Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-2409/2025 26.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iş üzrə (Açar sözlər: çıxarışın verilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Talışınski Fuad Şəmsəddin oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili İsmayılzadə Qulam Azər oğlunun iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Sonradan iddia tələbi dəqiqləşdirilərək Bakı ş, Binəqədi r, M.Ə.Rəsulzadə qəsəbəsində qərb hissəsində, C.Cabbarlı küçəsində yerləşən fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 334 kv.m torpaq sahəsi üzərində iddiaçının xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və buna dair çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, M.Ə.Rəsulzadə qəsəbəsində qərb hissədə C.Cabbarlı küçəsində yerləşən torpaq sahəsi Bələdiyyənin ## ###### 2006-cı il tarixli qərarı əsasında fərdi yaşayış evinin tikintisi üçün X2 ayrılmışdır. Daha sonra, həmin şəxs torpaq sahəsini ona satmış, məhkəmənin qərarı əsasında iddiaçının adına torpaq sahəsinin rəsmiləşdirilməsi həyata keçirilmişdir. Cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən əsassız imtina etmişdir. Cavabdeh orqan qanunda nəzərdə tutulmayan əsasla imtina etmiş, nəzərə almamışdır ki, alqı-satqı aktı ## ###### 2016-cı il tarixdə tərtib edilmiş, Komitənin ləğv edilməsi ilə alqı-satqı aktının dövlət qeydiyyatına alınması tələbi aradan qalxmışdır. Cavabdeh məhkəmə qərarını nəzərə almalı idi.
4. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, alqı-satqıya dair akt DTXK tərəfindən təsdiq edilməmişdir. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar edilməmiş, yerləşmə cizgisində perimetrik ölçülər qeyd edilməmişdir. İnzibati akt qanunvericiliyin tərtib edilmə tarixi baxımından tələblərinə cavab vermir.
5. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarı ilə iddia tələbi rədd edilmişdir.
6. Qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
7. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli *-**/*-*-F- ***/**** nömrəli əmri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra-DƏDKR) publik hüquqi şəxsinin Nizamnaməsi, strukturu və ştat cədvəli yeni redaksiyada təsdiq edilmiş, Nizamnamə yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra DƏDKR-in tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının və balanslarındakı əmlakların DƏDKR-ə verilməsi qərara alınmışdır. Qeyd edilənlərə əsasən, cavabdeh qismində iştirakçı olan ərazi idarələri müvafiq olaraq DƏDKR ilə əvəz edilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
8. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmışdır.
MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI:
9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
10. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iş üzrə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdeh məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR
12. Bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında alqı-satqı aktının surətindən görünür ki, torpaq sahəsi iddiaçıya satılmışdır.
13. Ərazinin planından görünür ki, 350 kv.m torpaq sahəsinə dair iddiaçının adına yerləşmə cizgisi tərtib edilmişdir.
14. Bələdiyyənin ## #### 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətini sərəncamı əsasında 501,26 ha torpaq sahəsi M.Ə.Rəsulzadə bələdiyyəsinə təhvil verilmişdir və M.Ə.Rəsulzadə qəsəbəsinin ərazisi adıçəkilən bələdiyyənin əhatə etdiyi ərazi vahididir.
15. Dövlət Arxivinin Bakı Filialının məktubundan görünür ki, Bələdiyyənin 2015-ci il dair arxiv sənədləri Bakı Filialına təhvil verilməmişdir.
16. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, sözügedən torpaq sahəsinin torpaqların alqı-satqısına dair aktı keçmiş “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” tərəfindən qeydə alınmamışdır.
17. Bakı İnzibati Məhkəməsinin ## ###### 2015-ci il tarixli qərarından görünür ki, Bakı C.Cabbarlı küçəsində yerləşən 350 kv.m torpaq sahəsinə dair Bələdiyyənin ## ###### 2006cı il tarixli qərarında dəyişiklik edilərək torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsi cavabdehə həvalə edilmişdir.
18. M.Ə.Rəsulzadə Bələdiyyəsinin ## ###### 2015-ci il tarixli qərarından görünür ki, Bələdiyyənin ## ###### 2006-cı il tarixli qərarında məhkəmə qərarına əsasən dəyişiklik edilərək 350 kv.m torpaq sahəsi iddiaçı İddiaçı adına rəsmiləşdirilməsi qərar aınmışdır.
19. Cavabdehin ## ######## 2023-cü il tarixli məktubundan və məktuba əlavə edilmiş sənədlərdən görünür ki, qonşuluğunda yerləşən torpaq sahələri Binəqədi Rayon İcra Hakimiyyətinin sərəncamları əsasında qeydiyyatdan keçmişdir.
20. Mütəxəssis rəyindən görünür ki, göstərilən torpaq sahəsinin faktiki ölçüsü 334 kv.m təşkil edir. Göstərilən sahə dövlət mülkiyyəti torpağıdır. Cizginin göstərilən sahəyə aid olması müəyyən edilmir, sahə və tikildən elektrik xətti keçir.
21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspert rəyindən görünür ki, göstərilən torpaq sahəsinin faktiki ölçüsü 334 kv.m təşkil edir. Göstərilən sahə dövlət mülkiyyəti torpağıdır. Cizginin göstərilən sahəyə aid olması müəyyən edilmir, sahə və tikildən elektrik xətti keçir.
22. 3-16-16-14/2-***/**** №-li məktuba əsasən ##.##.2026-cı il tarixli, **/*** №-li ekspert rəyinə əsasən iddiaçıya məxsus torpaq sahəsi Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin inzibati ərazi dairəsinə aid olan torpaq sahəsi olduğu müəyyən olunmuş, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində, Cəfər Cabbarlı küçəsində yerləşən fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 334 m² torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmuşdur.
23. Məhkəmənin sorğusuna cavab olaraq AZƏRBAYCAN RESPUBLİKASI ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİNİN YANINDA DAŞINMAZ ƏMLAKIN DÖVLƏT REYESTRİ XİDMƏTіnin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* №-li Çıxarışına əsasən ünvan 1 ünvanda yerləşən 0.06 ölçüyə malik torpaq sahəsi ##.##.2010-cu il tarixdə 1110090304 № ilə X1 adına tam həcmdə qeydiyyata alınmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
24. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
25. Məhkəmə kollegiyası tərəflərin izahatlarını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir.
26. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
27. İddiaçı məhkəməyə müraciət edərək, 334 kv.m torpaq sahəsinə dair hüququnun dövlət qeydiyyatına alınması və həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsasən belə nəticəyə gəlmişdir ki, mübahisəli 334 kv.m torpaq sahəsi bələdiyyəyə ayrılmamışdır və buna görə həmin torpaq sahəsi ilə bağlı bələdiyyənin sərəncam verməsi üçün hüquqi əsas mövcud deyildir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni və iş üzrə toplanmış sübutları qarşılıqlı əlaqədə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia təmin edilməlidir. 29.Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən mübahisəli torpaq sahəsi ilə bağlı 2015-ci ildə artıq məhkəmə araşdırması aparılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarı qəbul edilmişdir (Azərbaycan Respublikası * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin *-*(**)-****/**** saylı ## ###### 2015-ci il tarixli Qərarı). Həmin qərar ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən adına verilmiş ##.##.2006cı il tarixli, ***/** saylı qərara dəyişiklik edərək, qərarla fərdi yaşayış evinin tikintisi üçün alqısatqı yolu ilə mülkiyyətinə verilmiş 350 kv.m torpaq sahəsinin İddiaçı adına fərdi yaşayış evinin tikintisi təyinatı ilə rəsmiləşdirilməsi vəzifəsi Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə həvalə edilməsi qərara alınmışdır.
30. Beləliklə, hazırkı mübahisənin həlli baxımından ilk növbədə nəzərə alınmalı hal ondan ibarətdir ki, eyni torpaq sahəsi və həmin torpaq sahəsinə dair bələdiyyənin qərarı ilə bağlı məsələ artıq məhkəmə araşdırmasının predmeti olmuş və qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə bələdiyyənin konkret hərəkəti etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Konstitusiya Məhkəməsinin Plenumu da Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin tətbiqi ilə bağlı hüquqi mövqeyində göstərmişdir ki, yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş, tələbin və ya etirazın predmetinə aid olan faktlar preyudisial əhəmiyyət daşıyır. Odur ki, 2015-ci il tarixli məhkəmə Qərarı ilə müəyyən edilmiş və hazırkı iş üçün əhəmiyyət kəsb edən hallar, həmin işdə iştirak etmiş tərəflər baxımından, hazırkı iş üzrə yenidən eyni qaydada sübutetmə predmetinə çevrilə bilməz. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi işin düzgün həlli üçün xüsusi bilik tələb edən məsələlərin müəyyən edilməsi məqsədilə ekspertiza təyin etmişdir. Ekspert rəyinə əsasən mübahisəli 334 kv.m torpaq sahəsinin bələdiyyənin inzibati ərazisində yerləşdiyi və yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olduğu müəyyən edilmişdir. Ekspert rəyinin bu nəticəsi birinci instansiya məhkəməsinin mübahisəli torpaq sahəsinin bələdiyyə ərazisinə aid olmadığı və ya bələdiyyənin həmin torpaq sahəsi ilə bağlı hüquqi səlahiyyətinin mövcud olmadığı barədə nəticəsinin əsaslı olmadığını göstərir.
31. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 8-ci maddəsinə əsasən bələdiyyələr öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi, habelə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi sahəsində səlahiyyətlər həyata keçirirlər. - 9-cu maddəsinə əsasən torpaqlar məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq müxtəlif kateqoriyalara, o cümlədən yaşayış məntəqələrinin torpaqlarına bölünür. - 18.1-ci maddəsinə görə şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. -18.2-ci hissəsində isə yaşayış məntəqələrinin torpaqlarının tərkibinə yaşayış və tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati və digər obyektlər üçün nəzərdə tutulan torpaq sahələrinin də daxil olduğu müəyyən edilmişdir. -19.3-cü maddəsinə əsasən torpaq sahəsinin şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin hüdudlarına daxil edilməsi həmin torpaq üzərində mövcud olan mülkiyyət, istifadə və icarə hüquqlarına xitam vermir. Buna görə də ekspert rəyində torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid edilməsi özü-özlüyündə mülkiyyət hüququnun müəyyən edilməsi kimi qəbul edilmir. Lakin hazırkı işdə həmin hal 2015-ci il tarixli məhkəmə qətnaməsi və bələdiyyənin torpaq sahəsinə dair mövcud qərarı ilə birlikdə qiymətləndirilməlidir. 32.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin yalnız “torpaq bələdiyyəyə ayrılmayıb” mülahizəsinə əsaslanması iş üzrə müəyyən edilmiş halların tam məcmusuna uyğun deyildir. Belə ki, 2015-ci il tarixli qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə bələdiyyənin əvvəlki qərarının iddiaçının adına dəyişdirilməsi barədə öhdəlik müəyyən edilmişdir. Bu öhdəliyin hansı torpaq sahəsinə aid olduğu iş materialları ilə müəyyən edilir və hazırkı ekspertiza həmin torpaq sahəsinin 334 kv.m ölçüdə olduğunu, bələdiyyənin inzibati ərazisində yerləşdiyini və yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olduğunu təsdiq edir. Deməli, hazırkı iş üzrə məsələ yeni torpaq sahəsinin bələdiyyə tərəfindən iddiaçıya ayrılması məsələsindən ibarət deyildir. Əsas məsələ əvvəllər qəbul edilmiş bələdiyyə qərarının iddiaçının adına dəyişdirilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə aktından irəli gələn hüquqi nəticənin həyata keçirilməsi və həmin hüququn dövlət qeydiyyatına alınmasıdır. Bu fərq birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
33. Məhkəmə kollegiyası qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.5- ci maddəsinə əsasən 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
34. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqanlar tərəfindən qanunla onların üzərinə qoyulmuş prosedur qaydalarına riayət edilməməsi və ya hər-hansı inzibati icraat çərçivəsində sənədləşmə işini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmaması, maraqlı şəxslərin hüquqlarının pozulmasına, onlara münasibətdə etimad hüququnun məhdudlaşdırmasına səbəb olmamalıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas qismində qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktları təsbit etməkdədir ki, hazırkı iş üzrə belə qərarın qəbul edilməsi, hətta artıq icra olunması müəyyən edilmişdir. Qanunun bu yanaşması ondan irəli gəlir ki, torpağın özgəninkiləşdirilməsi barədə qərar ümumi (publik) hüquq sahəsinə aid olan konkret məsələni həll etmək məqsədilə qəbul edilmiş, özgəninkiləşdirən şəxs üçün müəyyən hüquqi nəticələr yaradan inzibati aktdır. Həmin inzibati akt qanunla dəqiq müəyyən edilmiş inzibati icraat aparılmaqla qəbul olunur.
35. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqe).
36. Odur ki, işin faktiki hallarına hüquqi qiymət verən Məhkəmə Kollegiyası hesab edir ki, iddia tələbi təmin edilməlidir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin iddiaçının tələbini təmin edilməsindən imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur.
37. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər; 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
38. Eyni zamanda, nəzərə almaq lazımdır ki, cavabdeh tərəfindən həmin torpaq sahəsinə dair digər hüquqi və fiziki şəxslərin adına reyestrdə qeydiyyata alınması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.
39. Məhkəmə kollegiyası cavabdehin imtinasını həm hüquqi müəyyənlik və etimadın qorunması prinsipi, həm də Konstitusiyada təsbit olunmuş bərabərlik hüququ baxımından qiymətləndirərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində qanun və məhkəmə qarşısında bərabərlik prinsipi, 29-cu maddəsində isə mülkiyyət hüququ təsbit edilmişdir. Konstitusiyanın 71-ci maddəsinə görə insan və vətəndaş hüquq və azadlıqlarına riayət etmək dövlət hakimiyyəti orqanlarının borcudur. Hüquqi dövlət prinsipinin tərkib hissəsi olan hüquqi müəyyənlik prinsipi isə dövlət orqanlarının fəaliyyətində ardıcıllığın, sabitliyin və proqnozlaşdırıla bilənliyin təmin edilməsini tələb edir. Hüquqi müəyyənlik prinsipindən irəli gələn etimadın qorunması prinsipi şəxsin dövlət orqanlarının qəbul etdiyi aktların hüquqi qüvvəsinə inanmaq və həmin aktların yaratdığı hüquqi nəticələrə etibar etmək hüququnu təmin edir. Şəxs dövlət orqanının qəbul etdiyi qərara əsaslanaraq öz davranışını formalaşdırmış, əmlak münasibətlərinə daxil olmuş, uzun müddət həmin hüquqdan istifadə etmişdirsə, dövlət sonradan həmin şəxsin hüquqi vəziyyətini əsassız olaraq pisləşdirə bilməz.
40. İş materiallarından görünür ki, iddiaçı torpaq sahəsini səlahiyyətli dövlət orqanının qəbul etdiyi qərar əsasında əldə etmişdir. Həmin qərar uzun illər ərzində qüvvədə olmuş, aidiyyəti dövlət orqanları tərəfindən etibarsız hesab edilməmiş, ləğv edilməmiş və onun hüquqi nəticələri aradan qaldırılmamışdır. Belə olan halda iddiaçının həmin qərarın hüquqi qüvvəsinə etimad göstərməsi tamamilə qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, dövlət orqanlarının fəaliyyətində ardıcıllıq və sabitlik hüquqi dövlət prinsipinin əsas elementlərindən biridir. Dövlət bir tərəfdən şəxsin hüququnun yaranmasına əsas verən inzibati akt qəbul edib, digər tərəfdən isə həmin aktın nəticələrinin tanınmasından imtina edə bilməz. Əks yanaşma hüquqi müəyyənlik prinsipini mənasız edər və şəxslərin dövlət hakimiyyətinə olan etimadını sarsıdar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinə görə hüquqi müəyyənlik prinsipi şəxslərin qanuni şəkildə əldə etdikləri hüquqların sabitliyinə təminat verir. Dövlət orqanlarının fəaliyyəti nəticəsində formalaşmış hüquqi vəziyyətlər sonradan yalnız mühüm ictimai maraq olduqda və qanunla nəzərdə tutulmuş prosedurlar əsasında dəyişdirilə bilər. Belə hallar olmadıqda şəxsin qanuni gözləntiləri qorunmalıdır. Bundan başqa, İnsan Hüquqlarının və X4 haqqında Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsi ilə təmin edilən mülkiyyət hüququ yalnız mövcud əmlakı deyil, həm də kifayət qədər hüquqi əsasa söykənən legitim gözləntiləri əhatə edir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış təcrübəsinə görə dövlət orqanlarının qərarları əsasında yaranmış və şəxsin əsaslı şəkildə güvəndiyi əmlak xarakterli maraqlar da mülkiyyət hüququnun müdafiə dairəsinə daxildir. 41.Kollegiya hesab edir ki, iddiaçının torpaq sahəsinə dair hüquqlarının dövlət qeydiyyatına alınacağına dair gözləntisi təsadüfi və ya mücərrəd deyil, qüvvədə olan inzibati akta əsaslandığından legitim gözlənti xarakteri daşıyır. Cavabdehin həmin gözləntini nəzərə almadan yalnız formal əsaslarla qeydiyyatdan imtina etməsi mülkiyyət hüququnun mahiyyətinə uyğun hesab edilə bilməz.
42. Məhkəmə kollegiyası həmçinin cavabdehin davranışını bərabərlik hüququ baxımından qiymətləndirir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Bu norma yalnız ayrı-seçkiliyin qadağan edilməsini deyil, həm də eyni vəziyyətdə olan şəxslərə münasibətdə dövlət orqanlarının eyni hüquqi yanaşma nümayiş etdirməsini tələb edir. İş materiallarından görünür ki, mübahisəli torpaq sahəsinin yaxın ətrafında eyni dövrdə qəbul edilmiş torpaqayırma qərarları əsasında digər torpaq sahələri dövlət qeydiyyatına alınmış və həmin torpaq sahələri üzrə çıxarışlar verilmişdir. Cavabdeh tərəfindən həmin şəxslərin hüquqlarının tanındığı halda iddiaçının müraciətinin fərqli qaydada qiymətləndirilməsi üçün obyektiv və ağlabatan əsaslar göstərilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə oxşar vəziyyətdə olan şəxslərlə fərqli rəftar yalnız obyektiv və ağlabatan əsas mövcud olduqda yol veriləndir. Belə əsas olmadıqda fərqli münasibət bərabərlik prinsipinin pozuntusu hesab olunur. Kollegiya hesab edir ki, eyni hüquqi əsaslarla əldə edilmiş torpaq sahələri üzrə digər şəxslərin hüquqları dövlət qeydiyyatına alınarkən iddiaçının müraciətinin rədd edilməsi hüquqi dövlət, hüquqi müəyyənlik, etimadın qorunması və bərabərlik prinsiplərinə uyğun deyildir. Dövlət orqanı oxşar hallarda formalaşdırdığı inzibati təcrübədən yalnız əsaslandırılmış səbəblər olduqda kənara çıxa bilər. Hazırkı işdə belə səbəblər müəyyən edilməmişdir. 43.Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası iddiaçının legitim gözləntilərinə, hüquqi müəyyənlik prinsipinə, dövlətə etimad hüququna, Konstitusiyanın 25ci maddəsində təsbit olunmuş bərabərlik hüququna və Konstitusiyanın 29-cu maddəsində nəzərdə tutulmuş mülkiyyət hüququna uyğun olmadığından qanunsuz hesab edilməli, iddia təmin edilməlidir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə bələdiyyənin üzərinə konkret hərəkəti etmək öhdəliyinin qoyulması və eyni zamanda ekspertiza ilə qərarın aid olduğu torpaq sahəsinin 334 kv.m olmaqla bələdiyyənin inzibati ərazisində və yaşayış məntəqələrinin torpaqları kateqoriyasında yerləşməsinin müəyyən edilməsi birlikdə qiymətləndirildikdə, iddiaçının hüququnun tanınması və dövlət qeydiyyatına alınması üçün hüquqi əsasların mövcudluğu qənaətinə gəlmək mümkündür. 44.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Birinci instansiyası məhkəməsinin qərarının ləğv olunması üçün əsas vardır. Odur ki, birinci instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində qərb hissəsində, C.Cabbarlı küçəsində yerləşən fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 334 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq bu barədə mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin üzərinə qoyulmalıdır. 45.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 46.Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində qərb hissəsində, C.Cabbarlı küçəsində yerləşən fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 334 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq bu barədə mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov