Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-241/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədovdan və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı “əmrin ləğvi, işə bərpa bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-673/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı xx xxxxxxx 2019-cu il tarixli 1000/1286Ş nömrəli əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2005-ci il tarixdən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən işə qəbul olunmuş, işlədiyi müddətdə bir dəfə də olsun intizam məsuliyyətinə cəlb olunmamış, heç bir vaxt əmək və icra intizamını pozmamış, məsul olduğu vəzifənin öhdəsindən tam gəlmişdir. xx.xx.2019-cu il tarixdən sərəncama götürülmüşdür. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin xx xxxxxxx 2019-cu il tarixli əmrinə əsasən ”Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 4-cü bəndinə istinad olunaraq iddiaçının xidmətinə xitam verilmişdir. İşəgötürən təşkilat onu işdən azad edərkən hüquqlarını pozulmaqla xidmətinə xitam vermişdir. Belə ki, sərəncamda olduğu dövrdə gömrük orqanlarına xeyli sayda işçi qəbul edilmiş, lakin ona gömrük orqanlarında digər vəzifəyə keçirilməsi ilə bağlı heç bir iş təklif olunmamış, əmr konkret olaraq əsaslandırılmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-673/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-673/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmşdir ki, məhkəmənin mülahizəsinə görə inzibati orqanın əmrinin qanuni və ya qanunsuz, əsaslı və ya əsassız olmasını iddiaçı sübut etməlidir. Məhkəmənin məhz elə bu yanaşması inzibati qanunvericiliyin maddi və prosessual normalarını kobud şəkildə pozmasına gətirib çıxarmışdır. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 14.1-ci maddəsinin tələblərinə müvafiq olaraq mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu heç bir halda sübut edə bilməmişdir. Həmin aktın qanuni və əsaslı olmasını təsdiq edən sənəd təqdim etmək əvəzinə, iddia ərzizəsinə etirazda iddiaçının “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 50-ci maddəsinə görə Komitənin sərəncamına götürülməsi və sərəncamda qalma müddəti ərzində qeyd edilən struktur bölmə üzrə vakant vəzifə olmadığından onun digər vəzifəyə keçirilməsinin mümkün olmamasını və bu səbəbdən həmin Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-ci bəndinə uyğun olaraq işdən azad olunduğunu qeyd etmişdir. Məhkəmə cavabdehdən xx.xx.2019-cu il tarixli əmrin əsasları ilə bağlı sübut tələb etməmiş, özü də bu sübutları əldə etməmiş, iddia tələbinə cavabdehin mülahizələri əsasında baxaraq hüquqi qiymət verməklə kifayətlənmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdi ki, Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768- İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 50-ci maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında tutduğu vəzifədən azad edildikdə Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi qaydada üç ayadək müddətdə Komitənin sərəncamında saxlanıla bilər. Eyni zamanda Dövlət Gömrük Komitəsinin fəaliyyət istiqamətləri, hüquq və vəzifələri, fəaliyyətinin təşkili və Komitə sədrinin səlahiyyətləri Azərbaycan Respublkası Prezidentinin 646 saylı xx.xx.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə” ilə müəyyən edilmişdir. Dövlət Gömrük Komitəsi üzrə təşkilat-ştat tədbirlərinin həyata keçirilməsinin əmrləşdirilməsi yuxarıda qeyd olunan Əsasnamədə nəzərdə tutulmadığından bununla bağlı Komitə tərəfindən hər hansı bir əmr qəbul edilməmişdir. Komitənin müvafiq əmri Komitənin sərəncamında olan İddiaçı sərəncamda olduğu müddət struktur bölmə üzrə vakant olmadığından onun digər vəzifəyə keşçirilməsi mümkün olmamışdır. Həmçinin İddiaçı Komitənin sərəncamında olduğu müddət ərzində digər vakant vəzifə olmadığından hər hansı digər vəzifə təklif olunmamış və bununla əlaqədar olaraq təklif edilən vəzifədən onun tərəfindən imtina edilməsi barədə Komitədə hər hansı bir sənəd mövcud deyildir. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı tələbi “əmrin ləğvi, onun işə bərpa edilməsi və məcburi işburaxmaya görə ona əmək haqqının ödənilməsi” barədə olmuşdur. İşə birinci instanisiya qaydasında baxmış məhkəmə iddiaçının gömrük orqanlarında xidmət etməsinə xitam verilməsi ilə bağlı cavabdeh tərəfindən hər hansı bir qanuna zidd hərəkətə yol verilməsinin müəyyən edilmədiyinə istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddiaçının iddiasını qərarında qeyd olunanlarla bağlı təmin etməməklə düzgün nəticəyə gəlməmişdir. İş materiallarından müəyyən olunbur ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Zirə dəniz gömrük postunun inspektoru olmuşdur, cavabdehin 2019-cu il 23 oktyabr tarixli 1000/1286Ş nömrəli əmri ilə "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən iddiaçının gömrük orqanlarında xidmətinə xitam verilmişdir. İlk olaraq, iddia tələbinin maddi-hüquqi əsasını “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin “Gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə xitam verilməsi üçün əsaslar” adlı 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndi təşkil edir. Həmin normaya görə, təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olarsa və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina edərsə, gömrük orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilə bilər. Normanın hüquqi təhlili göstərir ki, gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə yalnız bu maddədə təsbit olunan 13 halda xitam verilə bilən hallardan biri kimi 4-cü bəndə istinad olunaraq, gömrük orqanlarının vəzifəli şəxsinin xidmətinə xitam verilməsi, yəni bu bəndin dispozisiya şərtlərinə əməl olunması üçün: 1) vəzifəli şəxsin xidmətinə təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar xitam verilməlidir; 2) bu əsasla xitam verilmə, bir halda, vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsinin qeyri-mümkün olması ilə bağlı olmalı; 3) digər halda isə, vəzifəli şəxs ona təklif olunan hər hansı belə vəzifəyə keçirilməkdən imtina etməlidir. Sözügedən normanın dispozisiya şərtlərindən üçüncüsünə iş üzrə əməl olunmaması, yəni iddiaçıya bu məqsədlə hər hansı alternativ vəzifənin təklif olunmaması işin mübahisəsiz halıdır. Nə qədər ki, işin bu halı mübahisəsizdir, o halda, birinci instansiya məhkəməsinin araşdırması iddiaçının gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsinin qeyri-mümkün olmasının qanuniliyinin yoxlanılması ilə bağlı olmalı idi. Belə ki, cavabdehin mübahisəli əmri 1) inzibati orqan (DGK) tərəfindən 2) ümumi hüquq sahəsinə aid olan konkret məsələni (gömrük orqanlarında xidmətə xitam verilməsini) həll etmək məqsədilə qəbul edilmiş və 3) ünvanlandığı şəxs (gömrük orqanının vəzifəli şəxsi olan iddiaçı) üçün müəyyən hüquqi nəticələr yaradan (gömrük orqanlarında iddiaçının xidmətinə xitam verən) əmr formasında hakimiyyət tədbiri olduğu və bu baxımdan “İnzibati icraat haqqında” AR Qanununun 2.0.2-ci maddəsi anlamında inzubati akt sayıldığı üçün, hazırkı iddia, növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddihüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün iki şərtin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Lakin