Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2409/2022 08.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, İbrahimova Pərvin Adil qızının katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X1, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “maddi ziyanın və əldən çıxmış mənfəətin kompensasiya olaraq cavabdehlərdən müştərək qaydada tutulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-915/2022 saylı, 16 mart 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər icra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 515 saylı sərəncamının, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin verdiyi xx.xx.2006-cı il tarixli, 000925 saylı “Dövlət əmlakının hüquqi və fiziki şəxsə satılmasına dair” şəhadətnaməsinin və xx.xx.2007-ci il tarixli, 000312 saylı “Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair” şəhadətnamənin etibarsız hesab edilməsi nəticəsində İddiaçı MTK-ya dəymiş 14.438 000 (on dörd milyon dörd yüz otuz səkkiz min) manat maddi ziyanın, o cümlədən 24.225 000 (iyirmi dörd milyon iki yüz iyirmi beş min) manat məbləğində əldən çıxmış mənfəətin kompensasiya olaraq cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli, 515 nömrəli sərəncamı ilə 0.16 ha torpaq sahəsi “İncəsənət" MTKnın istifadəsinə verilmişdir. Həmin torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin verdiyi xx.xx.3007-ci il tarixli, 000312 saylı şəhadətnaməyə əsasən İddiaçı MTK tərəfindən özəlləşdirilmişdir. Daha sonra “İncəsənət" MTK ərazidə tikinti işləri aparmaq üçün xx.xx.2007-ci il tarixli, 3705 saylı icazə, eləcə də digər zəruri sənədləri almış və tikinti işlərini başlayaraq 2 mərtəbə zirzəmi və 3 mərtəbə qeyri-yaşayış və yaşayış sahəsini inşa etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi xx.xx.2003-cü il tarixli, 515 saylı sərəncamın etibarsız hesab edilməsi tələbi ilə Bakı şəhər İcra Hakimiyyətinə və üçüncü şəxs “İncəsənət" MTK-ya qarşı məhkəmədə iddia qaldırmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2- 1(81)-416/2016 nömrəli qərarı ilə qeyd edilən sərəncam etibarsız hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(103)- 1178/2017 saylı qərarına əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)- 326/2019 nömrəli qətnaməsi ilə xx.xx.2007-ci il tarixli, 00312 saylı şəhadətnamə, xx.xx.2006-cı il tarixli, 993 saylı və xx.xx.2007-ci il tarixli, 42 saylı müqavilələr, eləcə də xx.xx.2006-cı il tarixli, 000925 saylı şəhadətnamə etibarsız hesab edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(103)-543/2019 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(102)- 507/2019 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli, 515 saylı sərəncamı Azərbaycan Respublikası Təhsil Nazirliyinin əsassız iddiaları səbəbindən etibarsız hesab edilmiş, bununla da, 0.16 ha torpaq sahəsində inşa etdikləri binanın tikintisi məcburi olaraq dayandırılmışdır. Bildirmək istəyir ki, mübahisəli torpaq sahəsi tam qanuni şəkildə Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 515 saylı sərəncamına əsasən tərəflərindən icarəyə götürülmüşdür. Qeyd edilən sərəncamda ərazidə yerləşən tikililərin sökülməsi və yerində bina inşa edilməsi nəzərdə tutulmuşdur. Torpaq sahəsi ‘‘İncəsənət” MTK-nın adına özəlləşdirilmiş və hüquqları Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin verdiyi xx.xx.2007-ci il tarixli, 000312 saylı şəhadətnaməyə əsasən rəsmiləşdirilmişdir. Eyni zamanda xx.xx.2006-cı il tarixli, 993 saylı və xx.xx.2007-ci il tarixli, 42 saylı müqavilələr bağlanmış, xx.xx.2006-cı il tarixli, 000925 saylı şəhadətnaməyə əsasən ərazidə yerləşən 337.1 kv.m ibarət qeyri-yaşayış sahəsi dəyəri ödənilməklə tərəflərindən satın alınmışdır. Həm özəlləşdirmədən, həm də ərazidəki qeyriyaşayış sahələrinin sökülməsindən və yeni binanın inşasından Təhsil Nazirliyinin və onun nəzdində olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məlumatı olmuşdur. Belə ki, ərazinin icarəyə götürüməsi, özəlləşdirilməsi, habelə oradakı qeyriyaşayış sahəsinin sökülməsi və yeni bina inşası gizlədiləcək ölçüdə bir iş deyil. Bu işlər həyata keçirilərkən faktiki olaraq Təhsil Nazirliyi heç bir etiraz və narazılıq bildirməmiş, torpağın və qeyri yaşayış binalarının özəlləşdirilməsinin qarşısını almaq üçün nə İddiaçı MTK-ya nə də, başqa dövlət orqanlarına müraciət etməmişdir. Özəlləşdirmə ilə bağlı həm torpaq sahəsinin özəlləşdirilməsi ilə əlaqədar satınalma dəyəri olan 4096 manat, 337.1 kv.m. qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə əlaqədar satınalma dəyəri olan 11269 manat məhz Komitəyə ödənilmişdir. Bu hal da, hazırkı iş üzrə onun cavabdeh qismində işdə iştiraka cəlb edilməsinə faktiki və hüquqi zəmin yaradır. Təbii ki, komitənin vurduğu zərər bu məbləğlərlə məhdudlaşmır, yuxarıda qeyd etdikləri kimi onun özəlləşdirmə zamanı araşdırma aparmadan ərazini onlara satması son nəticədə ərazidə tərəflərindən söküntü və tikinti işləri aparılmasına, nəticədə tərəflərindən böyük xərclərin çəkilməsinə gətirib çıxartmışdır. Həmin vaxtdan uzun müddət keçdiyinə və eləcə də, iki dəfə devalivasiya baş verdiyinə görə təbii ki, pulun infliyasiya göstəriciləri də, məhkəmə tərəfindən nəzərə alınmalıdır. İş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti iddiaya qarşı etirazını yazılı şəkildə təqdim edərək bildirmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli, 515 nömrəli sərəncamı ilə Yasamal rayonu, İnşaatçılar prospekti 581-582 saylı məhəllədə yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün 0,16 ha torpaq sahəsi icarə əsasında "xxxx" MTK-nın istifadəsinə verilmişdir. Həmçinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin razılıqları əsasında Azərbaycan Respublikasının keçmiş Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə İddiaçı MTK arasında bağlanılmış xx.xx.2006-cı il tarixli, 993 nömrəli və xx.xx.2007-ci il tarixli, 442 nömrəli alğı-satqı müqavilələri əsasında Yasamal rayonu, İnşaatçılar prospekti, 9 ünvanında yerləşən 337,1 kv.m qeyri-yaşayış sahəsi və onun yerləşdiyi 1600 kv.m torpaq sahəsi İddiaçı MTK-ya satılmışdır. Lakin, daha sonra Azərbaycan Respublikası Təhsil Nazirliyinin iddiası əsasında məhkəmə qərarı ilə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli, 515 nömrəli sərəncamı etibarsız hesab edilmişdir. Eyni zamanda, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin iddiası əsasında yuxarıda qeyd edilən qeyri-yaşayış və torpaq sahəsinin İddiaçı MTK tərəfindən özəlləşdirilməsinə dair sənədlər də, etibarsız hesab edilmişdir. Beləliklə, yuxarıda qeyd edilən qeyri-yaşayış və torpaq sahəsinin özəlləşdirilməsi məhkəmə qərarı əsasında ləğv edilmişdir və Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən İddiaçı MTK-ya hər hansı maddi ziyan vurulmamışdır. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən qeyd edilən qeyri-yaşayış və torpaq sahəsinin özəlləşdirilməsi qanunvericiliyə uyğun həyata keçirilmiş, bununla əlaqədar balanssaxlayıcının razılığı olmuşdur. Eyni zamanda bildirmişlər ki, iddiaçı cavabdehlərdən ümumilikdə 38 663 000 manat məbləğində kompensasiya ödənilməsini tələb etsə də, ona qeyd edilən məbləğdə ziyanın vurulmasına dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. İddiaçı iddia ərizəsində qeyri-yaşayış və torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı müvafiq olaraq 11 269 və 4096 manat məbləğində pul vəsaiti ödədiyini qeyd etmişdir. Göründüyü kimi, iddia ərizəsi ilə tələb olunan 38 663 000 manat məbləğində vəsait heç bir hüquqi əsası olmayan şişirdilmiş məbləğdir və iddiaçı tərəfindən qeyd edilən əmlakın özəlləşdirilməsi ilə bağlı dövlət büdcəsinə ödədiyi məbləğdən dəfələrlə çoxdur. Əmlak Məsələləri Dövlət Xidmətinin hər-hansı qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçıya zərər vurulmamış və iddiaçı bunu ərizəsində əsaslandırmamışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş etiraza əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1997-ci il tarixli,14 №-li Qərarı ilə ünvan 2 ünvanda yerləşən binaları bütövlükdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin istifadəsinə verilmiş və hazırda Universitet həmin ünvanda fəaliyyət göstərir. Aparılmış araşdırma zamanı aşkar edilmişdir ki, Universitetə aid olan 0,16 ha torpaq sahəsi yaşayış binasının tikintisi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli, 515 saylı sərəncamı ilə İddiaçı MTK-nın istifadəsinə verilmişdir. Qeyd etmək lazımdır ki, adı çəkilən ərazidə universitetin balansında olan yeməkxana binası və avtomabil duracaqları fəaliyyət göstərmişdir. Həmin sərəncamı universitetin qeyd olunan yeməkxana binası ilə, avtomobil duracaqlarının sökülməsi İddiaçı MTK-ya tapşırılmış və bu tikililər qanunsuz olaraq sökülmüşdür. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli 515 saylı sərəncamının 1-ci bəndinin 1-ci abzasında “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə İddiaçı MTK arasında bağlanmış müqavilə”nin mövcudluğu barədə qeyd edilsə də, lakin araşdırma zamanı belə bir müqavilənin mövcudluğu təsdiqini tapmamışdır. Habelə, təqdim olunmuş sənədlərdə həmin obyektin kim tərəfindən icarəyə verilməsi barədə məlumat qeyd edilməmişdir. Araşdırma zamanı MTK-nın əməkdaşları Təhsil Nazirliyinin balansında və Universitetin istifadəsində olan binanın 1600 kv.m həyətyanı sahəsinin onlar tərəfindən satın alındığı və müvafiq sənədlərə malik olduqlarını bildirmişlər. Sonra həmin şəxslər ərazinin satın alınması barədə şəhadətnamə təqdim etmişlər. Təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2007-ci il tarixli, 000312 qeydiyyat nömrəsi olan Bakı şəhəri, Yasamal rayonu, inşaatçılar prospekti 9 ünvanında yerləşən qeyriyaşayış sahəsinin yerləşdiyi 1600 kv.m olan torpaq sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın alınması barədə şəhadətnamə verilmişdir. Şəhadətnamə verilən torpaq sahəsi Təhsil Nazirliyinin balansında olmaqla, Universitetin istifadəsində olmuşdur. Qeyd olunanlardan göründüyü kimi, qüvvədə olan qanunvericilik təhsil müəssisələrinin özəlləşdirilməsini qadağan etsə də, lakin cavabdeh hansı yolla isə həmin obyekti mənimsəməyə və qanunsuz olaraq özəlləşdirilməsinə nail olmuşdur.Bakı şəhər İcra Hakimiyyəti Başçısının sərəncamından görünür ki, Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli, 966/d saylı razılıq məktubu, "İncəsənət” MTK-nın xx.xx.2003-cü il tarixli, 02-08/1 saylı müraciəti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə İddiaçı MTK arasında bağlanmış müqavilə nəzərə alınaraq torpaq sahəsinin ayrılması barədə sərəncam imzalanmışdır. Sərəncamda müqaviləyə istinad edilməsinə baxmayaraq, lakin hansı tarixli, hansı nömrəli müqavilə olduğu barədə məlumat verilməmişdir. Aydın olur ki, tərəflər arasında heç bir rəsmi müqavilə olmamışdır. Bu məsələ qüvvədə olan məhkəmə qərarları ilə təsdiq edilmişdir. Belə ki, qüvvədə olan məhkəmə qərarlarına əsasən, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli, 515 saylı sərəncamının qəbul edilməsi üçün əsas götürülmüş faktiki və hüquqi əsaslar mövcud olmadığından, göstərilən sərəncam qanunvericiliyin tələblərinə uyğun olmamış və o, əsasla da, etibarsız hesab edilmişdir. Lakin, iddiaçının təqdim etdiyi iddia ərizəsinin məzmunundan belə başa düşülür ki, guya hazırkı iş üzrə cavadehlər iddiaçını həmin ərazidə tikintinin aparılmasını məcbur etmişlər. Həmin ərazidə tikinti işlərinin 2005-ci ildə başlanılmasına baxmayaraq, 2007-ci ildən həmin ərazidə tikinti işləri iddiaçı tərəfindən dayandırılmışdır. Nəzərə almaq lazımdır ki, həmin tikiliyə əsas verən sənədlərin etibarsız hesab edilməsi barədə iddia məhkəməyə 2016-cı ildə verilmişdir. Yəni tikinti işləri dayandırıldıqdan 9 il sonra Bakı şəhər İcra Hakimiyyəti Başçısının sərəncamının etibarsız hesab edilməsi barədə məhkəməyə müraciət edilmişdir. Həmin ərazidə aparılan tikinti işlərinin dayandırılması barədə dövlət orqanlarının İddiaçı MTK-ya rəsmi göstərişi olmamışdır. Faktiki olaraq İddiaçı MTK həmin ərazidə tikintinin aparılmasından imtina etmişdir. Tikintinin başa çatdırılmasına iddiaçı tərəfindən imtina edilməsinə baxmayaraq, çəkilmiş xərcləri cavabdehlərdən tələb etməsi məntiqsizdir. Mübahisə barədə qüvvədə olan məhkəmə qərarlarından görünür ki, İddiaçı MTK-nın torpaqdan istifadəyə dair sərəncam almaq üçün dövlət orqanlarına təqdim etdiyi sənədlərin hüquqi əsası olmamış və məhz bu səbəbdən də, məhkəmə qərarları ilə sərəncam və şəhadətnamə etibarsız hesab edilmişdir. Eyni zamanda bildirirlər ki, İddiaçı MTK-nın tikintiyə çəkdiyi xərclərə görə, Təhsil Nazirliyi məsuliyyət daşıya bilməz. Belə ki, Təhsil Nazirliyinə qarşı olan tələbin heç bir hüquqi əsası yoxdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edirlər ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-915/2022 saylı, 16 mart 2022-ci il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həm məhkəmə iclaslarında iştirak edərkən, həm də iddia ərizəsində dəfələrlə torpaq sahəsinin özəlləşdirilməsi və üzərində çoxmənzilli binanın inşasının qanunsuz olmadığını, tərəfimizdən tikinti işlərinin qanuni əsasla aparıldığını vurğulayıblar. Məhkəmə torpaq sahəsinin ayrılmasına dair sərəncamda qeyd edilmiş müqavilənin etibarsız olmasını əsas götürsə də tərəfimizdən məhkəməyə təqdim edilmiş Universitet Kollektivinin Təhsil Nazirliyinə, eləcə də AR Təhsil Nazirliyinin AR İqtisadiyyat Nazirliyinə ünvanladığı məktuba hüquqi qiymət verməmişdir. Belə ki, Təhsil Nazirliyinin İqtisadiyyat Nazirliyinə ünvanladığı xx.xx.2004-cü il tarixli, xx-xx-1576\16 saylı məktubda açıq şəkildə qeyd edilmişdir ki, “.....Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əmək kollektivinin təsisçiliyi ilə İddiaçı mənzil tikinti kooperativinin əmək kollektivinin rəhbərliyi bizə müraciət edərək, universitetin həyətində (Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 581-582 məhəllədə yerləşən) 0.16 ha torpaq sahəsinin və həmin sahədə yerləşən 400 m2 qeyri-yaşayış sahəsinin icarəyə verilərək gələcəkdə özəlləşdirilməsinə razılıq verilməsini xahiş etmişdir. Qeyd olunan ünvanda 0.16 ha torpaq sahəsinin və orada yerləşən 400 m2 qeyri-yaşayış sahəsinin müraciət edən müəssisəyə icarəyə verilərək gələcəkdə özəlləşdirilməsinə etiraz etmirik...”. Göründüyü kimi Təhsil Nazirliyi heç bir halda torpağın özəlləşdirilməsindən və eləcə də üzərindəki qeyri-yaşayış binalarının (yeməkxana binası və s) özəlləşdirilməsindən məlumatsız olmayıb. Təhsil Nazirliyi Məhkəməyə təqdim etdiyi etirazında bu məsələdən məlumatsız olduğunu, mübahisəli torpağın Nazirliyinin balansında olmaqla dövlət mülkiyyətində olduğunu dəfələrlə vurğulamasına baxmayaraq, həmin torpaq sahəsinin və üzərindəki əmlakların özəlləşdirilməsindən nəinki məlumatlı olub, hətda buna rəsmi məktubla icazə də vermişdir. Bu icazə əsas götürülməklə ərazi MTK-nın əvvəlcə istifadəsinə, daha sonra mülkiyyətinə verilmiş, nəhayət üzərində çoxmənzilli binanın müəyyən hissəsi inşa edilmişdir. Əgər Təhsil Nazirliyi razılıq verməsə idi, bu cür özəlləşdirmə və tikinti işləri aparıla bilməzdi. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdeh Təhsil Nazirliyinin nümayəndəsi iddia ərizəsinə etiraza uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən qanunsuz olaraq zəbt edilmiş və sonradan rəsmiləşdirilmiş torpaq sahəsi dövlət mülkiyyətində və Nazirliyin balansında olduğundan şəhadətnamə və Bakı Şəhər icra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli, 515 saylı sərəncamı etibarsız hesab edilmiş və onun hüquqi nəticələri ləğv edilmişdir. İddiaçı MTK-nın tikintiyə çəkdiyi xərclərə görə Təhsil Nazirliyi məsuliyyət daşıya bilməz. Məhkəmə iclasında iştirak edən cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi iddia ərizəsinə etiraza uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin iddiası əsasında məhkəmə qərarı ilə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli, 515 nömrəli sərəncamı etibarsız hesab edilmişdir. Qeyd edilən qeyri-yaşayış və torpaq sahəsinin özəlləşdirilməsi məhkəmə qərarı əsasında ləğv edilmişdir və Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən İddiaçı MTK-ya hər hansı maddi ziyan vurulmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının və cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən göründüyü kimi, Bakı şəhər icra Hakimiyyəti başçısının 515 saylı, xx.xx.2003-cü il tarixli İddiaçı MTK-ya özünəməxsus ərazilərdə tikinti işlərinin aparılmasına icazə verilməsi haqqında sərəncamı, həmin sərəncamın qəbul edilməsinə əsas olmuş, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə İddiaçı MTK arasında bağlanmış müqavilə aşkar edilmədiyindən, qanuni qüvvəsini almış 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin qərarına əsasən etibarsız hesab edilmişdir. Həmin inzibati məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1997-ci il tarixli, 14 nömrəli Qərarı ilə ünvan 2 ünvanda yerləşən binalar bütövlükdə Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinə verilmiş və halhazırda da istifadəsindədir və Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 515 saylı sərəncamının qəbul edilməsi üçün əsas götürülmüş faktiki və hüquqi əsaslar mövcud olmadığından, göstərilən sərəncam qanunvericiliyin tələblərinə uyğun deyildir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırki iddiaya (vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə) münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət edilməsidir. Hazırkı iş üzrə iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehlərə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Apellyasiya şikayətinin “torpaq sahəsinin özəlləşdirilməsi və üzərində çoxmənzilli binanın inşasının qanunsuz olmaması və tikinti işlərinin qanuni əsasla aparılması” ilə bağlı dəlilinə münasibətdə Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan: - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-416/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarının surətindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı 3-cü şəxs İddiaçı MTK işə cəlb edilməklə Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 515 saylı sərəncamının etibarsız hesab edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin sözügedən qərarına əsasən iddia tələbi təmin edilərək, Bakı şəhəri İcra Hakimiyyəti başçısının 515 saylı, 28 noyabr 2003-cü il tarixli sərəncamı etibarsız hesab edilmişdir. Məhkəmənin qənaətinə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1997-ci il tarixli, 14 nömrəli qərarı ilə ünvan 2 ünvanda yerləşən binaları bütövlükdə Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinə verilmişdir. Universitetə aid olan 0.16 ha torpaq sahəsi yaşayış binasının tikintisi məqsədi ilə Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 515 saylı sərəncamı ilə İddiaçı MTK-nın istifadəsinə verilmişdir. Qeyd edilən ərazidə yeməkxana binası və avtomobil duracaqları fəaliyyət göstərmişdir. Həmin sərəncamla universitetin qeyd olunan yeməkxana binası ilə avtomobil duracaqlarının sökülməsi İddiaçı MTK-ya tapşırılmış və bu tikililər qanunsuz olaraq sökülmüşdür. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 515 saylı sərəncamının 1-ci bəndinin 1-ci abzasında "xxxx" MTK arasında bağlanmış müavilə”nin mövcudluğu barədə qeyd edilsə də, araşdırma zamanı belə bir müqavilənin mövcudluğu təsdiqini tapmamışdır. Məhkəmə hesab edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 515 saylı sərəncamının 1-ci bəndinin 1-ci abzasında “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə İddiaçı MTK arasında bağlanmış müqavilə”nin mövcudluğu barədə qeyd edilsə də, araşdırma zamanı belə bir müqavilənin mövcudluğu təsdiqini tapmadığından, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmədə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazilər Kabinetinin xx.xx.1997-ci il tarixli, 14 nömrəli Qərarı ilə ünvan 2 ünvanda yerləşən binaları bütövlükdə Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinə verilmiş və hal-hazırda da, istifadəsindədir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 515 saylı sərəncamının qəbul edilməsi üçün əsas götürülmüş faktiki və hüquqi əsaslar mövcud olmadığından, göstərilən sərəncam qanunvericiliyin tələblərinə uyğun deyildir. Odur ki, həmin sərəncamın etibarsız hesab edilməsinə dair iddia tələbi əsaslıdır. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1178/2017 saylı, 04 iyul 2017-ci il tarixli qərarından görünür ki, üçüncü şəxs İddiaçı MTK-nın apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati–İqtisadi Məhkəməsinin hazırki iş üzrə 09 dekabr 2016-cı il tarixli, 2-1(81)-416/2016 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-138/18 saylı, 14 fevral 2018-ci il tarixli qərardadından görünür ki, üçüncü şəxs İddiaçı MTK-nın kassasiya şikayəti mümkün sayılmamış və onun icraata qəbulundan imtina edilmişdir. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-326/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti cavabehlər İddiaçı MTK-ya və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı 3-cü şəxs Azərbaycan Respulikası Təhsil Nazirliyi cəlb olunmaqla iddia ərizəsi ilə 1 saylı Bakı İnzibait-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 9 ünvanında olan qeyri-yaşayış sahəsinin yerləşdiyi 1600 kv.m torpaq sahəsinin satın alınmasına dair Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı MTK-ya verilmiş 000312 qeydiyyat nömrəli, 13 mart 2007-ci il tarixli şəhadətnamənin, həmçinin Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi) ilə İddiaçı MTK arasında bağlanmış 22 dekabr 2006-cı il tarixli, 993 nömrəli və 01 mart 2007-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi və onların hüquqi nəticələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin qətnaməsinə əsasən cavabdeh İddiaçı MTK-nın adına Azərbaycan Respublikası Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (indiki Azərbaycan Respublikası Məsələləri Dövlət Komitəsi) tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş, 000312 qeydiyyat nömrəli, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 9 ünvanda olan qeyri-yaşayış sahəsinin yerləşdiyi 1600 kv.m torpaq sahəsinin satın alınması barədə Şəhadətnamə etibarsız hesab edilmiş, onun hüquqi nəticələri ləğv edilmiş, Azəbraycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə İddiaçı MTK arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 993 nömrəli və 01 mart 2007-ci il tarixli, 442 nömrəli müqavilələr etibarsız hesab edilmiş, onların hüquqi nəticələri ləğv edilmiş, Azəbraycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 28 dekabr 2006-cı il tarixli, 000925 saylı qeydiyyat nömrəli şəhadətnamə etibarsız hesab edilmiş və onun hüquqi nəticələrinin ləğv edilməsi qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31 iyul 2019-cu il tarixli, 2-2(103)-543/2019 saylı qətnaməsinin surətindən görünür ki, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 11 aprel 2019-cu il tarixli, 2-1(81)-326/2019 saylı qətnaməsindən İddiaçı MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 11 aprel 2019-cu il tarixli, 2-1(81)-326/2019 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qətnamədən İddiaçı MTK tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegasiyasının sözügedən qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31 iyul 2019-cu il tarixli, 2- 2(103)-543/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası kollegiyanın hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı MTK-nın adına rəsmiləşdirilmiş torpaq sahəsinin Azərbaycan Respublikasının Təhsil Nazirliyinin balansında olmaqla, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin istifadəsində olduğunu, Universitet dövlət müəssisəsi, onun yerləşdiyi torpaq isə dövlət mülkiyyətində olduğundan, onun istifadəsində olan torpaq sahəsinin özəlləşdirilməsinin qanunvericiliklə qadağan olunduğunu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli, 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların” siyahısına daxil olduğunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1997-ci il tarixli, 14 nömrəli Qərarı ilə ünvan 2 ünvanda yerləşən binaların bütövlükdə Azərbaycan Dövlət Mədəniyət və İncəsənət Universitetinə verildiyini və hazırda Universitetin həmin ünvanda fəaliyyət göstərdiyini, təhsil müəssisələrinə aid hazırki halda isə iddiaçı Universitetə aid torpaq sahəsinin özəlləşdirilməsi barədə hər-hansı bir normativ aktın qəbul edilmədiyini, iddiaçının Təhsil Nazirliyinin balansında olmaqla istifadəsində olan torpaq sahəsinin özəlləşdirilməsi zamanı dövlət əmlakının özəlləşdirilməsi qaydasını nizama salan normativ hüquqi aktların tələblərinin pozulduğunu, mübahisələndirilən müqavilələrin və şəhadətnamənin verilməsinə zəmin olmuş Bakı şəhər İcra hakimiyyəti başçısının 28 noyabr 2003-cü il tarixli sərəncamının ləğv edilməsinə dair qüvvədə olan məhkəmə qərarının mövcud olduğunu, iş materiallarına əsasən iddiaçı mübahisələndirilən həmin müqavilələrdən məlumatlı olmadığından, yalnız birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq ƏMDK tərəfindən məhkəməyə təqdim edilmiş müqavilələrdən məlumatı olduqdan sonra iddia tələbinin həcmini artırmaqla onları mübahisələndirdiyini nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir. Göründüyü kimi, iddiaçı hazırki iddia tələbində qanuni qüvvəsini almış məhkəmə qərarları ilə etibarsız hesab edilmiş aktlara əsasən dəymiş maddi ziyanın və əldən çıxmış mənfəətin kompensasiya olaraq cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsini xahiş edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.4-cü maddəsinə əsasən etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Apellyasiya şikayətinin növbəti dəlili olan “cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya maddi zərər vurulması” ilə bağlı Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı məhkəmə araşdırması zamanı cavabdehlərin hərəkətləri nəticəsində ona ziyanın vurulmasına dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Həmçinin, iddiaçının hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də, öz təsdiqini tapmır. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, iddiaçı cavabdehin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində onlara maddi zərərin vurulduğunu bildirsələr də və həmin zərərin əvəzi olaraq 14.438 000 (on dörd milyon dörd yüz otuz səkkiz min) manat maddi ziyanın, o cümlədən 24.225 000 (iyirmi dörd milyon iki yüz iyirmi beş min) manat məbləğində əldən çıxmış mənfəətin kompensasiya olaraq cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsini tələb etsə də, sübutetmə yükünü daşıyan iddiaçı nə birinci instansiya məhkəməsində araşdırma zamanı, nə də ki apellyasiya baxışı zamanı ona maddi zərərin dəyməsi ilə bağlı öz iddia tələbinin əsasında duran halları sübuta yetirə bilməmişdir. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə Mülki Məcəllənin 1096.1ci maddənin dispozitiv şərtlərinin mövcudluğu təsdiq olunmur. Çünki iddiaçı zərərin nədə ifadə olunmasını əsaslandırmamış, istinad etdiyi halların təsdiqi barədə heç bir sübutları təqdim etməmiş və üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bi lməmişdir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Odur ki, Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-915/2022 saylı, 16 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-915/2022 saylı, 16 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-2409/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2409/2022
08.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver