Məhkəmə qərarları › İş №2-1(103)-241/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-241/2024

14.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-241/2024 14.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X3 və üçüncü şəxsin nümayəndəsi X5 iştirakı ilə, İddiaçıMMC-nin cavabdeh Bakı şəhəri Cavabdehə qarşı (üçüncü şəxs "xxxx" MMC) “sərəncamın iddiaçıya aid hissəsində ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2242/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ.İddiaçı MMC cavabdeh Bakı şəhəri Cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh Başçısının 356 saylı xx.xx.2018-ci il tarixli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırılmışdır: “...Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 nömrəli 25 fevral 2016-cı il tarixli “Bakı Şəhər Nərimanov rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi barədə” qərarını rəhbər tutaraq, Bakı Şəhər Cavabdeh Başçısının 296 saylı 16 iyul 2018-ci il tarixli “çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi haqqında” sərəncamı ilə Nərimanov rayonu Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülməsini və yerində yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə, 4,44 ha torpaq sahəsi İddiaçı MMC-nin daimi istifadəsinə verilmişdir. Sərəncam verildikdən sonra, “X6" MMC tərəfindən ərazini layihələndirilmə-planlaşdırma işlərinə başlanılmış və ərazinin tikinti-planlaşdırma eskizi və izahat yazısı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb təsdiq edilmiş, o cümlədən, ərazidə yerləşən yaşayış və qeyriyaşayış sahələrinin mülkiyyətçiləri ilə danışıqlar apararaq, böyük bir qismi ilə ilkin razılaşmalar əldə edilmiş, layihə-axtarış işlərinə başlanılmış, mühəndis kommunikasiya xətlərin müəyyən edilməsi, yerin ekoloji xüsusiyyətlərin öyrənilməsi, yaşıllıqların köçürülməsi və s. işlərlə məşğul olunmağa başlanılmışdır. xx.xx.2020-ci il tarixdə Cavabdehə rəsmi ərizə ilə müraciət edərək tikintiyə icazə barədə sərəncamın, xüsusi nişanın və digər müvafiq razılıqların verilməsi zərurətini nəzərə alaraq köməklik göstərilməsini xahiş etmişlər. Bu zaman,"xxxx" MMC adlı bir şirkət ərazini hasara almağa başlamış və şifahi olaraq bildirdiyinə görə, həmin ərazi İcra Hakimiyyəti tərəfindən sərəncamı ilə onlara ayrılmışdır. Dərhal Azərbaycan Respublikası Nazirlər Kabinetinə və Cavabdehə teleqrammalar vuraraq, məsələyə aydınlıq gətirilməsini, pozulmuş hüquqların bərpa edilməsinə köməklik göstərmələrini xahiş edilmişdir. Lakin cavab verilmədiyi üçün, təkrar həmin orqanlara müraciətdən sonra xx.xx.2020-ci il tarixdə poçtla daxil olmuş Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 7-163/2 saylı xx.xx.2020-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, Cavabdehin 356 saylı xx.xx.2018ci il tarixli sərəncamı ilə İddiaçı MMC-yə verilmiş 296 saylı 16 iyul 2018-ci il tarixli sərəncam ləğv edilmişdir. Cavabdeh tərəfindən İddiaçı MMC-yə heç bir bildiriş, xəbərdarlıq edilmədən, hər hansı irad bildirilmədən, xx.xx.2018-ci il tarixdə İddiaçı MMC-nin adına verilmiş sərəncam ləğv edilir və bu barədə məlumat verilmir. Cəmi 2 ay yarımdan sonra şirkətə verilmiş sərəncamı hər hansı səbəb, əsas göstərilmədən, qısa müddət ərzində ləğv edilməsi heç bir hüquqi məntiqə, anlayışa, qanuna sığmır. Halbuki göstərilən tarixdən sonrada tərəflərindən ərazidə, Cavabdeh və digər müvafiq təşkilatlarla müvafiq işlər görülmüşdür. Sərəncamın ləğv olunması barədə onlara bildirilməmiş, gizli saxlanılmışdır ki, elə bu halın cavabdehin saxtakarlığa yol verdiyinin, açıq-aşkar qanunvericiliyin tələblərini pozduğunun bariz nümunəsidir. Ona görə də cavabdehin mübahisələndirilən 356 saylı, xx.xx.2018-ci il tarixli sərəncamı əsassız və qanunsuz hesab edilərək ləğv olunmalıdır...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2242/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçının müraciətinə əsasən AR Nazirlər Kabinetinin 86 nömrəli 25 fevral 2016-cı il tarixli qərarı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitunun xx.xx.2018-ci il tarixli 01/06-64 nömrəli məktubu ilə ərazinin tikinti planlaşdırma eskizini nəzərə alaraq, Torpaq Məcəlləsinin, Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq bəndlərinin tələblərini rəhbər tutaraq Cavabdeh Başçısının 296 saylı 16 iyul 2018-ci il tarixli "çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi haqqında" sərəncamı ilə Nərimanov rayonu Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülməsini və yerində yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə 4,44 ha torpaq sahəsi MMC-yə ayrılmışdır. Həmin torpaq sahəsinin geri alınmasına isə heç bir hüquqi əsas olmamış, əksinə, 356 saylı xx.xx.2018-ci il tarixli sərəncamla əvvəlki sərəncamın ləğv olunması tam qanunsuz olmuşdur. Məhkəmə Nərimanov rayonu Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülməsini və yerində yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə 4,44 ha torpaq sahəsinin iddiaçı MMC-yə ayrılması barədə Bakı Şəhər Cavabdeh Başçısının 296 saylı 16 iyul 2018-ci il tarixli Sərəncamının verilməsini nəzərə almadan qərar qəbul etmişdir. Yəni, məhkəmə işə baxarkən qeyd olunan torpaq sahəsinə 356 saylı sərəncamdan əvvəl iddiaçının hüquqlarının olması barədə Cavabdeh Başçısının 296 saylı Sərəncamının mövcud olmasına hüquqi qiymət verməmişdir. 356 saylı xx.xx.2018-ci il tarixli sərəncamla iddiaçıya verilmiş 296 saylı 16 iyul 2018ci il tarixli sərəncamın, cəmi 2 ay yarımdan sonra hər hansı səbəb, əsas göstərilmədən, qısa müddət ərzində ləğv edilmişdir. Cavabdehin 356 saylı xx.xx.2018-ci il tarixli sərəncamı heç bir məntiqə və qanuna sığmır. Həmin Sərəncamda 296 saylı Sərəncamın ləğv edilməsi ilə bağlı tutarlı əsaslar, işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar göstərilməmişdir. Halbuki iddiaçı ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri ilə danışıqlar apararaq, böyük bir qismi ilə ilkin razılaşmalar əldə etmiş, həmçinin iddiaçı tərəfindən layihə-axtarış işlərinə başlanılmış, mühəndis kommunikasiya xəttlərinin müəyyən edilməsi, yerin ekoloji xüsusiyyətlərinin öyrənilməsi, yaşıllıqların köçürülməsi və s. işlərlə məşğul olunmağa başlanılmışdır. Cavabdeh İnzibati icraat haqqında Qanunun 62.4-ci maddəsinə (İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur) əsasən iddiçıya məlumat verməli olduğu halda, heç bir məlumat vermədən, bildiriş, xəbərdarlıq etmədən, hər hansı irad bildirmədən xx.xx.2018-ci il tarixdə iddiaçı MMC-nin adına verilmiş sərəncamın ləğv edilməsi barədə sərəncam verir və bu barədə iddiaçıya heç bir məlumat vermir. Yalnız, iddiçının təkrar-təkrar müraciətlərindən sonra, nəhayət xx.xx.2020-ci il tarixdə poçtla daxil olmuş Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 7-163/2 saylı xx.xx.2020-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Cavabdehin 356 saylı xx.xx.2018ci il tarixli sərəncamı ilə MMC-yə verilmiş 296 saylı 16 iyul 2018-ci il tarixli sərəncam ləğv edilmişdir. İddiaçı həmin məktubla sərəncamın ləğv olunmasından xəbər tutmuşdur. Göründüyü kimi, cavabdehin heç özü də iddiaçıya cavab verməmiş, çoxsaylı müraciətlərdən sonra Bakı Şəhər İcra Hakimiyyəti bizə cavab vermişdir. Halbuki həmin tarixlərdə ərazidə Nərimanov RİH ilə müvafiq işlər görülmüşdür. Sərəncamın ləğv olunması barədə iddiaçıya bildirilməmiş, gizli saxlanmışdır. Buna görə də, Cavabdehin 356 saylı xx.xx.2018-ci il tarixli sərəncamı hüquqi qüvvəyə minməmiş və hüquqi cəhətdən etibarlı sayılmır. 