işdən görünür ki, cavabdehin mübahisəli inzibati aktının maddi-hüquqi cəhətdən qanuniliyi birinci instansiya məhkəməsi tərəfindən yoxlanılarkən məhkəmə, buna birbaşa zərurət olduğu halda, cavabdehdən 1000/1286Ş saylı xx.xx.2019-cu il tarixli əmrin əsasları ilə bağlı heç bir konkret sübut tələb etməmiş, özü bu sübutları əldə etməmiş, iddiaya yalnız cavabdehin mülahizələri əsasında hüquqi qiymət verməklə kifayətlənmişdir. Halbuki, İPM-in 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Eyni Məcəllənin 48.1-ci maddəsinə görə sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Bu mənada, əgər birinci instansiya məhkəməsi “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinin hüquqi nəticələri ilə cavabdehin mübahisəli əmrinin yaratdığı nəticələrin üst-üstə düşdüyü qənaətinə gəlmişdisə, bu qənaətini mötəbər dəlillərlə sübut etməli idi. Bu dəlillər ilk növbədə hansı təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar iddiaçının gömrük orqanlarında hansı vakant vəzifəyə keçirilməsinin hansı səbəblərdən qeyri-mümkün olması hallarını sənədləşdirməli idi. Lakin, qeyd olunduğu kimi, məhkəmə İPM-in 12-ci maddəsi ilə onun üzərinə qoyulan vəzifəni yerinə yetirməmiş, mübahisənin qanuni və əsaslı həllinə bilavasitə aidiyyəti olan zəruri sübutların cavabdeh tərəfindən təqdim olunması və özü tərəfindən toplanması ilə bağlı heç bir prosessual hərəkət etməmiş, bu qanunazidd hərəkətsizliyini, hətta, İPM-in 14.1-ci maddəsi ilə mübahisələndirmə haqqında iddialarda sübutetmə yükü qanunvericiliklə imperativ qaydada cavabdeh inzibati orqanın üzərinə qoyulmasına baxmayaraq, “İddiaçı əmrin əsassız və qanunsuz olmasını iddia etsə də, bu halı təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.” kimi yanlış mövqe ilə bərkitməyə çalışmışdır. Bu kontekstdə məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 132-ci maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının apellyasiya məhkəmələri qanunla onların səlahiyyətlərinə aid edilmiş işlər üzrə yuxarı instansiya məhkəmələridir. İMP-in “Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri” adlı 82-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Sadalanan normaların təhlili göstərir ki, inzibati mühakimə icraatı qaydasında baxılan mübahisələrdə zəruri sübutları toplamaq birinci instansiya məhkəməsinin tam (istisnasız) borcu olduğu halda, yuxarı instansiya məhkəməsi olan apellyasiya məhkəməsinin bu vəzifəsi nisbi xarakterlidir. Təsadüfi deyildir ki, qanunverici İPM-in 82-ci maddəsində sübutların apellyasiya məhkəməsi tərəfindən toplanmasından yox, bu yeni sübutların ona təqdim olunmasından bəhs etmişdir. Bu da özlüyündə o deməkdir ki, apellyasiya məhkəməsi yuxarı instansiya məhkəməsi olmasına istinad edərək ona təqdim olunan sübutları qəbul etməkdən, həmçinin, kassasiya instansiyasında olduğu kimi bu sübutları məzmunca müzakirə edib, onlara müvafiq hüquqi qiymət verməkdən imtina edə bilməz. İPM-in 82-ci maddəsində Məcəllənin 12-ci maddəsinə göndəriş edilməsi də apellyasiya instansiyası məhkəməsini zəruri sübutları toplamaq məsələsində birinci instansiya məhkəməsi ilə bərabərləşdirmir. Əgər belə bir halın mövcudluğu fərz olunsa idi, onda bu üç pilləli məhkəmə sistemi prinsipi ilə ziddiyyət təşkil edər, apellyasiya instansiyası məhkəməsinin yuxarı deyil də, növbəti məhkəmə kimi birinci instansiya məhkəməsinin yerinə keçərək, onu əvəz etməsi, sonuncunun isə formallığı anlamına gələrdi. Məhz bu yanlış münasibətin nəticəsidir ki, bir sıra işlərdə birinci instansiya məhkəmələri “apellyasiya instansiyası məhkəməsi ... işə ... sübutlar ... əsasında mahiyyəti üzrə tam həcmdə baxır” müddəasını səhv təfsir edərək, qanunvericiliklə onların bilavasitə əsas vəzifəsi kimi müəyyən edilmiş zəruri sübutları toplamaq borcunu bəzən görüntü üçün, bəzən tələm-tələsik yerinə yetirmək, bəzən isə hazırkı işdə olduğu kimi heç yerinə yetirməməklə işin əsl məhkəmə tədqiqatını apellyasiya müstəvisinə köçürməyə cəhd edirlər. Bunun nəticəsində də apellyasiya instansiyası məhkəmələri birinci instansiya məhkəmələrinin əvəzinə onların işini görməyə məcbur edilərək, yuxarı instansiya məhkəmələri kimi öz əsl funksiyalarından uzaqlaşmaqla, ədalət mühakiməsinin həyata keçirilməsində qanunla onların üzərinə düşən əsas vəzifələrin yerinə yetirilməsində çətinliklərlə üzləşirlər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında mülki işlər üzrə apellyasiya icraatının hədlərinə dair dolğun və müfəssəl şərh verilmişdir. Həmin Qərarda qeyd edilmişdir ki, “Apellyasiya institutu əksər dövlətlərin mülki-prosessual qanunvericiliyində öz əksini tapmış və onun iki növü nəzərdə tutulmuşdur: tam və natamam apellyasiya. Tam apellyasiya zamanı (Fransa, İtaliya) mövcud prosessual hüquqda nəzərdə tutulmuş apellyasiya icraatının əhəmiyyəti işə mahiyyəti üzrə yenidən baxılmasından, məqsədi isə məhkəmə səhvlərinin aradan qaldırılmasından və tərəflərin özlərinin yol verdikləri nöqsanların düzəldilməsindən ibarətdir. Tərəflər birinci instansiya məhkəməsinə təqdim edilmiş sübutlarla yanaşı, işi tamamilə dəyişə bilən yeni sübutlar təqdim etmək hüququna malikdirlər. Bu cür yanaşma nəticəsində apellyasiya məhkəməsi birinci instansiya icraatının nə qədər dolğun olmasına baxmayaraq, işi tam həll etməyə borcludur və onu birinci instansiya məhkəməsinə yenidən baxılması üçün qaytarmaq hüququna malik deyil. Apellyasiya instansiyasında işin faktiki halları tam həcmdə tədqiq olunur, birinci instansiya məhkəməsində olduğu kimi sübutların qiymətləndirilməsi üzrə eyni hərəkətlər aparılır. Natamam apellyasiya zamanı (Avstriya, Almaniya) isə sübutetmə prosesi birinci instansiya məhkəməsində cəmlənib, apellyasiya məhkəməsi isə birinci instansiyada tərəflərin təqdim etdiyi faktiki materiallar əsasında işə yenidən baxaraq onun səhvlərini və nöqsanlarını aradan qaldırmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, apellyasiya məhkəməsində yeni və əlavə sübutların təqdim olunmasında və yoxlanılmasındakı məhdudiyyətlər ölkəmizdə natamam apellyasiyanın olmasına dəlalət edir. Tam apellyasiyadan fərqli olaraq, natamam apellyasiya zamanı apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini əvəz etmir, onun vəzifəsi birinci instansiyada işin mahiyyətinə aid olmayan hallardan təmizlənmiş və apellyasiya şikayətinin həcmində mübahisənin predmetinə baxılmasından ibarətdir.” Bu baxımdan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərar ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Qeyd olunmalıdır ki, oxşar işlər üzrə apellyasiya instansiya məhkəməsinin yuxarıda göstərilən qaydada əsaslandırılmış hüquqi mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qəbul etdiyi qərarlarla da (2- 1(102)-2025/2020 saylı xx.xx.2020-ci il tarixli qərar) təsdiqlənmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasəjn Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-673/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İş inzibati məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Vidadi Məmmədov Namiq Cəfərov
Məhkəmə qərarları › İş №2-1(103)-241/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-241/2021
24.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver