Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-241/2023 03.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X3 Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X13 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X8 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı X3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 656/2022 saylı 01 iyun 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 03 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə **********649400 saylı xx.xx.2020-ci il tarixli qərarın surətindən müəyyən olunur ki, X5 (VÖEN: **********) 2019-cu il üzrə bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 840,00 manat vergi hesablanmışdır. Vergi borcunun ödənilməsinə dair **********9 saylı xx.xx.2020-ci il tarixli Bildirişin surətindən müəyyən olunur ki, X3 xx.xx.2020-ci il tarixə dövlət büdcəsinə ümumilikdə 1.027,32 manat, o cümlədən 840,00 manat vergilər üzrə; 0,00 manat maliyyə sanksiyası; 187,32 manat faizlər üzrə; 0.00 manat məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə borcu vardır. Hazırda iddiaçı X9 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia əizəsi ilə məhkəməyə müraciət edərək, ““Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə **********649400 saylı xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsi, hesablanmış borcun və faizlərin silinməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, ona (VÖEN **********) 840,00 manat məbləğində borc və 187,32 manat faiz olmaqla, cəmi 1.027,32 manat borc hesablanmışdır. Poçt vasitəsilə ona yanvar ayının sonunda gətirilmiş zərfdə olan qərar və bildirişdə göstərilmişdir ki, borc ona “bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı” qismində hesablanmışdır. O, hesablanmış vergilərin hardan və hansı sənədlərə əsasən hesablanmasını bilməmişdir. Belə ki, o, heç bir kommersiya fəaliyyəti ilə məşğul olmamışdır. Yəni, həmin borcun hesablanmasına səbəb olan sənədlərdən xəbəri olmamışdır. Onun hansısa sahibkarlıq fəaliyyəti mövcud deyildir, faktiki olaraq da heç bir fəaliyyətlə məşğul olmur. Bu səbəbdən də həmin borc əsassız hesablanıb və ləğv edilməlidir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, Xətai rayon Prokurorluğu tərəfindən Bakı şəhəri LGBİ-yə daxil olmuş xx.xx.2020-ci il tarixli məktuba əsasən baş idarənin Operativ vergi nəzarəti idarəsi tərəfindən aparılmış araşdırma nəticəsində X5 (VÖEN: **********) məxsus ünvan 3 ünvanda yerləşən avtoyuma təsərrüfat subyektində (obyektində) faktiki olaraq X1 (VÖEN: **********) sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəyyən olunmuşdur. Əlavə olaraq prokurorluq tərəfindən aparılan istintaq zamanı ünvan 4 ünvanda yerləşən avtoyuma məntəqəsinin sahibi X9 (VÖEN: **********) tərəfindən vergi qanunvericiliyinin tələbləri kobud surətdə pozulmaqla vergi ödəyicisi olmayan bir neçə vətəndaşa bir il müddətində aylıq 500 manat ödəmək şərti ilə həmin avtoyuma məntəqəsini heç bir icarə müqaviləsi bağlamadan icarəyə verildiyi müəyyən edilmişdir. Eyni zamanda, aparılan araşdırma zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2018-ci il tarixdə fəliyyətinin 5 il müddətində müvəqqəti olaraq dayandırmağına baxmayaraq, sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı dövrlərdə faktiki olaraq fəaliyyət göstərdiyi aşkar edilmişdir. Yuxarıda qeyd olunanlar vergidən yayınma halı kimi qiymətləndirilərək, vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********538100 nömrəli uyğunsuzluq məktubu göndərilmişdir. Kənarlaşma barədə göndərilmiş uyğunsuzluq məktubuna vergi ödəyicisi tərəfindən heç bir münasibət bildirilmədiyindən, 2019-cu ilin gəlir vergisi bəyannaməsi üzrə qeyri-sahibkarlıq fəaliyyətindən gəlir üzrə 840,00 manat (500 x 12 x 14%) məbləğində anoloji qaydada kameral hesablama aparılmaqla vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********649400 nömrəli qərar göndərilmişdir. Belə ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bu Məcəllənin 37.4-cü və 50.1.1- ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Qeyd olunan əlaqəli məlumatlar qismində qanunvericilik həmçinin, vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatları da özündə ehtiva edir. Yuxarıda qeyd olunanlardan aydın olur ki, vergi orqanı tərəfindən haqlı olaraq müvafiq vergi məbləği hesablanmış və əksini sübut edəcək sənədlər vergi ödəyicisi tərəfindən nə məhkəməyə, nə də vergi orqanına təqdim edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-656/2022 saylı 01 iyun 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı X9 tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq bildirilmişdir ki, o, heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul deyil və VÖEN-ni yoxdur. 2014-cü ildə özünə məxsus olan qeyri-yaşayış sahəsini satdığı üçün ona ƏDV hesablanmış və vergi orqanı tərəfindən məcburi qaydada VÖEN açılmışdır (VÖEN **********). O, həmin vergini ödəmişdir. Təqaüdçü evdar qadındır, hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. Həmin VÖEN o vaxtdan qalmışdır və onu bağlamaq (yaxud dayandırmaq) üçün dəfələrlə vergi orqanına yazılı müraciətlər də etmiş, lakin bu VÖEN-in parol və ya loqini onda yoxdur deyə, elektron qaydada bağlaya bilmir. Həmin iş üzrə cavabdehin 30 iyun 2021-ci il tarixli etirazında ona (VÖEN **********) verginin Bakı şəhəri Xətai Rayon Prokurorluğunun təqdimatı əsasında hesablanması qeyd edilmişdir. Lakin həmin təqdimatın verilməsinə əsas olmuş sənədlər məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, cavabdehin 30 iyun 2021-ci il tarixli etirazında guya ona aid obyektdə X1 (VÖEN **********) sahibkarlıq fəaliyyəti ilə məşğul olmasının müəyyən edildiyi bildirilir. O, heç bir kəsə icarəyə əmlak verməmiş, onunla heç bir şəxs arasında nə yazılı, nə də şifahi icarə münasibətləri olmamışdır, heç bir məbləğdə icarə haqqı və hər hansı ödənişlər almamışdır. Təqdimatdan məlumatı yoxdur, o, heç bir vaxt Xətai Rayon Prokurorluğunda olmamış, vergi orqanı da bununla bağlı onunla hər hansı araşdırma aparmamışdır. Apellyasiya şikayətinə dair yazılı etirazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış, əlavə olaraq bildirilmişdir ki, vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********538100 nömrəli uyğunsuzluq məktubu göndərilmişdir. Kənarlaşma barədə göndərilmiş uyğunsuzluq məktubuna vergi ödəyicisi tərəfindən heç bir münasibət bildirilmədiyindən, 2019-cu ilin gəlir vergisi bəyannaməsi üzrə qeyri-sahibkarlıq fəaliyyətindən gəlir üzrə 840,00 manat (500*12*14%) məbləğində anoloji qaydada kameral hesablama aparılmaqla vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********649400 nömrəli Qərar göndərilmişdir. Məhkəmə araşdırması zamanı məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********57 saylı, xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, ünvan 5 ünvanda qeyri-yaşayış binası (ümumi sahəsi 68 kv. metr) X4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Göründüyü kimi, cavabdeh vergi orqanı tərəfindən iddiaçı barəsində mübahisələndirilən qərar qəbul olunarkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37 və 67-ci maddələrinin tələblərinə əməl olunmuşdur. Hesab edilir ki, məhkəmə tərəfindən qəbul edilmiş qərar tam əsaslı və qanuni olduğundan qüvvədə saxlanılmalıdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X15 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə iddiaçı X3 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili Vəkil iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının tələbi “mübahisələndirmə haqqında” iddia növünə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2020-ci il tarixli qərarın iddiaçı tərəfindən nə vaxt alınması iş materialları ilə müəyyən olunmur. Cavabdeh orqan iddiaçı tərəfindən iddia ilə məhkəməyə vaxtında müraciət olunduğunu (xx.xx.2021-ci il tarixdə) mübahisələndirmir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətinə iddiaçı tərəfindən əməl olunmuş, bu baxımdan iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, iddiaçı X3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı tələbi ““Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə **********649400 saylı xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsi, hesablanmış borcun və faizlərin silinməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddia ərizəsində qeyd edilmiş formal əsasların mübahisələndirilən qərarın ləğvi üçün əsas ola bilmədiyinə istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Hazırki iş üzrə mübahisəli inzibati aktın qanuniliyi həm formal-hüquqi baxımdan, həm də maddi-hüquqi baxımdan yoxlanılarkən Kollegiya aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 37.1. kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2. kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.2-1. kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.6-cı maddəsinə əsasən kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. İş materiallarında olan MA seriyalı ******* saylıxx.xx.2012-ci il tarixli çxarışdan görünür ki, ünvan 6 ünvanda yerləşən, ümumi sahəsi 68.0 kv.m olan qeyri-yaşayış binası X6 xüsusi mülkiyyətindədir. Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında **********0 saylı arayışdan görünür ki, həmin qeyri-yaşayış sahəsi icarə obyekti kimi xx.xx.2022-ci il tarixdə uçota alınmışdır. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında **********334 saylı xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ünvan 3 ünvanda yerləşən obyektdə (moykadigər xidmətlərin göstərilməsi) xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək (xx.xx.2020-ci il tarix daxil olmaqla) operativ vergi nəzarəti həyata keçirilməsi qərara alınmışdır. Həmin operativ vergi nəzarətinin nəticələrinə dair xx.xx.2020-ci il tarixdə tərtib olunmuş aktın məzmunundan görünür ki, həmin yoxlama ünvan 6 ünvanda yerləşən moykada onu işlədən fiziki şəxs X7 barəsində tərtib olunmuşdur. Bakı şəhəri Xətai rayon Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinə ünvanlanmış xx.xx.2020-ci il tarixli təqdimatda qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi 6 ünvanında yerləşən avtoyuma məntəqəsinin sahibi X9 tərəfindən vergi qanunvericiliyinin tələbləri pozulduğuna görə tədbirləri kobud surətdə pozulmaqla vergi ödəyicisi olmayan vətəndaşlar X14, X11 və X2 1 il müddətində aylıq 500 manat ödəmək şərtilə həmin avtoyuma məntəqəsini heç bir müqavilə bağlamadan icarəyə götürərək işlətmişlər. Odur ki, avtoyuma məntəqəsinin heç bir müqavilə olmadan icarəyə verməklə vergi qanunvericiliyin tələblərini pozduğuna görə X9 barəsində müvafiq tədbirlər görülməli, habelə görülən tədbirlər barəsində qanunla nəzərdə tutulmuş bir ay müddətinə rayon Prokurorluğuna məlumat verilməlidir. Hazırki işlə bağlı cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında **********538100 saylı xx.xx.2020-ci il tarixli məktubdan qeyd edilmişdir ki, tərəfinizdən xx.xx.2018-ci il tarixdə fəliyyətinizi 5 il müddətində müvəqqəti olaraq dayandırmağınıza baxmayaraq, aparılan araşdırma nəticəsində sahibi olduğunuz ünvan 4 ünvanda yerləşən avtoyuma məntəqəsini 2019 və 2020-ci illər üzrə X14, X11 və X2 1 il müddətinə aylıq 500 manat ödəmək şərti ilə həmin avtoyuma məntəqəsini heç bir icarə müqaviləsi bağlamadan icarəyə vermiş və gəlir əldə etmisiniz. Qeyd olunanlara əsasən bildiririk ki, sahibkarlıq fəaliyyətiniz və ya digər vergi tutulan əməliyyatlarınızı müvəqqəti dayandırdığınız dövrlərdə faktiki olaraq fəaliyyət göstərdiyiniz müəyyən edilmiş və qeyd olunan dövrlər üzrə Sizdən qediyyatda olduğunuz vergi orqanına hesabatlar verməyiniz tələb olunur. Bundan sonra vergi orqanının qəbul etdiyi və hazırda mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə **********649400 saylı xx.xx.2020-ci il tarixli qərarına əsasən X5 (VÖEN: **********) 2019cu il üzrə bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 840,00 manat vergi hesablanmışdır. İddiaçı hazırda vergi orqanının onun barəsində qəbul etdiyi **********649400 saylı xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsini və həmin qərar əsasında hesablanmış vergilərin və faizlərin silinməsini tələb edir. Birinci instansiya məhkəməsi iddiaçının tələbinin təmin olunması qənaətinə gələrkən iddiaçı tərəfindən ona məxsus obyektin bir il (2019) müddətində ayrı-ayrı şəxslərə icarəyə verilməsinə, lakin dövlət büdcəsinə vergiləri ödəmədiyinə, buna görə də vergi orqanı tərəfindən həmin bir il üzrə kameral qaydada vergilərin hesablanmasının düzgün olduğuna istinad etmişdir. Məhkəmə kollegiyası araşdırmalar zamanı müəyyən etmişdi ki, iddiaçının mülkiyyətində olan və icarə obyekti kimi qeydiyyatdan keçmiş obyektin icarəyə verilməsinə baxmayaraq əldə olunmuş gəlirdən dövlət büdcəsinə vergilərin ödənilməməsi ilə bağlı hallar birinci instansiya məhkəməsi tərəfindən tam aydınlaşdırılmamışdır. Belə ki, işdə olan sənədlərdən göründüyü kimi, iddiaçıya məxsus olan və icarə obyekti kimi onun tərəfindən qeydiyyatdan keçirilən obyektə fiziki şəxsin fəaliyyətinin 5 il müddətinə dayandırılmasına baxmayaraq bir il üzrə (yəni 2019-cu il üzrə) icarəyə verilməsi ilə bağlı hər ayı 500 manatdan götürülməklə kameral qaydada iddiaçıya 840 manat (500x12=6000x14%=840 manat) gəlir vergisi hesablanmışdır. Halbuki yuxarıda da qeyd olunduğu kimi, kameral vergi yoxlamasının keçirilməsi üçün əsas Bakı şəhəri Xətai rayon Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinə ünvanlanmış xx.xx.2020-ci il tarixli təqdimat və həmin təqdimatın məzmununda qeyd olunan məlumatlar olmuşdur. Qeyd olunan təqdimatdakı məlumatlara əsasən iddiaçının mülkiyyətindəki əmlak təqdimatın verildiyi xx.xx.2020-ci il tarixə bir il müddətində (yəni xx.xx.2019-xx.xx.2020 dövründə) ayrı-ayrı şəxslərin icarəsində olmuş və iddiaçı bu icarə ilə bağlı gəlir əldə etmişdir. Belə olan halda vergi orqanı tərəfindən xx.xx.2020-ci il tarixdə kameral vergi yoxlaması üzrə qərar qəbul olunarkən gəlir vergisi iddiaçıya bütövlükdə 2019-cu il üzrə hesablana bilməzdi. Yəni, vergi orqanı ona Xətai rayon Prokurorluğunun verdiyi məlumatdan çıxış edərək iddiaçıya kameral qaydada gəlir vergisi hesablayarkən obyektin Təqdimatda qeyd olunduğu kimi, bir il müddətində, yəni xx.xx.2019-xx.xx.2020-ci illərdə icarədə olduğunu nəzərə almalı idi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinin tələbinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçıya gəlir vergisi Prokurorluq orqanının təqdim etdiyi məlumatlar üzrə 2019-cu ilin yalnız 3 ayı- oktyabr, noyabr və dekabr ayları üzrə hesablana bilərdi. Çünki, 2019-cu ilin oktyabr ayından əvvəlki aylar üzrə də iddiaçıya məxsus obyektin icarədə olması və iddiaçının bundan gəlir əldə etməsi faktı cavabdeh tərəfindən sübuta yetirilmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın iddiaçıya kameral qaydada hesabladığı 840 manat verginin yalnız 210 manat (500x3=1500x14%=210) hissəsi əsaslı olduğu üçün iddiaçının mübahisələndirdiyi xx.xx.2020-ci il tarixli qərar 630 manat (840-210=630) hissədə ləğv edilməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 101-ci maddəsinə əsasən bu Məcəllənin 101.