296 saylı 16 iyul 2018-ci il tarixli sərəncamın 2.1-ci bəndində göstərilmişdir ki, iddiaçıya ayrılmış torpaq sahəsini yerində qəbul etsin və onun sanitar vəziyyətinə nəzarət etsin. Yəni, torpaq sahəsi iddiaçının sahibliyinə verilmişdir. Lakin, sonradan heç bir əsas olmadan cavabdeh tərəfindən iddiaçının sahiblik hüququ pozularaq 356 saylı xx.xx.2018-ci il tarixli sərəncamı ilə iddiaçıva verilmiş 296 saylı 16 iyul 2018-ci il tarixli sərəncam ləğv edilmişdir. Həmin Sərəncamın 2.2-ci bəndində göstərilmişdir ki, ayrılmış torpaq sahəsinə iddiaçı tərəfindən qanunda nəzərdə tutulmuş qaydada istifadə hüququ əldə edilsin. Heç bir əsas olmadan Cavabdeh tərəfindən həmin Sərəncamın ləğv edilməsi ilə iddiaçının torpaq sahəsinə dair idtifadə hüquqları pozulmuşdur. Məhkəmə işə baxarkən 296 saylı 16 iyul 2018-ci il tarixli Sərəncamına əsasən 4,44 ha torpaq sahəsinin iddiaçının daimi istifadəsinə verilməsini, iddiaçının ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri ilə danışıqlar aparmasını, böyük bir qismi ilə ilkin razılaşmalar əldə etməsini, həmçinin iddiaçı tərəfindən layihə-axtarış işlərinə başlanılmasını, yerin ekoloji xüsusiyyətlərin öyrənilməsini və s. işlərlə məşğul olunmasını, cəmi 2 ay yarımdan sonra iddiaçının adına verilmiş sərəncamının hansı səbəbdən qısa müddət ərzində ləğv edilməsini, Cavabdehin iddiçıya heç bir məlumat vermədən gizli olaraq iddiaçının adma verilmiş sərəncamın ləğv edilməsini araşdırmamışdır. Cəmi, 2 ay yarımdan sonra 4,44 ha torpaq sahəsinin iddiaçının daimi istifadəsinə verilməsinə dair cavabdehin 296 saylı 16 iyul 2018-ci il tarixli Sərəncamının hansı səbəbdən və nəyə görə qısa müddət ərzində ləğv edilməsi sübut edilməmişdir. Yəni, Cavabdehin 356 saylı xx.xx.2018-ci il taıixli sərəncamının qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu cavabdeh sübut etməmişdir…» Bakı Apellypasiya Məhkəməsinin İnzibati Kollejgiyasının 2-1(103)-1584/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1000/2023 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Ali Məhkəmənin hüquqi mövqeyinə görə, şəxsə münasibətdə qəbul edilmiş əlverişli qərarın ləğvi və ya dəyişdirilməsi ilə bağlı mübahisənin mahiyyəti üzrə qərar qəbul edərkən məhkəmə, cavabdeh tərəfindən həmin sərəncamın qəbulu üzrə icraatın təzələndiyini, təzələnmiş inzibati icraatda maraqlı şəxsin icraata cəlb edildiyini və onun dinlənilmə hüququnun təmin olunduğunu və qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni sərəncamın qəbul edildiyini yoxlamalıdır. Lakin cavabdeh tərəfindən qeyd edilən prosedur qaydalara əməl olunduğu iş üzrə materiallardan görünmür. Halbuki “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş prosedur qaydalar və tələblər şəxsi müdafiə funksiyasına da malikdir və bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir (bununla bağlı bax: Ali Məhkəmənin 2-1(102)-1507/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli qərarı (b.39). Hazırkı iş üzrə iddiaçı ilə "xxxx" MMC arasında hər hansı hüquqi bağlılıq müəyyən edilməsə də, iddiaçı cavabdehin xx.xx.2018-ci il tarixli 356 nömrəli sərəncamının tam ləğvini tələb edir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin hal apellyasiya məhkəməsi tərəfindən araşdırılmamış, İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbinə uyğun olaraq, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı iddiaçıya müvafiq yardım göstərilməmişdir…» (b.41) İşə təkrar apellyasiya qaydasında baxılarkən, Ali Məhkəmənin qərarıdan irləi gələn göstərişləri nəzərə alınmaqla, iddiaçı, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Bakı şəhəri Cavabdeh Başçısının 356 saylı xx.xx.2018-ci il tarixli sərəncamını ona aid hisəsində -İddiaçı MMC tərəfindən «Çoxmənzilli yaşayış binalarının layihələndirilməsi haqqında» Nərimanov RİH başçısının xx.xx.2018-ci il tarixli 296 nömrəli sərəncamı hüquqi qüvvədən düşmüş hesab edilməsi» - hissəsində (1.2ddinin) ləğv edilməsi haqqında” qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 26 yanvar 2024-cü il tarixli məktubu ilə iddiaçının dəqiqləşdirilməsi barədə həmin ərizəsi, münasibət bildirilməsi üçün cavabdeh orqana göndərilmiş, eyni zamanda, Ali Məhkəmənin qeyd olunan göstərişləri çərçivəsində məhkəmənin eyni tarixli, digər bir sorğusu ilə cavabdeh Nərimanov RİB-nın mübahisələndirilən 356 saylı xx.xx.2018-ci il tarixli sərəncamının qəbul edilməsi ilə bağlı inzibati icraat materiallarının və iddiaçının həmin icraata dəvət olunub-olunmaması barədə məlumatın Bakı Apellyasiya Məhkəməsinə təqdim olunması tələb olunmuşdur. İşin təkrar apellyasiya qaydasında baxılması üzrə məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak cavabdehin nümayəndəsi X7 məhkəmənin sorğusuna dair 14 mart 2024-cü il tarixli cavab məktubunu məhkəməyə təqdim edərək icra 2019-cu il tarixədək qəbul olunmuş sərəncamların arxivə təhvil verildiyini, ərizələrin 5 ildən, məktubların isə 3 ildən məhv edildiyini bildirərək, ilkin sərəncamla tapşılırlmış vəzifələrin öhdəsindən gəlmədiyi üçün mübahisələnirilən sərəncamla həmin sərəncamın ləğv edildiyini bildirərək, birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X5 da iddiaçının apellyasiya şikaytinə etirazını bildirərək, hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qüvvəsində saxlanılmalıdır. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddiaçının dəqiqləşdirilmiş iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Prezidentinin «Yerli icra hakimiyyəti haqqında» Əsasnamənin: 3.9.6-1-ci bəndinə əsasən yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada sığortalanmasına nəzarət edir. 3.9.7-ci bəndinə əsasən qəza vəziyyətində olan yaşayış sahələrinin bərpası üçün tədbirlər görür. 3.11.3-cü bəndinə əsasən rayon planlaşdırma sxemlərini və layihələrini, rayonun şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin baş planlarını, yaşayış məntəqələrinin, onların ayrı-ayrı funksional zona və qovşaqlarının müfəssəl planlaşdırma layihələrini (ərazinin tikinti-planlaşdırma layihələri) təsdiq edir. 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin V hissəsinə uyğun olaraq, yerli icra hakimiyyəti orqanları qanunvericilik sisteminə daxil olan aktlara zidd olmayan normativ xarakterli aktlar qəbul edə bilərlər. 6.2-ci bəndinə əsasən yerli icra hakimiyyəti orqanlarının normativ xarakterli aktları onlar tərəfindən qəbul edilmiş, məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir. Yerli icra hakimiyyəti orqanlarının normativ xarakterli aktları qərar formasında qəbul edilir. İşin hallarından aydın olur ki, cavabdeh inzibati orqan idiaçının müraciətinə əsasən Bakı Şəhər Nərimanov rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 nömrəli 25 fevral 2016-cı il tarixli “qərarını rəhbər tutaraq: - Bakı Şəhər Cavabdeh Başçısının 296 saylı 16 iyul 2018-ci il tarixli “çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi haqqında” sərəncamı ilə Nərimanov rayonu Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülməsini və yerində yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə, 4,44 ha torpaq sahəsi İddiaçı MMC-nin daimi istifadəsinə verilmişdir. Lakin cavabdeh həmin ilkin sərəncamını 2 ay yarım keçdikdən sonra, 356 saylı xx.xx.2018-ci il tarixli digər bir sərəncamı ilə ləğv etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələnditrilən ilkin sərəncamın ləğv edilməsi qanunsuzdur. Belə ki, «Yerli icra hakimiyyəti haqqında» Əsasnamənin 6.6-cı bəndinə əsasən normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar həmin akta daxil edilmiş normalara zidd olan və ya faktiki olaraq əhəmiyyətini itirən, yaxud yerli icra hakimiyyəti orqanının yeni normativ xarakterli aktı qəbul etməsi ilə əlaqədar həmin akta daxil edilmiş normalara zidd olan və ya bu normalarla əhatə olunan, yaxud faktiki olaraq əhəmiyyətini itirən həmin yerli icra hakimiyyəti orqanının bütün normativ xarakterli aktları və ya onların struktur elementləri ləğv edilməlidir. Əsasnamənin qeyd olunan müddəasından göründüyü kimi, 2 halda yerli icra hakimiyyəti orqanının normativ xarakterli aktları və ya onların struktur elementləri ləğv edilə bilər:

1. normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar həmin akta daxil edilmiş normalara zidd olan və ya faktiki olaraq əhəmiyyətini itirən, yaxud yerli icra hakimiyyəti orqanının yeni normativ xarakterli aktı qəbul etməsi ilə əlaqədar həmin akta daxil edilmiş normalara zidd olsun və ya,

2. bu normalarla əhatə olunan, yaxud faktiki olaraq əhəmiyyətini itirmiş olsun. Konkret halda, “çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi haqqında” 296 saylı 16 iyul 2018-ci il tarixli ilkin sərəncamının əsaslandırıldğı hallardan isə görünır ki, cavabdehin həmin sərəncamı «Yerli icra hakimiyyəti haqqında» Əsasnamənin yuxarıda qeyd olunan 3.9.6-1, 3.9.7, 3.11.3, 6.1-6.2-ci bəndlərinin tələbləri baxımından və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 nömrəli 25 fevral 2016-cı il tarixli “Bakı Şəhər Nərimanov rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi barədə” normativhüquqi aktınının (Qərarının) qəbul edilməsi ilə əlaqədar üzərinə düşən öhdəliyi çərçivəsində qəbul olunmuşdur. Belə ki, həmin vaxt qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 nömrəli 25 fevral 2016-cı il tarixli Qərarının 1-ci bəndi, o cümlədən, nəzərdə tuturdu ki, Nərimanov rayonu üzrə aşağıdakı vəzifələrin 5 il müddətində həyata keçirilməsi cavabdeh tərəfindən təmin edilməsi tapşırılmışdır: -11031 nəfərin yaşadığı 3028 mənzildən ibarət 219 yaşayış binasının yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanması və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitekturra Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə, yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini, öz vəsaitləri hesabına və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını, yaşayış binasını tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilinədək bu binalardan köçürülən sakinlərinə müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması ilə bağlı məsələlərin həyata keçirilməsi…(və s.) Göründüyü kimi, cavabdehin ilkin sərəncamı - «Yerli icra hakimiyyəti haqqında» Əsasnamənin qeyd olunan 3.9.6-1, 3.9.7, 3.11.3, 6.1 - 6.2-ci bəndləri və Nazirlər Kabinetinin sözügedən 86 nömrəli 25 fevral 2016-cı il tarixli Qərarı ilə cavabdeh yerli icra hakimiyyəti orqanının üzərinə düşən vəzifəlrinin icrasından irəli gələrək, tikinti şirkəti olan İddiaçı MMC-nin müvafiq müraciəti əsasında qəbul olnmuşdur. Başqa sözlə, sərəncamın qəbulunu zəruri edən faktiki şərtlər mövcud olmuşdur. Cavabdeh tərəfdən həmin sərəncamın 2 ay yarımdan sonra ləğv edilməsini ehtiva edən mübahisələndirilən sərəncamın inzibati icraat haqqında hüquq normalarının tələblərinə riayət olunduğu müəyyən edilmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsinin tələbinə görə inzibati orqan qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsidir. Həmin Qanunun 36.3-cü maddəsi isə nəzərdə tutur ki, isə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 5.1.1-ci maddəsinin tələbinə görə isə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. İşə əlavə olunmuş xx.xx.2018-ci il tarixli mübahisələndirilən sərəncamdan görünür ki, həmin sərəncamla xx.xx.2018-ci il tarixli ilkin sərəncam hüquqi qüvvədən düşmüş hesab edilərkən, cavabdeh bunun səbəbi olaraq qeyd etmişdir ki, uzun müddət keçməsinə baxmayaraq, İddiaçı MMC tərəfindən hazırkı tarixə müvafiq sənədləşdirmə və razılaşma işləri başa çatdırılmamış, əhalinin köçürülməsi, ərazinin hasara alınması və tikinti işlərinə başlanılmamış və ümumiyyətlə sözgedən ünvanlarda təqdim olunmuş layihələrə uyğun olaraq binaların tikintisi məsələsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi rəhbərliyinin, şəhərsalma prinsipləri və əhali sıxlığı əmsallarında ciddi riayət olunması barədə son tövsiyələri ilə ziddiyyət yaratmışdır. Birincisi, həmin sərəncamı qəbul edərkən, cavabdehin inzibati orqan olaraq inzibati icraat başladığı və bu barədə iddiaçıya bildirş göndərdiyi, onu xəbərdar etdiyi və onun inzibati icraatda iştirakını etdiyi sübuta yetirilmir. Belə ki, bununla bağlı cavabdeh tərəfindən həm əvvəlki mərhələdə, həm də hazırkı məhkəməyə hər hansı bir sənəd-sübut təqdim olunmamışdır. Konkret halda, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunan müvafiq məhkəmə sorğusuna 14 mart 2024-cü il tarixli cavab məktubuna gəldikdə, cavabdehin həmin məktubunda aşağıdakılar bildirilir: «…Nərimanov RİH başçısının xx.xx.2019-cu il tarixinədək qəbul edilmiş sərəncamları Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verilmişdir. …Azərbaycan Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 32 nömrəli sərəncamına əsasən yerli icra hakimiyyəti başçıları tərəfindən təsdiq edilmiş iş nomenklaturasına uyğun olaraq, ərizələr 5 ildən, məktublar isə 3 ildən sonra məhv edilir.» Məhkəmə kollegiyası bununla bağlı birincisi qeyd edir ki, hər iki sərəncamı işdə mövcuddur və mövcud olduğu məzmunda tərəflər onu qəbul edir. Başqa sözlə, həmin sərəncamların arxivdən əldə olunması zərurəti yoxdur. Konkret halda araşdırılması zəruri olan məsələ, cavabdeh tərəfindən ikinci sərəncam qəbul edilərkən inzibati icraatın aparılmasını təsdiq edən sübutetmə vasitələrinin (inzibati icraatın aparıldığını ehtiva edən müvafiq inzibati akt, bu barədə iddiaçıya ünvanlanan və onun inzibati icraatda iştirakının təmin edilməsinə yönələn bildiriş, maraqlı şəxs kimi onun mövqeyini əks etdirən digər sənəd, inzibati icraatın rəsmiləşdirildiyi protokol və s.) məhkəməyə təqdim olunması təşkil edir ki, bununla bağlı cavabdeh məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilmir. Qeyd edilməlidir ki, inzibati icraatın aparıldığını sübut etmək vəzifəsi məhkəmənin vəzifəsi deyil, məhz cavabdeh inzibati orqanın öz üzərinə düşən bir öhdəliyidir. Əslində əgər mübahisələndirilən sərəncamın qəbul edilməzdən əvvəl inzibati icraat aparılsaydı, bundan iddiaçı da vaxtında xəbər tutardı. Ərizə, bildiriş, sair məktubların 3 və ya 5 il saxlanılma müddəti olduğuna görə məhv edilməsinə gəldikdə həmin hallar cavabdehi sübutetmə vəzifəsindən azad etmir. Birincisi, “Yerli icra hakimiyyəti haqqında” Əsasnamənin 3.1.9-cu bəndinə əsasən yerli icra hakmiyyətinin başçısı şəhəri, rayonu, şəhər rayonunu dövlət orqanları ilə və digər qurumlarla münasibətlərdə, habelə rəsmi protokol tədbirlərində təmsil edir; 3.1.10cu bəndinə əsasən müvafiq ərazidə arxiv işi üzrə dövlət idarəetməsini həyata keçirir, yerli icra hakimiyyəti başçısının aparatında, inzibati ərazi dairələri üzrənümayəndəliklərində, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, yanında olan orqanlarda və tabeliyində olan hüquqi şəxslərdə arxiv işini təşkil edir, o cümlədən sənədlərin mühafizəsini, müvəqqəti mühafizə müddətləri başa çatdıqdan sonra arxiv fondu sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya uyğun olaraq daimi dövlət mühafizəsinə təhvil verilməsini təmin edir. İkincisi, İPM-in 14.1-ci maddəsinin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbuledilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmçinin, iddiaçının iştirkı və xəbəri olmadan qəbul olunmuş mübahisələndirilən sərəncamın inzibati hüquq normalarına uyğun olaraq əsaslandırıldığı da müəyyən olunmur. Halbuki, «İnzibati icraat haqqnıda» Qanunun isə inzibati akta olan tələblərinə görə: 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Həmin Qanunun 61-ci maddəsinə əsasən: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Mübahisələndirilən sərəncamda əvvəlki sərəncamın hüquqi qüvvədən düşmüş hesab edilərkən cavabdeh tərəfindən burada səbəb kimi 3 əsas gətirilir: 1.İddiaçı MMC tərəfindən hazırkı tarixə müvafiq sənədləşdirmə və razılaşma işləri başa çatdırılmaması;

2. əhalinin köçürülməsi, ərazinin hasara alınması və tikinti işlərinə başlanılmaması;

3. təqdim olunmuş layihələrə uyğun olaraq binaların tikintisi məsələsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi rəhbərliyinin, şəhərsalma prinsipləri və əhali sıxlığı əmsallarında ciddi riayət olunması barədə son tövsiyələri ilə ziddiyyət yaratması. Birincisi, praktik baxımdan irad tutulan 1-ci və 2-ci hallarda nəzərdə tutulan işlərin 2 ay yarım ərzində iddiaçı tərəfindən görülüb başa çatdırılması mümkünlüyü istisna olunur. Belə ki, mübahisəlndirilən sərəncamla ləğv edilən ilkin sərəncamın 2-ci bəndi ilə iddiaçının üzərinə qoyulmuş aşağıdakı: -torpaq sahəsinin yerində qəbul edilməsi və onun sanitar vəziyyətinə nəzarət edilməsi; -ayrılmış torpaq sahəsinə iddiaçı tərəfindən qanunda nəzərdə tutulmuş qaydada istifadə hüququnun əldə edilməsi; -ərazinin və obyektin memarlıq-planlaşdırma həllinin layihələndirmə ərəfəsində RİH ilə razılaşdırılması; layihəyə Fövqəladə Hallar Nazirliyinin Təsisatdankənar Dövlət Baş Ekspertiza İdarəsindən xüsusi rəyin alınması; -layihə-axtarış işləri aparılarkən mühəndis kommunikasiya xətlərinin aşkar edildiyi təqdirdə, Baş Plan işlənməzdən əvvəl RİH və əlaqədar təşkilatlarla razılaşdırmaqla həmin kommunikasiya xətlərinin köçürülməsi; -Həsənoğlu küçəsi 12, 12a, 14, 14a, 16, 16a, 83a, 85a və A.M.Cümə küçəsi 11, 11a nömrəli yaşayış binalarının sakinlərinin qarşılıqlı razılaşma əsasında, yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə, müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi) adıçəkilən sərəncamda nəzərdə tutulmuş tikinti obyektlərinə müvafiq icazənin alınması kimi – vəzifələrin yerinə yetirilməsi üçün müəyyən yetərli zaman kəsiyi tələb olunur ki, həmin zaman kəsiyində göstərilən şərtlərin icrasının təmin olunması mümkün olsun. Konkret halda isə ilkin sərəncamın qəbulundan sonra 2 ay yarım müddət ərzində həmin şərtlərin yerinə yetirilməsinin mümkünlüyündən söhbət gedəbilməz. Çünki, ən azından, Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 348 No-li Fərmanı ilə təsdiq edilmiş “Tikinti layihələrinin ekspertizadan keçirilməsi “Qaydalarının 4.6cı bəndin əsasən tikinti layihələri ekspertiza müəssisəsi ilə sifarişçi arasında bağlanmış müqavilə əsasında ekspertizadan keçirilir; 6.1-ci bəndinə əsasən tikinti layihələrinin ekspertizası başlanmış müqavilənin qüvvəyə mindiyi andan 20 gün müddətində keçirilir; Siyahısı Azərbaycan Respubllikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən mürəkkəb-texniki və ya təhlükə potensiallı obyektlərin, komplekslərin və bu qəbildən olan başqa tikinti obyektlərinin layihələrinin ekspertizadan keçirilməsi müddəti 3 ayadək uzadılır. Digər tərəfdən, tikinti ərazisində mühəndis kommunikasiya xətlərinin aşkar edildiyi təqdirdə, əlaqədar təşkilatlarla razılaşdırmaqla, həmin kommunikasiya xətlərinin köçürülməsi, eləcə də, orada yerləşən yaşayış binalarının sakinlərinin qarşılıqlı razılaşma əsasında, yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə, onların müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi və s bu kimi məsələlərinin də 2 ay yarım ərzində həll edilə bilən məsələlər koteqoriyasına aid edilməsi istsna olunur. Ümumiyyətlə, məhkəmə praktikasında rast gəlinən hal ondan ibarətdir ki, tikinti ərazisində yaşayan sakinlərin köçürülməsi məsələləri hətta bir ildən də çox zaman çərəçivəsidə də öz həllini tapmır. Bu da ondan irəli gəlir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1-ci maddis isə nəzərədə tutur ki, 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqavilələr azadlığı; 6.1.6. şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi; 6.1.7. mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; 6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 6.1.9. mülki hüquqların məhkəmə müdafiəsi. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ əmlak hhüquq sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Göründüyü kimi, iddiaçı tikinti şirkəti olaraq mülki qanunvericiliyin qeyd ounan tələblərinə riayət edərək sakinlərin hüquqları nəzərə alınmaqla, onlarla müvafiq qarşılıq razılaşmalar əldə etmək zorundadır ki, bütün bunların da qısa zaman çərçivəsində, o cümlədən, 2 ay yarım ərzində həyata kçirilməsi, sadəcə olaraq, ağlabatan hesab oluna bilməz. Beləliklə də, mübahisələndirən sərəncamın iddiaçıya aid hissəsində maddi və inzibati icraat haqqında hüquq normalarının pozulması ilə qəbul olunduğu sübuta yetirilir. Belə olan halda həmin hissədə iddiaçının qanunla qornunan hüquqları pozulmuş olur. Belə olan halda, “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin, birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2242/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməli, iddiaçının dəqiqləşdirilmiş iddia tələbinin təmin edilməsi və cavabdeh Bakı şəhər Cavabdeh Başçısının 356 nömrəli xx.xx.2018-ci il tarixli sərəncamının ona aid 1.2-ci bəndi hisəsində ləğv edilməsi barədə yeni qərar çıxarılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-nin 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:

İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2242/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. Cavabdeh Bakı şəhər Cavabdeh Başçısının 356 nömrəli xx.xx.2018-ci il tarixli sərəncamı 1.2-ci bəndi, yəni, İddiaçı MMC tərəfindən «Çoxmənzilli yaşayış binalarının layihələndirilməsi haqqında» Nərimanov RİH başçısının xx.xx.2018-ci il tarixli 296 nömrəli sərəncamının hüquqi qüvvədən düşmüş hesab edilməsi» hissəsində ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar