Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2409/2023 12.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) qarşı “şikayətə cavab verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4804/2023 nömrəli 17 yanvar 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı oğlu cavabdeh Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) üzərinə onun tərəfindən xx.xx.2022-ci il tarixli SS122020045AZ sifarişli məktubla göndərilmiş şikayətə cavab verilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Əhədova) 2-1(112)-4804/2023 nömrəli 17 yanvar 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4804/2023 nömrəli 17 yanvar 2023-cü il tarixli qərardadının ləğv edilməsini, iddianın mümkün sayılmasını və icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı və cavabdeh məhkəməyə müraciət edərək şikayətə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən məhkəməyə apellyasiya şikayətinə etiraz daxil olmuşdur. Etirazda qeyd olunur: İddiaçı oğlunun Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) ünvanladığı müraciətləri icraata götürülərək tərəfimizdən araşdırılmış və ona qanunamüvafiq cavablar verilmişdir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 5.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana) insan hüquqlarının pozulmasına dair şikayətlərin verilməsi və bu şikayətlərə baxılması qaydası “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə tənzimlənir. Belə ki, İddiaçı oğlu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) ünvanlandığı 2019-cu il 29 aprel tarixli ərizəsində barəsində olan cinayət işinin Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olduğunu bildirmiş, işə ədalətli baxılmasında və obyektiv qərar çıxarılmasında köməklik göstərilməsini xahiş etmişdir. Ombudsman tərəfindən qeyd edilən məhkəməyə müraciət edilərək, işə məhkəmədə baxılarkən onun ərizəsində göstərilən halların nəzərə alınması xahiş edilmiş və İddiaçı bu barədə 2019-cu il 10 may tarixli 1-7243-19 saylı məktubla məlumat verilmişdir. Bundan başqa, İddiaçı oğlu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) 2019-cu il 03 iyun tarixli ərizə ilə müraciət edərək, barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən narazı qaldığını bildirmişdir. İddiaçı müraciəti ilə bağlı ona 2/9566-19 saylı 19 iyun 2019-cu il tarixli məktubla cavab verilərək qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinə əsasən, hakimlər müstəqildir və onların fəaliyyətinə müdaxilə edilməsi yolverilməzdir. Həmçinin “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.6-cı və 11.1.2-ci maddələrinə əsasən, müraciəti Ombudsmanın səlahiyyətlərinə aid olmadığından məhkəmə hökmündən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə, hakim barəsində isə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasına müraciət edə bilər. İddiaçı oğlunun Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) ünvanladığı 2022-ci il 05 sentyabr tarixli ərizəsi də əvvəlki ərizələri ilə eyni məzmunlu olmuş və dəfələrlə cavab verildiyindən kargüzarlığa dair qanunvericiliyə uyğun olaraq müvafiq qərar qəbul olunmuşdur. Bütün bunlara baxmayaraq, İddiaçı oğlunun Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) ünvanladığı 2022-ci il 21 sentyabr tarixli ərizəsi də nəzərə alınmaqla, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müraciətinə cavab verilməsi, qaldırdığı məsələlərin qanunamüvafiq həllində köməklik göstərilməsi, şikayətdə əks etdirilmiş halların yoxlanılması və müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikanın Baş Prokurorluğu qarşısında qaldırılmış və araşdırmanın yekun nəticəsi barədə ona 2022-ci il 15 dekabr tarixli 2/33611-22 saylı məktubla cavab verilmişdir. Eləcə də, İddiaçı oğlunun Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) ünvanladığı 2023-cü il 26 yanvar tarixli ərizəsi müvafiq tədbirlərin görülməsi məqsədilə tərəfimizdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə göndərilmişdir. Eyni zamanda Tağıyev X1 tapşırığı əsasında Milli Preventiv Qrupun üzvləri tərəfindən saxlanıldığı müəssisədə qəbul edilmiş, dinlənilmiş və ona qanunvericiliyə uyğun olaraq hüquq və vəzifələri izah edilmişdir. Bununla yanaşı, İddiaçı oğlunun həyat yoldaşı X2 eyni məzmunlu müraciətləri ilə bağlı tərəfimizdən ona müvafiq olaraq 2019-cu il 07 iyun tarixli 2/9125-19 saylı və 2019-cu il 20 avqust tarixli 1/13540-19 saylı məktublarla cavablar verilmişdir. Bununla yanaşı, İddiaçı oğlunun cavabdeh qismində göstərdiyi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) inzibati icraat qanunverciliyinə əsasən inzibati orqan deyildir, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 saylı Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda inzibati orqan kimi göstərilməmişdir. Belə olan halda tələbin yönəldiyi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) inzibati orqan kimi nəzərdə tutulmadığından ona münasibətdə iddia inzibati məhkəmə icraatında mümkün deyildir. Hazırkı iddianın inzibati prosessual qanunvericiliklə nəzərdə tutulan subyektinə və predmetinə dair mümkünlük şərtləri ödənilmədiyindən iddia mümkünsüz sayılmalıdır. Yuxarıda qeyd olunanların nəzərə alınması və işə iştirakları olmadan baxılıb müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). İPMin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12-ci bənd). Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının cavabdeh qismində göstərdiyi subyekt inzibati icraat qanunvericiliyinə əsasən inzibati orqan deyildir, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nda inzibati orqan kimi göstərilməmişdir. Göründüyü kimi, hazırkı iş üzrə inzibati məhkəmə icraatı qaydasında iddia tələbi ona qarşı irəli sürülmüş cavabdeh inzibati orqan kimi nəzərdə tutulmamışdır. Bu səbəbdən də hazırki iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir və iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4804/2023 nömrəli 17 yanvar 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2409/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2409/2023
12.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver