Məhkəmə qərarları › İş №2-1(103)-2411/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2411/2023

10.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2411/2023 10.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə yeni çıxarışın və texniki pasportun tərtib edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X1 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə yeni çıxarışın və texniki pasportun tərtib edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-448/2022 saylı 21 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 10 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri İcra Hakimiyyəti başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Qarabağ küçəsindəki 23 №-li yaşayış evinin 31 №-li mənzili İddiaçı xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 57 kv.m. olan mənzil xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2019-cu il tarixdən İddiaçı məxsusdur. Nərimanov rayon İcra Hakimiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.1994-cü il tarixli bağışlama müqaviləsinə əsasən Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında xx.xx.1993-cü il tarixli Qanuna əsasən göstərilən şəxslərə yaşadıqları dövlət evlərində və mənzillərinin pulsuz olaraq şəxsi mülkiyyət köçürmək hüququnun verilməsi ilə əlaqədar Qarabağ küçəsi 23, mənzil 31 İddiaçı verilmişdir. İddiaçı hazırki tələblə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********13 saylı xx.xx.2020-ci il tarixli imtina məkubunda qeyd edilmişdir ki, mənzil yaşayış sahəsi 47,3 kvm., ümumi sahəsi 57,0 kvm. kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Təqdim edilmiş xx.xx.1994-cü il tarixli texniki pasporta mənzilin faktiki vəziyyəti öz əksini tapsa da, əlavə 22,2 kvm. sahə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir və mənzil sahəsinin dəqiqləşdirilməsi ilə bağlı heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Həmçinin, əlavə sahənin altında yerləşən torpaq sahəsi binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus sahədir. Bundan əlavə, mənzildə daxili rekonstruksiya işləri aparılaraq faktiki qeyri-yaşayış kimi istifadə edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “mənzilə yeni çıxarışın və texniki pasportun tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanında yerləşən mənzil qüvvədə olan qanunvericilik normaları əsasında tərəfindən alınmışdır və Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti başçısının aparatının Texniki İnventarlaşıdrma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsi ilə onun həmin mənzilə toxunulmaz mülkiyyət hüququ qeydə alınmışdır. Bu qeydiyyat vəsiqəsi ilə birlikdə həmin mənzilə cavabdeh tərəfindən ona xx.xx.1994-cü il tarixli texniki pasport da tərtib edilib verilmişdir. Həmin xx.xx.1994-cü il tarixli texniki pasportda mənzilin sahələri müvafiq olaraq 6.0 (1 saylı, ön giriş), 8.4 (2 saylı, mətbəx), 14.5 (3 saylı, 1-ci otaq) ), 18.0 (4 saylı, 2-ci otaq), 15.0 (5 saylı, 3-cü otaq), 11.9 (6 saylı, mətbəx), 4.5 (7 saylı, daxili dəhliz) və 3.0 (8 saylı, tualet) sahələrin, ümumi sahənin 81,3 kvm., yaşayış sahəsinin 47,5 kvm. mövcud olması göstərilmişdi. Cavabdehə müraciəti ilə bağlı ona məxsus mənzilə xx.xx.2019-cu il tarixli reyestrdən çıxarış verilmişdir. Həmin çıxarışda mənzilin ümumi sahəsi 57 kvm. qeyd edilmişdir. Bu çıxarışla birlikdə onun mənzilinə dair yeni texniki pasport da tərtib edilib verilmişdir. xx.xx.2019-cu il tarixli texniki pasportda mənzilin sahələri 9.7 (1 saylı, dəhlizmətbəx), 15.3 (2 saylı, yaşayış otağı), 16.7 (3 saylı, yaşayış otağı) və 15.3 (4 saylı, yaşayış otağı) sahələrin, ümumi sahənin 57 kvm., yaşayış sahəsinin 47,3 kvm. olması göstərilmişdir. Mənzilinə dair göstəricilər arasında əhəmiyyətli ziddiyyətlərin olmasına ilk əvvəl o qədər də əhəmiyyət verməsə də, sonradan əsl göstəricilər üzrə sənəd tərtib edilməsi üçün cavabdehə müraciət etmək qərarına gəlmişdir. Belə ki, istər mənzilin say tərkibləri, istərsə də ölçüləri üzrə pasportlardakı göstəricilər uyğunluq təşkil etmir. Xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan bu mənzildə yenidənqurma, rekonstruksiya, yeni planlama işləri görülməmiş, mənzilin tərkib hissələri dəyişməz qalmışdır. Belə olan halda Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, 23 saylı evin 31 saylı mənzilinə dair çıxarışın və xx.xx.2019-cu il tarixli texniki pasportunun yenidən tərtib olunması zərurəti yaranmış olurdu. Tərəfindən hazırkı iş üzrə cavabdehə müraciət olunmuşdur. Cavabdehin xx.xx.2020-ci il tarixli, **********613 saylı məktubu ilə onun xahişinin yerinə yetirilməsindən imtina olunmuşdur. Ümumi məlum olan hala görə daşınmaz əmlaka dair köhnə nümunəli qeydiyyat vəsiqələrində mənzilə dair göstəricilər qeyd olunmurdu. Həmin göstəricilər mənzilə dair texniki pasportda öz əksini tapırdı. Bu isə sahənin reyestrdə qeydiyyatı kimi nəzərə alınırdı. Ona görə cavabdehin bu imtina məktubunda “əlavə sahə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir” kimi qənaəti əsaslı hesab oluna bilməz. Digər bir halda məktubda “Həmçinin, əlavə sahənin altında yerləşən torpaq sahəsi binada birdən artıq sahəyə xidmət üçün nəzərdə tutulan ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus sahədir. Bundan əlavə, mənzildə daxili rekonstruksiya işləri aparılaraq faktiki qeyri yaşayış sahəsi kimi istifadə edilir” qeydi işin faktiki hallarına və mövcud sənəddəki qeydlərlə uyğun gəlmir. Belə ki, xx.xx.1994-cü il tarixli texniki pasportda qeyd olunan əlavə sahələr daim onun mülkiyyətində olmaqla, tərəfindən istismar olunmuşdur və hazırda da onun istifadə və sahibliyindədir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən verilmiş iddiaya dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci və 11-ci maddəsirinə istinad edilmişdir. Birinci instansiya məhkəməsində icraat: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-448/2022 saylı 21 aprel 2022-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilərək Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, 23 nömrəli evin 31 nömrəli mənzilinə dair ümumi sahəsi 81,3 kvm., yaşayış sahəsi 47,5 kvm. (1 saylı, ön giriş 6,0 kvm., 2 saylı, mətbəx 8,4 kvm., 3 saylı, 1-ci otaq 14,5 kvm., 4 saylı, 2ci otaq 18,0 kvm., 5 saylı, 3-cü otaq 15,0 kvm., 6 saylı, mətbəx 11,9 kvm., 7 saylı, daxili dəhliz 4,5 kvm. və 8 saylı, tualet 3,0 kvm.) göstərilməklə iddiaçının adına yeni daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/4546 nömrəli, xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakın ümumi sahəsinin faktiki olaraq 84 kvm. təşkil etdiyi və həmin daşınmaz əmlakın texniki göstəricilərinin xx.xx.1994-cü il tarixli, 30/1187 reyestr nömrəli texniki pasporta uyğun olduğu müəyyən edilmiş və ünvan 4 ünvanında yerləşən əmlakın texniki göstəricilərinin xx.xx.2019-cu il tarixli, **********65-05101-093022 reyestr nömrəli texniki pasporta uyğun olmadığı müəyyən edilmişdir. Məhkəmə iş üzrə verilmiş 10/4546 nömrəli, xx.xx.2021-ci il tarixli ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirərək həmin rəyi iş üzrə əsas sübut növü kimi qəbul etmişdir. Məhkəmə həmçinin hesab etmişdir ki, məhkəmə araşdırılması zamanı iddiaçının mülkiyyətində ümumi sahəsi 81,3 kvm., yaşayış sahəsi 47,5 kvm. olan daşınmaz əmlakın olması müəyyən edildiyindən, həmin hal ekspert rəyi ilə də təsdiqini tapdığından cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası qanunsuz olmaqla iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Həmin qərardan narazı qlan cavabdeh tərəfindən allyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun, iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual huquq normaları əhəmiyyətli dərəcədə pozuldugundan qərar ləğv edilməlidir. Obyeklərə mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıqlar (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri. Binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və binadan artıq sahəyə xidmət edən mexaniki elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılmsı üçün nəzərdə tutulmuş torpaq sahəsinə aiddir. Məhkəmə yuxarıda qeyd edilən halları nəzərə almamış, əsassız olaraq iddianı təmin etmişdir. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2476/2022 saylı 20 oktyabr 2022-ci il tarixli qərarı ilə şikayətin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-448/2022 saylı 21 aprel 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, hazırkı məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-566/2023 saylı 17 mart 2023-cü il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2476/2022 saylı 20 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi, kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2020-ci il tarixdir. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, 23 saylı evin 31 saylı mənzilinə 6.0 (1 saylı, ön giriş), 8.4 (2 saylı, mətbəx), 14.5 (3 saylı, 1-ci otaq), 18.0 (4 saylı, 2-ci otaq), 15.0 (5 saylı, 3-cü otaq), 11.9 (6 saylı, mətbəx), 4.5 (7 saylı, daxili dəhliz) və 3.0 (8 saylı, tualet) sahələrin, ümumi sahənin 81,3 kv.m, yaşayış sahəsinin 47,5 kvm. göstərilməklə yeni çıxarışın və texniki pasportun tərtib olunması” ilə bağlıdır. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən “xx.xx.1994-cü il tarixli texniki pasporta mənzilin faktiki vəziyyəti öz əksini tapsa da, əlavə 22,2 kvm. sahə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməməsi, mənzil sahəsinin dəqiqləşdirilməsi ilə bağlı heç bir hüquqmüəyyənedici sənədin təqdim edilməməsi, əlavə sahənin altında yerləşən torpaq sahəsinin binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus olan sahə olması, mənzildə daxili rekonstruksiya işlərinin aparılaraq faktiki qeyri-yaşayış kimi istifadə edilməsi” əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş, onun iddiası birinci instansiya və apellyasiya instansiyası məhkəmələri tərəfindən təmin edilsə də, kassasiya instansiyası məhkəməsinin mövqeyi fərqli olmuşdur. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Hazırki işdən müəyyən olunur ki, cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunmasından imtinası “xx.xx.1994-cü il tarixli texniki pasporta mənzilin faktiki vəziyyəti öz əksini tapsa da, əlavə 22,2 kvm. sahə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməməsi, mənzil sahəsinin dəqiqləşdirilməsi ilə bağlı heç bir hüquqmüəyyənedici sənədin təqdim edilməməsi, əlavə sahənin altında yerləşən torpaq sahəsinin binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus olan sahə olması, mənzildə daxili rekonstruksiya işlərinin aparılaraq faktiki qeyri-yaşayış kimi istifadə edilməsi” ilə bağlı olmuşdur. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən tərtib edilmiş vətəndaş İddiaçı məxsus Nərimanov rayonu, Qarabağ küçəsi, ev 23, mənzil 31 ünvanına dair tərtib edilmiş xx.xx.1994-cü il tarixli texniki pasportun surətindən görünür ki, mənzil 3 otaqdan ibarətdir. Ümumi sahəsi 81,3 kvm., yaşayış sahəsi 47,5 kvm., 1-ci otağın sahəsi 14,5 kvm., 2-ci otağın sahəsi 18,0 kvm., 3-cü otağın sahəsi 15,0 kvm., mətbəxin sahəsi 20,3 kvm., ön girişin sahəsi 6,0 kvm., daxili dəhlizin sahəsi 4,5 kvm., ayaqyolunun sahəsi 3,0 kvm. qeyd edilmişdir. **********65-05101-093022 reyestr nömrəli xx.xx.2019-cu il tarixli İddiaçı məxsus ünvan 6 ünvanına dair texniki pasportun surətindən görünür ki, mənzilin otaqlarının sayı 3, ümumi sahəsi 57,0 kvm., yaşayış sahəsi 47,3 kvm., dəhlizmətbəxin sahəsi 9,7 kvm., yaşayış otağının sahəsi 15,3 kvm., yaşayış otağının sahəsi 16,7 kvm., yaşayış otağının sahəsi 15,3 kvm. qeyd olunmuşdur. İdarənin **********99 saylı xx.xx.2021-ci il tarixli məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 29 №-li sərəncamına əsasən Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında xx.xx.1993-cu il tarixli qanununa əsasən Qarabağ küçəsi, ev 23, yerli sovetə məxsus sahəsi 47,59 kvm. olan, 1 mərtəbəli evin 1-ci mərtəbəsində yerləşən tam kommunal şəraitli 3 otaqlı, 31-ci mənzil əvəzsiz olaraq şəxsi mülkiyyət kimi İddiaçı verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10/4546 nömrəli, xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakın ümumi sahəsinin faktiki olaraq 84 kv.m təşkil etdiyi və həmin daşınmaz əmlakın texniki göstəricilərinin xx.xx.1994-cü il tarixli, 30/1187 reyestr nömrəli texniki pasporta uyğun olduğu müəyyən edilir. ünvan 4 ünvanında yerləşən əmlakın texniki göstəricilərinin xx.xx.2019-cu il tarixli, **********65-05101-093022 reyestr nömrəli texniki pasporta uyğun olmadığı müəyyən edilir. Hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1898/2022 saylı 01 noyabr 2022-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə 20 oktyabr 2020-ci il tarixli qərarı qəbul edərkən, ümumi sahəsi 81.3 kv.m yaşayış sahəsi 47,5 kv.m kimi göstərilmiş xx.xx.1994-cü il tarixli texniki pasporta əsaslanmış, halbuki cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli texniki pasportda iddiaçıya məxsus mənzilin ümumi sahəsi 57.0 kv.m yaşayış sahəsi isə 47.3 kv.m kimi qeyd edilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, işdə olan (iş səh. 5,6) xx.xx.1994-cü il tarixli texniki pasport (orada mənzilin ümumi sahəsi 81.3 kv.m yazılmışdır - qeyd Ali Məhkəmənin), MPM-nin 89.3-cü maddəsinin tələblərinə cavab vermədiyindən iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz.. Belə ki, işdə həmin texniki pasportun lazımi qaydada təsdiq olunmamış kserosurəti mövcud olmaqla, texniki pasport heç kim tərəfindən imzalanmamış və texniki pasportu ona vermiş idarənin möhürü vurulmamışdır. Lakin apellyasiya məhkəməsi bunu araşdırmamış və sözügedən texniki pasportu yanlış olaraq mötəbər sübut kimi qiymətləndirmişdir. Buna görə də apellyasiya məhkəməsi işə təkrar baxarkən sözügedən xx.xx.1994-cü il tarixli texiniki paportun əslinin əldə edilməsi üçün müvafiq dövlət orqanlarına sorğular göndərməli, həmin texniki pasportunun əslini əldə etdiyi halda, xx.xx.1994-cü il və xx.xx.2019-cu il tarixli texniki pasportları müqayisə etməklə tutuşdurmalı və bundan asılı olaraq qanuni və əsaslı məhkəmə qərarı qəbul etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Bununla bağlı hazırki işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün göstərilən tarixədək İddiaçınin şəxsi mülkiyyətində olan mənzilin xx.xx.1994-cü il tarixli texniki pasportunun əslinin və ya Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsinin arxivində olan təsdiq olunmuş surətinin məhkəməyə təqdim edilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə sorğusu göndərilmişdir. Həmin sorğuya cavab olaraq məhkəməyə təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, mənzilə dair texniki pasportun tərtib edilməsi ilə bağlı məlumat (sənəd) aşkar edilməmişdir. Beləliklə, qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun normalarına əsasən iddiaçının mənzilinə dair qeyd etdiyi ölçülər göstərilməklə yeni çıxarış və texniki pasport verilməsi üçün yetərli əsas sayılmalıdır. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Kollegiya iş üzrə verilmiş ekspert rəyinə münasibətdə qeyd etməyi zəruri hesab ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 12.1-12.3-cü maddələrinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Həmin Məcəllənin 58.1, 58.3 və 58.7-ci maddələrinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Sübutların cəlb olunmasına dair şifahi məhkəmə iclasında qaldırılmış vəsatət yalnız məhkəmənin əsaslandırılmış qərardadı ilə rədd edilə bilər. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 87.10-ci maddəsinə əsasən sübutlar bu Məcəllə ilə müəyyən edilmiş qaydada hakim tərəfindən təmin edilir. Həmin Məcəllənin 87.2-ci maddəsinə əsasən məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Yuxarıda sadalanan prosessual hüquq normalarının mənasından aydın olur ki, məhkəmənin xüsusi bilik tələb olunan məsələlərlə bağlı ekspertiza təyin etmək hüququ vardır və bu hüquq hər hansı norma ilə məhdudlaşdırılmamışdır. Əksinə, inzibati işlərə baxılması zamanı məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğundan zərurət olduqda ekspertiza təyin etmək vəzifəsi daşıyır. Bundan əlavə, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2000-ci il tarixli, 252 saylı Fərmanına əsasən məhkəmə ekspertizası fəaliyyəti Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin məhkəmə ekspertiza idarələri tərəfindən həyata keçirilir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi ekspert rəyi sübut kimi qəbul edilməklə, birinci instansiya məhkəməsi iddianın təmin olunması ilə bağlı düzgün nəticəyə gəlmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Bu baxımdan mənzilə dair iddiaçının qeyd etdiyi ölçülər göstərilməklə yeni çıxarışın və texniki pasportun verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazin məzmunu ilə eynilik təşkil etməklə, formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın təmin edilməməsi üçün əsas yaratmır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-448/2022 saylı 21 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-448/2022 saylı 21 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar