Məhkəmə qərarları › İş №2-1(103)-2410/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2410/2025

19.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2410/2025 19.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə və X1 Baş İdarəsinə qarşı, “X3 Commercial Services Azerbaijan” MMC və Dövlət Vergi Xidməti üçüncü şəxs qismində cəlb edilməklə “tələb etmənin qadağan edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası X2 Azər oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə və X1 Baş İdarəsinə qarşı, “X3 Commercial Services Azerbaijan” MMC və Dövlət Vergi Xidməti üçüncü şəxs qismində cəlb edilməklə “tələb etmənin qadağan edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-1890/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə xx.xx.2025-ci il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə vergi ödəyicisi olmuş “X3 Commercial Services Azerbaijan” MMC-nin mövcud borclarının, xüsusilə də bu MMC-nin 2019-2021-ci illər üzrə olan “Şəxsi hesab vərəqəsində” əks olunan göstəricilər və ona 2024-cü ildə ünvanlamış SMS-lərdəki gösəricilər nəzərə alınaraq yenidən hesablamaq və bu MMC-nin “Əmlakının siyahıya alınması haqqında” xx.xx.2021-ci il tarixli qərarı əsasında mülki məhkəmə - iddia qaydasında "xxxx" siyahıya alınmış əmlaklar hesabına bu MMC-nin vergi və digər borclarının büdcəyə ödənilməsinin təmini işlərinin başa çatdırılması vəzifəsinin qoyulmasını xahiş etmişdir. Daha sonra iddiaçı tərəf iddianın dəyişdirilməsi barədə ərizə verərək, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə vergi ödəyicis olmuş və fəaliyyətini 2023-cü ildə dayandırmış “X3 Commercial Services Azerbaijan” MMC-nin 2020-2022-ci illər üzrə “Şəxsi hesab vərəqəsində” əks olunmuş göstəricilər nəzərə alınmaqla sonuncunun vergi və digər icbari haqlar üzrə borclarının büdcəyə ödənilməsinin təmini üsulu kimi - əmlakın siyahıya alınmasını tətbiq etməklə vergi qanunvericiliyinə müvafiq olaraq MMC-nin bütün mövcud borclarının büdcəyə ödənilməsinin təminini, bununla da iddiaçıdan, vergi ödəyicisi olmayan şəxsdən bu borcları tələb etməmək, bununla bağlı ona qarşı təqiblərə son qoymaq vəzifəsi həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddianın dəyişdirilməsi qeyd edilən məzmunda qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə, “X3 Commercial Services Azerbaijan” MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi qaydada cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında cəlb edilmişdir. Daha sonra iddiaçı tərəf xx.xx.2025-ci il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə verərək, Dövlət Vergi Xidməti və Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsinin də cavabdeh qismində cəlb edilməsini, iddia tələbinin isə ““X3 Commercial Services Azerbaijan” MMCnin borcunun iddiaçıdan tələb edilməsinin cavabdehlərə qadağan edilməsi” formasında icraata qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə, Dövlət Vergi Xidməti və Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsi iş üzrə cavabdeh qismində məhkəmə icraatının iştirakçısı kimi tanınmış və iddianın dəyişdirilməsi qeyd edilən məzmunda qəbul edilmişdir. Daha sonra iddiaçı tərəf ərizə verərək, Dövlət Vergi Xidmətinin cavabdehlər sırasından çıxarılaraq onun üçüncü şəxs qismində işlə cəlb edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə, Dövlət Vergi Xidməti cavabdehlər siyahısından çıxarılmış və üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi qaydada cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, “X3 Commercial Services Azerbaijan” MMCnin dövlət büdcəsinə olan borcu qanunvericiyin tələblərinə uyğun olmayaraq 2024-cü ildə də ondan tələb edilir. Halbuki, məhkəmə qərarlarına əsasən baş direktorluq səlahiyyətlərinə xitam verilmə, ölkədən getmək hüququnun ona tətbiq edilməməsi öz təsdiqini tapmışdır. İddiaçı qeyd edir ki, qanuni təmsilçi səlahiyyətlərinin müvəqqəti icrası üçün ona verilmiş etibarnamənin müddəti 2020-ci ildə başa çatdığından, buna dair sənədlər mövcud olduğundan faktiki məhkəmə qaydasında əlavə olaraq müəyyən edilməsinə zərurət müəyyən edilməmişdir. Cavabdeh isə MMC-nin borcu barəsində smslər göndərməklə ondan pulun ödənilməsini tələb edir. Halbuki, siyahıya alınmış əmlakın satışına dair məhkəmələrə müraciətlər edilmiş, lakin dövlət büdcəsinə borcun ödənilməsinin təmini başa çatdırılmamışdır. Cavabdehin etirazları: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi vəsatətlə məhkəməyə müraciət edərək, iddianın mümkün sayılmamasını xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, X1 Baş İdarəsinin Əsasnaməsinin 3.0.4-cü bəndinə əsasən prioritetlər, mövcud resurslar və səmərəlilik nəzərə alınmaqla borcu və (və ya) təqdim edilməmiş bəyannamələri (hesabatları) olan vergi ödəyicilərinə qısa yazılı məlumatların (SMS-lərin) göndərilməsini təmin etmək Baş idarənin vəzifələrinə aid edilmişdir. “Vergilər, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış borcların alınmasına dair Qaydalar”ın 3.1.2-ci bəndinə əsasən borclu vergi ödəyicilərinə SMS göndərərkən vergi ödəyicilərinin baza məlumatlarında olan standart nömrələrdən daha çox əlçatan olan nömrələr üzrə tənzimləmələr aparılır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, vergi ödəyicisinə göndərilmiş SMS-lər uçot-baza məlumatlarında qeyd olunan standart nömrəyə ünvanlanmışdır. Vergi orqanının uçot-baza məlumatlarına əsasən İddiaçı hazırda “X3 Commercial Services Azerbaijan” MMC-nin (**********) rəhbəridir. Hüquqi şəxsin qanuni təmsilçilik funksiyasına malik direktorunun dəyişməsi ilə əlaqədar bildirilir ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.2-ci maddəsinə görə dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Müvafiq ərizə forması Qanunun 12.12-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.3.2-ci maddəsinə əsasən cəmiyyətin icra orqanını yaratmaq və onların səlahiyyətinə vaxtından əvvəl xitam vermək, o cümlədən icra orqanın üzvlərini təyin etmək və geri çağırmaq, onların səlahiyyət müddətini müəyyənləşdirmək təsisçilərin ümumi yığıncağının müstəsna səlahiyyətindədir. Bundan başqa, Qanunun 5.4.6-cı maddəsinə əsasən qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti də müvafiq sənədlərlə birlikdə təqdim edilməlidir. Cəmiyyətin rəhbər dəyişikliyi faktının dövlət reyestrinə daxil edilməsi müvafiq ərizəyə dəyişiklik barədə təsisçi qərarının əsli və direktorun şəxsiyyət vəsiqəsinin surəti əlavə edilərək Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim edildiyi halda mümkündür. Lakin hazırkı tarixədək “X3 Commercial Services Azerbaijan” MMC-nin rəhbərinin dəyişməsi ilə bağlı sənədlər qanunvericiliyə müvafiq qaydada təqdim edilmədiyi üçün rəhbər dəyişikliyinin həyata keçirilməsi mümkün olmamışdır. Digər cavabdeh və üçüncü şəxslər iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1890/2025 saylı 03 mart 2025-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı birinci instansiya məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğ edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin xx.xx.2025-ci il tarixli qərarının nəticəvi hissəsi məhkəmənin özünün (işdə olan mötəbər yazılı sübutlar-o cümlədən digər məhkəmələrin qüvvəyə minmiş aktları, cavabdehlərin rəsmi sənədləri və etirafları əsasında) müəyyən etdiyi faktiki hallara zidd olduğundan və prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən aşağıdakı hallara və əsaslara görə onun ləğvini, iddianın isə təmin edilməsini xahiş edir. Cavabdehlərə qarşı olan iddianın əsaslılığına, eyni zamanda birinci instansiya məhkəməsinin qərarının və cavabdehlərin hərəkətlərinin əsassız və qanunvericiliyin tələblərinə zidd olmasına aşağıdakı təkzibedilməz hallar işarə və dəlalət edir: İş materiallarında olan cavabdehin (Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin) özünün adıkeçən MMC-yə aid rəsmi "xxxx" göründüyü kimi, 2017-2021 illərdə rəhbəri direktoru olduğu bu MMC-nin xx.xx.2021 il tarixinə dövlət büdcəsinə heç bir vergi və digər icbari ödənişlər üzrə borcu olmamışdır; Cavabdehlərin birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq özlərinin təqdim etdikləri və iş materiallarında olan rəsmi arayışdan göründüyü kimi, sözügedən MMC-nin vergi və digər icbari ödənişlər üzrə büdcəyə hazırda borcu var və bu borcların iddiaçıya heç bir aidiyyəti yoxdur. (Cavabdehlərin nümayəndələri bunu məhkəmədə də təsdiq etmişlər). Şikayətləndirilən qərardan da göründüyü kimi: “...məhkəmə xüsusi olaraq vurğu!ayır ki, iddiaçıdan tələb edilən borc MMC-nin borcudur və iddiaçıya hər-hansı aidiyyəti yoxdur...” (Qərarın son səhifəsi, 3-cü abzas). Cavabdeh (Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) adıkeçən MMC-nin vergi və digər borclarına görə sonuncunun əmlakını 2021-2022-ci illərdə siyahıya almış və iki iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək bu MMC-nin büdcəyə olan borcunun ödənilməsini təmin etmək naminə sonuncunun əmlakının açıq hərracda satılması barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd olunanlara baxmayaraq birinci instansiya çəhkəməsi cavabdehlərin ona - heç bir vergi borcu olmayan və adıkeçən MMC-nin 2020-ci ilədək faktiki "xxxx", 2021-ci ilin sonunadək “baş direktoru” olmuş, hazırda isə pensiyaçı olan şəxsə qarşı hərəkətlərini (təqiblərini) dəstəkləmiş və bu hərəkətləri qanuni saymışdır. Belə ki, şikayətləndirdiyi bu qərarda qeyd edilir ki: “... nə qədər ki, iddiaçı hüquqi şəxslərin reyestrində rəhbər vəzifəli şəxsdir hüquqi şəxsin borcunun ödənilməsinin hüquqi şəxsin rəhbəri adı ilə ondan tələb edilməsi, SMS-lərin göndərilməsi qanuni hesab edilməlidir...”.(Qərarın sonuncu səhifəsi, 3-cü abzas). Birinci instansiya məhkəməsi özünün müəyyən etdiyi və işdə olan yazılı sübutlarla təsdiq olunmuş faktiki hallara deyil, yalnız və yalnız hüquqi şəxslərin reyestrində vaxtilə- 8 (səkkiz) il öncə : 2017-ci ildə adı keçən MMC-nin Böyük Britaniyadakı (illər öncə müflis elan edilmiş) təsisçisinin qərarı əsasında aparılmış (o vaxtdan da reyestrdə hələ də qalan) formal qeydə "əsaslanmış", ona "üstünlük" vermişdir.(göründüyü kimi, sübutlar məcmu şəklində qiymətləndirilməmişdir). Halbuki, birinci instansiya məhkəməsinin özü aşağıdakı təkzibedilməz halları müəyyən etmişdir: “X3 Commercial Services Azerbaijan” MMC-nin təsisçisinin qərarı əsasında 2017-ci ildə 3 (üç) il müddətində bu MMC-nin “baş direktoru” və “qanuni təmsilçi” səlahiyyətlərinin icrası üçün ona verilmiş etibarnamənin müddəti 2020ci ildə bitdiyindən həmin vaxtdan MMC-nin faktiki olaraq- "xxxx" deyil. Bu MMC-nin rəhbəri baş direktoru olmağı barədə əmək müqaviləsinə isə xx.xx.2021-ci il tarixdə xitam verildiyindən bu tarixdən o, bu MMC-nin rəhbəri və baş direktoru deyil. Bu hallar həmçinin - iş materiallarında olan digər məhkəmələrin: iddiaçının MMC-də olan səlahiyyətlərimin müddətinə və cavabdehin ona MMC-nin rəhbərinə qarşı vaxtilə irəli sürdüyü vergi borcu tələblərinə aid qüvvəyə minmiş Qərardad və Qətnamə ilə də təsdiq edilir. Belə ki, Nəsimi Rayon Məhkəməsinin qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli qərardadında qeyd edildiyi kimi, iddiaçının həmin MMC-nin qanuni təmsilçi və baş direktor səlahiyyətlərinin icra müddətinin başa çatması faktının xüsusi icraat qaydasında müəyyən edilməsinə dair iddianın icraata qəbulundan imtina olunmuşdur, belə ki tələb edilən faktlara dair zəruri sənədlər mövcud olduğundan belə faktın əlavə məhkəmə qaydasında tanınmasına lüzum yoxdur. Cavabdehin - DVX-nin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin borclu müəssisənin icra orqanının rəhbəri kimi “ölkədən çıxmaq hüququnun müvəqqəti məhdudlasdırılmasına dair” ona qarşı olan iddia tələbi Bakı Kommersiya Məhkəməsinin qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli qətnaməsi ilə rədd edilmişdir. Belə ki, bu Qətnamədə təsbit olunduğu kimi, 2021-ci ildən MMC-nin rəhbəri olmadığından bu MMCnin vergi və s. borclarına görə ona qarşı belə bir tələb irəli sürülə bilməz. Qeyd olunanlara baxmayaraq, “X3 Commercial Services Azerbaijan” MMC-nin 2021-ci ildən sonra büdcəyə yaranmış hər hansı vergi və digər icbari ödənişlər üzrə borcu cavabdehlər tərəfindən 2021-ci ildən bəri (hazırda da 2025-ci ildə də) SMS bildirişləri vasitəsi ilə ondan mütəmadi və dayanmadan tələb olunur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehlərin və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehlərin və üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Apellyasiya şikayətinin və iddianın mümkünlüyü: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia müəyyən hərəkətləri etməkdən çəkinmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə görə müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehlərin inzibati akt sayılmayan əlverişsiz hərəkətlərinin edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli qərardadında qeyd edilmişdir ki, iddiaçının qanuni təmsilçi və baş direktor səlahiyyətlərinin icra müddətinin başa çatması faktının xüsusi icraat qaydasında müəyyən edilməsinə dair iddianın icraatına qəbulundan imtina onunla əsaslandırılır ki, tələb edilən faktlara dair zəruri sənədlər mövcuddur; Bakı Kommersiya Məhkəməsinin 10 fevral 2023-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddiaçının direktor kimi ölkədən çıxmaq hüququnun məhdudlaşdırılmasına dair iddiası rədd edilmiş və hesab edilmişdir ki, iddiaçı ilə MMC arasında əmək müqaviləsinə xitam verilmişdir ki, onun icra orqanının rəhbəri kimi ölkədən getmək hüququ məhdudlaşdırıla bilməz; Baş direktorun və qanuni təmsilçinin dəyişdirilməsi barədə “X3 Commercial Services Azerbaijan” MMC-nin təsisçisi – “X3 Commercial Services Limited” Şirkətinin xx.xx.2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, “X3 Commercial Services Azerbaijan” MMC-nin baş direktoru vəzifələrinin icrası və qanuni təmsilçilik Cəmiyyətin icraçı direktoru İddiaçı üzərinə qoyulması qərara alınmışdır; “X3 Commercial Services Azerbaijan” MMC tərəfindən verilmiş etibarnamədən görünür ki, iddiaçıya verilmiş həmin etibarnamənin müddəti hal-hazırda bitmişdir; Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, iddiaçı və MMC arasında əmək müqaviləsinə 22 dekabr 2021-ci il tarixdə xitam verilmişdir; Bakı Apellyasiya Məhkəməsinin 12 may 2022-ci il tarixli qərarından görünür ki, iddiaçının MMC-dən qanuni təmsilçiliyinin/baş direktor səlahiyyətlərinin icra müddətinin başa çatması ilə əlaqədar dövlət reyestrində müvafiq qeyd/dəyişiklik etmək vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmiş, birinci instansiya məhkəməsinin qərarı ilə iddia rədd edilmiş, həmin qərardan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir; Bakı Apellyasiya Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, iddiaçı ilə MMC arasında əmək müqaviləsinə xitam verilmə, etibarnamənin qüvvəsinin itirilməsi, iddiaçının təmsil etmə səlahiyyətinin olmaması əsası ilə AR İXM-nin 192.4-cü maddəsi ilə inzibati tənbeh tətbiq etmə barədə iş üzrə icraata xitam verilmişdir; Cavabdehin 25 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, vergi ödəyicisi kimi üçüncü şəxs MMC-nin vergi, sosial sığorta, işsizlikdən sığorta və digər xarakterli borcları hal-hazırda mövcuddur; Hüquqi şəxs haqqında məlumata dair sistemdən çıxarışdan görünür ki, MMC-nin rəhbərinin adı kimi İddiaçı qeyd edilmiş, eləcə də telefon və elektron ünvan haqqında məlumat qrafasında mobil telefon kimi ********** nömrə öz əksini tapmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 1.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. 13.2.4. Vergi ödəyicisi - bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs. 23.1.6. müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsinin Əsasnaməsi”: 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Dövlət Vergi Xidməti) X1 Baş İdarəsi (bundan sonra – Baş idarə) hesablanmış vergilər, habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları (bundan sonra – sığorta haqları), nəzarəti Dövlət Vergi Xidmətinə həvalə edilmiş dövlət torpaq icarə haqları (bundan sonra – torpaq icarə haqları), faizlər, tətbiq edilmiş maliyyə sanksiyaları və inzibati cərimələr, həmçinin qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Dövlət Vergi Xidmətinin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlər üzrə dövlət büdcəsinə, habelə sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta fondlarına (bundan sonra – aidiyyəti fondlar) yaranmış borcların (bundan sonra – ismin müvafiq hallarında “borc”) alınması və təqdim edilməmiş bəyannamələrin (hesabatların) təqdim edilməsi sahəsində (bundan sonra – müvafiq sahə) bu Əsasnamə ilə müəyyən edilmiş əsas fəaliyyət istiqamətlərinə uyğun olaraq vəzifələri icra edən və hüquqları həyata keçirən və yurisdiksiyası bütün ölkə ərazisinə şamil edilən (bu Əsasnamənin 1.4-cü bəndinin xüsusiyyətləri nəzərə alınmaqla) Dövlət Vergi Xidmətinin strukturuna daxil olan qurumdur. 2.0. Baş idarənin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. Hesablanmış vergilər, sığorta haqları, torpaq icarə haqları, faizlər, tətbiq edilmiş maliyyə sanksiyaları və inzibati cərimələr, həmçinin qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Dövlət Vergi Xidmətinin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlər üzrə dövlət büdcəsinə və aidiyyəti fondlara yaranmış borcların alınmasını təmin etmək (torpaq icarə haqları və vergi orqanlarının tətbiq etdiyi inzibati cərimələrə münasibətdə yalnız sms və zəng vasitəsilə xəbərdarlıq etmək); 3.0. Baş idarə bu Əsasnamənin 2-ci hissəsi ilə müəyyən edilmiş əsas fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir: 3.0.4. Prioritetlər, mövcud resurslar və səmərəlilik nəzərə alınmaqla borcu və (və ya) təqdim edilməmiş bəyannamələri (hesabatları) olan vergi ödəyicilərinə qısa yazılı məlumatların (SMS-lərin) göndərilməsini təmin etmək; “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Əsasnaməsi”: 1.1.Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Dövlət Vergi Xidməti) Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra – Baş idarə) vergilərin, habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının (bundan sonra – sığorta haqları), həmçinin qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Dövlət Vergi Xidmətinin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin düzgün hesablanmasına, onların dövlət büdcəsinə, habelə sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta fondlarına (bundan sonra – aidiyyəti fondlar) tam və vaxtında ödənilməsinə nəzarət etmək sahəsində (bundan sonra – müvafiq sahə) bu Əsasnamə ilə müəyyən edilmiş əsas fəaliyyət istiqamətlərinə uyğun olaraq vəzifələri icra edən və hüquqları həyata keçirən Dövlət Vergi Xidmətinin strukturuna daxil olan qurumdur. 4.0.Baş idarə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir: 4.0.20. Vergi ödəyicilərinin vergi öhdəliklərinin, habelə sığorta haqları və nəzarəti Dövlət Vergi Xidmətinə həvalə edilmiş dövlət torpaq icarəsi üzrə öhdəliklərinin icrasının monitorinqini həyata keçirmək; “Borclu vergi ödəyiciləri üzrə risk qruplarının müəyyən edilməsi və borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması sahəsində vergi ödəyicilərinin maarifləndirilməsi Qaydaları”nın: 3.2.1. Vergi orqanı tərəfindən keçirilmiş vergi nəzarəti tədbirləri (səyyar və kameral vergi yoxlamaları, operativ vergi nəzarəti) nəticəsində dövlət büdcəsinə yaranmış vergi borcları barədə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 65.birinci maddəsində nəzərdə tutulmuş bildirişlə yanaşı, bildirişin göndərildiyi tarixdə borclu vergi ödəyicilərinin mobil telefonuna avtomatik olaraq qısa SMS-lər göndərilir (Əlavə 1); 3.2.3. Hesabat dövrü bitdikdən sonra 10 gün müddətində yaranmış vergi borcları barədə borclu vergi ödəyicilərinin mobil telefonuna avtomatik olaraq qısa SMS-lər göndərilir (Əlavə 3); “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 14.1. Dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilmiş qurumlar barəsində aşağıdakı məlumatlar əks etdirilməlidir: ... 14.1.7. qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri; 14.2. Dövlət reyestrində hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları üçün bu Qanunun 14.1-ci maddəsində nəzərdə tutulmuş məlumatlardan əlavə, hüquqi şəxsin təşkilati-hüquqi formasından asılı olaraq aşağıdakı məlumatlar göstərilməlidir: ... 14.2.4. xarici qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərində - Azərbaycan Respublikasında filial və ya nümayəndəliyi olan xarici qeyri-hökumət təşkilatının təsisçiləri, filial və ya nümayəndəliyin rəhbərinin və onun müavininin səlahiyyət müddəti, eləcə də rəhbərinin müavininin adı, soyadı, atasının adı, vətəndaşlığı, yaşayış yeri, habelə dövlət qeydiyyatı ilə əlaqədar bağlanmış sazişin qüvvədə olma müddəti, fəaliyyətinin dayandırılması və bərpa edilməsi barədə məlumatlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmənin mövqeyi: İddiaçı hesab edir ki, MMC-nin borcuna görə həmin növ smslərin göndərilməsi, ümumiyyyətlə də MMC-nin borcuna görə hər hansı digər xarakterli tətbirlərin ona münasibətdə tətbiqi, ondan həmin məbləğin tələb edilməsi qadağan edilməlidir. Bunun əsası qismində isə iddiaçı məhkəmə qərarları və təqdim etdiyi sənədlərə istinadla hesab edir ki, iddiaçı MMC-nin qanuni təmsilçisi deyildir, onunla əmək müqaviləsinə xitam verilmişdir, etibarnamə müddəti də bitmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və onun hüquqi əsaslandırması ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Üçüncü şəxs barəsində hüquqi şəxs haqqında dövlət reyestrindən əldə edilən məlumatlardan da göründüyü kimi iddiaçının adı həmin hüquqi şəxsin rəhbəri kimi göstərilmiş, eləcə də mobil nömrə üzrə də qeydiyyat hərəkətləri aparılmışdır. İddiaçı həmin hüquqi şəxslə hər hansı əlaqəsinin olmadığına istinad edir ki, Bakı İnzibati Məhkəməsinin icraatında olmuş və Bakı Apellyasiya Məhkəməsi tərəfindən də qəbul edilmiş qərarlardan görünür ki, iddiaçının baş direktor olması etibarnamə əsasında deyil, məhz “X3 Commercial Services Azerbaijan” MMC tərəfindən qəbul edilmiş xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiqlənmişdir. Hazırda həmin qərar ləğv olunmamış və qüvvədədir. Bu səbəbdən, İddiaçı “X3 Commercial Services Azerbaijan” MMC-nin baş direktoru vəzifələrinin icrasını və qanuni təmsilçilik hüququna malik olan şəxs hesab olunur. Bundan başqa, iddiaçının adına verilmiş etibarnamənin müddətinin bitməsi cavabdeh barəsində hər hansı bir öhdəlik müəyyən etmir. Göründüyü kimi iddiaçının rəhbər şəxs kimi adının hüquqi şəxsə dair dövlət reyestrindən çıxarılmasının istisna edilməsi müəyyən edilmişdir. Məhkəmə kollegiyası iddiaçının diqqətinə çatdırmağı zəruri hesab edir ki, ona SMS və digər vasitələrlə ödənilməsi tələb edilən borc əlbətdə ki onun şəxsi borcu yox, hüquqi şəxs olan MMC-nin borcudur. Lakin, iddiaçı nəzərə almamışdır ki, iddiaçını xüsusi ilə də narahat edən SMS-lərlə borcun ödənilməsi onun şəxsi borcunun ödənilməsinin tələb edilməsi xarakteri daşımamaqla, həmin MMC-nin borcunun ödənilməsi üçün aparılan tam qanuni tədbirdir. Nəzərə alınmalıdır ki, hazırkı iş üzrə cavabdehlərdən biri borcu hesablamaq və borcun ödənilməsinin təmini ilə əlaqədar müvafiq məlumatları sistem üzrə digər aidiyyəti orqanlara ötürmək, digər cavabdeh isə borcun ödənilməsi üçün tədbirlər görmək, eləcə də SMS-lər göndərmək kimi hüquqa malikdir ki, hazırkı iddia ilə həmin hüquqların realizəsinin istisna edilməsindən söhbət gedə bilməz İddiaçı nəzərə almalıdır ki, nə qədər ki, reyestrdə iddiaçı rəhbər şəxs olaraq qalır və mobil nömrədə hər hansı dəyişiklik edilmir, ona SMS-lərin göndərilməsi və ya digər formada borcun mövcudluğunun bildirilməsi və ödənilməsinin MMC-nin adından tələb edilməsi qanuni və əsaslıdır, hər iki vergi orqanının səlahiyyətləri çərçivəsində edilən hərəkətlərdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-1890/2025 nömrəli qərarı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-1890/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Həmid Ağalarov Hakimlər Şərafət Məmmədova Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar