Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2410/2022 06.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iş üzrə QƏRAR (Açar sözlər: pensiyanın təyin edilməsi tələbi) Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əvvəlki dövr üzrə pensiya məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1723/2022 saylı, 10 mart 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 06 dekabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 25 ildən artıq ümumi və 12 il 6 aydan artıq güzəştli iş stajlna malik olduğuna görə 57 yaşı tamam olduğu xx.xx.2017-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmişdir.
2. Cavabdeh **********7 nömrəli 27 aprel 2021-ci il tarixli məktubla iddiaçıya imtina cavabı vermişdir. Məktubda bildirilir ki, "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 077 nömrəli arayışında xx.xx.1986-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində “Bakı-Komvol Kombinatı”nın Qarışdırıcı sexində işlədiyi daşıyıcı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Yüngül sənaye bölməsinin (26) Kətan və kəndir-cüt istehsalı bəndinin (26.3) fəhlələr yarımbəndində darama avadanlığına, kətandarama maşınlarına və yaş (sulu) toxumaya xidmət ilə məşğul olan usta köməkçiləri vəzifəsi nəzərdə tutulmuşdur. Yuxarıda qeyd edilən arayışda onun xx.xx.1992-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində Qarışdırıcı sexdə usta köməkçisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi vəzifə yuxarıda qeyd olunan darama avadanlığına, kətandarama maşınlarına və yaş (sulu) toxumaya xidmət ilə məşğul olan usta köməkçiləri vəzifəsinə uyğun deyil. Qeyd olunan səbəblərdən də, güzəştli iş stajı 12 il 6 aydan az (6 il 8 ay 9 gün) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeyd alınan pensiya kapitalı cəmi 23456.27 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiya hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın həmin tarixdən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2021-ci il tarixdə güzətli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmiş və müraciətindən cavabdeh tərəfindən imtina edilmişdir. Halbuki, o, xx xxxxxxx 1960-cı il tarixdə anadan olmuşdur. xx.xx.1977-ci ildən əmək fəaliyyətinə başlamış, xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək olan müddət ərzində Neftçalasementorqda təmir briqadasında fəhlə işləmişdir (1 il 5 ay 29 gün). xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci ilədək Azərbaycan SSR ANN-nın Bakı Nəqliyyat Agentliyinin Neftçala avtokalonunda 1-ci dərəcəli çilingər qismində işləmişdir (4 ay 27 gün). xx.xx.1980-ci il tarixdən xx.xx.1986-cı il tarixədək Bakı Kamvol Kombinatında Qatışıqların hazırlanması sexində 2-ci dərəcəli emulsiya tərtibatçısı (hazırlayan) işləmişdir (6 il 3 ay 7 gün). xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci ilədək həmin sexdə daşıyıcı (nəqliyyat ilə mal nəql edən) işləmişdir (1 il 11 ay 22 gün). xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Elektrik sexində elektromontyor işləmişdir (5 gün). xx.xx.1988-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Qatışıqların hazırlanması sexində 3-cü dərəcəli daşıyıcı (nəqliyyat ilə mal nəql edən) işləmişdir (2 il 11 ay 27 gün). xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək həmin sexdə emulsiya tərtibatçısı (hazırlayan) işləmişdir (5 ay 3 gün), xx.xx.1992-ci il tarixdən, xx.xx.2013-cü il tarixədək həmin sexdə usta köməkçisi işləmişdir (21 il 7 ay 14 gün). Beləliklə, 35 il 2 ay 14 gün ümumi və 33 il 3 ay 13 gün xüsusi iş stajına malikdir. Onun çalışdığı peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”da öz əksini tapmışdır. O, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Toxuculuq sənayesinin 26.1-ci bəndinə əsasən usta köməkçisi, 26.7-ci bəndinə əsasən daşıyıcı, Yüngül sənaye bölməsinin 26.9-cu bəndinə əsasən emulsiya tərtibatçısı peşələrində işləməklə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 5.Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iddiaçıya pensiya hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etməzdən əvvəlki 3 il üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş ərizə icraata qəbul edilmişdir.
6. Cavabdeh tərəfindən rəsmi qaydada etiraz ərizəsi təqdim edilməmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 10 mart 2022-ci il tarixli 2-1(112)-1723/2022 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etməzdən əvvəlki 3 il üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilməsi qərara alınmışdır.
8. Məhkəmə qeyd etmişdir ki, "xxxx" ASC tərəfindən verilmiş 22 nömrəli, xx.xx.2021-ci il tarixli güzəştli arayışdan müəyyən edilmişdir ki, iddiaçının "xxxx" ASC-də xx.xx.1992-ci il tarixdən xx.xx.2013-cü il tarixədək Qatışıqların hazırlanması sexində işlədiyi usta köməkçisi peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”-da 26. “Yüngül sənaye” bölməsində “ağardıcı, buxarlama, boyama, boyaqbişirmə, karbonlaşdırma avadanlığının və texniki mahudun bəzəkvurma istehsalının xidməti və sazlanması ilə məşğul olan ustaların köməkçiləri” peşəsi altında nəzərdə tutulmuşdur. İddiaçının həmin peşəsinin xarakteristikası, onun həqiqətən zərərli peşədə işləməsi məhkəmənin sorğusuna əsasən "xxxx" ASC tərəfindən verilmiş 48 nömrəli, xx.xx.2021-ci il tarixli məktubla da, təsdiq edilmişdir. İddiaçının işlədiyi həmin peşə eyni zamanda “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı Qərarının XX. “Yüngül sənaye” bölməsində 2200200a—16848 kodu (ağardıcı, buxarlama, boyama, boyaqbişirmə, karbonlaşdırma avadanlığının və texniki mahudun bəzək vurma istehsalının xidməti və sazlanması ilə məşğul olan ustaların köməkçiləri) altında öz əksini tapmışdır. Göründüyü kimi, iddiaçı xx.xx.2006-cı il tarixədək 12 il 6 ay güzəştli iş stajını toplamışdır. Cavabdehin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi ilə bağlı dəlilinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, iddiaçı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” yarımbəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazandığından, ona münasibətdə xx.xx.2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələblərinin, yəni fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməsi halının araşdırılmasına zərurət yoxdur. Bununla da məhkəmə hesab etmişdir ki, iddiaçı, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən güzəştli şəilərlə pensiya hüququ qazanmışdır. Bu səbəbdən də, ona 57 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. 9.Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 10 mart 2022-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, izahatlar a) Apelyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayətinin dəlilləri imtina məktubu ilə eynilik təşkil edir. Apellyasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş "xxxx" ASC tərəfindən verilmiş 07 nömrəli, xx.xx.2021-ci il tarixli arayışda xx.xx.1986-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində “Bakı Komvol Kombinatı”nın Qarışdırıcı sexində işlədiyi daşıyıcı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bununla yanaşı, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təmnatına imkan vermir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 apellyasiya şikayətini əsassız sayaraq, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsin xahiş etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. “Əmək pensiyaları haqqında” Qanun: - 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. - “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvədə olmuşdur. - “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. - 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. - Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyasının 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməli olduğundan, iddiaçıya yaranmış pensiya fərqi onun müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apelyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. 16.Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
18. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
19. İlkin olaraq qeyd edilməlidir ki, İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən “güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” 27 aprel 2021-ci il tarixli, **********7 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir.
20. Həmçinin yuxarıda sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır: - İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; - İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajı və 12 il 6 ay güzəştli iş stajının mövcud olması; - İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi.
21. İşdə olan AA seriyalı, ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür.
22. İşdə olan iddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki: - İddiaçı xx.xx.1977-ci il tarixdə “Neftçalasmentorq” təmir briqadasına fəhlə qismində təyin edilmiş, -xx.xx.1979-cu il tarixdə təhsili ilə bağlı işdən azad edilmiş, -xx.xx.1979-cu il tarixdə Azərbaycan SSR ANN-nin Bakı Nəqliyyat Agentliyinin “Neftçala avtokolonuna” 1-ci dərəcəli çilingər qismində qəbul edilmiş, -xx.xx.1980-ci il tarixdə öz istəyinə əsasən işdən azad edilmiş, -xx.xx.1980-ci il tarixdə qatışıqların hazırlanması sexinə 2-ci dərəcəli emulsiya hazırlayan qismində qəbul edilmiş, -xx.xx.1986-cı il tarixdə qatışıqların hazırlanması sexinə nəqliyyat ilə mal nəql edən vəzifəsinə keçirilmiş, -xx.xx.1988-ci il tarixdə Elektron sexinə 1-ci dərəcəli elektromontyor vəzifəsinə keçirilmiş, -xx.xx.1988-ci il tarixdə qatışıqların hazırlanması sexinə 3-cü dərəcəli nəqliyyat ilə mal nəql edən vəzifəsinə keçirilmiş, -xx.xx.1991-ci il tarixdə həmin sexdə 2-ci dərəcəli emulsiya hazırlayan vəzifəsinə keçirilmiş, -xx.xx.1992-ci il tarixdə həmin sexə 5-ci dərəcəli usta köməkçisi keçirilmiş, -xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir.
23. İşdə olan "xxxx" ASC tərəfindən iddiaçı barəsində verilmiş 22 nömrəli, xx.xx.2021-ci il tarixli “Güzəştli arayış”dan görünür ki, İddiaçı həqiqətən xx.xx.1980-ci ildən (əmr № 68) xx.xx.2013-cü ilə kimi (əmr № 12) Bakı Komvol Kombinatında işləmişdir. xx.xx.1980-ci il tarixdə Qatışıqların hazırlanması sexinə (ağardıcı, buxarlama, boyama, boyaqbişirmə, karbonlaşdırma avadanlığının və texniki mahudun bəzəkvurma istehsalını xidməti və sazlanması) 2-ci dərəcə ilə emulsiya tərtibatçısı qəbul edilmiş (əmr № 68, xx.xx.1980. Yüngül sənaye. 26.9); xx.xx.1986-cı il tarixdə həmin sexə daşıyıcı (nəqledici) keçirilmiş (əmr № 133, xx.xx.1986), İslatma-küllənmə, aşılama-boyama-yağlaşdırma sexlərində (sahələrində), dəri xəz xammalının ilkin emalı sexlərində (sahələrində) xammalı, yarımfakrikatları, kimya materiallarını və istehsal tullantılarını daşıyanlar 26.7; xx.xx.1986-cı il tarixdə həmin sexə 3-cü dərəcə ilə emulsiya tərtibatçısı keçirilmiş (əmr № 16, xx.xx.1991), yüngül sənaye 26.9; xx.xx.1992-ci il tarixdə həmin sexə 5-ci dərəcə ilə usta köməkçisi keçirilmiş (əmr № 37, xx.xx.1992), ağardıcı, buxarlama, boyama, boyaqbişirmə, karbonlaşdırma avadanlığının və texniki mahudun bəzəkvurma istehsalının xidməti və sazlanması ilə məşğul olan ustaların köməkçiləri, toxuculuq sənayesi 26.1; xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsilə öz xahişi ilə işdən azad edilmişdir (əmr № 12, xx.xx.2013). Odur ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabineitnin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Toxuculuq sənayesinin 26.1-ci bəndinə usta köməkçisi, 26.7-ci bəndinə daşıyıcı, yüngül sənaye bölməsinin 26.9-cu bəndinə əsasən emulsiya tərtibatçısı peşələrində işləməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdir. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 931 saylı sərəncamına əsasən 27 oktyabr 1997-ci ildən Bakı Komvol Kombinatı "xxxx" ASC adlandırılmışdır. - işdə olan "xxxx" ASC tərəfindən verilmiş 24 nömrəli, xx.xx.2021-ci il tarixli “Güzəştli arayış”-dan görünür ki, İddiaçı həqiqətən xx.xx.1980-ci ildən (əmr № 68) xx.xx.2013-cü ilə kimi (əmr № 12) Bakı Komvol Kombinatında işləmişdir. xx.xx.1980-ci il tarixdə qatışıqların hazırlanması sexinə (ağardıcı, buraxlama, boyama, boyaqbişirmə, karbonlaşdırma avadanlığının və texniki mahudun bəzəkvurma istehsalının xidməti və sazlanması) 2-ci dərəcə ilə emulsiya tərtibatçısı qəbul edilmiş (əmr № 68, xx.xx.1980, Yüngül sənaye. ******* – 9 bölmə. 2211000a-18711 kodu); xx.xx.1986-cı il tarixdə həmin sexə daşıyıcı (nəqledici) keçirilmiş (əmr № 133, xx.xx.1986, İslatmakülləmə, aşılamaboyama-yağlaşdırma sexlərində (sahələrində), dəri xəz xammalının ilkin emalı sexlərində (sahələrində) xammalı, yarımfabrikatları, kimya materiallarını və istehsal tullantılarını daşıyanlar – 2210800a – 16746 kodu; xx.xx.1986-cı il tarixdə həmin sexə 3- cü dərəcə ilə emulsiya tərtibatçısı keçirilmiş (əmr № 167, xx.xx.1991, yüngül sənaye, 22111000a- 18711a kodu; xx.xx.1992-ci il tarixdə həmin sexə 5-ci dərəcəli usta köməkçisi keçirilmiş (əmr № 37, xx.xx.1992, ağardıcı, buxarlama, boyama, boyaqbişirmə, karbonlaşdırma avadanlığının və texniki mahudun bəzəkvurma istehsalının xidməti və sazlanması ilə məşğul olan ustaların köməkçiləri, toxuculuq sənayesi, XX yüngül sənaye, 1. Toxuculuq sənayesi – 2200200a – 16848, xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən öz xahişi il işdən azad edilmişdir (əmr № 12, xx.xx.2013). Odur ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın XX.Yüngül sənaye - toxuculuq sənayesinin 1-ci bölməsində 2200200a-16848 kodu üzrə usta köməkçisi, yüngün sənaye 210800a-16746 kodu üzrə daşıyıcı, yüngül sənaye bölməsinin 2211000a-18711 kod üzrə emulsiya tərtibatçısı peşələrində işləməklə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 931 saylı sərəncamına əsasən 27 oktyabr 1997-ci ildən "xxxx" ASC adlandırılmışdır. - işdə olan məhkəmənin sorğusuna əsasən "xxxx" ASC tərəfindən verilmiş 448 nömrəli, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.1980- ci il tarixdə “Qatışıqların hazırlanması” sexinə (ağardıcı, buxarlanma, boyama, boyaqbişirmə, karbonlaşdırma, avadanlığın və texniki mahudun bəzəkvurma istehsalının xidməti və sazlanması) 2-ci dərəcə ilə emulsiya tərtibatçısı peşəsinə qəbul olunmuşdur. O, həmin sexdə müxtəlif kimyəvi maddələrdən kislota, xlor və sinkdən istifadə edərək yunun təmizlənməsi üçün 1.5 tonluq qazanlarda qatışıqların hazırlanması funksiyasını həyata keçirmişdir. xx.xx.1986-cı il tarixdə həmin sexə daşıyıcı (nəqledici) keçirilmişdir. Daşıyıcı peşəsini icra edən zaman o kimyəvi maddələrlə təmizlənmiş yunu sexin anbarındanarabalarla digər sexə daşımışdır. İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2013-cü il tarixədək həmin sexdə 5-ci dərəcə ilə usta köməkçisi kimi fəaliyyət göstərmişdir. Artıq o usta köməkçisi funksiyasını yerinə yetirən zaman yunun həmin sexə daxil olduğu vaxtdan digər sexə daşınan vaxta qədər həyata keçirilməli olan prosesslərin icrasını həyata keçirmişdir (digər usta köməkçiləri ilə birgə). Belə ki, yunun yuxarıda da, qeyd etdiyi 1.5 tonluq kimyəvi maddələrdən ibarət qatışıqların hazırlandığı qazanlara doldurulması, müəyyən müddət orada qaldıqdan sonra çıxarılaraq təmizlənmək üçün aparatlara verilməsi, eləcə də, aparatlardan çıxarılan yunun sexin anabrında bir sutka saxlanıldıqdan sonra digər sexə arabalarla daşınaraq təhvil verilənədək bütün prosedurları həyata keçirmişdir. Onu da, qeyd edir ki, “Qatışıqların hazırlanması” sexi istehsal olunan bütün məhsullar üçün lazım olan kimyəvi maddələrdən ibarət qatışıqlar burada hazırlandığı üçün kombinatlarında ən zərərli sex hesab olunurdu.
24. Cavabdehin dəlili ondan ibarətdir ki, iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" ASC-nin 10 fevral 2021-ci il tarixli 07 nömrəli arayışda xx.xx.1986-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində “Bakı-Komvol Komibinatı”nın Qarışdırıcı sexində işlədiyi daşıyıcı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Yüngül sənaye bölməsinin (26) Kətan və kəndir-cüt istehsalı bəndinin fəhlələr yarımbəndində darama avadanlığına, kətandarama maşınlarına və yaş(sulu) toxumaya xidmət ilə məşğul olan usta köməkçiləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının işlədiyi vəzifə qeyd oluna vəzifəyə uyğun deyil.
25. Məhkəmə kollegiyası cavabdehin bu dəlilini əsassız hesab edir. Belə ki işdə olan sübutlardan, həmçinin birinci instansiya məhkəməsinin sorğusuna əsasən "xxxx" ASC tərəfindən verilmiş 448 nömrəli, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixdə “Qatışıqların hazırlanması” sexinə (ağardıcı, buxarlanma, boyama, boyaqbişirmə, karbonlaşdırma, avadanlığın və texniki mahudun bəzəkvurma istehsalının xidməti və sazlanması) 2-ci dərəcə ilə emulsiya tərtibatçısı peşəsinə qəbul olunmuşdur. O, həmin sexdə müxtəlif kimyəvi maddələrdən kislota, xlor və sinkdən istifadə edərək yunun təmizlənməsi üçün 1.5 tonluq qazanlarda qatışıqların hazırlanması funksiyasını həyata keçirmişdir. xx.xx.1986-cı il tarixdə həmin sexə daşıyıcı (nəqledici) keçirilmişdir. Daşıyıcı peşəsini icra edən zaman o kimyəvi maddələrlə təmizlənmiş yunu sexin anbarındanarabalarla digər sexə daşımışdır. İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2013-cü il tarixədək həmin sexdə 5-ci dərəcə ilə usta köməkçisi kimi fəaliyyət göstərmişdir. Artıq o usta köməkçisi funksiyasını yerinə yetirən zaman yunun həmin sexə daxil olduğu vaxtdan digər sexə daşınan vaxta qədər həyata keçirilməli olan prosesslərin icrasını həyata keçirmişdir (digər usta köməkçiləri ilə birgə). Belə ki, yunun yuxarıda da, qeyd etdiyi 1.5 tonluq kimyəvi maddələrdən ibarət qatışıqların hazırlandığı qazanlara doldurulması, müəyyən müddət orada qaldıqdan sonra çıxarılaraq təmizlənmək üçün aparatlara verilməsi, eləcə də, aparatlardan çıxarılan yunun sexin anabrında bir sutka saxlanıldıqdan sonra digər sexə arabalarla daşınaraq təhvil verilənədək bütün prosedurları həyata keçirmişdir. Onu da, qeyd edir ki, “Qatışıqların hazırlanması” sexi istehsal olunan bütün məhsullar üçün lazım olan kimyəvi maddələrdən ibarət qatışıqlar burada hazırlandığı üçün kombinatlarında ən zərərli sex hesab olunurdu.
26. İddiaçının işlədiyi həmin peşə eyni zamanda “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı Qərarının XX. “Yüngül sənaye” bölməsində 2200200a— 16848 kodu (ağardıcı, buxarlama, boyama, boyaqbişirmə, karbonlaşdırma avadanlığının və texniki mahudun bəzək vurma istehsalının xidməti və sazlanması ilə məşğul olan ustaların köməkçiləri) altında öz əksini tapmışdır.
27. Göründüyü kimi, iddiaçı xx.xx.2006-cı il tarixədək 12 il 6 ay güzəştli iş stajını toplamışdır.
28. Cavabdehin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi ilə bağlı dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” yarımbəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazandığından, ona münasibətdə xx.xx.2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələblərinin, yəni fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməsi halının araşdırılmasına zərurət yoxdur.
29. Göründüyü kimi, İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır. Bu səbəbdən də, ona 57 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməli hissəsində birinci instansiya məhkəmənin mövqeyi doğrudur.
30. Aparılmış araşdırma nəticəsində iddiaçıya məxsus əmək kitabçası, iş yerlərindən güzəştli arayışlar və hərbi biletdən müəyyən olunur ki, iddiaçı xx.xx.2006-cı ilədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən) staja malik olmuşdur. Odur ki, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır.
31. Beləliklə, iddiaçının ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (İPM-14.3), «Əmək pensiyaları haqqında» Qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» Qanunun 13.2 və 17-ci maddələri).
32. Yuxarıda qeyd olunanlara əsasən, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır.
33. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1723/2022 saylı, 10 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.