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi vergi tutulan aylıq gəlirin məbləği 2500 manatadək olduqda verginin məbləği 14 faiz tutulur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırki işdə vergi orqanı iddiaçıya kameral qaydada hesabladığı 840 manat gəlir vergisinin 630 manat hissəsinin nə əsasla hesablandığını sübuta yetirə bilmədiyi üçün iddiaçının mübahisələndirdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə **********649400 saylı xx.xx.2020-ci il tarixli qərar 2019-cu ilin 3 ayıoktyabr, noyabr və dekabr ayları üzrə hesablanmış 630 manat gəlir vergisi hissəsində ləğv edilməli, həmin vergi borcu və ona hesablanmış faizlər silinməli, qərar 210 manat gəlir vergisinin hesablandığı hissədə əsaslı olduğu üçün həmin hissədə qərarın ləğv edilməsi ilə bağlı iddiaçının tələbi rədd edilməlidir. Bundan əlavə qeyd olunmalıdır ki, iddiaçının xx.xx.2020-ci il tarixli vergi orqanının qərarının göstərilən hissədə ləğv edilməsi ilə bağlı iddia tələbi əsaslı olduğu üçün həmin tələbə əlavə olaraq qoyduğu- ona hesablanmış 630 manat vergi borcu və hesablanmış faizlərin silinməsi barədə tələbi də əsaslıdır və təmin olunmalıdır. Beləliklə, hazırki işdə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə zəruri araşdırma aparılmadığından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən, ““vergi orqanının xx.xx.2020-ci il tarixli qərarının iddiaçıya 630 manat gəlir vergisinin hesablandığı hissədə ləğv edilməsi” barədə iddia tələbinin rədd edildiyi” hissədə ləğv edilməli, iddia həmin hissədə təmin edilməli, vergi orqanının xx.xx.2020-ci il tarixli qərarı “iddiaçıya 630 manat gəlir vergisinin hesablanması” hissəsində ləğv edilməli, bununla bağlı iddiaçıya hesablanmış 630 manat vergi borcu və ona hesablanmış faizlərin silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, qərar qalan “vergi orqanının xx.xx.2020-ci il tarixli qərarının iddiaçıya 210 manat vergi borcunun hesablandığı hissədə ləğv edilməsi və həmin vergi borcu və ona hesablanmış faizlərin silinməsi” barədə iddia tələbinin rədd edildiyi” hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 656/2022 saylı 01 iyun 2022-ci il tarixli qərarı qismən ləğv edilməli və iddia qismən təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X9 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-656/2022 saylı 01 iyun 2022-ci il tarixli qərarı qismən, ““vergi orqanının xx.xx.2020-ci il tarixli qərarının iddiaçıya 630 manat gəlir vergisinin hesablandığı hissədə ləğv edilməsi” barədə iddia tələbinin rədd edildiyi” hissədə ləğv edilsin. İddia həmin hissədə təmin edilsin. Vergi orqanının xx.xx.2020-ci il tarixli qərarı “iddiaçıya 630 manat gəlir vergisinin hesablanması” hissəsində ləğv edilsin. İddiaçı X5 hesablanmış 630 manat vergi borcu və ona hesablanmış faizlərin silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-656/2022 saylı 01 iyun 2022-ci il tarixli qərarı qalan- “vergi orqanının xx.xx.2020-ci il tarixli qərarının iddiaçıya 210 manat vergi borcunun hesablandığı hissədə ləğv edilməsi və həmin vergi borcu və ona hesablanmış faizlərin silinməsi” barədə iddia tələbinin rədd edildiyi” hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-241/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-241/2023
03.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver