Məhkəmə qərarları › İş №2-1(103)-2411/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2411/2025

21.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2411/2025 21.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Kamran Hüseyn oğlu Əkbərovun və X6 ibarət tərkibdə, Əmənova Türkan Kamran qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-901/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları

1. Cavabdehin iddiaçıya ünvanladığı **********02 saylı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, fərdi yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edən “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı’nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bu səbəbdən texniki pasportun tərtib edilməsi mümkün olmamışdır.

2. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Flialının xx.xx.2023-cü il tarixli 3-48-2F/2-X-08093/2023 saylı məktubundan görünür ki, 6 saylı Bakı “Asan Xidmət” Mərkəzindən daxil olmuş xx.xx.2023-cü il tarixli müraciətə cavab olaraq bildirilir ki, Xətai rayon Xətai Bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2004-cü il tarixli, 05/135 saylı qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.

3. Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayon Xətai Bələdiyyəsinin 03/X916 saylı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Xətai rayonu X2 Ayaz Əlibala oğlunun adına fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılması barədə hər hansı bir qeydiyyat və ya alqı-satqı müqaviləsi aşkar edilməmişdir. Həmçinin bildirilmişdir ki, bələdiyyənin arxiv sənədləri Milli Arxiv İdarəsinə təhvil verilmişdir.

4. Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayon Xətai Bələdiyyəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 01/1396 saylı xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, vətəndaş İddiaçı Əlbaba oğlunun adına Xətai Bələdiyyəsində hərhansı bir sənəd aşkar edilmədi. Bələdiyyənin arxiv sənədləri Milli Arxiv İdarəsinə təhvil verilmişdir.

5. Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli 5-11/2-1211/2024 saylı məktubla bildirilmişdir ki, məktubda icraatınızda olan iddiaçılar İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş məhkəmənin icraatında olduğunu bildirərək, yaranmış zərurət ilə əlaqədar Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 181 nömrəli sərəncamının və əlavə olunmuş sənədlərin təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi xahiş olunur. Məlumat üçün bildirilir ki, son 5 ilədək rayon İcra Hakimiyyəti tərəfindən qəbul olunmuş Sərəncamlar və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı şəhər Filialına təhvil verildiyindən müraciətə mahiyyəti üzrə baxılması imkanları xaricindədir.

6. Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli 5-11/2-2336/2024 saylı məktubla bildirilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair “Məlumatlandırma icraatı” qaydasında müraciətləri barədə rayon İcra Hakimiyyətində məlumat aşkarlanmamışdır.

7. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Flialının xx.xx.2024-cü il tarixli 3—48-2F/2-1551/2024 saylı məktubundan görünür ki, Xətai rayon İH-nin arxiv fondu üzrə xx.xx.1998-ci il tarixli, 181 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sərəncamda vət.İddiaçı barəsində heç bir məlumat yoxdur. Odur ki, məlumat üçün həmin sərəncamın və ona əlavə edilmiş sənədin təsdiq edilmiş ksero surətləri göndərilir. Digər tərəfdən nəzərinizə çatdırlır ki, Xətai rayon Xətai Bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2004-cü il tarixli, 05/135 saylı qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.

8. Cavabdehin xx.xx.2024-cü il tarixli **********25 saylı məktubundan görünür ki, “Arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002ci il tarixli 816 saylı Fərmanına və digər normativ-hüquqi sənədlərin tələblərinə uyğun olaraq müraciətdə qeyd edilən 05/14476 saylı, xx.xx.2009-cu il tarixli arayışın saxlanılması müddəti başa çatdırıldığından məhv edilmişdir. Bu səbəbdən qeyd olunan sənədlərin surətlərini təqdim etmək mümkün olmamışdır. Nəzərinizə çatdırılır ki, İddiaçı fərdi yaşayış evinə ünvan reyestrindən arayışının verilməsi üçün idarəyə sənəd surətlərini təqdim etmişdir

9. X4 xx.xx.1998-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.1994-cü il tarixli 683 saylı sərəncamı ilə ona verilmiş ayaqqabı təmiri köşkü maddi vəziyyətinin ağır olduğuna görə işlədə bilmir və X3 verilməsini xahiş etmişdir.

10. Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 181 nömrəli sərəncamından görünür ki, İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli 683 saylı sərəncamı ilə X7 verilmiş İdmançı küçəsi, 40 saylı binanın cənubunda yerləşdirilmiş ayaqqabı təmiri köşkü Qarabağ əlili X3 verilsin. Xətai rayonu İcra Hakimiyyəti xx.xx.1994-cü il tarixli 683 saylı sərəncamı qüvvədən düşmüş hesab edilmişdir.Ətrafdakı sahələrin abadlıq işlərinə riayət edilməsi Xankişiyev Elşənə tapşırılmışdır.

11. Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli X-76 nömrəli məktubundan görünür ki, Xankişiyev X10 rayon İcra Hakimiyyəti Başçısının 181 saylı, xx.xx.1998-ci il tarixli sərəncamı ilə İdmançı küçəsi 40 saylı binanın cənubunda yerləşdirilmiş ayaqqabı təmiri köşkünün yerləşdiyi 9x11 m ölçülü sahənin ona satılaraq fərdi yaşayış evi tikintisinə icazə verilməsini xahiş etmişdir. Məhəllin Baş planına müvafiq olaraq qeyd edil ən ərazidə fərdi yaşayış evi tikintisini məqsədəmüvafiq hesab edib, müvafiq qaydada sənədləşdirilməsi üçün sənədlər təqdm edilmişdir.

12. Xətai Rayonu İdmançı küçəsi 40 saylı evin yaxınlığında yaşayış evi tikintisi üçün ayrılmış sahənin 05/135 nömrəli xx.xx.2004-cü il tarixli yerləşmə cizgisinin surəti iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir.

13. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsi, 40A saylı fərdi yaşayış evinə dair torpaq sahəsinin xx.xx.2003-cü il tarixli, 05/14476 nömrəli ünvan reyestrından arayışın surəti məhkəməyə təqdim edilmişdir (ünvan sahibi İddiaçı).

14. Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayon Xətai Bələdiyyəsinin BÜB seriyalı 680938 nömrəli Kassa Mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı Ağabala oğlu torpaq rüsümu üçün ******* manat ödəmişdir.

15. Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayon Xətai Bələdiyyəsinin xx.xx.2004- cü il tarixli 05/135 saylı qərarından görünür ki, İdmançı küçəsi ev 40, mənzil 3-də yaşayan İddiaçı Əlibala oğlu 181 saylı, xx.xx.1998-ci il tarixli sərəncamı ilə idmançı küçəsi 40 saylı binanın cənubunda yerləşdirilmiş ayaqqabı təmiri köşkünün yerləşdiyi (9x11)m torpaq sahəsinin onun adına fərdi yaşayış evi tikintisi üçün sənədləşdirilməsinə etiraz etməmiş, ətraf ərazisinin abadlığına və sanitariya qaydalarına riayət edilməsi İddiaçı həvalə edilmişdir.

16. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2024cü il tarixli 3-21-3-30/2-51228/2024 saylı məktub ilə bildirilmişdir ki, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktının (koordinatlar əlavə olunur) təsdiq edilmiş surəti göndərilmişdir.

17. ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktıdan görünür ki, müvafiq torpaq sahəsinin faktiki sahəsi və hüquq müəyyənedici sənəd üzrə sahəsi 99.0 kv.m-dir. Fərdi yaşayış evinin faktiki sahəsi 152.0 kv.m, hüquq müəyyənedici sənəd üzrə sahəsi isə 154.4 kv.m-dır. İki tərəfli yol vardır, bir tərəfi qonşu digər tərəfi isə boşluqdur.Layihəyə uyğundur.Yerləşməsi bələdiyyənin verdiyi çizgiyə uyğun gəlir. Lakin elektron bazada bələdiyyə ərazisi olubolmaması ilə bağlı məlumat aşkar edilməmişdir. Ünvan arayışda 40 A göstərilmişdir, cizgidə və qərarda ünvan 40-dır.

18. İddiaçı tərəfindən ünvan 4ında yerləşən yşayış evinin yaxınlığında yerləşən fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış torpaq sahəsinin Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti və Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin təsərrüfal hesablı layihə-smeta bürosu tərəfindən təsdiq edilmiş cizgisinin və həmin ünvanda tikilməsi nəzərdə tutulmuş fərdi yaşayış evinin layihəsinin ıslini məhkəməyə təqdim etmişdir. Sxemdə göstərilən sahədən yeraltı qaz xətti, kabel və hava xətlərinin, su kəmərinin və kanalizasiya xətlərinin keçməməsinə dair müvafiq idarələrlə razılaşdırılmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

19. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı ünvan 5 ünvanında yerləşən Daşınmaz əmlak üzərində dövlət qeydiyyatına alinması üçün əmlaka dair hüquqlarının,dövlət qeydiyyatı ilə bağlı texniki inventarlaşdırma aparmaqla verilən torpaq sahəsinə münasibətdə, torpaq sahəsinin planı və ölçüsünü təyin etməklə onun çıxarışın, torpaq sahəsi üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə, texniki pasportun hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

20. İddiaçı bildirir ki, ona xx.xx.2004-çu il tarixdə Xətai rayon Bələdiyyəsinin 181 sayli qərarina, xx.xx.1998-ci il tarixli Sərəncamına əsasən, İdmançı küçəsi 40 saylı ərazisndə yerləşən, umumi sahəsi (9*11) kvm olan torpaq sahəsində fərdi yaşayış evinin tikilməsinə dair sənədləşdirmənin aparılmasına icazə verilmişdir. Xətai rayon İcra Hakimiyyətinin Lahiyə Smeta Bürosu tərəfindən fərdi yaşayış evinin tikilməsinə dair sənədləşdirmə evin tikintisi üçün ayrilmış sahənin yerləşdirmə və çizgisi planı təsdiq edilmişdir. Fərdi yaşayış evi tikilib qurtardıqan sonra .Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi uzrə ünvanlar reyestrindən 26.11,2005-ci il 05/14476 verilən arayışa və Baza xəritəsindən çıxarışa əsasən onun adına fərdi yaşayış evi qeydiyyata alınmış, yeni ünvan- ünvan 7 Hal hazırda öz ailə uzvləri ilə göstərilən ünvanda yaşayır. O xx.xx.2023-cu ildə Xətai rayon Bələdiyyəsinə çatışmayan sənədlərdən biri olan alqı-satqı müqaviləsinin verilməsi haqqinda muraciət etmişdir, Xətai rayon Bələdiyyəsi tərəfindən xx.xx.2023-cu il tarixdə 03/X916 cavabı verilmişdir ki, fərdi yaşayış evinin tikilməsinə dair sənədlər Azərbaycan Respublikasınin Dövlət Arxivinin Bakı filialına təhvil verilmişdir. O təkrarən 6 saylı Bakı şəhər Asan Xidmət mərkəzinə müraciət etmişdir. 6 saylı Bakı şəhər Asan Xidmətin sorğusuna əsasən xx.xx.2023-çi il tarixində mənim müraciətinə çavab olaraq bildirildi ki, sənədləşdirmə uçun lazım olan sənədlər o cümlədən Xətai rayon Bələdiyyəsinin xx.xx.2004-çu il tarixli,05/135 sayli qərarı Azərbaycan Respublikasınin Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir,arxivdə bu sənədlərin qeydiyyati aparılmamışdır. Sonra o Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Publik Huquqi Şəxsin 1 saylı Ərazi İdarəsindən müraciətlə xahiş etmişdir ki, onun Daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alinması üçün, əmlaka dair texniki sənəd mərzçəkməsi və ya inventarlaşdırma işləri aparilsın , hüquqlarının dövlət qeydiyyatı ilə bağlı, sənədlərin mərzçəkməvə yaxud texniki inventarlaşdırma ilə bağlı hallarının sona çatmasından sonra, ona verilən torpaq sahəsinə münasibətdə torpaq sahəsinin planı və ölçüsünü təyin etməklə mülkiyyətinə verilməsi haqda çıxarış verilsin, torpaq sahəsi üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasportun, hazırlanıb verilməsində köməklik göstərəsinlər. 1 saylı Ərazi İdarəsininin Baş mühəndisi bildirilmişdir ki, ünvan 9 ünvanıda yerləşən fərdi yaşayış evinə texniki pasportun və şixarişin hazırlanıb verilməsinə dair ********** nömrəli xx.xx.2023-çu il tarixli müraciətinə baxilaraq yoxlanilmişdir. Lazimi sənədlərin təqdim edilməməsi səbəbindən texniki pasportun tərtib olunması mümkün olmamışdır. Rəşid Bağırov küçəsi 40A ünvanıda yerləşən fərdi yaşayış evi Xətai rayon ərazisinin NZS qəsəbəsində yerləşir və Xəzər rayonu ərazi bölgəsinə heç bir adiyyəti yoxdur. Müraciətdən sonra 1 saylı Ərazi İdarəsininin əməkdaşı tərəfindən ünvan 10 ünvanıda yerləşən fərdi yaşayış evinə baxış keçirilib, fərdi yaşayış evinə aid olan bütün sənədlər yoxlanılmışdır və müraciət zamanı həmin sənədlərin surəti müraciətə əlavə edilmişdir. Daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün əmlaka dair texniki sənəd mərzçəkməsi, və ya inventarlaşdırma işləri aparilmasına, hüquqlarının dövlət qeydiyyatı ile bağlı sənədlərin mərzçəkmə və ya texniki inventarlaşdırma bagiı hallarının sona çatmasından sonra, ona verilən torpaq sahəsinə münasibətdə torpaq sahəsinin planı və ölçüsünü teyin etməklə,mülkiyyətə verilməsinə, torpaq sahəsi üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasportun, çıxarışın hazırlanıb verilməsində köməklik göstərəsinə dair xahişi qanunveriçiliye uygun olaraq edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Publik Huquqi Şəxsin 1 saylı Ərazi İdarəsininin Baş mühəndisi Ramiz Babayev cenablarinin mənim tərəfimdən lazimi sənədlərin təqdim edilməməsi səbəbindən texniki pasportun tərtib olunmasi mümkün olmaması, Azərbaycan Respublikasınin “Daşınmaz əmlakın dövlət reyestri, haqqında” müvafiq Qanununlarinin və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin maddələrinin tələblərinə əsaslandırılmamışdır, çünkü o dövrə aid olan sözu keçən bütün sənədlərin surəti muraciətə əlavə olunmuşdur. Reşid Bağırov küçəsi 40A ünvanıda yerləşən fərdi yaşayış evi Xətai rayon ərazisinin NZS qəsəbəsində yerləşir və Xəzər rayonu ərazi bölgəsinə hec bir aydiyyəti yoxdur.

21. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “Bakı şəhəri,Xətai rayonu Rəşid Bağırov küçəsi ev 40A saylı evin cənubunda yerləşən 99 kv.m torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 152.1 kv.m olan fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsi vəzfəsinin cavabdehin üzəinə qoyulması” kimi dəyişdirilmişdir.

22. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə, elektron kadastr baza məlumatına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpaqlarıdır, bələdiyyə ərazisi olması barədə bazada məlumat aşkar edilməmişdir. Qeyd olunanlarla yanaşı fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədlər tam təqdim edilməmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd təqdim edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqısatqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqısatqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir.

23. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-901/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhəri,Xətai rayonu Rəşid Bağırov küçəsi ev 40A saylı evin cənubunda yerləşən 99kv.m torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 152.1 kv.m olan fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

24. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

25. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsi torpaq sahəsinin iddiaçının adına qanunamüvafiq qaydada ayrılıb-ayrılmaması ilə bağlı tam və ətraflı araşdırma aparılmamışdır.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

27. Məhkəmədə İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını, cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinin məhkəmədən xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

28. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

29. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair:https://eqanun.az/framework/5456 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd.

30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

32. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-cü maddələrinə əsasən)

34. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 28-30-cu bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

35. Belə ki, iddiaçı Bakı şəhəri,Xətai rayonu Rəşid Bağırov küçəsi ev 40A saylı evin cənubunda yerləşən 99kv.m torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 152.1 kv.m olan fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsini tələb edir.

36. Cavabdeh orqan isə sözügedən torpaq sahəsinə hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyini və göstərilən torpaq sahəsinin dövlət mülkiyyəti torpaqları olduğunu, bələdiyyə ərazisində olmamasını bildirərək, imtina cavabı vermişdir.

37. Məhkəmə kollegiyası iş materialları üzrə müəyyən olunan aşağıdakı hallar və qanunvericiliyin tələbləri nəzərə alınmaqla cavabdehin qeyd olunan dəliləri ilə razılaşmır.

38. İş materiallarında olan Xətai rayon İcra Hakimiyyəti Başçısının 181 saylı, xx.xx.1998-ci il tarixli sərəncamı ilə İdmançı küçəsi 40 saylı binanın cənubunda yerləşdirilmiş ayaqqabı təmiri köşkünün yerləşdiyi 9x11 m ölçülü sahənin ona satılaraq fərdi yaşayış evi tikintisinə icazə verilməsini xahiş etmişdir. Məhəllin Baş planına müvafiq olaraq qeyd edil ən ərazidə fərdi yaşayış evi tikintisini məqsədəmüvafiq hesab edib, müvafiq qaydada sənədləşdirilməsi üçün sənədlər təqdm edilmişdir.

39. İşdə olan Xətai Rayonu İdmançı küçəsi 40 saylı evin yaxınlığında yaşayış evi tikintisi üçün ayrılmış sahənin 05/135 nömrəli xx.xx.2004-cü il tarixli yerləşmə cizgisinin surəti iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir.

40. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsi, 40A saylı fərdi yaşayış evinə dair torpaq sahəsinin xx.xx.2003-cü il tarixli, 05/14476 nömrəli ünvan reyestrından arayışın surəti məhkəməyə təqdim edilmişdir (ünvan sahibi İddiaçı)

41. İşdə olan Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayon Xətai Bələdiyyəsinin BÜB seriyalı 680938 nömrəli Kassa Mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı Ağabala oğlu torpaq rüsümu üçün ******* manat ödəmişdir.

42. Eyni zamanda işin apellyasiya baxışı zamanı müxtəlif orqanlara müvafiq sorğular verilmişdir. Belə ki, Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən Xətai Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 05/135 nömrəli qərarı Bələdiyyələrlə İş Baş İdarəsində qeydiyyata alınmamışdır.

43. Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən son 5 ilədək rayon İcra Hakimiyyəti tərəfindən qəbul olunmuş Sərəncamlar və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı şəhər Filialına təhvil verildiyindən müraciətinizə mahiyyəti üzrə baxılması imkanımız xaricindədir.

44. Bakı Apellyasiya Məhkəməsinin sorğusuna əsasən təqdim edilmiş 19 iyun 2025-ci il tarixli müşayət məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının qonşuluğunda olan X5 torpaq sahəsi üzərində mülkiyyət hüquq qeydə alınmış və torpaq sahəsinin üzərində olan fərdi yaşayış evinin eskiz lahiyəsi Xətai rayon ica hakimiyyəti tərəfindən təstiq edilmişdir.

45. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, göründüyü kimi iddiaçının ona verilmiş torpaq sahəsinə və təsdiq edilmiş layihə əsasında tikilmiş fərdi yaşayış evinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” vardır.

46. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

47. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

48. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-901/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-901/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar