Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2413/2021 17.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5457/2021 saylı 25.06.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 14-17 dekabr 2021-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 01.09.1983-cü il tarixdən 19.07.1986-cı il tarixədək Azərbaycan SSR X5 Təhsili Komitəsinin Sumqayıt şəhər 41 nömrəli orta texniki peşə məktəbində təhsil aldığı dövrü və “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” zavodu tərəfindən verilmiş 03.07.2020-ci il tarixli 72 saylı arayış nəzərə alınmaqla 52 yaşdan, yəni 24.05.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, xx.xx.1968-cı il tarixdə anadan olmuş, 01.09.1983-cü il tarixdən 19.07.1986-cı il tarixədək Azərbaycan SSR X5 Təhsili Komitəsinin Sumqayıt şəhər 41 nömrəli orta texniki peşə məktəbində təhsil almış, 18.08.1986-cı il tarixdən 19.11.1986-cı il tarixədək Sumqayıt Sintez-Kauçuk zavodunda mexaniki təmir sexində 3-cü dərəcəli çilingər vəzifəsində işləmiş, 03.12.1986-cı il tarixdən 23.11.1988-ci il tarixədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Sovet Ordusu sıralarından hərbi xidmətdən qayıtdıqdan sonra 16.01.1989-cu il tarixdə Sumqayıt Sintez-Kauçuk zavodunda mexaniki təmir sexinə spirt, divinil, kauçuk sexlərində mexaniki avadanlıqların təmiri üzrə 4-cü dərəcəli çilingər vəzifəsinə qəbul olunmuş, 01.02.1989-cu il tarixdən 01.11.1994-cü il tarixədək Sumqayıt “Sintezkauçuk” zavodunun mexaniki təmir sexinin spirt, divinil, kauçuk sexlərində kompressor və nasosların təmiri üzrə 4-cü dərəcəli təmirçi çilingər vəzifəsində işləmiş, 01.07.1991-ci il tarixdə Sumqayıt “Sintezkauçuk” zavodunun mexaniki təmir sexinə spirt, divinil, kauçuk istehsalı üzrə 4-cü dərəcəli təmirçi çilingər vəzifəsində keçirilmiş, 01.11.1994-cü il tarixdə Sumqayıt “Sintezkauçuk” zavodunun mexaniki təmir sexinə spirt, divinil, kauçuk istehsalı üzrə 4-cü dərəcəli təmirçi çilingər vəzifəsində keçirilmiş, 01.05.1999-cu il tarixdə Sumqayıt “Sintezkauçuk” zavodunun MTTS- Mexaniki Təmir Sexinin nasos kompressor şöbəsinə spirt, divinil, kauçuk istehsalı üzrə 5-ci dərəcəli təmirçi çilingər vəzifəsində keçirilmiş, 01.04.2002-ci il tarixdə Sumqayıt “Sintezkauçuk” zavodunun Mexaniki Təmir və Quraşdırma Sexinin nasos kompressor şöbəsinə spirt, divinil, kauçuk istehsalı üzrə 5-ci dərəcəli təmirçi çilingər vəzifəsində keçirilmiş, 01.10.2005-ci il tarixdə Sumqayıt “Sintezkauçuk” zavodunun Mexaniki Təmir Sexinin nasos kompressor şöbəsinə spirt, divinil, kauçuk istehsalı üzrə 6-cı dərəcəli təmirçi çilingər vəzifəsində keçirilmiş və bu günə kimi həmin zavodda işləyir. “Azərkimya” İstehsalat birliyi “Etilen-Polietilen”zavodunun 03.07.2020-ci il 72 saylı arayışına əsasən o, 16.01.1989-cü il tarixdən 19.01.2011-ci il tarixinə kimi “Etilen- Polietilen” zavodunda işlədiyi müddətdə ödənişsiz məzuniyyətdə olmamışdır. 01.09.1983-cü il tarixdən 01.01.2006-cı il tarixədək 22 il 04 ay ümumi iş stajına 15 ildən çox ağır zərərli şəraitdə iş stajına malikdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5457/2021 saylı 25.06.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: S.Salahova) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 58200,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 42713,85 manat təşkil edir. Sözügedən məsələ ilə əlaqədar məhkəmə təcrübəsində X3 işi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 02.12.2020-ci il tarixli 2-1 (112)- 5359/2020 nömrəli məhkəmə qərarında göstərilmişdir: "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə 10.03.2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə ”57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Həmin Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəfin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ona 01.09.1983-cü il tarixdən 19.07.1986-cı il tarixədək Azərbaycan SSR X5 Təhsili Komitəsinin Sumqayıt şəhər 41 nömrəli orta texniki peşə məktəbində təhsil aldığı dövrü və “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” zavodu tərəfindən verilmiş 03.07.2020-ci il tarixli 72 saylı arayış nəzərə alınmaqla 52 yaşdan, yəni 24.05.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və qeyd etmişdir ki, iddiaçının 01.01.2006-cı il tarixədək 16 il, 11 ay, 16 gün güzəştli iş stajı olmuşdur. İşin sadalanan halları ilə iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 20 il ümumi əmək stajının olması və onun 10 ildən artıq müddətini 1 nömrəli Siyahı üzrə nəzərdə tutulmuş sahədə (kod- 1080A010) işləməsi tam sübuta yetirildiyindən onun «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1 və 9.8-ci maddələrinə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Lakin cavabdeh göstərilənləri nəzərə almayaraq qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir. Cavabdeh iddiaçının ümumi və ya güzəştli staja malik olması halını mübahisələndirməmiş, imtina edərkən yalnız iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyinə istinad etmişdir. Məhkəmə cavabdehin bu dəlili ilə razılaşmır və qeyd etmişdir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsindən də müəyyən olunduğu kimi həmin Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edildiyindən və pensiya kapitalı ilə bağlı tələb qanunvericiliyə sonradan (01.07.2017), Qanunun 9.1-ci maddəsinə daxil edildiyindən, 9.8-ci maddədə bununla bağlı hər hansı bir göstəriş olmadığından həmin şərt hazırkı halda iddiaçıya tətbiq edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan iddiaçıya məxsus AON ******* saylı hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 03.12.1986-cı il tarixdən 23.11.1988-ci il tarixədək müddətli həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan 602996 nömrəli təhsil haqqında diplomun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 01.09.1983-cü il tarixdən 19.07.1986-cı il tarixədək Sumqayıt şəhər 41 nömrəli orta texniki peşə məktəbində təhsil almışdır. İş materiallarında olan iddiaçıya məxsus ИТ-l ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, 18.08.1986-cı il tarixdən 19.11.1986-cı il tarixədək Sumqayıt Sintez-Kauçuk zavodunda mexaniki təmir sexində 3-cü dərəcəli çilingər vəzifəsində, 16.01.1989-cu il tarixdən 09.02.2017-ci il tarixədək “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Sintezkauçuk” zavodunun (hazırki “Etilen-Polietilen” zavodu) mexaniki təmir sexində təmirçi çilingər vəzifəsində işləmişdir. İş materiallarında olan “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” zavodu tərəfindən verilmiş 03.07.2020-ci il tarixli 72 saylı və 16.04.2021-ci il tarixli 142 saylı arayışlarından görünür ki, İddiaçı 16.01.1989-cü il tarixdən 31.12.2005-ci il tarixədək “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun mexaniki təmir sexində divinil, spirt və kauçuk istehsalı üzrə təmirçi çilingər peşəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarının Vİİİ bölməsinin 1 bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahısında sadalanan butadien, spirt, kauçuk istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 32.1 bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək həmin Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan hüquq normalarından görünür ki, 1 nömrəli siyahı üzrə kişilərə 52 yaşdan güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün 2006-cı ilin yanvarın 1-dək güzəştli iş stajı 10 ildən, ümumi stajı 20 ildən az olmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının 52 yaşı 24.05.2020-ci il tarixdə tamam olmuşdur və o, 03.12.1986-cı il tarixdən 23.11.1988-ci il tarixədək (1 il 11 ay 20 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmiş, 01.09.1983-cü il tarixdən 19.07.1986cı il tarixədək Sumqayıt şəhər 41 nömrəli orta texniki peşə məktəbində təhsil almış (2 il 10 ay 18 gün), əmək kitabçasına əsasən 18.08.1986-cı il tarixdən 19.11.1986-cı il tarixədək Sumqayıt Sintez-Kauçuk zavodunda mexaniki təmir sexində 3-cü dərəcəli çilingər vəzifəsində (3 ay 1 gün), 16.01.1989-cu il tarixdən 09.02.2017-ci il tarixədək “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Sintezkauçuk” zavodunun (hazırki “Etilen-Polietilen” zavodu) mexaniki təmir sexində təmirçi çilingər vəzifəsində işləmişdir (16 il 11 ay 15 gün). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hərbi xidmətdə olduğu müddət və təhsil aldığı müddət nəzərə alınmaqla, onun 01.01.2006-cı il tarixədək 22 il 24 gün ümumi iş stajının mövcud olması işin materialları ilə öz təsdiqini tapmışdır. Həmçinin işə götürən tərəfindən verilmiş arayışa əsasən iddiaçı 16.01.1989-cü il tarixdən 31.12.2005-ci il tarixədək “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun mexaniki təmir sexində divinil, spirt və kauçuk istehsalı üzrə təmirçi çilingər peşəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarının Vİİİ bölməsinin 1 bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahısında sadalanan butadien, spirt, kauçuk istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir (16 il 11 ay 15 gün). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. İşə götürən tərəfindən verilmiş arayışdan göründüyü kimi iddiaçı 01.01.2006-cı il tarixədək 16 il, 11 ay, 15 gün güzəştli iş stajına malik olmuşdur. Lakin cavabdeh göstərilənləri nəzərə almayaraq qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir. Cavabdeh inzibati orqanın iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsinə dair irəli sürüdüyü dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin bu imtina əsası əsassızdır. Çünki “Əmək pensiyaları haqqında” Qanunun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması şərtlərini müəyyən edən 9-cu maddəsinin 9.8-ci bəndində qeyd edilir ki, Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İşin araşdırılmış hallarından da bəllidir ki, iddiaçı 01.01.2006-cı ilədək qüvvədə olmuş qanunvericiliyin tələbləri üzrə ümumi və xüsusi stajı toplamışdır. 01.01.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün pensiya kapitalının olması tələb olunmurdu. Göründüyü kimi, yuxarıda qeyd edilən hər iki şərt - ümumi və xüsusi iş stajı iddiaçıya münasibətdə ödənildiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 52 yaşı tamam olduğu tarixdən, yəni 24.05.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İş materiallarından göründüyü kimi, iddiaçı əmək fəaliyyətinin ilk dövründən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə müəyyən edilmiş yaşa çatdıqda gələcəkdə dövlət tərəfindən ona güzəştli şərtlərlə pensiya verilməsinə ümid etmiş, həmçinin həmin işlərdə işləməklə əmək haqqının müəyyən hissəsini məcburi sığorta haqqı kimi ödəməklə əmək pensiyasının ödənilməsinə yönəldilən vəsaitlərin yaradılmasında iştirak etmiş və həmin vəsaitlərin yaradılması üçün iddiaçı tərəfindən ödənilmiş məbləğ onun mülkiyyəti hesab olunur. “Andreyeva Latviyaya qarşı” məhkəmə işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq qeyd edir ki, cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması müddəasını nəzərə almayaraq iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş sosial təminat hüququnu pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5457/2021 saylı 25.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2413/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2413/2021
17.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver