi 2664 gün). Sosial sığorta ödəyicisidir. "xxxx" Dövlət Şirkətinin 31.08.1994-cü il tarixli əmrinə əsasən yeni yaranmış “Etilen-Polietilen” zavoduna keçirilmiş, 02.09.1996-cı il tarixdə köçürülmə yolu ilə təmizləyici, 01.03.2003-cü il tarixdən qazan təmizləyən vəzifəsində müxtəlif sexlərdə çalışmış, hal-hazırda isə 6-cı dərəcəli qazan təmizləyən vəzifəsində çalışır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 10 avqust 2020-ci il tarixli imtina məktubuna əsasən, iddiaçı tərəfindən təqdim etdiyi sənədlərdən göründüyü kimi onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Birinci instansiya məhkəməsi cavabdehin imtinasını əsassız və qanunsuz hesab edərək iddia tələbini təmin etmiş, İddiaçı 31.03.2020-ci il tarixdən 52 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi və onun ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsini qərara almışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1 -ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Nazirlər Kabinetinin 21 06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərəli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və ya göstəricilərin 2 nömrəli Siyahısı” (Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçının «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günə 01.01.2006-cı il tarixə qədər 20 il 12 gün ümumi iş stajı, 01.01.2006- cı ilə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 1 nömrəli siyahısında (kod 1080A010) nəzərdə tutulan kimya istehsalatda iş stajı 10 ildən çox iş stajı vardır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, 07 may 2021-ci il tarixli arayışa əsasən İddiaçı 21.10.1991-01.09.1996-cı il tarixlərdə “Etilen-Polietilen” zavodunun texniki avadanlıqların təmiri sexində təmirçi çilingər, 02.09.1996-31.12.2005-ci illərdə həmin sexdə qazan təmizləyən peşələrində işləməklə tam iş günü ərzində zərərli iş şəraitində çalışmışdır. İddiaçının işlədiyi həmin peşələr (Piroliz sexi, piroliz qazının sıxılması və təmizlənməsi sexi, Piroqazın və suyun hazırlanması sexlərində qazan təmizləyən) AR Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarında nəzərdə tutulmuş 1 nömrəli siyahıda 8-ci Kimya istehsalı bölməsində 1080A010 kodu altında nəzərdə tutulmuş neft karbohidrogenlərin pirolizi, piroliz qazlarının təmizlənməsi, ayrılması sahəsinin fəhlələri peşələrinə uyğundur Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş imtina məktubunda və etirazda iddiaçının müraciətindən imtina olunmasının yeganə əsası kimi göstərilmişdir ki, iddiaçının fərdi hesabında sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşagı olmayan pensiya təminatına imkan vermir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3 –cü maddəsinə əsasən, işləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Göründüyü kimi iddiaçının fərdi hesabının sığorta hissəsində 43702,51 manat pensiya kapitalı vardır. Bu isə ən azından əmək pensiyasının minimum məbləğində (200 manat) təyin etmək üçün kifayət edən məbləğdir “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmişdir. Həmin inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmadığından məhkəmə haqlı olaraq İddiaçı hüququn yarandığı 31.03.2020-ci il tarixdən yəni, 52 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsini cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3767/2021 saylı, 29 iyun 2021ci tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar