Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2411/2021 17.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “yeni məlumat vərəqəsinin təqdim edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1724/2021 saylı 01.07.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 14-17 dekabr 2021-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiya təminatı məbləğinin hesablanması zamanı yol verilən nöqsanların aradan qaldırılması, xidmət çəkdiyi dövrdə ona ödənilməli olan lakin ödənilməmiş ezamiyyət ödənişlərinin, məzuniyyət haqlarının, xidmət dövründə ödənilməli olan kirayə haqlarının, növbədə olduğu sutkalara əsasən gecə pullarının, səhhətində yaranmış xəstəliklə bağlı əlavə müavinətin ona ödənilməsi və pensiya təminatı məbləğinin yenidən hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, 1985-ci ildən 2019-cu ilə qədər Respublikanın müxtəlif ərazilərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orqanlarında xidmət etmişdir. Son xidmət yeri Xətai RPİ-nin 37-ci PŞ olmuşdur. 20.01.2019cu ildə 55 yaşının tamam olması ilə əlaqədar, xidməti bir il də uzadılmışdır. 02.05.2019-cu il tarixli əmrlə xidmətdən xaric olunmuşdur. Həmin tarixə xidmət müddəti əsassız olaraq təqvimi hesablama ilə 36 il 01 ay 12 gün, imtiyazlı hesablama ilə 40 il 07 ay 15 gün olaraq qeyd olunmuşdur. DİN-nin Baş Kadrlar İdarəsinə DİO-dan əsassız xaric edilməsi, xidmət müddətinin az hesablanması və xidmət zamanı ezamiyyət və digər ödənişlərin verilmədiyi ilə əlaqədar müraciət etmişdir. Müraciətinə 07.02.2020-ci il tarixdə cavab verilərək, xidmət müddətinin düzgün hesablandığı qeyd edilərək, müraciətindən imtina olunmuşdur. Əslində xidmət müddəti tamamilə səhv hesablanmış və nəticədə ona ödənilən pensiyanın məbləği azaldılmışdır. Onun daxili işlər orqanlarında xidmət müddəti 40 il, 07 ay 15 gün deyil, 43 il, 07 ay 17 gün hesablanmalı idi. Bununla bağlı nazirliyə müraciət etsə də heç bir nəticəsi olmamışdır. Sonradan iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, pensiya təminatı məbləğinin hesablanması zamanı yol verilən nöqsanların aradan qaldırılması, xidmət çəkdiyi dövrdə ona ödənilməli olan, lakin ödənilməmiş ezamiyyət ödənişlərinin, məzuniyyət haqlarının, xidmət dövründə ödənilməli olan kirayə haqlarının, növbədə olduğu sutkalara əsasən gecə pullarının, səhhətində yaranmış xəstəliklə bağlı əlavə müavinətin ona ödənilməsi və pensiya təminatı məbləğinin yuxarıda qeyd olunan tarixlərə dair yenidən hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı yenidən məhkəməyə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində işlədiyi Xidməti illərinin yenidən hesablanmaqla yeni məlumat vərəqəsinin tərtib edilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1724/2021 saylı 01.07.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: N.Abıyev) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, o, 1985-ci ildən DİO-da xidmətə qəbul olunmuş, 1988-ci ildən 1993-cü ilin may ayına kimi Tacikistan Respublikasının çətin relyefli bölgəsində apardığı l (bir) il xidmət 1,6 (bir il altı ay) güzəştli xidmət olaraq hesab olunmuşdur. Bu barədə Tacikistan Respublikasının Nazirlər Kabinetinin 01.11.2019-cu il tarixli 549 saylı fərmanı və Tacikistan Respublikasının Daxili İşlər Nazirinin 06.02.2020-ci il 57 saylı əmrində 01.01.1988-ci ildən 31.12.2004-cü il tarixə kimi Tacikistan Respublikasının ərazisində DİO-da xidmət aparan əməkdaşların apardıqları 1 (bir) il xidmətin 1.6 (bir il altı ay) güzəştli xidmət hesab olunması göstərilmişdir. Bu barədə Bakı İnzibati Məhkəməsi tərəfindən sorğu verilməmiş və araşdırma aparılmamışdır. 1993-cü ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirinin əmri əsasında ölkənin Balakən RPŞ-də, Saatlı RPŞ-də, Cəlilabad RPŞ-də, Sabirabad RPŞ-də, Xaçmaz RPŞ-də, Nizami RPİ-də, Səbail RPİ-də, Bakı BPİ-də və Xətai RPİ-də xidmətdə olmuş, lakin ona kirayə pulu ödənilməmiş və mənzil ilə təmin olunmamışdır. Bu barədə Bakı İnzibati Məhkəməsi tərəfindən sorğu verilməmiş və araşdırma aparılmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibbi İdarəsinin 2 saylı poliklinikasında “şəkərli diabet" xəstəliyi ilə qeydiyyatdadır və müalicə olunur. Bu xəstəliyi xidmət vaxtı qazanmamağına baxmayaraq xəstəlik pulu yalnız 2016, 2017 və 2018-ci illər üçün ödənilmişdir. 1993-cü ildən 2016-cı ilə kimi və 2019-cu il ödənilməmişdir. Bu barədə Bakı İnzibati Məhkəməsi tərəfindən sorğu verilməmiş və araşdırma aparılmamışdır. Nəzərə çatdırır ki, 1993-cü ildən 2000-ci ilə kimi məzuniyyətdə olmamış, 2011-ci ildən 2019-cu ilə kimi 45 gün əvəzinə 30 gün məzuniyyətə buraxılmış, geridə qalan 15 gün isə tətbiq edilməmişdir. Bu səbəbdən də hesab edir ki, həmin ödənilməmiş məzuniyyət haqları da tam formada hesablanaraq ödənilməlidir. Bu barədə araşdırma aparılmamışdır. Xidmətdə olduqda onun iş saatları gündəlik olaraq 8 saat müddətində müəyyən edilmişdir. Lakin o, xidmət keçdiyi dövrün böyük bir hissəsini gündəlik 13, bəzən isə 14 saat müddətində xidmət aparmışdır. Məhkəmə araşdırmasının gedişatında bu fakt bir çox sübutlarla da təsdiq olunacaqdır. Həmçinin, xidmət keçdiyi dövrdə xeyli sayda ezamiyyətə göndərilmiş, lakin əmək haqqından əlavə olaraq ödənilməli olan ezamiyyət ödənişləri də müvafiq qaydada ona ödənilməmişdir. Bu barədə Bakı İnzibati Məhkəməsi tərəfindən sorğu verilməmiş və araşdırma aparılmamışdır. Buna görə də hesab edir ki, pensiya məbləğinin hesablanması zamanı yol verilən nöqsanlar birmənalı olaraq aradan qaldırılmalı, nəzərə alınmamış ezamiyyət ödənişləri, məzuniyyət haqları, xidmət dövründə ödənilməli olan kirayə haqları, səhhətində yaranmış xəstəliklə bağlı əlavə müavinət və iş saatlarının az hesablanması yenidən nəzərə alınaraq ona ödənilməlidir. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı üçüncü şəxsin nümayəndəsi X2 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində işlədiyi Xidməti illərinin yenidən hesablanmaqla yeni məlumat vərəqəsinin tərtib edilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qeyd etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının xidmət illəri tam qeyd olunmaqla sonuncuya pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş qaydada tərtib olunmuş məlumat vərəqəsi müvafiq (pensiya təyinatını həyata keçirən) orqana göndərilmişdir. İddiaçının xidmət illərinin 43 il 07 ay 17 gün olmasının nəzərə alınmaqla hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən həmin illərin göstərilərək, yeni məlumat vərəqəsinin pensiya təyin edən orqana göndərilməsi üçün isə qanuni əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü ildə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər nazirinin 02.05.2019-cu il tarixli Ə1373ş/h-001-19 nömrəli “əmrindən çıxarış” dan müəyyən olunur ki, İddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 5-ci bəndinə (xidmətdə olmanın son yaş həddinə çatdığına görə) əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. İş materiallarında olan iddiaçıya aid 036553 №li pensiya işinin surətindən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 24.09.2019-cu il tarixli məktubla İddiaçı barəsində tərtib edilərək, DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilmiş, 18.09.2019-cu il tarixli 586 nömrəli “Məlumat vərəqəsi”ndə iş stajı və xidməti illəri 40 il, 07 ay, 17 gün kimi, o cümlədən təqvim xidmət illəri 36 il, 01 ay, 13 gün, güzəştli xidmət illəri 04 il, 06 ay, 04 gün kimi qeyd olunmuşdur. DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 09.11.2019-cu il tarixli qərarı ilə iddiaçıya 03.05.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuş, 15.01.2020-ci il tarixdə onun pensiyasının yenidən hesablanması barədə qərar qəbul olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsi tərəfindən iddiaçıya (vəkilinə) ünvanlanmış 14.03.2020-ci il tarixli 022/22-2632-1220 №li məktubda göstərilmişdir ki, istefada olan polis mayoru İddiaçı 15.10.1985-ci ildə daxili işlər orqanlarında xidmətə qəbul edilmiş, DİN-in Ə1373ş/h-001-19 nömrəli 02.05.2019-cu il tarixli əmri ilə “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 5-ci bəndinə (yaş həddinə görə) əsasən daxili işlər orqanlarından xaric olunmuşdur. İddiaçı 01.05.2019-cu il tarixə xidmət müddəti təqvimi hesablama ilə 36 il, 01 ay, 12 gün, imtiyazlı hesablama ilə 40 il, 07 ay, 15 gün təşkil etmişdir. İş materiallarında olan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış 26.12.2019-cu il tarixli **********7 №li məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən İdarəyə 18.09.2019-cu il tarixli 586 nömrəli məlumat vərəqəsi təqdim edilmişdir. Həmin məlumat vərəqəsinə əsasən sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun vəzifə maaşı 451,00 manat, rütbə maaşı 150,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavəsi-300,50 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faiz miqdarında əlavəsi 157,85 manat və ərzaq payı əvəzinə kompensasiya 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1.123,35 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən 40 il 07 ay 17 gün xidmət müddətinə görə uyğun olaraq - 20 il xidmət müddətinə görə təminat xərcliyinin 55 faizi; - 20 ildən artıq xidmət müddətinin (20 il) hər ili üçün 2 faiz tətbiq edlməklə (20 x 2) təminat xərcliyinin 40 faizi; - natamam ildəki iş stajı aylarının sayına (7 ay) mütənasib olaraq təminat xərcliyinin 1,16 faizi olmaqla 9 noyabr 2019-cu il tarixində müraciətçiyə İdarə tərəfindən təminat xərcliyinin (1.123,35 manat) 96,17 faizi-1080,33 manat məbləğində yaşa görə (öz arzusu ilə) əmək pensiyası təyin edilməklə ödənilir. İş materiallarında olan məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş 21.06.2021-ci il tarixli 039-8323- 12221 №li cavab məktubunda göstərilmişdir ki, Bakı şəhəri Xətai RPİ-nin 37-ci polis şöbəsinin sabiq polis sahə inspektoru, İddiaçı Azərbaycan Respublikası DİN-nin 02.05.2019-cu il tarixli şəxsi heyət üzrə Ə1373-001-19 №li əmri ilə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 5-ci bəndinə (xidmətdə olmanın son yaş həddinə çatdığına görə) əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Daxili işlər orqanlarından xaric edilərkən xidməti müddəti təqvimi hesablama ilə 36 il, 01 ay, 13 gün, imtiyazlı hesablama ilə 40 il, 07 ay, 17 gün təşkil etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.11.1992-ci il tarixli 631 nömrəli qərarına əsasən İddiaçı 02.04.1993-cü il tarixdən 01.05.1997-ci il tarixədək hərbi əməliyyatlar dövründə xidmət etdiyi müddətin bir ayı iki ay kimi sayılmaqla 04 il, 00 ay, 29 gün, 15.10.1985-ci il tarixdən 01.02.1987-ci il tarixədək Tacikistan SSR DİN-nin X4 İdarəsinin 2 saylı İstintaq Təcridxanasının nəzarətçisi vəzifəsində xidmət etdiyi müddətin 3 iş günü 4 iş günü sayılmaqla 00 il, 05 ay, 05 gün olmaqla ümumilikdə imtiyazlı hesablama ilə 04 il, 06 ay, 04 gün təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Maliyyə-Plan İdarəsi tərəfindən iddiaçının vəkilinə ünvanlanmış 16.03.2020-ci il tarixli 027-1306-1220 saylı məktubundan görünür ki, İddiaçı 02.05.2019-cu il tarixindən pensiya təyin edilməsi üçün tərtib edilmiş “Məlumat vərəqi” Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə gönərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2006-cı il tarixli 499 nömrəli Fərmanına əsasən 01 yanvar 2007-ci il tarixindən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı və digər ödənişlərlə bağlı funksiyaları Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsi (Xüsusi Şərtlərlə Təyinat İdarəsi) həyata keçirdiyini nəzərə alaraq, pensiya təminatı barədə aidiyyəti üzrə Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etməsi tövsiyə olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası- bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.08.2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara-Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti- orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Həmin Qaydaların 3-cü bəndinə əsasən, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Həmin Qaydaların 4-cü bəndinə əsasən, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 gün ərzində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı Daxili işlər orqanlarından xaric edilərkən xidməti müddəti təqvimi hesablama ilə 36 il, 01 ay, 13 gün, imtiyazlı hesablama ilə 40 il, 07 ay, 17 gün təşkil etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.11.1992-ci il tarixli 631 nömrəli qərarına əsasən İddiaçı 02.04.1993-cü il tarixdən 01.05.1997-ci il tarixədək hərbi əməliyyatlar dövründə xidmət etdiyi müddətin bir ayı iki ay kimi sayılmaqla 04 il, 00 ay, 29 gün, 15.10.1985-ci il tarixdən 01.02.1987-ci il tarixədək Tacikistan SSR DİNnin X4 İdarəsinin 2 saylı İstintaq Təcridxanasının nəzarətçisi vəzifəsində xidmət etdiyi müddətin 3 iş günü 4 iş günü sayılmaqla 00 il, 05 ay, 05 gün olmaqla ümumilikdə imtiyazlı hesablama ilə 04 il, 06 ay, 04 gün təşkil etmişdir. Göründüyü kimi iddiaçı Daxili işlər orqanlarından xaric edilərkən onun xidməti müddəti imtiyazlı hesablama ilə 40 il, 07 ay, 17 gün təşkil edir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçının xidmət illərinin 43 il 07 ay 17 gün olmasının nəzərə alınmaqla hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən həmin illərin göstərilərək, yeni məlumat vərəqəsinin pensiya təyin edən orqana göndərilməsi üçün isə qanuni əsaslar mövcud deyildir. Apelyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı istefaya buraxılandan sonra onun hərbi xidmət illəri cavabdeh tərəfindən düzgün hesablandığından apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Öhdəliyin icrası haqqında iddialara baxılması zamanı nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərarın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1724/2021 saylı 01.07.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2411/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2411/2021
17.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver